Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-37/2024 15.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Saat: 11:00 Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxs Qax rayon İlisu Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs - xx xxx 1963-cü ildə Qax rayonu İlisu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qax rayonu, İlisu kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2022-ci ilin aprel ayının ortalarında Qax rayonu, İlisu kəndində yerləşən İlisu bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, Qarabulaq adlanan ərazidə üzərində bünövrəsi çay daşından üst hissəsi isə kərpicdən olan qoyun saxlamaq üçün tövlə tikərək özbaşına tikinti və ya quraşdırma işləri aparmaqla İlisu bələdiyyəsinə aid 64 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, 30 ildir həmin torpaqdan istifadə edir. İlisu Bələdiyyəsinə həmin torpaq sahəsini 49-50 illik icarəyə götürmək üçün müraciət etmiş, lakin torpaq sahəsi ona icarəyə verilməmişdir. Təsərrüfatında 20 baş mal-qara vardır. Heyvanları saxlamaq üçün iki il əvvəl həmin tikilinin bünövrəsini qoymuş və inşa etmişdir. Həmin vaxt ona xəbərdarlıq edilsəydi tövləni tikməzdi. 3 oğlu var. Oğlanlarından ikisi xəstədir. Qocaldığı üçün ailəsini saxlamaqda çətinlik çəkir. Tikintini inşa etməkdə məqsədi ondan ibarət olmuşdur ki, oğlu çətinlik çəkmədən təsərrüfatla məşğul olaraq ailəsini dolandıra bilsin. Özü şəxsən tövlə tikmək istəyi ilə bağlı bələdiyyəyə və kənd icra nümayəndəsinə müraciət etməmiş, təxminən iki il əvvəl oğlu icra nümayəndəsinə müraciət etdikdə, icra nümayəndəsi kənd bələdiyyəsinə rəsmi müraciət etmələrini tövsiyyə etmiş, lakin tikilini işləri aparmaq üçün heç bir dövlət qurumundan icazə almamışdır. Sənədləşdirmə aparmaq üçün bələdiyyəyə müraciət etməmişdir. Hazırda inşa etdiyi tikilini tam sökdürmüşdür. Əməlindən çox peşmandır. Məhkəmədən bağışlanılmasını və yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs İlisu Bələdiyyəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının ortalarında Qax rayonu, İlisu kəndində yerləşən İlisu bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid Qarabulaq adlanan ərazidə xırdabuynuzlu heyvanların saxlanılması üçün özbaşına tikinti işləri aparmışdır. Həmin tikintidən Bələdiyyənin məlumatı olmamışdır. Tikintinin aparılması barədə Bələdiyyənin məlumatı olduqdan sonra Təqsirləndirilən şəxs tikintinin sökülməsi tövsiyyə olunmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən həmin tikinti sökülmüşdür. Təqsirləndirilən şəxs sözügedən bələdiyyə torpağının rəsmiləşdirilməsi barədə təmsil etdiyi orqana müraciət edibetməməsindən məlumatı yoxdur. İlisu Bələdiyyəsinin hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, onlar əmlak xidməti olaraq torpaqlara nəzarəti həyata keçirən bir orqan kimi yerlərdə monitorinq aparılmasını, həm də müraciətlər olan zaman həmin halların araşdırılmasını həyata keçirirlər. Hazırki işlə bağlı deyə bilər ki, İlisu Bələdiyyəsinin sədri Şahid1 ona zəng edərək bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində tikinti işlərinin aparılması barədə məlumat vermiş və həmin əraziyə baxış keçirilməsi və tikintini həyata keçirən vətəndaşla təbliğat aparılmasını xahiş etmişdir. Onlar rayon icra hakimiyyətinin nümayəndəsinin, İlisu Bələdiyyəsinin sədrinin və kənd icra nümayəndəsinin iştirakı ilə cari ilin aprel ayının 9-u həmin əraziyə gedib baxış keçirmişlər. Baxış keçirilərkən Təqsirləndirilən şəxs qanunsuz tikinti aparılan əraziyə dəvət olunmuş, tikintini qanunsuz həyata keçirdiyi şəxsə bildirilərək həmin əmələ görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinin bəndlərinə əsasən cinayət məsuliyyətinin yaratdığı izah olunmuş, qanunsuz tikilinin sökülməsini və torpağın əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmişlər. Təqsirləndirilən şəxs tövləni sökməkdən imtina etdiyi üçün Akt tərtib olunmuşdur. Lakin Təqsirləndirilən şəxs oğlu üçün tövlə tikdiyini bildirmiş və aktı imzalamaqdan imtina etmişdir. Onlar akt tərtib etdikdən sonra aidiyyatı üzrə xidməti məlumatı ünvanlamışlar. Təqsirləndirilən şəxs qanunsuz inşa etdiyi tikilinin ümumi sahəsi təxminən 60-70 kv.m olmuşdur. Onlar həmin əraziyə baxış keçirən zaman tikinti başa çatmamış, təxminən 80 sm hündürlükdə qırmızı kərpicdən tikilmiş, lakin üstü örtülməmişdir. Baxış keçirilən vaxtı həmin ərazidə tikinti aparılmırdı. Akt tərtib etdikdən sonra vətəndaşa 10 gün müddət verilir ki, tikilini söksün və söküntünü yığışdırsın. Əgər tikili vətəndaş tərəfindən sökülürsə aidiyyatı üzrə xidməti məlumat ünvanlanmır. Eşitdiyinə görə İlisu kəndinin icra nümayəndəsi Şahid2 həmin tikilini aşkar etmiş və İlisu Bələdiyyəsinin sədri Şahid1 bu barədə məlumat vermişdir. Qanunsuz tikilinin sökülməsi ilə bağlı Qax rayon İcra Hakimiyyətinin nümayəndəsi, İlisu kənd İƏD-si üzrə nümayəndəsi və İlisu Bələdiyyəsinin və onun tərəfindən Təqsirləndirilən şəxsla profilaktik söhbət aparılmış, lakin təqsirləndirilən şəxs tikilini sökməmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs İlisu Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti aparmasını o aşkar etmiş və şəxsə xəbərdarlıq edilmişdir ki, həmin ərazidə tikinti aparmaq olmaz. Təqsirləndirilən şəxs tikintini dayandırmış, hal-hazırda da tikinti sökülmüşdür. Qanunsuz tikili 16 metr uzunluğunda və 4 metr enində olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən nümayəndəliyə həmin torpaq sahəsinin sənədləşdirilməsi barədə müraciət olunmamışdır. Lakin əvvəllər Təqsirləndirilən şəxs oğlu nümayəndəliyə müraciət edərək həmin torpaq sahəsində tikinti aparmasını istədiklərini bildirmiş, o isə torpaq sahəsinə mülkiyyət hüququ əldə olunmasa tikintinin aparılmasını qanunsuz olduğu bildirərək sənədləşmə ilə bağlı İlisu Bələdiyyəsinə müraciət etmələrini tövsiyyə etmişdir. Həmin ərazidə qanunsuz tikilinin inşa edildiyini gördükdə məsələnin araşdırılması üçün aidiyyatı orqanlara müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində İlisu bələdiyyəsinin sədri vəzifəsində çalışdığını, Bələdiyyə ərazisinə rayonun Ağçay və İlisu kəndlərinin daxil olduğunu, 09 aprel 2024-cü il tarixdə özünün və İlisu kənd İƏD-si üzrə nümayəndəsi Həşim müəllimi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin əməkdaşlarının Qax rayonu, İlisu bələdiyyəsi ərazisində monitorinq keçirilməsi üçün dəvət etdiklərini, özünün və kənd icra nümayəndəsinin də həmin monitorinqdə iştirak etdiklərini, monitorinq zamanı İlisu kənd sakini Təqsirləndirilən şəxs tərəfindən İlisu bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid Qarabulaq adlı ərazidə qanunla müəyyən edilmiş mülkiyyət, istfadə və icarə hüququ olmadan bünövrəsi çay daşından, üst hissəsi isə kərpicdən olmaqla təqribən 64.0 kv metr torpaq sahəsində tikinti işlərinin aparılması faktının aşkar edildiyini, Təqsirləndirilən şəxs tikinti işləri apardığı torpaq sahəsinə aid hər hansı bir sənədinin olmadığını bildirdiyini, vətəndaş Təqsirləndirilən şəxs tikintinin dayandırılaraq sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması izah edildiyini, daha sonra tikinti işlərini aparmış şəxs olan Təqsirləndirilən şəxs, özünün, kənd icra nümayəndəsi Həşim müəllimin, Qax RİH olan nümayəndə Abdulla müəlimin, Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin əməkdaşı Hatəm müəllimin iştirakı ilə Akt tərtib olunduğunu, lakin Təqsirləndirilən şəxs aktı imza etməkdən imtina etdiyini, özünün və digər iştirakçıların isə aktı imzalayıb təsdiq etdiklərini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması, icraata qəbul edilməsi və iş üzrə istintaq aparılması qərara alınmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Azərbaycan Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən əldə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 09 aprel 2024-cü il tarixli «Akt» dan görünür ki, Qax rayon İHB yanında İlisu kənd İƏD-si üzrə nümayəndəsinin və İlisu Bələdiyyə sədrinin şifahi müraciətləri əsasında İlisu kəndi Qarabulaq adlı ərazidə Qax-İlisu avtomobil yolunun sağ tərəfində yeni başlanılmış tikinti işləri gedən əraziyə baxış keçirilmiş, tikinti işlərinin Qax rayonu İlisu kənd sakini Təqsirləndirilən şəxs tərəfindən tövlə tikintisi məqsədilə bönövrəsi çay daşından, üst hissəsi qırmızı kərpicdən olmaqla təxminən 64 kv.m sahədə aparılması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs tikinti aparılan əraziyə mülkiyyət, istifadə və ya icarə hüququ verən hər hansı sənədinin olmadığını bildirmişdir. Tikinti aparılan torpaq sahəsi Kürmükçay sahəsində olmaqla «Tekuis» məlumatlarına əsasən İlisu bələdiyyəsinin mülkiyyətində olmaqla yaşayış məntəqlərinin torpaqları kateqoriyasına aid uqodiyası şərti yararsız torpaqlar sinfinə aiddir. Tikintinin dayandırılaraq sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasının vacibliyi Polad Eldarova bildirilmişdir. «Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» 31 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İlisu bələdiyyəsinə aid Qarabulaq adlana ərazidə 64 kv metr sahədə qanunsuz tikinti işləri aparmışdır “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” tərəfindən verilmiş 22 may 2024-cü il tarixli № 3-21-3/2-8143/2024 nömrəli məktubdan görünür ki Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onlarn mühafizəsində Dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin əməkdaşları tərəfindən 09 aprel 2024-cü il tarixdə Qax rayonu, İlisu bələdiyyəsi ərazisində monitorinq keçirilmişdir. Monitorinq zamanı vətəndaş Təqsirləndirilən şəxs tərəfindən İlisu bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid Qarabulaq adlı ərazidə qanunla müəyyən edilmiş mülkiyyət, istfadə və icarə hüququ olmadan bünövrəsi çay daşından üst hissəsi isə kərpicdən olmaqla təqribən 64.0 kv metr torpaq sahəsində tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Qax RİHB-nın İlisu kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 155 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu İlisu kəndində qeydiyyatdadır və yaşayır. Qax RİHB-nın İlisu kənd İƏDÜN-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2022-ci ilin aprel ayının ortalarında Qax rayonu, İlisu kəndində yerləşən İlisu bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid Qarabulaq adlanan ərazidə üzərində bünövrəsi çay daşından üst hissəsi isə kərpicdən olan qoyun saxlamaq üçün tövlə tikərək özbaşına tikinti və ya quraşdırma işləri aparmaqla İlisu bələdiyyəsinə aid 64 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 188.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən CM-nin 188.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün təqsirini tam etiraf etməsi, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən səmimi peşman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Qax rayonu İlisu kəndində yerləşən yaşayış yerini saat 23:00-dən növbəti gün 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdüdlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Qax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Qax rayonu İlisu kəndində yerləşən yaşayış yerini saat 23:00-dən növbəti gün 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdüdlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №1(024)-37/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-37/2024
15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver