Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-44/2024 12.12.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 16:00-da Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1988-ci ildə Qax rayonu, Dəymədağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qax rayonu Qaxbaş kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs elan olunmuş ittihamın mahiyyəti ondan ibarətdir ki, o cinayət işi üzrə toplanmış ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 14 mart 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün 13 avqust 2015-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 75,00 manat, 11 avqust 2020-ci il tarixdən hesablanmaqla isə hər ay 170,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 qızma verilməsinə dair Qax Rayon Məhkəməsinin 2(024)-628 saylı 16 sentyabr 2015-ci il tarixli və 2(024)-309/2020 saylı 03 iyul 2020-ci il tarixli, həmçinin vurulmuş maddi ziyana görə 7500,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 verilməsinə dair Qax Rayon Məhkəməsinin 2(024)-650/2022 saylı 19 dekabr 2022ci il tarixli qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə sonuncu dəfə həmin rayon məhkəməsinin 3(024)- 316/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 05 oktyabr 2023-cü il tarixədək şəxsi maraq niyyətilə Qax Rayon Məhkəməsinin 2(024)-628 saylı 16 sentyabr 2015-ci il tarixli qətnaməsi üzrə 2200,00 manat, 2(024)-309/2020 saylı 03 iyul 2020-ci il tarixli qətnaməsi üzrə isə 6290,00 manat olmaqla, cəmi 8490,00 manat aliment borcunu Zərərçəkmiş şəxs1, həmçinin 2(024)-650/2022 saylı 19 dekabr 2022-ci il tarixli qətnaməsi üzrə olan 7500 manat maddi ziyanlığı Zərərçəkmiş şəxs2 ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxslərə qeyd olunan məbləğlərdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 8500 manat borcdan 2000 manatını ibtidai istintaq dövründə, 2000 manatı xx.xx.2024-cü il tarixdə, qalan məbləği isə hazırkı məhkəmə iclası keçirilən zaman ödəmişdir. Digər Zərərçəkmiş şəxs2 olan 7500 manat borcu isə xx.xx.2024-cü ildə ödəmişdir. Hər iki zərərçəkmiş şəxs onlara dəymiş maddi ziyan tam ödənildiyi üçün məhkəməyə ərizə göndərərək onlara vurulan maddi ziyan tam ödənildiyi üçün ondan heç bir şikayət və tələblərinin olmadığını göstərmişlər. Hazırda Qax Rayon Məhkəməsinin hər üç qətnaməsini tam icra edərək zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Buna görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 iştirak etdiyi məhkəmə iclasında ifadəsində göstərmişdir ki, aliment kəsildiyi vaxtdan Təqsirləndirilən şəxs uşağın saxlanılması üçün təyin edilmiş aliment pulunu ödəmir. Təqsirləndirilən şəxs aliment yeni təyin edilən vaxt bir dəfə 1000 (bir min) manat aliment ödəmişdir. Bir müddət əvvəl bu proses başlandıqdan sonra Bakı şəhərində işdə olan zaman ona zəng edərək təcili Bakı şəhərindəki məhkəməyə yaxınlaşmasını və ona aliment borcunun gətirilib veriləcəyi, notariat orqanından imtina barədə ərizəni təsdiq etdirərək gətirməsi bildirilmişdir. O da notariat orqanından borcun ödənilməsi barədə ərizəni təsdiqlədib gətirmişdir. Lakin Təqsirləndirilən şəxs ona olan aliment borcundan cəmi 2000 manat ödənildiyi üçün həmin ərizəni tələb olunan yerə təqdim etməmişdir. Təqsirləndirilən şəxs heç vaxt uşağa yardım etməmiş, ünsiyyətdə olmağa cəhd göstərməmiş, onu qıcıqlandıran haqsızlıqlar etdiyi üçün bu iddianı qaldırmışdır. Əslində onun Təqsirləndirilən şəxs ilə işi yox idi. Övladını 11-ci yaşına çatdırmışdır. Uşağın bütün maddi ehtiyaclarını işləyərək ödəmişdir. Uşaq ən yaxşı kursda təhsil alır, müəllim yanına gedərək hazırlaşır. 170 manat uşağı hazırlaşdıran bir müəllimə ödədiyi məbləğdir. Abdulla hərdənbir ona zəng edərək nalayiq tərzdə danışdığı üçün cinayət işinin qaldırılmasına təşəbbüs göstərmişdir. Bakıda ibtidai istintaq aparılarkən müstəntiqə Abdullanın ona olan borcunun yarısını ödəməsi ilə razılaşdığını bildirmişdir. Lakin o humanist addım atdıqca qarşı tərəf onlarla tam əksinə davranır. O özəl xəstəxanada direktor köməkçisi vəzifəsində işləyir. Uşaq üç yaşında olarkən Abdullanı bacısı vasitəsilə axtarmışdır. Çünki uşaq atasını axtarırdı. Təqsirləndirilən şəxs ona olan aliment borcunun qalan hissəsini ödəməmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam olaraq ödədiyini, onunla barışıq əldə etdiyini göstərərək onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 iştirak etdiyi məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının 25-dən tanıyır. Təqsirləndirilən şəxs həmin tarixdən hazırki vaxtadək ancaq onu aldatmaqla məşğul olmuşdur. Abdulla ilə yazışmaları hamısı onun telefonunda sms şəklində mövcuddur. Hansı ki, cinayət işi məhkəmənin icraatına daxil olub davam edir, Abdullanın sms-lə yazdıqları ilə eyni ssenaridir. Onlar Abdulla ilə müqavilə bağlamışlar. Abdulla onun evinin pəncərəsini düzəltməli idi və onlar bu işi görməyi 11500 manata razılaşmışlar. İlk öncə Təqsirləndirilən şəxs 6500 manat ödəmiş, Abdulla material pulu kimi ondan 1000 manat da tələb etmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 7500 manat pul ödəmişdir. Abdulla pəncərələri 15 günə hazırlayacağını desə də, o, bunu 1 ay ərzində etməsini demişdir. 15 gündən sonra isə maraqlandıqda Abdulla pəncərələrin hazır olmadığını bildirmişdir. Abdulla bu gün-sabah hazır olacağını deyə-deyə işi yubatmışdır. 25-ci gün isə Abdulla ilə birlikdə pəncərələri düzəltdiyi sexə getmiş, orada olan şəxslər ona Adbullanın onlara pul vermədiyini, bir ədəd pəncərəni göstərərək onu hazırlaya biləcəklərini demişlər. O, Abdulladan ondan aldığı pulu qaytarmasını tələb etmiş, Abdulla pulu qaytaracağını vəd etmişdir. Sonra isə o pulu 3 günə hazır edəcəyini bildirmişdir. Fevral ayının 2-si olmuş, yenə də bunu etməmişdir. Mart ayı yetişmiş, Abdulla yenə vədini yerinə yetirməmişdir. Daha sonra isə Abdulla bir nəfər şəxsə faizə işləyəcəyini, həmin şəxs ona pulunu ödəyəcəyini bildirmişdir. O, Abdullaya müqavilənin onunla bağlandığını və podratçı kimi işi yerinə yetirməli olduğunu bildirmişdir. Abdulla ilə 2021-ci ilin dekabr ayının 25-dən 2022-ci ilin may ayına qədər danışıq aparmışdır. Həmin vaxtdan Abdulla nə işi görmüş, nə də pulu ödəmişdir. O, Abdullanı məhkəməyə vermiş və məhkəmədə mülki qaydada işə baxılmışdır. Məhkəmə prosesi 3 ay çəkmişdir. Qətnamə icraya yönəldikdən sonra bir il yarım müddətdə də ona olan borc ödənilməmişdir. İstintaq dövründə də Abdulla tərəfindən borc pul ödənilməmişdir. Cinayət işi məhkəməyə daxil olduqdan sonra məhkəmə dövründə də Təqsirləndirilən şəxs borcu yenə də ödəmir. Abdullanın onunla yazışmalarını təqdim etsə, məlum olacaqdır ki, o həmin vaxt nə vədləri vermişsə hazırda da məhkəmə proseslərində həmin ifadələri işlədir. Təqsirləndirilən şəxs bu müddət ərzində onunla heç kontakta girmir, danışmağa cəhd etmir və heç olmasa münasibəti yumşaltmağa çalışmır və hər hansı bir probleminin olmasını ona bildirmir. Abdulla inzibati məsuliyyətə cəlb edilsə də, heç bir zərəri ödəməyə cəhd etməmişdir. Onun məhkəmə proseslərinə gəlmək, oteldə qalmaq pulu, yanacaq və s, böyük xərclər tələb edir. Onları da Abdulladan tələb edə bilər, lakin etmir. Abdulla Bakı şəhərində yaşayır və bilir ki, onun ofisi də Bakı şəhərindədir. Buna baxmayaraq onun ofisinə yaxınlaşıb belə problemlərini söyləməyə cəhd etmir. O, yaxın gələcəkdə Abdullanın hər hansı bir zərəri ödəyəcəyinə inanmır. Təqsirləndirilən şəxs barəsində CM-nin 306.1-ci maddəsinin sanksiyasının ən yuxarı həddində cəza təyin edilməsini xahiş edir. Əgər məhkəmə prosesi təxirə salnacaqsa, Təqsirləndirilən şəxs onun ofisinə yaxınlaşıb dəymiş zərəri ona təqdim edərsə, məhkəməyə ondan heç bir şikayət və tələbinin olmaması barədə ərizə göndərə bilər və yaxud həmin ərizəni Abdulla Musayaevə təqdim edə bilər ki, o özü məhkəməyə təqdim etsin. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam olaraq ödədiyini, ondan heç bir tələb və şikayəti olmadığını və onun barəsində qərar qəbul edərkən zərərin aradan qaldırmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qax rayon icra və probasiya şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Şahid ifadəsində göstərmişdir ki, Qax rayon İcra və probasiya şöbəsinin icraatında Təqsirləndirilən şəxs barəsində Qax Rayon Məhkəməsinin 4 ədəd icra olunmamış icra sənədləri mövcuddur. Bunlar Qax Rayon Məhkəməsinin 2(024)-628 saylı 16 sentyabr 2015-ci il tarixli və 2(024)-309/2020 saylı 03 iyul 2020-ci il tarixli aliment tələbinə dair məhkəmə qərarlarıdır. Hər iki qərar icraatdadır. 2(024)- 309/2020 saylı 03 iyul 2020-ci il tarixli qərar icraata daxil olduqdan sonra 2(024)-628 saylı 16 sentyabr 2015-ci il tarixli qərar üzrə aliment hesablanmasının axımı dayanmışdır. Növbəti qərar isə Təqsirləndirilən şəxs Mirqanmət oğlunun borclu olduğu Zərərçəkmiş şəxs2 ödənilməli olan 7500,00 manat məbləğində pulun alınaraq verilməsinə dair Qax Rayon Məhkəməsinin 2(024)-650/2022 saylı 19 dekabr 2022-ci il tarixli qərarı olmuşdur. Hər bir icra sənədi ilə bağlı icraata başlanma haqqında qərar qəbul olunmuş, borlcuya müvafiq məktublar göndərilmiş, dəfələrlə Təqsirləndirilən şəxs Qax rayon İcra və probasiya şöbəsində olmuş, izahatları alınmış, ölkədən getmək hüququ məhdudlaşdırılmış, iki və yaxud üç dəfə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Daha sonra məhkəmə qərarlarınını tam icrası yekunlaşmadığı üçün, təqdimatla Azərbaycanının Ədliyyə Nazirliyinin İstintaq Baş İdarəsinə müraciət olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat verən zaman onun tərəfindən heç bir ödəniş olmamışdır. Bundan sonra icra sənədinin icrası ilə bağlı borclu şəxslə hər hansı bir sənədin icrası ilə bağlı iş görmək mümkünsüz olmuşdur. Təqsirləndirilən şəxs adında hər hansı bir əmlak olmamış, müvafiq qurumun məlumatına əsasən torpaq sahəsi olmuş, ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il tarixli qərarının təsir dairəsinə düşmədiyi üçün üzərinə həbs qoyulması mümkünsüz olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(024)-628 saylı 16 sentyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 13 avqust 2015-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 75 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. “İcraat başlama haqqında” xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Qax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(024)-628 saylı 16 sentyabr 2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanmışdır. “Tələbin könüllü icrası barədə” xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın və bildirişin surəti təqdim edilmiş və tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Qax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(024)-309/2020 saylı 03 iyul 2020-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla isə hər ay 170,00 manat məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. “İcraat başlama haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Qax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(024)-309/2020 saylı 03 iyul 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanmışdır. “Tələbin könüllü icrası barədə” xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın və bildirişin surəti təqdim edilmiş və tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-650/2022 saylı 19 dekabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 7500,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. “İcraat başlama haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Qax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(024)-650/2022 saylı 19 dekabr 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanmışdır. Qax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(024)-65/2018 saylı qərardadından görünür ki, verilmiş təqdimat təmin edilmiş və Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Qax Rayon Məhkəməsinin 3(024)-99/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qax Rayon Məhkəməsinin 3(024)-475/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qax Rayon Məhkəməsinin 3(024)-316/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qax Rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, ona qətnamə üzrə yaranmış aliment borcunu ödəməyəcəyi təqdirdə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün təqdimat verilməsi barədə xəbərdarlıq edilmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Qax rayon icra və probasiya şöbəsində toplanmış material əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxs barəsində axtarış elan edilməsi və tutulması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə istintaq orqanına çağırılsa da çağırışlara gəlmədiyi üçün barəsində axtarış elan edilməsi və tutulması qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” 18 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam olaraq ödədiyini, onunla barışıq əldə etdiyini, onun brəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam olaraq ödədiyini, ondan heç bir tələb və şikayəti olmadığını və onun barəsində qərar qəbul edərkən zərərin aradan qaldırmasının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək göstərmişlər ki, təqsirləndirilən şəxs icra sənədləri üzrə borcunu tamamilə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Qərardan qərar elan olunduğu andan (həbsdə olan şəxs rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün qərar qаnuni qüvvəyə minir. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №1(024)-44/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-44/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver