Məhkəmə qərarları › İş №1(024)-46/2025

Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-46/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-46/2025 17.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1980-cı il tarixdə Qax rayonu, Cəlayir kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Qax rayonu, Tanqıt kəndində qeydiyyatda olmaqla yaşayan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 01 iyul 2025-ci il tarixə, saat 15:00 radələrində Qax şəhəri, Nizami küçəsində yerləşən yaşadığı evdə keçmiş yeznəsi Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etmiş, daha sonra aralarında ailə-məişət münasibətləri zəmində baş vermiş mübahisə zamanı onun sağ əlini qəsdən dişləyərək sağ əlində əzilmiş-cırılmış yara xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa «yüngül» dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, keçmiş yeznəsi Mübariz ilə qızı Tahirə birlikdə yaşaya bilməməsi səbəbindən Mübarizlə aralarında ailə-məişət zəminində mübahisələr baş veriridi. 01 iyul 2025-ci il tarixdə, saat 15:00 radələrində Qax şəhəri, Nizami küçəsində yaşadığı evə keçmiş yeznəsi Mübariz gəlmiş və Tahirə ilə birlikdə evlilikdən olan uşağı, yəni 3 yaşlı Leylanı görmək istədiyini bildirmişdir. O, Mübarizə başqa vaxt gəlməsini demişdir. Mübariz onun sözünə məhəl qoymamış və uşağı görməyi istədiyini təkrar bildirmişdir. Bu zaman aralarında mübahisə baş vermiş, baş vermiş mübahisə zamanı əsəblərinə sahib çıxa bilməmiş və Mübarizin sağ əlini dişləmişdir. Törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alıb, məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 4 ildir ki, Qax rayonu, Tanqıt kənd sakini Tahirə ilə birlikdə müvəqqəti olaraq Qax rayonu, Qaxingiloy kəndində yaşayır. Tahirə ilə qeyri-rəsmi nikahdan bir azyaşlı qızı vardır. Bir neçə aydır ki, Tahirə ilə arasında ailə-məişət zəminində mübahisələr olduğundan ayrılmışlar. 01 iyul 2025-ci il tarixdə, saat 15:00 radələrində Qax şəhəri, Nizami küçəsində Tahirənin yaşadığı evə getmişdir. Bu zaman Kəmalə qapını açmış, ona uşağını görmək istədiyini demişdir. Kəmalə ona uşağı göstərməyəcəyini demiş və onlar mübahisə etməyə başlamışlar. Kəmaləyə öz uşağını görməyə gəldiyini və uşağı gördükdən sonra gedəcəyini demişdir. Kəmalə ona əl-qol atmağa başlamış və onun sağ əlini dişləmişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alıb, məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X1 tərəfindən verilmiş 83 №li, 02 iyul 2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-sağ əlində əzilmiş-cırılmış yarabərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01 iyul 2025-ci il tarixdə dişlənməklə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 iyul 2025-ci il tarixində doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qax RİHB-in Qıpcaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxsin göstərdikləri, iş üzrə keçirilmiş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsi barədə ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənməsini, mübahisənin məişət problemi üzündən yaranmasını, onun müsbət xarakterizə olunmasını eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsin dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəməyədək icraat Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparılmışdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün vəkil hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxal Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün vəkil hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxal Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Qərardan elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar