Məhkəmə qərarları › İş №1(024)-36/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-36/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-36/2024 10.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Saat: 12:00-da Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs1 Niyazi qızının və Zərərçəkmiş şəxs2, X1 iştirakları ilə, xx.xx.1971-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əlilliyi olmayan, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza müddətinin sona çatması ilə azad olunmuş və məhkumluğu ödənilməmiş, Masallı rayonu, Böyük Xocavar kəndində qeydiyyatda olan və tutulana qədər həmin kənddə yaşayan, barəsində Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs o, başqa saxlanc yerinə qanunsuz daxil olaraq təkrar oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 noyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində ünvan 1 ünvanında yerləşən “Təmiz Evim” adlı təmizlik malları satılan mağazaya müştəri qismində daxil olaraq, həmin mağazada işləyən Zərərçəkmiş şəxs2 verdiyi sifarişlərin yerinə yetirməsindən istifadə edərək, digər saxlanc yerinə yəni, kassa aparatının olduğu masanın çəkəcəyinə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs2 məxsus 02 ədəd 200 manatlıq, 01 ədəd yüz manatlıq və xırda pul əskinazları ilə olan 50 manat dəyərində əskinazları gizli talayaraq zərərçəkmiş şəxsə 550 (beş yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 may 2024-cü il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs1 Niyazi qızına məxsus Qax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Trend” adlı qadın geyim mağazasına paltar almaq adı ilə daxil olub, orada olan stolun üzərində qara rəngli əl çantasının içərisində olan 8 (səkkiz) manat dəyərində pul qabını və 3300 (üç min üç yüz) manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 Niyazi qızına 3308 (üç min üç yüz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 15 noyabr 2023-cü il tarixdə Bakı şəhərində alver etmək üçün mağazaya daxil olmuşdur. Mağazada cürbəcür mallar satılırdı. Mağazada kassanın açıq olduğunu görərək orada olan pulları götürüb mağazanı tərk etmişdir. Oğurladığı pulun məbləğinin təxminən 500 və ya 550 manat olmasını dəqiq xatırlamır. Satıcı kişi olmuşdur və onun kassadan pul oğurladığını görməmişdir. Pulu oğurladıqdan sonra isə sakitcə çıxıb getmişdir. Bundan sonra Qax rayonuna tək gəlmişdir. 01 may 2024-cü il tarixdə axşam tərəfi Qax şəhərində yerləşən mağazaya paltar almaq üçün gəlmiş, həmin vaxt mağaza açıq olmuşdur. Mağazaya daxil olduqdan sonra qadın satıcıya rəfiqəsinə paltar lazım olduğunu demiş, həmin vaxt stolun yanında pul kisəsi olduğunu görmüş, pul kisəsini götürərək mağazanı tərk etmiş və taksiyə əyləşib həmin yerdən getmişdir. O, mağazanı tərk edərkən satıcı qadın paltar asmaqla məşğul olmuşdur. Pul kisəsinin içərisində 3000 manat pul olmuşdur. Həmin pulun 1000 manatını anasına göndərmiş, qalan 2000 manatı isə Zərərçəkmiş şəxs1 Niyazi qızına qaytarmışdır. Digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 vurduğu 550 manat ziyanı hələ də ödəməmişdir. Zərərçəkmiş şəxs1 məxsus mağazaya daxil olarkən üzərində 200 manat pul olmuşdur. Mağazaya paltar almaq niyyəti ilə girmiş, lakin içəridə pul kisəsini gördükdən sonra oğurluq etmək qərarına gəlmişdir. Oteldə gününə 20 manat ödəməklə 1 ay qalmışdır. 15 günün pulunu isə əvvəlcədən ödəmişdir. Hər iki zərərçəkmiş şəxsə qarşı oğurluq etdiyi üçün peşmançılıq çəkir və onlardan üzür istəyir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 Niyazi qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Hadisə 01 may 2024-cü il tarixdə evə getməyə hazırlaşarkən iş vaxtının bitməsinə az vaxt qalmış baş vermişdir. O, həmişə getməyə hazırlaşanda əl çantasını ayağının altına qoyur. Pul kisəsini də çantanın içərisinə qoymuş və mağazadan bayırda qızla söhbət etmişdir. Həmin vaxt Azər mağazaya daxil olmuş, o da Azərin arxasınca mağazaya daxil olaraq ondan nə lazım olduğunu soruşmuşdur. Azər ona qadın paltarları lazım olduğunu demişdir. Azər 4 ədəd don, xalat lazım olduğunu, arvadı üçün almaq istədiyini demişdir. O, təqsirləndirilən şəxsdən həyat yoldaşının kök, yoxsa arıq olduğunu soruşmuş, Azər isə yoldaşının yaxınlıqda mağazada olduğunu bildirmişdir. Azər danışa-danışa asılqanın sonuna qədər mağazanı gəzmiş, o isə asılqanın digər tərəfindən paltarları göstərmişdir. Azər artıq həmin vaxt çantanı və içərisindəki pul kisəsini görmüşdür. O, qapıya doğru getmiş, həmin vaxt yeni gətirilmiş, şkafın üstünə yığılmış malları Azərə göstərmişdir. Azər isə asılqanın arxasında, stolun yanında telefonla həyat yoldaşı ilə danışıb özünün mağazada olduğunu bildirərək yoldaşının hansı mağazada olduğunu, bu mağazada paltarların olduğunu demişdir. Lakin aralarında məsafə olduğu üçün Azərin həqiqətən də telefonla kiminləsə danışıb-danışmamasını dəqiq bilmir. Çünki o arxası Azərə tərəf qapının qarşısında şkafın üstündəki paltarları göstərərək danışmışdır. Həmin vaxt Azər qapıya doğru gəlmiş, yoldaşının burada mağazada olduğunu və onu gətirib gələcəyini deyərək ondan burada olub-olmayacağını soruşmuş, o isə Azərə əgər gələcəklərsə gözləyəcəyini demişdir. Azər isə gedib yoldaşını gətirib gələcəyini və paltarlar alacağını bildirmişdir. Bundan sonra o paltarları asmaqla məşğul olmuşdur. Azər çıxdıqdan sonra o da qapıya doğru baxmış və arxası üstə söykənərək bir-iki dəqiqə Azərin arxasınca baxmışdır. Azər piyada zolağı ilə yolu keçən zaman çönüb ona baxmışdır. Azər burada olacağını soruşduqda o, hə cavabını vermişdir. 15 ildir ki, həmin yerdə işləyir və heç vaxt başına belə hadisə gəlməmişdir. Ona görə də, nə baş verdiyini anlamamışdır. O, təqsirləndirilən şəxsin bu cür hərəkət edəcəyini düşünməmişdir. Kişinin bu cür hərəkət etməsi nəyə uyğundur, öz hərəkətini özü bilər. O, bir-iki dəqiqə gözləmiş, sonradan Azərin qayıtmadığını görərək mağazaya qayıtmışdır. Həmin vaxt çantasının açıq olduğunu və içərisindəki pul kisəsinin olmadığını görmüş və Azərin arxasınca getmişdir. Düşünmüşdür ki, şəxs ərzaq mağazalarından hansısa birindədir. Ora-bura baxmış, lakin Azəri tapmamışdır. Qayıdıb gəlmiş və polisə müraciət etmişdir. Yaxınlıqdakı “Bolmart” mağazasının bütün kameralarını izləmişlər. Belə ki, Azər “Bolmart” mağazasına çatdıqda əynindəki gödəkçəsini çıxaran zaman oğurladığı pul kisəsi yerə düşmüşdür. Azər əyilib pul kisəsini götürür, əlindəki gödəkçəyə bükür və taksiyə əyləşərək gedir. Ona məxsus mağazada da kameralar vardır. Ancaq o evə gedən zaman kameraları söndürmüşdür. Belə ki, evə gedəndə kameraları söndürür, gələndə isə açırlar. Onu pul kisəsində 3300 manat pul olmuşdur. O, həmin pulun neçəsinin yüz manatlıq əskinaslardan ibarət olmasını polisə məlumat vermişdir. Ona polis şöbəsində 2000 (iki min) manat qaytarmışlar. Pul kisəsində olan sənədlər, bank kartları və s. hamısı qaytarılmışdır. Kartları mobil telefonda olan mobil tətbiq vasitəsi ilə dərhal bloklamışdır. Ancaq pul kisəsində 3300 manat pul olmuş və onun 2000 manatı qaytarılmışdır. 3000 manatdan 1000 manatını həmin gün kreditə ödəməli idi. Qalan pul isə malın pulu olmuşdur. Çünki maşınlar yola düşməli idi və o pulu aparıb maşına verməli idi. Digər vaxtlarda adətən üstündə çox pul saxlamır. İşin axırı olduğu üçün pul kissəindəki pulu saymış, cəmi 3300 manat pul olmuşdur. Həmin pulun 16 ədədi yüz manatlıq pul əskinaslarından ibarət olmuşdur. Azərin gəlişini bütün kameralar vasitəsi ilə izləmişlər. “Bizim Təndir” çörək bişirmə sexindən onun mağazasına kimi təqsirləndirilən şəxs bütün mağazalara baxa-baxa gəlir ki, görsün hansı mağaza boşdur. İlk əvvəl onun mağazasının qarşısındakı qızıl mağazasının qabağından keçir, qayıdıb bir daha mağazaya baxır, görür ki, içəridə kişi var. Daha sonra bir mağazaya da baxır, həmin mağazada kişi olduğu üçün içəri keçmir. Onun mağazasına çatdıqda isə içəri keçir və görür ki, mağazada heç kəs yoxdur və tək odur. Qayıdıb mağazaya girir. O nəsə almaq məqsədi ilə yox, ancaq oğurluq etmək məqsədi ilə mağazaya girmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanın ödənilməmiş qalan 1300 manatını tələb edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hadisənin baş verdiyi tarix dəqiq yadında deyil. Ancaq təxminən 2023-cü ilin bu günü, yəni 10 oktyabrında baş vermişdir. Təmizlik vasitələrinin satışı ilə bağlı şəxsi mağazasını işlədirdi. Mağazanı bağlamağa hazırlaşırdı. Axşam vaxtı dükanı bağlayan zaman Azər ona yaxınlaşmış, alış-veriş etmək istədiyini bildirərək dükanı bağlamamasını xahiş etmişdir. Onlar içəri daxil olmuş. Azər telefonla danışa-danışa 100 manatlıq bu maldan, 200 manatlıq bu maldan, 300 manatlıq bu maldan yığmasını ona deyərək onun başını aldatmış, üzü vitrinə tərəf malları yığmışdır. Hər şey kameralarda qeydə alınıb. Azər tualet kağızını kassanın qarşısına qoymuş, oradan şkafı açaraq oradan mağazanın icarəsi üçün qoyduğu pulların bir qismini götürüb çölə çıxmışdır. Həmin vaxt mağazanın kirayə haqqının ödənilməsi vaxtı olmuşdur. Azər telefonla danışdıqdan beş dəqiqə sonra yenidən mağazaya daxil olmuş, o isə Azərin sifariş etdiyi malları yığmaqla məşğul olmuşdur. Azər ona türmədə mağazası olduğunu, həmin mağaza üçün aldığını demişdir. İkinci dəfə mağazaya daxil olduqdan sonra aşağı rəfi açmış, orada pul olmadığını görərək yuxarı rəfi açmış, orada olan pulları götürmüş və mağazadan çıxmışdır. Üçüncü dəfə qayıdanda isə əskinas olaraq bir ədəd pulu götürmüşdür. O, malları yığıb hazır vəziyyətdə qapının qarşısına qoymuş, Azər taksinin Neftçilər metrosunun yanında olduğunu bildirərək gedib taksini götürüb gələcəyini demişdir. Azər getdikdən sonra təxminən yarım saat, qırx dəqiqə onu gözləmiş, Azər gəlmədiyi üçün şübhələnmişdir. O, kameraları açıb baxmış, videogörüntünü yaxınlaşdıran zaman Azərin kassanı açıb pul götürdüyünü görmüşdür. Ümumi məbləğ təxminən 550-570 manat civarındadır. Tam dəqiq məbləğ dəftərdə qeyd edilmişdir. Ancaq o, 550 manat bilir. Azər birinci dəfə mağazaya daxil olarkən 1 ədəd 200 manatlıq, bir də də yəqin ki 50 manatlıq pul əskinası götürmüşdür. Yəni iki ədəd əskinas götürmüşdür. Kassada 2 ədəd 200 manatlıq əskinas olmuşdur. 1 ədəd 100 manatlıq əskinası qalmış, 100 manat pul kağızın altında qalmışdır. Mağazanın kirayə haqqının ödənilməsi üçün 650 manatı kassaya qoymuşdur. Bir də alış-veriş olaraq siyirmədə xırda pullar olmuşdur. Gəlib baxdıqda 100 manatlıq əskinasın qaldığını, bütöv pulların hamısının oğurlandığını görmüşdür. Pullar stolun siyirməsində olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla düşmənçiliyi və ədavəti yoxdur. Azər onun avtomobilinə əyləşmiş və tez sürməsini xahiş etmişdir. O, hara sürməsini soruşduqda Zaqatala şəhərinə getmələrini demişdir. Azər tələsdiyini bildirərək avtomobili tez sürməsini xahiş etsə də o, yolda radar və YPX əməkdaşlarının olduğunu və avtomobili sürətlə idarə edə bilməyəcəyini deyərək avtomobili saxlamış, Azərə avtomobildən düşməsini demişdir. Azər isə maşından düşməmiş və avtomobili normal sürətlə idarə etməsinə etiraz etməməsini demişdir. O, maşını idarə etməyə davam etmiş, Azər yolda su istəmiş, o isə avtomobildə iki ədəd su ilə dolu balaca şüşələrdən birini Azərə təklif etmiş, Azər suyu içmişdir. Zaqatala şəhərinə çatdıqda isə təqsirləndirilən şəxs ondan Balakənə nə ilə gedə biləcəyini soruşmuş, o isə taksilərin olduğunu bildirmişdir. Azər ona əlavə 10 manat verəcəyini deyərək onu Balakən rayonuna çatdırmasını xahiş etmişdir. Balakən postuna çatmağa 800 metr qalmış Azər avtomobili saxlamasını xahiş etmiş, təbii ehtiyacını ödəmək üçün avtomobildən düşüb kənara getmişdir. Bir-neçə dəqiqədən sonra qayıtmış və onlar yola davam etmişlər. Balakən şəhərindəki ikinci işıqforda Azər maşını saxlamasını xahiş edərək düşəcəyini bildirmişdir. O, Azəri düşürdükdən sonra geri qayıtmışdır. İki-üç gün sonra isə Qax RPŞ-nin əməliyyat qrupu gəlmiş və onu Qax RPŞ-nə dəvət etmişlər. Ondan Azəri tanıyıbtanımamasını soruşmuş, o da tanıdığını demişdir. Bundan sonra əməliyyatçılar ondan onları həmin yerə apara bilib-bilməyəcəyini soruşmuş, o da apara biləcəyini bildirmişdir. Oraya çatıqda Azər videogörüntü qeydə alınmaqla danışmış, əməliyyatçılara nəyisə ağacın haçasına qoyduğunu bildirmişdir. Əməliyyatçılar beş dəqiqə ərzində orada nəyisə tapmışlar. Azər avtomobilə əyləşərkən üzərində gödəkçə olmuş, arxa oturacaqda əyləşmişdir. Ona ön oturacaqda oturmasını təklif etsə də, günün ona təsir etdiyini bildirərək oturmaqdan imtina etmişdir. Azər avtomobildə olarkən onun üstünə qışqırdığı üçün üç dəfə ondan üzr istəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024cü il tarixli qərardan görünür ki, Nizami RPİ-nin İstintaq şöbəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Cinayət işinin başlanması və aidiyyətı üzrə göndərilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 03 may 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:05-də şübhəli şəxs qismində tutulmuşdur. Qax rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli 4(024)-19/2024 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 03 may 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. “Əşyaya baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” 04 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən əşya bir ədəd qara rəngli pul qabıdır. Həmin pul qabının 3 ədəd gözü vardır. Həmin gözlə zəncir bəndlə bağlanır. Sol tərəfdə olan bir ədəd gözü, yəni hissəni açan zaman hər hansı bir əşya aşkar olunmamışdır. Pul qabında olan ikinci göz açarkən isə bir ədəd şəxsiyyət vəsiqəsi aşkar edildi. Həmin şəxsiyyət vəsiqəsinə baxarkən isə vəsiqənin Zərərçəkmiş şəxs1 Niyazi qızına məxsus olması müəyyən edildi. Həmçinin həmin gözə baxanda “Covid 19 vaksinasiyası barədə məlumat forması”, vergi ödəyicisinin şəhadətnaməsi, peyvənd sertifikatı aşkar edilmişdir. Digər gözə baxan zaman bir ədəd Dövlət Sosial Sığorta Şəhadətnaməsi aşkar edildi. Həmin gözdə olan kağızların arasından bir ədəd “Kapital Bank”a məxsus “Birkart” bank kartı, bir ədəd “Respublika Bank”a məxsus “Neo” kartı olması müəyyən edildi. Həmin pul qabı və aşkar olunmuş əşyalar maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 18 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 2 ünvanda yerləşən “Təmiz evim” adlı təmizlik vasitələrinin satışı təşkil olunmuş mağazanın ümumi çöl tərəfdən və daxili olmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, naməlum şəxs xx.xx.2023-cü il tarixdə təmizlik vasitələrinin satışı təşkil olunan mağazaya girərək onun fikrinin yayınmasından istifadə edərək kassa kimi istifadə etdiyi siyirməli şkafın gözündən 550 manat pulu oğurlamışdır. Baxış zamanı oğurluq faktı təsdiqini tapmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilmişdir. İş üçün sübut əhəmiyyəti kəsb edən videogörüntü götürülərək protokola əlavə olunmuşdur. “İfadənin yerində yoxlanılması barədə” 03 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə Qax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Trend” qadın geyim mağazasında alıcı kimi daxil olduğu, bundan sonra satıcının başının qarışmasından istifadə edərək orada olan stolun üzərində qara rəngli çantanın içərisində olan bir ədəd pul kisəsini götürdüyü yeri əyani şəkildə göstərmişdir. Həmin pul qabının içərisindən 3000 manat pulu götürdüyünü, digər içərisində olan əşyaları pul qabı ilə birlikdə Zaqatala-Balakən yolunun sağ tərəfində olan ağacda gizlətdiyini qeyd etmişdir. “CD diskin götürülməsi və baxış keçirilməsi haqqında” 18 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerindən 1 ədəd “CD” disk formatında Zərərçəkmiş şəxs2 təqdim etdiyi videogörüntülər götürülmüşdür. Həmin videogörüntülərə baxış keçirilərkən bir nəfər qara gödəkçədə olan şəxsin kassanın yanında dayanması, salfetləri masanın üzərinə qoyması, sağ əli ilə çəkməcəni açıb oradan pul götürməsi öz əksini tapmışdır. Tərtib edilmiş protokol HK1-3116 saylı materiala əlavə edilmişdir. “İttiham elan etmək üçün şəxsin barəsində axtarış elan olunması və tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və təqsirləndirilən şəxs tutulduqdan sonra Bakı şəhəri, Nizami RPİ-nin X6 təhvil verilməsi qərara alınmışdır. “Əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxsə qaytarılması haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, 2000 manat pul, pul qabı, şəxsiyyət vəsiqəsi, “Bir Kart” kartı, “Neo” kartı, Dövlət Sosial Sığorta şəhadətnaməsi, vergi ödəyicisinin şəhadətnaməsi, peyvənd sertifikatı, Covid-19 vaksinasiyası üzrə məlumat forması maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 Niyazi qızına qaytarılması qərara alınmışdır. 23 may 2024-cü il tarixli Zərərçəkmiş şəxs1 Niyazi qızı tərəfindən imzalanmış Qəbzdən görünür ki, 2000 manat pul, pul qabı, şəxsiyyət vəsiqəsi, “Bir Kart” kartı, “Neo” kartı, Dövlət Sosial Sığorta şəhadətnaməsi, vergi ödəyicisinin şəhadətnaməsi, peyvənd sertifikatı, Covid-19 vaksinasiyası üzrə məlumat forması Zərərçəkmiş şəxs1 Niyazi qızına geri qaytarılmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmunu dəyişdirilərək o Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. “Cinayət işlərinin birləşdirilməsi haqqında” 16 may 2024-cü il tarixli qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri üzrə təqsirləndirilən şəxs eyni şəxs - Təqsirləndirilən şəxs olduğu üçün cinayət işi üzrə icraat ********* nömrə altına birləşdirilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş 19 may 2024-cü tarixli tələbnamədən görünür ki, Əliyev X4 şəhəri, Lenin rayon məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə RF 161 MAD. İ HİS, 161 MAD.İİ HİS. B,D BƏN. 69 MAD. İİİ HİS. ilə təqsirli bilinib 03 il 01 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o, Voronej şəhəri, Kominternov rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə RF 30 MAD. İİİ HİS.161 MAD. İİ HİS. B BƏN. ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa, o, Voronej şəhəri, Lenin rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə 158M3H; 161M2H; 69.5 ilə təqsirli bilinib 04 il 01 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa, o, Voronej şəhəri, Sentralnı rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə RF 161 MAD. İ HİS. 64 ilə təqsirli bilinib 5000 rubl cərimə olunmuşdur. Bundan başqa, o, Tambov şəhəri, Lenin rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə RF 158 MAD. İ HİS. 69 MAD. İİ HİS. ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və 01 il 03 ay şərti sınaq müddəti təyin edilmişdir. Bundan başqa, o, Voronej şəhəri, Levoberejn rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə RF CM 158 M 2 HİS, V bəndi ilə təqsirli bilinib, Voronej şəhəri, Levoberejnı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə RF CM 161 MAD. 1 HİS. 151 MAD. 1 HİS. 69 MAD. 2 HİS. 73 MAD təqsirli bilinib 01 müddətinə azadlıqdan məhrum edilmiş, 01 il şərti sınaq müddəti təyin edilmişdir. RF Dövlət Dumasının xx.xx.2015-ci il tarixli amnistiya qərarının 9, 12 bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa, o, Voronej vilayəti, Ostroqojsk rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə RF 158 M 2 HİS, V bəndi ilə təqsirli bilinib 01 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa, o, Voronej şəhəri, Sovet rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə RF 161 M 2 HİS, Q bəndi ilə təqsirli bilinib 02 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa, o, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti sona çatdığı üçün azad edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tar 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti sona çatdığı üçün azad edilmişdir. Masallı RMX-dan daxil olmuş 14 may 2024-cü il tarixli, 18-1-60/2-818/2024 saylı məktubdan görünür ki, Masallı rayonu, Böyük Xocavar kəndində qeydiyyatda olan Əliyev X5 RMX PHŞ-in psixo-nevroloji və narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, əməl CM-nin 177.2.2 və 177.2.5-ci maddələrindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, oğurluq hadisəsinin vedeogörüntüsünü əks etdirən “01” ədəd “DVD” disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətində 2000ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda Təqsirləndirilən şəxs Rusiya Federasiyasında məhkum olunmasına dair hökmlərin Azərbaycan Respublikasında tanınması barədə məlumat qeydiyyatdan keçmir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli №-31/146 nömrəli məktubundan görünür ki, Rusiya Federasiyası, Voronej şəhəri, Sovet rayon məhkəməsinin xx.xx.2019-cu tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində hökmün tanınmasına dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, video görüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.3-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqini tapır ki, Təqsirləndirilən şəxs başqa saxlanc yerinə qanunsuz daxil olaraq təkrar oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 noyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində ünvan 1 ünvanda yerləşən “Təmiz Evim” adlı təmizlik malları satılan mağazaya müştəri qismində daxil olaraq, həmin mağazada işləyən Zərərçəkmiş şəxs2 verdiyi sifarişlərin yerinə yetirməsindən istifadə edərək, digər saxlanc yerinə yəni, kassa aparatının olduğu masanın çəkəcəyinə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs2 məxsus 02 ədəd 200 manatlıq, 01 ədəd yüz manatlıq və xırda pul əskinasları ilə olan 50 manat dəyərində əskinasları gizli talayaraq zərərçəkmiş şəxsə 550 (beş yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 may 2024-cü il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs1 Niyazi qızına məxsus Qax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Trend” adlı qadın geyim mağazasına paltar almaq adı ilə daxil olub, orada olan stolun üzərində qara rəngli əl çantasının içərisində olan 8 (səkkiz) manat dəyərində pul qabını və içərisindəki 3300 (üç min üç yüz) manat pulu gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Niyazi qızına 3308 (üç min üç yüz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən cinayət əməli törətmişdir. Bu səbəbdən Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf edib səmimi peşman olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanıldığından onun cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut 2000 manat pul, pul qabı, şəxsiyyət vəsiqəsi, “Bir Kart” kartı, “Neo” kartı, Dövlət Sosial Sığorta şəhadətnaməsi, vergi ödəyicisinin şəhadətnaməsi, peyvənd sertifikatı, Covid-19 vaksinasiyası üzrə məlumat formasının Zərərçəkmiş şəxs1 Niyazi qızına qaytarılması və 1 ədəd “DVD” diskinin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 may 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 2000 manat pulun, pul qabının, şəxsiyyət vəsiqəsinin, “Bir Kart” kartının, “Neo” kartının, Dövlət Sosial Sığorta şəhadətnaməsinin, vergi ödəyicisinin şəhadətnaməsinin, peyvənd sertifikatının, Covid-19 vaksinasiyası üzrə məlumat formasının Zərərçəkmiş şəxs1 Niyazi qızına qaytarılması və 1 ədəd “DVD” diskinin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar