Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-35/2025 17.06.2025 QAX RAYON MƏHKƏMƏSİ CİNAYƏT TƏQİBİNƏ XİTAM VERİLMƏSİ VƏ ŞƏXSİN CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD EDİLMƏSİ BARƏDƏ MƏHKƏMƏ HAZİRLİQ İCLASİNİN QƏRARİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq yolu ilə ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə Qax şəhər sakini Zərərçəkmiş şəxs Polşa Respublikasında iş vizası almasına köməklik edəcəyi barədə yalan vədlər verib, inandırıb aldatmaqla etibarından sui-istifadə etmək yolu ilə Zərərçəkmiş şəxs onun adına olan «LeoBank»a məxsus 5411 2498 0142 3091 nömrəli kart hesabına 24 may 2024-cü il tarixdə Qax şəhəri, Şota Rustavelli küçəsində yerləşən yaşadığı evdə olduğu zamanı öz telefonunda olan «ABB»-yə məxsus mobil tətbiq vasitəsilə göndərdiyi 800 (səkkiz yüz) manat pulu, 2024-cü ilin avqust ayında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Mcdonalds» adlanan yerin qarşısında görüşərək əlbəəl verdiyi 300 manat pulu və onun adına olan «LeoBank»a məxsus 5411 2498 0142 3091 nömrəli kart hesabına 17 sentyabr 2024-cü ildə Qax şəhəri, M.Məmmədov küçəsində yerləşən «Əfsanə» marketdə olan «eManat» ödəmə terminalı vasitəsilə göndərdiyi 900 manat pulu ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs 2.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun barəsində verdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. Yunisi əmisi oğlu Əliheydərin vasitəsilə tanımışdır. Belə ki, əmisi oğlu Əliheydər 2024-cü ilin may ayında ona zəng edərək Yunis adlı tanışının olduğunu, Yunisin Polşa ölkəsinə iş vizası almasına köməklik edə bilibbilməyəcəyini soruşmuşdur. Özü 2023-cü ildə Anar Rəşidov adlı şəxsin ona etdiyi kömək vasitəsilə Polşaya iş vizası alıb getmişdir. Həmin vaxtı özü Anara 1.500 manat pul vermişdir. Polşada təxminən 1 il işlədikdən sonra geri qayıtmışdır. Əmisi oğlu Əliheydərə Yunisə kömək edə biləcəyini demişdir. Bundan sonra Əliheydərin vasitəsilə Yunisin telefon nömrəsini alıb onunla telefon vasitəsilə danışmışdır. Yunis ona Polşaya iş vizası almaq istədiyini demişdir. Yunisə iş vizası almaq üçün bu işə baxan şirkətin olduğunu, bu işi 1.700 manata həll edəcəyini, 300 manatda özünə xeyir götürəcəyini demişdir. Daha sonra Yunis ondan bu işin hansı formada olacağını soruşmuşdur. Yunisə şəxsiyyət vəsiqəsinin surətini, məhkumluq haqqında arayışı və xarici pasportunun surətini ona göndərməsini, həmin sənədləri şirkətə təqdim edəcəyini demişdir. Daha sonra Yunisə sənədlərin Polşa ölkəsinə gedəcəyini, oradan iş dəvətinin çıxacağını, daha sonra bu barədə razılıq olduqdan sonra sənədlərin səfirliyə göndəriləcəyini, bu proseslərin maksimum 6 ay və daha çox müddət lazım olacağını demişdir. Yunisdə onunla razılaşmışdır. Daha sonra Yunis qeyd olunan sənədləri ona göndərmişdir. Həmin sənədləri bu işlə məşğul olan Anar Rəşidova göndərmişdir. Daha sonra Yunisə 2.000 manat pulu verməsini demişdir. Yunis 1ci dəfə 24 may 2024-cü il tarixdə ona məxsus «LeoBank»a aid 5411 2498 0142 3091 nömrəli kart hesabına 800 manat pul göndərmişdir. Daha sonra Yunislə 2024-cü ilin avqust ayının sonunda Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Mcdonalds» adlanan yerin qarşısında görüşmüş və Yunis ona əlbəəl 300 manat pul vermişdir. Daha sonra isə Yunis ona məxsus «LeoBank»a aid «5411 2498 0142 3091» №li kart hesabına 17 sentyabr 2024-cü il tarixdə 900 manat pul göndərmişdir. Həmin puldan 1.700 manatı Anar Rəşidov adlı şəxsə vermişdir. Bundan sonra Anarla tez-tez əlaqə saxlamışdır. Anar Rəşidovun ona dediyi məlumata əsasən birinci prosesdə Yunisin sənədləri Polşaya iş dəvəti alınması üçün göndərilmişdir. Daha sonra isə həmin dəvət 2024-cü ilin avqust ayında Polşadan gəlmişdir. Bundan sonra isə həmin sənədlər səfirliyə göndərilmişdir. Lakin, səfirlikdə püşk atma olduğu üçün Yunisə hələki növbə çatmamışdır. Yunisin Polşa ölkəsinə getməsi üçün səfirlik gün götürmə təyin edib, ya viza verəcək, ya da ki, imtina edəcəkdir. Lakin, bu proseslər hələki yekunlaşmamışdır. Məqsədi Yunisə köməklik etmək olmuşdur. Zərərçəkmiş şəxs Polşa Respublikasına getmək üçün iş vizasını şirkətə müraciət edib oradan icazəni alacağını demişdir. Yunisə şirkətin iş vizasını həll edəcəyini demişdir. X3 adlı şəxs barədə heç nə deməmişdir. Sadəcə şirkətin olduğunu, həmin şirkətin viza məsələsini həll edəcəyini demişdir. Zərərçəkmiş şəxs 2.000 manat pul almışdır. Həmin 2.000 manat pulu özü demişdir. Pulu aldıqdan sonra Anar Rəşidovla danışıb 1.700 manatını ona Bakı şəh., Nəsimi rayonu ərazisində dəqiq ünvanı yadında qalmayan yerdə görüşüb əlbəəl vermişdir. Daha sonra isə Anar ona Yunisin işinin 6 ay müddətində həll olunacağını demiş, yəni ki, Polşa Respublikasından icazənin 6 ay müddətində, səfirlikdən icazənin isə 6 ay müddətində gələcəyini demiş, Polşa Respublikasından icazə sənədi gəlmiş, lakin, səfirlikdən icazə sənədi daxil olmamışdır. Belə ki, hazırda səfirlikdə iş gedir. Anar Rəşidov ona sənəd ataraq Polşa Respublikasından gələn icazə sənədinin olduğunu demişdir, lakin, Anarın ona göndərdiyi sənəd hazırda onda olmadığından həmin sənədi təqdim edə bilmir. Belə ki, telefonu qırıldığından «Whatsapp» yazışmaları qalmamışdır. Anar həmin sənədi «Whatsapp» da ona göndərmişdir. Bu işlə bağlı hər hansı bir sübutu yoxdur. Anar Rəşidovun ona dediyinə görə hazırda Yunisin işi səfirlikdədir və proseslər gedir. Lakin bununla bağlı əlində heç bir sübutu yoxdur. Yunisə Anar haqqında heç nə deməmişdir. Lakin, Anar Rəşidovu tanıyır. Anar Rəşidov şirkət rəhbəridir və viza işinə baxır. Anar Rəşidovun hansı şirkət rəhbəri olması barədə heç bir məlumatı yoxdur. Anar Rəşidov onu Polşa Respublikasına getməsinə kömək etdiyi üçün ona inanmışdır. Anar Rəşidov hazırda Belçika ölkəsindədir. Anar Rəşidovla Bakı şəhəri, Nəsimi rayonunda görüşüb pulu verən zaman ikisi olmuşdur. Anarla «Whatsapp» vasitəsilə sonuncu dəfə 2025-ci ilin yanvar ayına ayında əlaqə saxlamışdır. Telefonu qırıldığından «Whatsapp» yazışmalarını və Anarın nömrəsini təqdim edə bilmir. Anarın yaşadığı ünvanı və hansı şirkət rəhbəri olması barədə heç bir məlumatı yoxdur. Hal-hazırda dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, rəsmi olaraq Qax rayonunda X2 İstismarı İdarəsində Texniki İstehsalat şöbəsinin rəisi vəzifəsində işləyir. 2024-cü ilin may ayında Polşa Respublikasına işləmək üçün getmək istəmişdir. Bununla bağlı Bakı şəhərində yaşayan dostu Əliheydərə demişdir. Əliheydər ona əmisi oğlu Umudun xarici ölkələrə gedən şəxslərə köməklik etdiyini demişdir. Daha sonra Əliheydər ona əmisi oğlu Təqsirləndirilən şəxs nömrəsini vermişdir. Bundan sonra Umudla telefon vasitəsilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ona pul müqabilində iş vizası almasına köməklik edəcəyini demişdir. Yəni ki, Umud ona Polşa Respublikasına işləmək üçün getməsinə köməklik edəcəyini demişdir. Umudla razılaşmışdır. Umud ondan viza düzəltməsinə kömək etməsi üçün 2.000 manat məbləğində pul istəmişdir. Umuda inanmışdır. Umud həmçinin, ondan şəxsiyyət vəsiqəsinin və xarici pasportunun şəkillərini istəmişdir. Həmin sənədlərin şəklini çəkib Vhatsapp vasitəsilə Umuda göndərmişdir. Bundan sonra 24 may 2024-cü il tarixdə yaşadığı Qax şəhəri, Ş.Rustaveli küçəsi ev 17 üvanında olduğu zamanı özünə məxsus olan mobil telefondakı «ABB»-yə aid mobil proqram vasitəsi ilə Təqsirləndirilən şəxs ona təqdim etdiyi «LeoBank» kart hesabına 800 manat pul yükləmişdir. Təxminən 2024-cü ilin avqust ayının sonunda Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Mcdonalds» adlanan yerin qarşısında Təqsirləndirilən şəxs ilə görüşərək ona əlbbəl 300 manat pul vermişdir. Daha sonra isə sonuncu dəfə 17 sentyabr 2024-cü il tarixdə Qax şəhəri, M.Məmmədov küçəsində yerləşən Əfsanə adlı marketin içərisində olan «eManat» ödəniş terminal vasitəsi ilə Təqsirləndirilən şəxs ona təqdim etdiyi «LeoBank”-a aid 5411- ****-0142-3091 saylı kart hesabına 900 manat məbləğində pul yükləmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 2.000 manat pul vermişdir. Umud ona viza məsələsini 6 ay müddətində həll edəcəyini demişdir. Bundan sonra 6 ay gözləmişdir. Lakin Təqsirləndirilən şəxs onu aldatmış və viza məsələsini həll etməmişdir. Hər dəfəsində Təqsirləndirilən şəxs viza məsələsinin nə yerdə qaldığını soruşanda, Umud ona müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra bu barədə Azərbaycan Respublikasının D.İ.N-in 102 xidməti zəng mərkəzi sisteminə və Qax RPŞ-yə şikayət etmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq verdiyi vədinə əməl etməmiş və onu 2.000 (iki min) manat pulunu ələ keçirmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 19 may 2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş kart hesabından görünür ki, «LeoBanka»-a məxsus «5411 2498 0142 3091» №li kart hesabı ona məxsusdur. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxsin göstərdikləri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışıq ərizəsini nəzərdən keçirib, dəymiş ziyanın ödənilməsini, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbin olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədə uyğundur. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 16 may 2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 23). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında 17 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 60). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında 17 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 60). Cinayət işinin materiallarında olan 17 may 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Qərarda qeyd olunmuşdur ki, qərarla 17 may 2025-ci il tarixdə, saat 12:50-də tanış olmuş və qərarın surətini almışdır. (səh., 70). Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Məhkəməyədək icraat Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparılmışdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Maddi sübut kimi tanınmış-iki ədəd ödəmə qəbzi cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində olan Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən tərəflərin barışmasına və dəymiş ziyanın tamamilə ödənilməsinə görə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Maddi sübut kimi tanınmış-iki ədəd ödəmə qəbzi cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş «başqa yerə getməmək haqıqnda iltizam» qətimkan qətimkan tədbiri ləğv edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsın (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Qərardan, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-35/2025
Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-35/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver