Məhkəmə qərarları › İş №1(024)-4/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-4/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-4/2023 26.01.2023 QAX RAYON MƏHKƏMƏSİ saat: 12:20-də Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1978-ci ildə Qax rayonu, Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 03 (üç) azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Qax rayonu Qaxbaş kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs və ya şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki o, 05 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, nalayiq söyüşlər söyərək, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək ictimai yerdə yəni, Qax rayonu, Qaxbaş kəndində yerləşən kafenin içərisində heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs zor tətbiq edərək qəsdən əvvəlcə silah qismində istifadə etdiyi bıçaqla onun sol gicgah nahiyəsindən 1 (bir) dəfə vurmuş, daha sonra yumruqla bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq sonuncuya sol gicgah nahiyəsində 1 (bir) ədəd səthi kəsilmiş yara izi xəsarətindən ibarət dərəcəsi təyin edilməyən xəsarət yetirməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqisrli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əmisi oğlu Seyfullla Bayramovun qaynıdır. 05 oktyabr 2022-ci il tarixdə axşam vaxtı Qax şəhərində yerləşən “Qafqaz” şadlıq sarayının yaxınlığında olan kafedə kürəkəni Eynulla, Bəhlul və onların adlarını bilmədiyi dostları ilə yemək yemişdir. Kafeni tərk etdikdən sonra idarə etdiyi “Oka” markalı avtomobil balaca olduğu üçün evə getmək üçün taksi lazım olmuş, kafenin yaxınlığında dayanmış markasını xatırlamadığı taksi avtomobilin sürücüsü içərisində olmadığı üçün, “taksi-taksi” deyə ucadan qışqırmışdır. Bu zaman əmisi oğlu Seyfullanın qaynı Vahid həmin avtomobilin arxa tərəfindən ona yaxınlaşaraq maşının ona məxsus olduğunu demişdir. Vahidin avtomobilini olmadığını zənn etdiyi üçün ona zarafat etməyə vaxtının olmadığını demiş, Vahid isə onun ünvanına nalayiq sözlər demişdir. O, “Oka” markalı avtomobilinə əyləşərək evinin yaxınlığında yerləşən kafeyə getmiş və orada pivə içməyə başlamışdır. Bir-neçə dəqiqə sonra Vahid də həmin kafeyə gəlmiş, kafenin həyətində dayanaraq siqaret çəkməyə başlamışdır. Vahidin ona “sən mənə bayaq pivə almadın, indi mən sənə pivə alaram” dedikdə Vahidə öz pivəsini özünün ala bildiyini bildirmişdir. Vahid təkidlə onun qolundan tutub çəkmiş, bu zaman Vahidin əlindəki təsbeh qolundakı qolbağına ilişərək, qırılıb yerə tökülmüşdür. O, qolbağın dənələrini yerdən yığmış, Vahid təsbehini və qolbağını ondan geri istədikdə qaytarmamış və kafenin içərisinə keçmişdir. Vahid onun arxasınca gəlmiş, kafedə Vahidlə aralarında mübahisə baş vermiş, həmin vaxtı balaca bıçaqla Vahidin sol gicgah nahiyəsindən 1 (bir) dəfə, daha sonra yumruqla bədəninin müxtəlif nahiyələrindən bir-neçə dəfə vurmuşdur. Kafedə olan müştərilər onları ayırmışlar. Daha sonra kafeni tərk etmişdir. Zərərçəkmiş şəxs sol gicgah nahiyəsində 1 (bir) ədəd səthi kəsilmiş yara xəsarətini isə necə almasından xəbərinin olmadığını bildirmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxslə barışaraq onunla razılıq əldə etmişdir. Törətdiyi hərəkətdən peşmandır. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alıb ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 05 oktyabr 2022-ci il tarixdə, təxminən saat 23 radələrində Qax rayonu, Cəlayir kəndində ola torpaq sahəsi ilə bağlı bələdiyyə sədri Turan müəllimlə Qax şəhərində yerləşən Qafqaz restoranında görüşüb söhbət etmiş, həmin vaxtı qohumu Füzuli Bayramov idarə etdiyi avtomobili onların yanında saxlayaraq onlarla salamlaşmış və oradan uzaqlaşmışdır. Turanın ailə üzvləri onun evinin qonşulğunda yerləşən Füzulinin evində olduğu üçün birlikdə taksi ilə Qax rayonu, Qaxbaş kəndinə getmişlər. Həmin vaxtı Fizuli evinin yaxınlığında yerləşən kafenin qarşısında dayanmışdır. Fizulinin yanında dayanıb onunla söhbət etməyə başlamış, Fizuli ona pivə almasını xahiş etmiş, onunla razılaşmış, lakin, həmin vaxtı Fizuli heç bir əsaslı səbəb olmadan əlindəki təsbehi dartıb qırmışdır. Fizulidən nə üçün belə hərəkət etdiyini soruşduqda Fizuli onun sağ əlindəki gümüş qolbağını dartaraq qırmış və cibinə qoymuşdur. Fizulidən qolbağını istədikdə verməyəcəyini bildirmiş, onunla mübahisə etməyə başlamışdır. Bundan sonra kafenin içərisinə keçib əyləşmiş, kafenin sahibindən Fizuliyə pivə verməsini xahiş etmişdir. Fizuli pivəni içərkən, onun yanına əyləşərək qolbağını və təsbehini qaytarmasını xahiş etmiş, lakin, Fizuli ona qaytarmayacağını deyərək ayağa qalxmış və cibindən balaca bıçaq çıxardaraq onun üstünə gəlmiş, Fizulini özündən uzaqlaşdırmaq üçün itələmişdir. Lakin Fizuli ona hücum edərək bıçağı onun baş nahiyəsinə vurmaq istədikdə, onun əlinə vuraraq bıçağı yerə salmış, həmin vaxtı bıçaq cüzi olaraq onun sol gicgah nahiyəsinə dəymiş və o xəsarət almışdır. Kafenin sahibi isə bıçağın Füzulinin əlinə keçməməsi üçün kafenin qarşısından keçən çaya tullamışdır. Fizuli isə hərəkətlərini davam etdirərək yumruqla onun dodağına vuraraq xəsarət yetirmişdir. Həmin vaxtı kafedə xeyli müştəri olmuş, həmin şəxslər onları ayırmışlar. 06 oktyabr 2022-ci il tarixdə Qax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Fizulinin hərəkətləri təxminən 25 dəqiqə çəkmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs törətdiyi əmələ görə ondan üzr istəmiş və onunla razılıq əldə etmişdir. O, Təqsirləndirilən şəxsla barışmış və onu bağışlamışdır. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edərək bu xahişini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. 05 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində Qax rayonu, Qaxbaş kəndində yerləşən evinin yaxınlığındakı çörək sexindən çörək almaq üçün gedən zaman yolun kənarında yerləşən kafedən səsküy gəldiyini eşidərək kafeyə daxil olmuş, orada Zərərçəkmiş şəxslə Füzuli Bayramovun mübahisə etdiyini görmüşdür. O, Fizuli ilə Vahidə yaxınlaşaraq onları sakitləşdirməyə çalışmış, həmin vaxtı Fizuli cibindən bıçaq çıxardıb Vahidin baş nahiyəsindən vurmaq istəmiş, lakin Vahid bıçağı vurub salmışdır. Bıçağın Vahidə dəyib-dəyməməsini görməmişdir. O, kafedə olan digər şəxslərlə köməkləşərək onları ayırmışdır. Hadisə təxminən 20-25 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində zərərçəkmiş şəxs Ələddin Süleymanovun ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. 06 oktyabr 2022-ci il tarixdə, saat 09 radələrində evdən çıxıb həyat yoldaşı Rəvanə Bayramovanı işə yola salıb evə qayıdan zaman darvazanın yanında qohumu Seyfulla və Vahidin onu səsləyərək qohumu Təqsirləndirilən şəxs Vahidin qolbağının və təsbehinin olmasını, onları Fizulidən alıb gətirməsini xahiş etmişlər. Bundan sonra Fizuligilə gedərək Fizuliyə Vahidin ondan təsbehini və qolbağını istədiyini demiş, Fizuli ona içərisində qolbaq və təsbeh olan qara rəngdə torba vermiş, o da həmin torbanı Vahidə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X4 ibtidai istintaq zaman verdiyi ifadəsində göstərmişdir ki, Qax rayonu, Qaxbaş kəndində Pərviz adlı şəxsin kafesində ofisiant işləyir. 05 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində iş yoldaşı Aleksey ilə birlikdə kafedə olduğu zaman tanışı Füzuli kafeyə daxil olaraq əyləşmiş, pivə sifariş etmişdir. Fizuliyə bir bakal pivə vermiş, bir neçədəqiqə sonra Vahid adlı şəxs kafeyə daxil olmuş və Füzulinin yanında əyləşmişdir. Vahid və Fizuli mübahisə etməyə başlamışdır. Həmin vaxt Qaxbaş kənd sakinləri Elvin və Ələddin adlı şəxslər kafeyə gəlmiş, Fizuli ilə Vahidi sakitləşdirməyə çalışmış, lakin Fizuli cibindən çıxartdığı bıçaqla Vahidin başına vurmaq istəmiş, Vahid əli ilə ona mane olmuş və bıçaq Vahidin sol gicgah nahiyəsinə cüzi sürtünərək yerə düşmüşdür. Bundan sonra kafedə ofisiant işləyən Aleksey yerdəki bıçağı bıçağı götürərək kafenin qarşısından axan çaya atmış, o isə kafedə olan müştərilərlə birlikdə Fizulini və Vahidi ayırmışlar. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid X2 ibtidai isitntaq zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İşin 58-59-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 221 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-sol gicgah nahiyəsində 1 (bir) ədəd səthi kəsilmiş yara izi-kəsici səthə malik hər hansı bir əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşin 98-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Qax RMX-nın xx.xx.2022-ci il tarixli, 6.50-2-2022-485 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX-nın narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İşin 120-121-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 83-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 1644 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Qaxbaş kəndində yaşayır. İşin 78-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş AZ-İİ № 545985 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qızı X6 xx.xx.2010-cu ildə doğulmuşdur. İşin 79-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş AZ-İİİ № 435510 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qızı X7 xx.xx.2014-cu ildə doğulmuşdur. İşin 79-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş AZ-İİİ № 822645 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qızı X8 xx.xx.2016-cı ildə doğulmuşdur. İşin 97-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 01 dekabr 2022-ci il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində Qax rayonu, Qaxbaş kəndində yerləşən kafedə Zərərçəkmiş şəxs ilə mübahisə edib üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs sol gicgah nahiyəsindən 1 (bir) dəfə vuraraq ona xəsarət yetirmiş, daha sonra qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək sonuncunun yumruqla bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. İşin 72-73-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2022-ci il tarixli könüllü təqdim etmə, baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 01 (bir) ədəd disk tədqim etmiş və həmin 01 (bir) ədəd disk maddi sübut kimi götürülmüşdür. İşin 136-146-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin 12 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında Qərarından görünür ki, 01 (bir) ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, həmin şəxsi bağışlamışdır. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 11-ci bəndində göstərilir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan CM-nin 221.3-cü maddəsilə tövsif olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə, xuliqanlığın tövsifedici əlamətlərinin mövcudluğundan asılı olaraq, hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında aydınlıq gətirilmişdir. Həmin qərara əsasən, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufatməişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqiondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərər çəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını CM-in 59.1.12-ci, himayəsində 03 (üç) azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayətini etiraf etməklə hərəkətindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İşdə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ona görə də məhkəmə bu qənaətdədir ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin ediləcək cəza heç bir halda həm təqsirləndirilən şəxsin özünə, həm də onun ailəsinə, yaxınlarına sitəm vermək xarakteri daşımamalıdır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində göstərilir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-in 70.5-ci maddəsində göstərilir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Eyni zamanda təqsirləndirilən şəxsin əməlində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onun mahiyyəti, cəzasını ağırlaşdıran halların olmaması, həmçinin şəxsiyyəti ilə bağlı halların məcmusu məhkəməyə imkan verir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunma imkanlarının tükənmədiyi qənaətinə gəlsin. Onun əməlində olan cəzanı yüngülləşdirən hallar, şəxsiyyəti, ailəsinin həyat şəraiti, törətdiyi əməlin az ağır cinayətlər qrupuna aid olması bu nəticəyə gəlməyə əsas verir. Buna görə də, məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə CM-in 70-ci maddəsinə əsasən şərti tətbiq edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrası Qax rayon icra və probasiya şöbəsinə həvalə edilməli, onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunsun və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, məhkəmə xərcləri, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar