Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-45/2025 06.10.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi Dövlət ittihamçısı, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, X1 iştirakı ilə. xx xxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2i kirayədə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Viktroviçin Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədi olmadan 2025-ci ilin may ayının əvvəllərində Qax rayonu, Qaxingiloy kəndi yaxınlığında yerləşən meşəlik sahədən yabanı halda bitmiş bir ədəd narkotik tərtkibli çətənə bitki kollunu qırıb üzərində olan toxumları quruması üçün kirayə yaşadığı ünvan 3 ünvana gətirmiş, evin arxa tərəfində yerə sərərək qurutmuş, bundan sonra narkotik tərkibli çətənə bitkisini qurutduqdan sonra əldə etdiyi 07 ədəd toxumu 2025-ci ilin may ayının ortalarında kirayədə qaldığı evdə olan iki ədəd dipçəkdə əkmiş, yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış, ətrafını digər alaqlardan təmizləyərək yetişdirmiş və kultivasiya etmiş, 07 iyun 2025-ci il tarixdə, saat 17:00 radələrində Qax RPŞ-in əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı ünvan 3 ünvana baxış keçirilən zaman evin həyətində yerləşən iki ədəd dibçəkdə Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi xeyli miqdarda, yəni ümümi çəkisi 0.97 qram olan 3 sm-dən 5 sm-dək nəm vəziyyətdə ümumilikdə yeddi ədəd narkotik tərkibli çətənə (kannabis) bitki şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 oktyabr 2024-cü il tarixdə Qax rayonu, İlisu kəndinə gəlib üç gün qaldıqdan sonra ailə həyatı qurmuşdur. Qax rayonu xoşlarına gəldiyi üçün burada qalmaq qərarına gəlmişlər. Daha sonra Bakıya qayıtmışdır. Orada işləyib pul qazanıb bu ilin mart ayında Qax rayonuna gəlib kirayə ev tapıb burada qalmağa başlamışdır. 2025-ci ilin may ayının əvvəlində Qax rayonu, Qaxingiloy kəndində meşəlik sahədə gəzən zaman yabanı halda bitmiş çətənə kolları görmüşdür. Əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etdiyindən görən kimi onun çətənə bitkisi olduğunu anlamışdır. Həmin yabanı çətənə kollarından olan toxumların bir hissəni yığmağı və kirayə yaşadığı evdə apararaq orada qurutmağı düşünmüşdür. Çətənə kollarından bir ədəd kolu qopartmış, üzərində olan toxumları Qaxingiloy kəndində kirayə yaşadığı evə gətirib evin arxa tərəfinə sərib qurutmuşdur. Çətənə kolundan yeddi ədəd toxum əldə etmişdir. 2025-ci ilin may ayının ortalarında həmin toxumları həyətdəki iki ədəd dibçəyə əkmiş və yeddi ədədi bitmişdir. Məqsədi əldə etdiyi narkotik tərkibli çətənə kollarından istifadə etmək olmuşdur. 07 iyun 2025-ci il tarixdə, saat 16:00 radələrində Qax rayonu, Qaxbaş kəndində olarkən polislər ona yaxınlaşmış və narkotik vasitə saxlamağında, əkməkdə şübhəli olduğunu və üzərinə baxış keçirəcəklərini bildirmişdir. Onlarla birlikdə Qax RPŞ-nə gəlmişdir. PŞ-də vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Lakin üzərindən qeyri-qanuni heç nə aşkar edilməmişdir. Şifahi sorğu zamanı kirayədə yaşadığı evdə dibçəkdə əkdiyi qanunsuz narkotik şitilləri olduğunu və onu təqdim edəcəyini bildirmişdir. Bundan sonra 17:00 radələrində kirayədə yaşadığı Qax rayonu, Qaxingiloy kəndində olan fərdi yaşayış evinə ev sahibəsinin və özünün də razılığı ilə evə baxış keçirilmişdir. Baxış zamanı həmin həyətdə dibçəklərdə əkdiyi yeddi ədəd çətənə bitkiləri aşkar edilmiş və qablaşdırılıb götürülmüşdür. Həmçinin evdə olan Noutbuku, onun adaptoru, beş ədəd bank kartı və mobil telefonu polislər tərəfindən götürülmüşdür. Halhazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 07 iyun 2025-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə olan qudurulmuş marixuana istifadəçisi olması, mütəmadi olaraq üzərində gəzdirməsi və Qax rayonu, Qaxbaş kəndində kirayədə yaşadığı evdə tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərməsi bardə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Bundan sonra daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Bakı şəhər sakini Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirilmişdir. 07 iyun 2025-ci il tarixdə, saat 16:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qax rayonu, Qaxbaş kəndi ərazisində saxlanılaraq Qax RPŞ-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməzdən əvvəl onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən vəkil dəvət edilmişdir. Daha sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı o, əvvəlcə əynində olan sol yan cibində bir ədəd qara rəngli daş çıxarıb təqdim etmişdir. Sonra şəxsi axtarış zamanı başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Təqdim edilmiş əşya sübut əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvanda dibçəklərdə qanunsuz bitkilər əkdiyini və onları təqdim edə biləcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı kirayədə yaşadığı Qax rayonu, Qaxingiloy kəndində fərdi yaşayış evində narkotik tərkibli bitkilərin olduğunu bildirdiyindən onun kirayədə yaşadığı saat 17:00 radələrində Qax rayonu, Qaxingiloy kəndindəki fərdi yaşayış evinə gələrək video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirməmişdən ev sahibəsi Şahid3, onun kirayəçisi Təqsirləndirilən şəxs baxış keçirilməsinə və baxış zamanı videoçəkilişdən istifadə edilməsinə heç bir etirazlarının olmadığını bildirilmişdir. Bundan sonra ünvan 3 ünvana fərdi yaşayış evinə baxış keçirməyə başlanılmışdır. Baxış keçirilməyə başlamazdan öncə şübhəli şəxs Təqsirləndirilən şəxs baxış zamanı kirayədə yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkisi varsa onu göstərməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs evin ön hissəsində metlağın üzərində olan iki ədəd dibçəkləri göstərərək onları özü əkdiyini və narkotik tərkibli bitkilər olduğunu bildirmişdir. Bundan sonra həmin dibçəklərə baxarkən təxminən 3-5 sm uzunluğunda yaşıl rəngli spesifik kəskin iyə malik birində iki ədəd, digəri dibçəkdə isə beş ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin ona aid olub-olmadığı soruşulduqda evində toxumlar olduğunu və onu dibçəklərə əkdiyini və 2-3 gündən bir suladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 17 mart 2025ci il tarixdə Təqsirləndirilən şəxsla kirayə müqaviləsi bağlayaraq Qax rayonu, Qaxingiloy kəndində fərdi yaşayış evini ona kirayəyə vermişdir. 07 iyun 2025-cii il Qax RPŞ-in əməkdaşları onu Təqsirləndirilən şəxs kirayəyə verdiyi Qax rayonu, Qaxingiloy kəndində yerləşən özünə məxsus olan fərdi yaşayış evinə baxış keçirməyə dəvət etdiyini bildirmişdir. Özü də onlarla birlikdə evə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı evin həyətdəki iki ədəd dibçəkdən Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi xeyli miqdarda ümumilikdə yeddi ədəd narkotik tərkibli çətənə (kannabis) bitki kollarının (şitilləri) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs hər hansı narkotik vasitələrdən istifadə etməyindən, eyni zamanda əkib yetişdirməsi və kultivasiya etməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 iyun 2025-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə olan qudurulmuş marixuana istifadəçisi olması, mütəmadi olaraq üzərində gəzdirməsi və Qax rayonu, Qaxbaş kəndində kirayədə yaşadığı evdə tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərməsi bardə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Bundan sonra daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Bakı şəhər sakini Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirilmişdir. 07 iyun 2025-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qax rayonu, Qaxbaş kəndi ərazisində saxlanılaraq Qax RPŞ-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməzdən əvvəl onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən vəkil dəvət edilmişdir. Daha sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı o, əvvəlcə əynində olan sol yan cibində bir ədəd qara rəngli daş çıxarıb təqdim etmişdir. Sonra şəxsi axtarış zamanı başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Təqdim edilmiş əşya sübut əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvanda dibçəklərdə qanunsuz bitkilər əkdiyini və onları təqdim edə biləcəyini bildirmişdir. Şübhəli şəxs A.V. Tixonov Qax RPŞ-nə gətirilərkən və Qax RPŞ-də olarkən hər hansı bir formada təzyiq olub-olmadığını soruşduqda o heç bir təzyiqin olmadığını bildirmişdir. Daha sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunmuşdur. Heç bir şikayət və təklif daxil olmamışdır. Özü və digər iştirakçılar protokola imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı kirayədə yaşadığı Qax rayonu, Qaxingiloy kəndindəki fərdi yaşayış evində narkotik tərkibli bitkilərin olduğunu bildirdiyindən onun kirayədə yaşadığı Qax rayonu, Qaxingiloy kəndindəki fərdi yaşayış evinə gələrək video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirməmişdən ev sahibəsi Şahid3,onun kirayəçisi Təqsirləndirilən şəxs baxış keçirilməsinə və baxış zamanı videoçəkilişdən istifadə edilməsinə heç bir etirazlarının olmadığını bildirilmişdir. Bundan sonra ünvan 3 ünvana fərdi yaşayış evinə baxış keçirməyə başlanılmışdır. Baxış keçirilməyə başlamazdan öncə şübhəli şəxs Təqsirləndirilən şəxs baxış zamanı kirayədə yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkisi varsa onu göstərməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs evin ön hissəsində metlağın üzərində olan iki ədəd dibçəkləri göstərərək onları özü əkdiyini və narkotik tərkibli bitkilər olduğunu bildirmişdir. Bundan sonra həmin dibçəklərə baxarkən təxminən 3-5 sm uzunluğunda yaşıl rəngli spesifik kəskin iyə malik birində iki ədəd, digəri dibçəkdə isə beş ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin ona aid olub-olmadığı soruşulduqda evində toxumlar olduğunu və onu dibçəklərə əkdiyini və 2-3 gündən bir suladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş sənədlər: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X8 Bölməsinin 17/409 №li, 08 iyun 2025-ci il tarixli məhkəmə bioloji ekspertizası, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Qax rayonu, Qaxbaş kəndində kirayədə yaşayan Təqsirləndirilən şəxs tərəfindən iki ədəd dibçəkdə əkilmiş narkotik tərkibli bitkilərə bənzər yeddi ədəd şitillər yazısı, adlar və imzalar olan bir ədəd zərfin içərisindəki nəm vəziyyətdə ümumi çəkiləri-0.97 qram olan yeddi ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir.X9 07 iyun 2025-ci il tarixli rəyinə əsasən 07 ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş bir ədəd sintetik kisənin içərisindəki iki ədəd dibçəkdə olan torpaq nümunələrinin içərisində narkotik tərkibli bitki toxumları yoxdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gəncə şəhəri Narkoloji Dispanserin 948 №li, 13 iyun 2025-ci il tarixli rəyindən görünür ki, narkotik vasitə olan kannobinoidlərdən epizadik istifadə etmə hallar olub.Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. X2 07 iyun 2025-ci il tarixli rəyindən görünür ki, çətənə (kannabis) şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 iyun 2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, evdə video çəkilişdən istifadə edilməsi barədə Təqsirləndirilən şəxs xəbərdarlıq edilmiş, hüquq və vəzifələri ona izah edilmişdir. Təqsirləndirilən şəxs Qax rayonu, Qaxingiloy kəndində kirayədə yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş ümümi çəkisi 0.97 qram olan 3 sm-dən 5 sm-dək nəm vəziyyətdə ümumilikdə yeddi ədəd narkotik tərkibli çətənə (kannabis) bitki şitilləri aşkar edilərək götürülmüşdür. 07 iyun 2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2025-ci il tarixdə, saat 16:40 radələrində Qax rayonu, Qaxbaş kəndində saxlanılaraq RPŞ-nə gətirilmişdir (səh.,08). 07 iyun 2025-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,15). 09 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh.,77). Təqsirləndirilən şəxs dindirilməsi 09 iyun 2025-ci il tarixdə, saat 10:10 radələrində başlamış, həmin tarixdə saat 10:40 radələrində bitmişdir (səh., 92). Qax Rayon Məhkəməsinin 4(024)22/25 №li, 09 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmişdir. 09 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 109). Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən-qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş video görüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən-qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə)üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza təyin olunarkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətin göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara diqqət yetirilməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 08 №li, 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, Cinayət Məcəlləsinin 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməlidir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, müsbət xarakterizə olunmasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52- 1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan 1 ünvanda yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Göründüyü kimi Təqsirləndirilən şəxs daimi yaşayış yeri ünvan 1-dir. Qax rayonu, Qax İngoloy kəndi, A.Səhhət küçəsi 112 ünvanda kirayədə yaşayır. Onun daimi yaşayış yeri deyildir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 07 iyun 2025-ci il tarixdən, 09 iyun 2025-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gəncə şəhəri Narkoloji Dispanserin 948 №li, 13 iyun 2025-ci il tarixli rəyi ilə müəyyən olmuşdur ki, narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə hallar olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Bu səbəbdən Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış bir ədəd zərfdə ümumi təmiz çəkisi-0.97 qram olan 3 sm-dən 5 sm-dək nəm vəziyyətdə ümumilikdə 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitki şitilləri məhv edilməli, üç ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 34.55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07 iyun 2025-ci il tarixdən, 09 iyun 2025-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan 1 ünvanda yerləşən evini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış bir ədəd zərfdə ümumi təmiz çəkisi-0.97 qram olan 3 sm-dən 5 sm-dək nəm vəziyyətdə ümumilikdə 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitki şitilləri məhv edilsin, üç ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. İş üzrə 34.55 manat ekspertiza xərci təqsirləndirilən şəxs X5 tutulub AZ.MEM VÖİN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-45/2025
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-45/2025
06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver