Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-43/2025 17.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1987-ci il tarixdə Qax rayonu, Ağçay kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Qax rayonu, Ağçay kəndində qeydiyyatda olmaqla yaşayan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 18 iyun 2025-ci il tarixdə, səhər saat 05:00 radələrində Qax rayonu, Ağçay kəndində yerləşən fərdi yaşayış evində bacısı Zərərçəkmiş şəxs yuxudan vaxtında durub onu işə yola salmaması səbəbindən aralarında yaranmış ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs ilk öncə qəsdən boyun nahiyəsinə sillə vurduqdan sonra sifət və bədən nahiyələrinə yumruq və təpiklərlə bir neçə dəfə qəsdən vurması nəticəsində ona sol göz ətrafında şişkinlik, hematoma (dərilatı qan yığımı), bel nahiyəsində qançır, sol dirsəyində və sol əlində sıyrıqlar ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 17 iyun 2025-ci il axşam saatlarında dağdan düşüb evə gəlmişdir. Gələndə özü ilə araq alıb gətirmiş və axşam saatlarında həmin araqdan içib yatmışdır. 18 iyun 2025-ci il tarixdə səhər saat 05:00 radələrində dağa işinə getmək üçün yuxudan durmuşdur. Bu zaman hamı yatmış və təkcə anası Qızyetər yatmamışdır. Bacılarını səsləyib yuxudan durmalarını demişdir. Onlar yuxudan durub ikinci mərtəbədən birinci mərtəbəyə düşmüşlər. Bundan sonra onlara vaxtında yuxudan durub onu yola salmadıqlarını səbəbini soruşaraq həmişə anasının yuxudan durduğunu demişdir. Həmin vaxtı hər iki bacısı onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Həlimət daha çox danışdığı üçün əsəbləşib onu divara sıxıb yumruqla sifətinə vurmuş, daha sonra bir neçə dəfə bədəninə yumruq və təpiklə vurmuşdur. Törətdiyi əməldən peşmandır. Onların barışdığını nəzərə alıb, məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs böyük qardaşıdır. 17 iyun 2025-ci il axşam saatlarında Xəyal dağdan düşüb evə gəlmişdir. Gələndə özü ilə araq alıb gətirmiş və axşam saatlarında həmin araqdan içib yatmışdır. 18 iyun 2025-ci il tarixdə, səhər saat 05:00 radələrində Xəyal hay-küylə hamını yuxudan ayıltmışdır. Ona daha tez olduğunu və yatmağa imkan verməsini xahiş etsələr də onlara yuxudan durmaq üçün vaxt qoymuşdur. Hamısı yuxudan durub birinci mərtəbəyə düşmüşlər. Xəyalın sərxoşluğu hələ də getməmişdir. Birinci mərtəbədə divanda oturmuşlar. Anası Xəyala bu hərəkətlərini yığışdırmasını və bacılarına qarşı hörmətlə yanaşamasını deyəndə Xəyal ilk öncə siİlə ilə boynuna vurmuşdur. Qışqırıb vurmasının səbəbini soruşanda Xəyal onu divara sıxıb sifətinə, bədəninə yumruqlar və təpiklər vurmağa başlamışdır. Hal-hazırda onun Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alıb, məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X1 tərəfindən verilmiş 79 №li, 19 iyun 2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-sol göz ətrafında şişkinlik, hematoma (dərilatı qan yığımı), bel nahiyəsində qançır, sol dirsəyində və sol əlində sıyrıqlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Qax RMX PHŞ-ya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 18 iyun 2025-ci il tarixdə insan bədənin hissələrinin (əl və s.) təsirindən törənməsi mümkündür, sol göz ətrafında şişkinlik, hematoma (dərilatı qan yığımı) dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, bel nahiyəsində qançır, sol dirsəyində və sol əlində sıyrıqlar isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 iyun 2025-ci il tarixində doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qax RİHB-in İlisu inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxsin göstərdikləri, iş üzrə keçirilmiş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsi barədə ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənməsini, mübahisənin ailə problemi üzündən yaranmasını, onun müsbət xarakterizə olunmasını eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsin dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəməyədək icraat Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparılmışdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 10 saata görə 110 manat məbləğində pul ödənilməsi üçün vəkil hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxal Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 10 saata görə 110 manat məbləğində pul ödənilməsi üçün vəkil hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxal Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Qərardan elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-43/2025
Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-43/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver