Məhkəmə qərarları › İş №1(024)-38/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-38/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-38/2024 22.08.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 12:00-da Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Sabirabad rayonu, Moranlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Moranlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə tanışı Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx"a məxsus mobil telefondakı “Birbank” mobil tətbiqinə sonuncunun icazəsi olmadan gizli yolla daxil olaraq 10 fevral 2024-cü il tarixdə, saat 08:23-də 100 (yüz) manat pulu, 11 fevral 2024-cü il tarixdə, saat 08:34-də 900 (doqquz yüz) manat pulu, 14 fevral 2024-cü il tarixdə, saat 22:55də 100 (yüz) manat pulu, 22 fevral 2024-cü il tarixdə, saat 14:51-də 100 (yüz) manat pulu, 23 fevral 2024-cü il tarixdə, saat 08:13-də 100 (yüz) manat pulu, cəmi 1300 (bir min üç yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs məxsus "xxxx"a aid 4169-7385-3469-0825 nömrəli “BirKart Umico” kredit kartından özünə məxsus olan "xxxx"a aid 5239- 1517-0040-8886 nömrəli kart hesabına göndərərək informasiya texnologiyalarından istifadə etməklə 1300 (bir min üç yüz) manat məbləğində pulu gizli yolla ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1300 (bir min üç yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs həmin əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs mobil telefonunda olan “BirKart” mobil tətbiqindən öz pulunu öz kartına göndərmişdir. Belə ki, o Gülərin razılığı ilə kənar yerdən onun kart hesabına pul göndərtmiş, sonra onun mobil telefonunu alaraq həmin mobil tətbiqdən istifadə etməklə Gülərin kart hesabından öz kart hesabına həmin pulları köçürmüşdür. Hadisə Qax şəhərində “X10” adlanan ərazidə badam təmizlənən sexdə baş vermişdir. Belə ki, Gülərin razılığı ilə onun kart hesabına başqa şəxslər tərəfindən 2000 manat pul göndərildikdən sonra, pulun 1000 manatını "xxxx"a məxsus bankomatdan özü çıxarmış, qalan 1000 manat məbləği çıxartmaq istəyən zaman kart limiti məhdudlaşdırıldığına görə pulu çıxara bilməmişdir. Gülər mobil tətbiqdən istifadə etməyi bacarmadığı üçün əvvəlcədən onun razılığını alaraq Gülərin mobil telefonundan “BirBank” mobil tətbiqinə daxil olaraq kart hesabından 900 manat pulu öz kart hesabına göndərmiş, qalan 100 manatı isə Gülər kartından çıxarıb əlbəəl ona vermişdir. Bundan başqa müxtəlif vaxtlarda iş yoldaşı kimi Gülərdən borc olaraq kart vasitəsi ilə 100 manat pulu ona göndərməsini xahiş etmiş, Gülər də ona həmin məbləği göndərmiş, sonra isə aldığı borcu geri qaytarmışdır. Həmin pul özünə məxsus olsa da, iş bu yerə gəlib çıxdığına görə məcbur qalıb Gülərin kart hesabından öz hesabına göndərdiyi ümumilikdə 1300 manat pulu Gülərə qaytarmışdır. 14 fevral 2024-cü il tarixdə saat 22:55-də isə 100 manatı Gülər özü mobil telefonunda olan “BirBank” tətbiqindən onun kart hesabına göndərmiş, çünki həmin vaxt o Zaqatala rayonunda olmuşdur. Həmin saatda onun Gülərin yanında olması qeyrimümkündür. Gülərin tələb etdiyi faizə görə hesablanmış 400 manat pulu isə ödəmək fikri yoxdur. Çünki kənd təsərrüfatı ilə məşğul olaraq qazanc əldə edir və ödəməyə maddi imkanı yoxdur. Gülərin kart hesabına köçürülən pul isə ona kənardan gəlmişdir. Belə ki, o toxum alıbsatmaqla məşğul olur. Əslində ona göndərilən pul məbləği çox olmuşdur. Eyni zamanda ona göndərilən digər pul məbləğləri Qax rayonunda bir-neçə şəxsin kart hesabına köçürülmüşdür. O. bankomata 4 ədəd digər şəxslərə məxsus olan kartı aparmışdır. Gülərə məxsus kartdan pulu çıxararkən limit məhdudlaşdırıldığı üçün qalan 1000 manat pulu çıxara bilməmiş, Gülərin mobil telefonunda olan “BirBank” tətbiqindən 1000 manatı kart hesabına göndərmək istədikdə bu mümkün olmamış, 900 manat pul göndərmiş, sonra isə 100 manatı göndərmişdir. Pulların özünə məxsus olan kart hesabına göndərilməməsinin səbəbi, şəxsi istifadəsində olan kartın limitinin dolması ilə bağlıdır. Ona elan olunan ittihamda göstərilən cinayət əməlini törətməmişdir. Zərərçəkmiş şəxs heç bir maddi ziyan vurmasa da, dəymiş ziyanı tam ödəmişdir. Odur ki, bu halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayından tanıyır. Belə ki, o Qax rayonunda iş axtarmış, ona ləpə təmizləmə sexində iş təklif olunmuşdur. O da günlük 10 manata orada fəhlə işləmişdir. Həmin sexdə işləyən Əsgər ona 2000 manat pul göndəriləcəyini, bunun üçün ona kart lazım olduğunu bildirərək onun kartından istifadə etmək üçün icazə verməsini xahiş etmişdir. Həmin pul da Əsgərin yox, sexin sahibi Orxanın pulu olmuşdur. Onun kartında pul olmamış, bank tərəfindən ona ayrılan limitdən də xəbəri olmamışdır. O, kartı Əsgərə vermiş, Əsgər bir müddətdən sonra qayıdıb gəlmiş, onu kart hesabına 2000 manat pul göndərildiyini, 1000 manatı çəkdiyini, qalan 1000 manatın isə kartda qaldığını bildirmişdir. Həmin vaxt Əsgər ona kartı götürməsini və qalan 1000 manat pulu sabah çəkib gətirməsini demiş, səhəri gün iş yoldaşı Aynurla birlikdə kartdan 1000 manat pulu çəkərək Əsgərə vermişlər. Orxan da buna şahid olmuşdur. Bundan bir müddət sonra "xxxx"dan ona zəng olunaraq borcunun olduğunu bildirmişlər. Məsələni aydınlaşdırmaq, həm də kredit götürmək üçün "xxxx" ASC-nin Qax filialına yaxınlaşmış, ona banka borcunun olduğu bildirilmişdir. Həmin vaxt Əsgərə zəng edərək onun kartından bircə onun istifadə etdiyini, limit barədə nəsə danışdığını, əgər kartdan pul çəkmişdirsə ödəməsini, yoxsa polisə şikayət edəcəyini demiş, Əsgər isə pulu köçürdüyünü etiraf etməmişdir. Əsgərə polisə şikayət edəcəyini dedikdə, ona etməsini bildirmiş, o, Qax rayon Polis Şöbəsinə müraciət etdikdə isə Əsgər kartdan 1300 manat deyil, 500 manat pulu çəkdiyini bildirmişdir. Əsgərdən kartından xəlvət köçürdüyü 1300 manat pulu tələb etdikdə, Əsgər ona biədəb sözlər işlətmiş, bu səbəbdən şəxsdən şikayətçi olmuşdur. Əsgər 1300 manat pulu ibtidai araşdırma müddətində qətimkan tədbiri ilə bağlı təqdimata məhkəmədə baxılarkən ödəmişdir. Kartdan pulun çıxarılmasından may ayının sonunda xəbəri olmuşdur. Kartından pul çəkildiyi üçün 400 manat faiz borcu yaranmışdır. Həmin pulu Əsgərdən tələb edir. Məhkəmə iclasında şahid qismində ifadə verən zaman Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onlara məxsus sexdə könüllü köməkçi kimi işləmiş və onun tapşırıqlarını yerinə yetirmişdir. Əsgərlə dostluq münasibətləri vardır. Zərərçəkmiş şəxs da həmin sexdə fəhlə işləmişdir. Hadisə baş verdikdən sonra polis şöbəsində bilmişdir ki, Əsgər Gülərin kartından pul çəkmişdir. Həmin pul Gülərin kart hesabına göndərilmiş, Əsgər birinci dəfə 1000 manat pul çəkə bilmiş, limit dolduğu üçün qalan 1000 manat pulu səhəri günü ona vermişdir. Yəni ona göndərilən 2000 manat pulu iki dəfə 1000 manat olmaqla Əsgər vermişdir. Ona başqa pullar da göndərilmişdir. Onun tapşırığı əsasında Əsgər həmin pulları kartdan çıxarıb ona vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən zaman X1 fadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar-fevral aylarında tanımışdır. Zərərçəkmiş şəxs ilə 9 ildən artıqdır ki, qonşudurlar. Əsgər Gülərin kartını götürərək kartdan pul çıxarmış, onun telefonundan üz görüntülərini çəkərək öz kartına pul göndərmişdir. Gülərə məxsus kart hesabına göndərilmiş 1000 manat pulu Gülərlə birlikdə bankomatdan çəkərək Əsgərə vermişlər. Onun da kartına Əsgərin tapşırığı ilə müxtəlif şəxslər tərəfindən pul göndərilmiş, Əsgər onun kartını götürərək göndərilən pulları çəkmişdir. Gülərlə birlikdə KapitalBank ASCnin Qax filialında öyrənmişlər ki, Gülərə məxsus kart hesabından pul çıxarılıb. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və aidiyyətı üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:08-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Üzləşdirmə haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyət olduğundan həmin tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralarında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə ona məxsus karta göndərilmiş 2000 manat pulun 1000 manatını 08 fevral 2024-cü il tarixdə Əsgərin özünün kartdan çıxartdığını, qalan 1000 manat pulu isə özünün Aynurənin yanında bankomatdan çıxarıb Əsgərə verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs üzləşdirmə zamanı dedikləri işin digər halları ilə uyğunluq təşkil etdiyindən sübut kimi qəbul edilmişdir. 4169 7385 3469 0825 nömrəli kart hesabından görünür ki, həmin kart hesabı "xxxx" ASC-də Zərərçəkmiş şəxs adına açılmışdır. 5239 1517 0040 8886 nömrəli kart hesabından görünür ki, həmin kart hesabı "xxxx" ASC-də Təqsirləndirilən şəxs adına açılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 05 ədəd ödəmə qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 4169 7385 3469 0825 nömrəli kart hesabından xx.xx.2024-cü tarixdə, saat 08:23-də 100 manat pul, xx.xx.2024-cü il tarixdə, saat 08:34-də 900 manat pul, xx.xx.2024-cü il tarixdə, saat 22:55-də 100 manat pul, xx.xx.2024-cü il tarixdə, saat 14:51-də 100 manat pul və xx.xx.2024-cü il tarixdə, saat 08:13-də 100 manat pul Təqsirləndirilən şəxs məxsus 5239 1517 0040 8886 nömrəli kart hesabına köçürülmüşdür. “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə” Qax rayon məhkəməsinin 27 may 2024-cü il tarixli 4(024)-22/2024 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və şəxs məhkəmə zalında dərhal həbsdən azad edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27 may 2024cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 27 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 177.2.3-1-ci maddəsinə tövsif edilmişdir. Sabirabad RİHB-nın Moranlı kəndi İƏDÜN-nin verdiyi 04 iyun 2024-cü il tarixli 570- 29/2-260/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu Moranlı kəndində qeydiyyatdadır. Sabirabad RİHB-nın Moranlı kəndi İƏDÜN-nin verdiyi 04 iyun 2024-cü il tarixli 570- 29/2-259/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi onun özündən, atası X4, anası X3 və qardaşı X2 ibarətdir. Sabirabad RİHB-nın Moranlı kəndi İƏDÜN-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin verdiyi 07 iyun 2024-cü tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. Azərbaycan Respublikası TƏBİB Sabirabad RMX PHŞ-dən daxil olmuş 05 iyun 2024cü il tarixli 18-1-70/3-150/2024 saylı məktubdan görünür ki, Sabirabad rayonu, Moranlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Sabirabad RMX PHŞ-in Poliklinika şöbəsinin əsəb-ruhi və narkoloji kabinetlərində dispanser qeydiyyatda deyildir. 22 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Qax RPŞ-yə müraciət edərək ona dəymiş 1300 manat maddi ziyanın tam ödənildiyini bildirmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirlməsi haqqında” 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, 05 ədəd ödəmə qəbzi maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilməsə də, ona istinad edilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ödəmə qəbzləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünümüdafiə kimi qiymətləndirilməli və ittihamı təkzib edən sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində göstərilmişdir ki, oğurluq, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair 22 iyun 2015ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları -informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini CM-nin 59.1.13-cü, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halların olmasını, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 25 may 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonu Moranlı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək və yaşadığı Sabirabad rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə maddi sübut hesab edilən 5 (beş) ədəd ödəmə qəbzlərinin cinayət işinin materiallaırnda saxlanması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 25 may 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla 4 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonu Moranlı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək və yaşadığı Sabirabad rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən 5 ədəd ödəmə qəbzlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar