Məhkəmə qərarları › İş №1(024)-40/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-40/2024

15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-40/2024 15.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Saat: 14:50 Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1981-ci ildə Qax rayonu Baxtala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan və ödənilməyən, Qax rayonu Baxtala kəndində pasport qeydiyyatında olmaqla tutulduğu günə qədər həmin kənddə yaşayan, barəsində Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Şəki PM nin İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq odlu silah, onun komplekt hisələrini və döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, qəsdən, 1 ədəd 5,45 mm kalibrli, AK-74 modelli, Kalaşnikov konsturkisyalı avtomatı, odlu silahın komplekt hissəsi olan 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 1 ədəd darağı və AK-74 markalı avtomata məxsus olan 5,45x39 mm kalibrli patronları əldə edib daşıyaraq gəzdirməklə yaşadığı Qax rayonu, Baxtala kəndindəki evində saxlamış, 11 iyun 2024-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs məxsus Qax rayonu, Baxtala kəndindəki evin arxa tərəfinə baxış keçirilən zamanı evin divarına söykənmiş vəziyyətdə olan 1 ədəd ağ polietilen torbanın içərisində texniki cəhətdən saz, atəşə yararlı olan 5,45 mm kalibrli, AK-74 modelli, Kalaşnikov konsturksiyalı zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, yivli odlu silah hesab edilən, hissələri hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamış avtomatı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən, lakin döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz, istifadə üçün yararlı darağı, 30 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, döyüş sursatı, atəş üçün yararlı olan AK-74 modelli avtomata məxsus olan patronlar aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikdə hər şeyi etitaf etmiş və silah-sursatı saxladığı yeri də polis əməkdaşlarına göstərmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi və düzəlişi yoxdur. Silah-sursatı 2023-cü ilin may ayının axırlarında balıq tutmağa gedən zaman Qax rayonu, Ağyazı kəndinin ərazisindən keçən Əyriçayın kənarından tapmış və evə gətirərək saxlamışdır. Keçən ildən silahı evində necə qoymuşdursa elə də saxladığı yerdə qalmış, əlini silaha vurmamış, heç vaxt istifadə etməmişdir. Silah və onun komlekt hissəsi, həmçinin patronları tapması barədə heç kəsə məlumat verməmişdir. Silah bir ədəd avtomat və daraqdan ibarət olmuşdur. Darağın içərisində patronları olmuş, lakin saymamış və sayını bilməmişdir. Polis əməkdaşları silahı aşkarladıqdan sonra sayan zaman 30 ədəd olduğunu bilmişdir. Silahı bir-neçə dəfə polisə təhvil vermək istəsə də, əvvəllər məhkum olunduğu üçün yenidən məsuliyyətə cəlb edilməsindən və həbs olunmasından qorxmuşdur. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mayis oğlu ifadəsində göstərdi ki, o, Qax RPŞ-si Uçot və X2 kiçik inspektoru vəzifəsində işləyir. Hadisə yerinə baxış zamanı o video çəkiliş aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi ilə bilrlikdə Qax rayony Baxtala kəndinə gedilmiş, təqsirləndirilən şəxs fərdi yaşayış evinin araxasındakı kürək və digər təsərrüfat əşyaları saxlanılan yerdən polietilen torbanın içərisindəki silahı, onun darağını və patronları çıxararaq polis əməkdaşlarına təhvil verdi. Həmin yerdən avtomat, sandıq və patronlar aşkar olunmuşdur. Patronların sayı 30 ədəd olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid Qax RPŞ-nin CAB-ın əməliyyat müvəkkil Şahid1 vermiş olduğu ifadəsində 11 iyun 2024-cü il tarixdə Qax rayonu, Baxtala kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində avtomat silahı qanunsuz olaraq əldə edib saxlaması bardə əməliyyat məlumatının daxil olduğunu, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqdəsi ilə polis əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradıldığını, qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydalarının izah edildiyini, bundan sonra daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Qax rayonu, Baxtala kənd sakini Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirdiklərini, 11 iyun 2024-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qax şəhəri ərazisində saxlanılaraq Qax RPŞ-nə gətirildiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməzdən əvvəl onun hüquqlarının müdafiə edilməsi məqdsədi ilə təhqiqatçı tərəfindən vəkil dəvət edildiyini, sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun əvvəlcədən əynindəki qara rəngdə uzun qol köynək, göy rəngdə cins şalvarı, qara rəngdə idman ayaqqabısı olduğunu, sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngdə cins şalvarının sağ yan çibindən 1 ədəd göy rəngdə alışqan və 2 ədəd mənzil açarı, sol yan çibindən 53 qəpik pul əsginasları, sol yan cibindən 14 manat pul əsginasını təqdim etdiyini, sonra üstünə şəxsi axtarış zamanı qeyri qanuni heç nə aşkar olunmadığını, Təqsirləndirilən şəxs təqdim etdiyi 14 manat 53 qəpik pul əsginaslarının, 1 ədəd göy rəngdə alışqanın və 2 ədəd mənzil açarının ona qaytarıldığını, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Qax rayonu Baxtala kəndindəki yaşadığı evin arxasında 1 ədəd AK-74 markalı avtomatın patronları ilə birlikdə olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs Qax RPŞ-nə gətirilərkən və Qax RPŞ-də olarkən hər hansı bir formada təzyiq olub-olmadığını soruşduqda onun heç bir təzyiqin olmadığını bildirdiyini, bundan sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunduğunu, heç bir şikayət və təklif daxil olmadığını, özünün və digər iştirakçıların protokola imza etdiyini, daha sonra Təqsirləndirilən şəxs avtomat silahını və döyüş sursatını saxladğı Qax rayonu, Baxtala kəndində yerləşən evinə baxış keçirildiyini, baxış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs və digərlərinə baxış keçirilməsinə, baxış zamanı videoçəkilişdən istifadə edilməsini heç bir etirazlarının olub-olmadığını soruşanda etirazın olmadığını bildirdiklərini, bundan sonra Qax rayonu Baxtala kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin və evin həyətyanı sahəsində hər hansı bir odlu silah və sursat varsa həmin silah-sursatı təqdim etməsinin xahiş olunduğunu, Təqsirləndirilən şəxs onları yaşadığı evin arxasına apardığını, Təqsirləndirilən şəxs evin arxa divarına söykəmiş qara rəngli taxtanın altından ağ polietilen torbanın içərisindən 1 ədəd AK-74 markalı üzərində nömrə qeyd olunmayan avtomat silahı, 1 ədəd daraq və darağın içərisində olan 30 ədəd 5.45 mm-lik ölçüdə olan avtomat patronlarını təqdim etdiyini, həmin aşkar olunan 1 ədəd AK-74 markalı avtomat silahını, 1 ədəd daraq və darağın içərisində olan 30 ədəd 5.45 mm-lik ölçüdəki avtomat patronların kimə məxsus olmasını Təqsirləndirilən şəxs soruşanda onun həmin avtomatın və döyüş sursatımı ona məxsus olduğunu, həmin 1 ədəd AK-74 markalı avtomat silahını, 1 ədəd daraq və darağın içərisində olan 30 ədəd avtomat patronlarını Qax rayonu Ağyazı kəndinin ərazisindən keçən Əyriçayın ətrafından taparaq yaşadığı ünvana gətirdiyini bildirdiyini, həmin 1 ədəd AK-74 markalı avtomat silahına, 1 ədəd daraq və darağın içərisində olan 30 ədəd 5.45 mm-lik ölçüdə olan avtomat patronlarına baxış keçirildiyini, bundan sonra həmin 1 ədəd AK-74 markalı avtomat silahı, 1 ədəd daraq və darağın içərisində olan 30 ədəd 5.45 mm-lik ölçüdəki avtomat patronlarını qablaşdırılıb şöbənin 108 saylı möhürü ilə möhürlənib məhkəmə-ballistik ekspertizasına təqdim edilməsi üçün götürüldüyünü, Təqsirləndirilən şəxs yaşadığı evin içərisində baxış keçirən zamanı oradan qeyri qanuni hər hansı bir əşya aşkar olunmadığını, daha sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunduğunu, heç bir şikayət və təklifin daxil olmadığını, özünün və digər iştirakçıların protokola imza etdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında» xx.xx.2024cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və aidiyyəti üzrə Qax RPŞ-nin İB-nə göndərilmişdir. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə saat 16:11-də şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:42-dən saat 16:49-dək olan müddət ərzində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunsuz əşya və silah aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Qax rayonu Baxatala kəndində yerləşən fərdi yaşayış evinin arxasında 1 ədəd AK-74 markalı avtomatın patronları ilə birlikdə olduğunu bildirmişdir. «Baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 17:24 dən 17:38-dək olan müddət ərzində Qax rayonu, Baxtala kəndində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, evin arxa divarına söykənmiş qara rəngli taxtanın altından ağ polietilen torbanın içərisindən 1 ədəd AK-74 markalı avtomat silahı, 1 ədəd daraq və darağın içərisində olan 30 ədəd 5.45 mm-lik ölçüdəki avtomat patronları aşkar edilərək götürülmüşdür. Həmin əşyalar götürülərək qablaşdırılmış və protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/1055 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır, silahın hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5.45 x 39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 30 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5.45 x 39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar, atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qərarın c) bəndində qeyd olunan “ eləcə də silahn itmiş və ya oğurlanmış silahların qeydiyyatında olub-olmaması müəyyən edilsin” sualına cavab olaraq bildiririk ki, DİN-nin KTİ-də “itirilmiş və oğurlanmış” silahların qeydiyyatı aparılmadığından, həmin suala cavab vermək mümkün olmamışdır. 20 iyun 2024-cü il tarixli «maddi sübut kimi tanıma haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı aşkar olunaraq götürülmüş 1 ədəd sintetik kisədə olan 1 ədəd Ak-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat, 1 ədəd daraq və 30 ədəd 5,45x39 mm patronlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Qax RPŞ-nin aidiyyatı üzrə xidmət sahəsinə verilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və şəxsə həmin maddədə nəzərədə tutulan ittiham elan olunmuşdur. Qax RMX-dan daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-50/2-644/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX PHŞ-in Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyil. «Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə» Qax Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 4(024)-24/2024 saylı qərarından görünür ki, həbsdə saxlama müddətinin əvvəlinin Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 11 iyun 2024-cü il tarixdən hesablanmaqla barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Qax Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 305, 66.3, 67.1-ci maddələri ilə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətində azadlıqdan məhrum edilmiş, Şəki Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qərarı ilə 04 ay 04 gün vaxtndan əvvəl şərti azad edilmiş, Samux Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinib 450 manat cərimə cəzasına məhkum edilmişdir. 29 yanvar 2024-cü il tarixdə isə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Qax RİH Qax İngiloy kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 680 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri – anası X1 ibarətdir. Qax RİH Qax İngiloy kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilmişdir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqini tapır ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, qəsdən, 1 ədəd 5,45 mm kalibrli, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatı, odlu silahın komplekt hissəsi olan 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 1 ədəd darağı və AK-74 markalı avtomata məxsus olan 5,45x39 mm kalibrli 30 ədəd patronları əldə edib daşıyaraq gəzdirməklə yaşadığı Qax rayonu, Baxtala kəndindəki evində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmə hökmü əsaslı hesab edilir. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.1-ci və 18.4.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndinə əsasən «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurqular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. Həmin Qərarın 4-cü bəndinə əsasən «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən – döyüş sursatı-müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstuktiv qurğu və ya əşyadır. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Məhkəmə tərəfindən cinayət işinin materialları tədqiq edilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(058)-27/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinib 450 manat cərimə cəzasına məhkum edilmiş, 29 yanvar 2024-cü il tarixdə isə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Yuxarıda qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən onun barəsində Samux Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmişdir. Lakin Təqsirləndirilən şəxs CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cərimə cəzasına məhkum olunduğu üçün onun əməlində cinayətin residivi yoxdur. Təqsirləndirilən şəxs 2022-ci ildə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq nəzarət buraxılış məntəqəsindən kənarda, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına keçdiyinə görə AR CM-nin 318.1-ci maddəsində təqsirli bilinib barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti qəsdən törətməsi cinayətlərin residivi kimi qəbul edilməməli, lakin şəxsin məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi cəza təyin edilərkən şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin əməlində CM-in 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut – Qax Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd AK- 74 markalı avtomat silahı, 1 ədəd daraq və darağın içərisində olan 27 ədəd 5.45x39 mm-lik ölçüdəki avtomat patronları hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qax Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd nömrəsi silinmiş silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı AK-74 modelli, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı olan avtomat silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45 x 39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadəyə yararlı olan daraq və zavod üsulu ilə istehsal olunmuş 5,45x 39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların atəş üçün yararlı, döyüş sursatı olan darağın içərisində olan 27 ədəd avtomat patronları hökm qanuni qüvvəyə mindikdən sonra Qax rayon Polis Şöbəsi vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar