Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-47/2024 03.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Saat 12:55-də Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Qax rayonu Almalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Qax rayonu, Almalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs və ya şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixdə, saat 21:00 radələrində ictimai yerdə, yəni Qax rayonu, Almalı kəndinin mərkəzində yolun kənarında yerləşən kafenin həyətində heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, nalayiq söyüşlər söyərək, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək həmkəndlisi Zərərçəkmiş şəxs ilə əvvəlcə mübahisə etmiş, daha sonra ona zor tətbiq edərək silah qismində istifadə etdiyi pivə bakalı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə 01 (bir) dəfə qəsdən vuraraq sonuncuya ənsə nahiyəsində 01 (bir) ədəd əzilmiş-cırılmış yara xəsarətinə aid dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vuran bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə axşam vaxtı Qax rayonu Almalı kəndində yolun sağında yerləşən Təvəkgülün çayxanasında baş vermişdir. Firuz onun qonşusudur. Onların arasında əvvəllər mübahisə, konfliktlər və dava olmuşdur. Firuzla uşaqlıqdan bir yerdə böyümüş, dalaşmış və barışmışlar. O, kömür hazırlayır. Kömür hazırlaması ilə bağlı Firuz onun barəsində şikayət etmişdir. Əvvəlcədən Firuzla görüşməli idilər. Hadisə baş verməzdən bir gün əvvəl Firuz demişdir ki, oturub söhbət etsinlər. O da Firuzu kafeyə problemi həll etmək üçün dəvət etmişdir. 08 iyul 2024-cü il tarixdə hadisə baş verən axşam görüşərkən Firuz ona zəng edəcəyini dediyi halda niyə zəng etmədiyi üçün irad tutmuş, o isə yenicə gəldiyini və zəng etməyə hazırlaşdığını demişdir. Orada bir az mübahisələri olmuş, Firuzu kənara çəkib demişdir ki, bura kənar yerdir, ictimai yerdir, öz aralarında söhbət etsələr yaxşı olar. O, zərərçəkmiş şəxsi əyləşdikləri masaya dəvət etmiş, əyləşib çay sifariş etmiş və birlikdə çay içmişlər. Həmin vaxt Firuzdan onun haqqında nə üçün şikayət etdiyini soruşmuşdur. Bu zaman söyüşə görə aralarında konflikt olmuş və əlbəyaxa olmuşlar. Onun əlində içərisində pivə olan bakalı olmuşdur. Bakalı Firuza vurmaq məqsədi ilə atmamış, pivə bakalını kənara atmışdır ki, bilmədən Firuza vurar, başı yarılar. Onlar üzbəüz dayanmış, Firuz onun yaxasından tutmuş, o isə əlində bakal olduğu üçün bir əli boş qalmasın deyə bakalı divara tərəf atmışdır. Aralarındakı mübahisə təxminən 1 dəqiqə çəkmişdir. Həttta kafedə oturan müştərilər belə onların mübahisə etməsini hiss etməmişlər. Yalnız onların əyləşdiyi masada olan dörd nəfərin arasında bu söhbət olmuşdur. Bundan sonra yenidən masada əyləşmiş, çay içmiş, sonra isə söhbət edərək getmişlər. Həmin gün kafedə bir bakal pivə içmişdir. Zərərçəkmiş şəxs hadisə ilə bağlı ondan heç bir orqana şikayət etməmişdir. On gün sonra isə onu Qax rayon Polis Şöbəsinə haqqında şikayətin olması ilə bağlı dəvət etmişlər. O, polis şöbəsinə yaxınlaşmış, elə düşünmüşdür ki, Firuz barəsində şikayət vermişdir. Lakin Firuz ona bu haqda məlumatının olmadığını demişdir. Hadisənin üzərindən 10 gün müddət keçdikdən sonra onu polis idarəsinə dəvət etmişlər. O, bakalı atarkən ola bilər ki, Firuza dəysin. Ancaq sırf Firuza vurmaq niyyəti ilə atmamışdır. Yəni bakalı Firuzun başına vurduğunu etiraf edir, lakin qəsdən vurmamış, təsadüfən bilmədən vurmuşdur. Onun başından qanın axdığını da görməmişdir. Firuz ona başının isindiyini, ağrıdığını demişdir. Firuzun başına bakal, yaxud yumruq dəyməsindən əmin deyil. Zərərçəkmiş şəxslə barışmışlar. Himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır. Əvvəllər heç vaxt cinayət məsuliyyətinə cəlb edilməyib. Bu kimi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxış iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə 8 iyul 2024-cü il tarixdə Qax rayonu Almalı kəndində yerləşən Təvəkgülün kafesində baş vermişdir. Həmkəndlisi Eşqin barədə əvvəllər kömür hazırlamasına görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etmişdir. Eşqin ona “nə üçün şikayət etmisən, kişi kişinin çörəyi ilə oynamaz” demiş, o isə cavabında “görüşərik, söhbət edərik, tüstü mənə pis təsir edir, astma xəstəsiyəm” demişdir. Eşqinlə 08 iyul 2024-cü il tarixdə axşam vaxtı görüşüb söhbət etmək barədə razılığa gəlmişlər. Axşam kafedə Eşqinlə görüşmüş, Eşqin həmin vaxt pivə içmişdir. Görüşərkən ona zəng gözlədiyini, nə üçün zəng etmədiyini, hörmətsizlik etdiyi üçün irad tutumuşdur. Eşqin əyləşməsini və söhbət etmələrini təklif etmiş, o isə gəlməyəcəyini bildirmişdir. Eşqin onu kənara çağıraraq öz aralarında olan söhbət olduğunu və həll etmələrini demişdir. O, razılaşaraq əyləşmiş, söhbət edən zaman Eşqin onun haqqında ekologiya idarəsinə şikayət edənin ünvanına nalayiq söyüş söymüşdür. O isə ayağa duraraq Eşqini vurmaq istəmiş, lakin vura bilməmiş, ayağa qalxanda stul aşmış, o da büdrəyən kimi olmuşdur. Onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Kamranla Nihad onları ayırıb aparan zaman arxadan başına zərbə dəymişdir. Zərbənin pivə bakalından, yaxud əl ilə vurulmasını ayırd edə bilməmişdir. Əli ilə başını yoxlayarkən heç bir şey hiss etməmiş, çölə çıxdıqdan sonra əli ilə başını yoxladıqda başından qan axdığını hiss etmişdir. Başına bulaqda su vuran zaman Eşqin onun yanına gəlib üzürxahlıq etmiş, bağışlamasını, səhv etdiyini demişdir. O da Eşqinə “heç nə olmaz olan şeydir, özündən asılı olmadı, içkilisən, nə etdisə içki etdi” demişdir. Onlar o qədər də dalaşan qonşular olmamışlar. Heç vaxt düşmənçilikləri olmamışdır. Kafeyə qayıdaraq əyləşmiş, Eşqin çay içməsini təklif etdikdə o, evə getməsini, başının ağrımasını və nəsə problem ola biləcəyini demişdir. Onlar söhbət edə-edə evə gəlmişlər. O, yatmış, iki gün sonra Bakı şəhərinə həyat yoldaşını Qax rayonuna gətirməyə getmişdir. Bakı şəhərindən qayıtdıqdan sonra polis onların evinə gəlmiş, Eşqinlə kömür işi ilə məşğul olub-olmamasını soruşmuş, o isə məşğul olmadığını demişdir. Onu səhəri gün polis şöbəsinə dəvət etmiş, şöbədə Eşqinin ona vurub-vurmaması soruşulmuş, o da Eşqinlə dalaşdıqlarını, lakin küsmədiklərini, qonşu olduqlarını, Eşqinin tutulmasını istəmədiyini, iki azyaşlı uşağının olmasını, tutularsa düşmən olacaqlarını demişdir. Polis şöbəsində şikayət ərizəsini o yazmamışdır. Ola bilər ki, həmin ərizə yazılmış özü imza etmişdir. İzahatını aldıqdan sonra evə buraxılmışdır. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Hadisə baş verən gün o, Eşqin və Nihad Qax rayonu Almalı kəndində yerləşən çayxanada oturan zaman Firuzla Eşqinin arasında mübahisə yaranmışdır. Firuz kafeyə gələrək Eşqindən telefon zəngini nə üçün açmadığını soruşmuşdur. Sonra isə keçib kənarda söhbət etmişlər. Eşqin Firuza demişdir ki, keçib kənarda söhbət etsinlər, onların söhbətini nəyə görə kimsə bilməlidir. Öz aralarında həll etsinlər. Bundan sonra onların əyləşdikləri masaya qayıdaraq çay içmişlər. Bu zaman həmin mübahisə yenidən açılmışdır. Söhbətin məğzi o olmuşdur ki, kənddə kimsə həbs edilən bəzi şəxsləri Eşqinin satması barədə söz çıxarmışdır. Eşqin isə demişdir ki, hadisədə onun əli yoxdur. Eşqin söyüş söymüş, nəticədə Firuzla aralarında mübahisə yaranmış, onlar bir-biri ilə yaxalaşan zaman onları ayırmışlar. O, Firuzu, Nihad isə Eşqini tutub kənara çəkmişdir. Eşqinin əlində pivə bakalı olmuş, bakal boş olmamışdır. Eşqin də bakalı Firuza vurmaq məqsədi olmadan, əlindən kənara atmaq istəyərkən bakal Firuzun başının arxasından (ənsə nahiyyəsindən) dəymişdir. Həmin vaxt Firuzun arxası Eşqinə tərəf olmuş, Firuz onunla söhbət etmişdir. Hadisə vaxtı Eşqinlə Firuz birbirini vurmamışlar. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Süleyman oğlu onun qonşusudur. Həm Eşqinlə, həm Firuzla münasibətləri normaldır. Hadisə baş verən tarixi dəqiq xatırlamır, ancaq axşam vaxtı təxminən saat 8-9 radələrində baş vermişdir. Hadisə baş verən günü o, Eşqin və Kamran Almalı kəndində yerləşən kafedə əyləşmişlər. Həmin vaxt Firuz kafeyə gələrək Eşqinə zəng etdiyini, nə üçün telefonun zəngini açmadığını soruşmuş, Eşqin isə Firuzdan oturmasını xahiş edərək söhbət etmələrini təklif etmişdir. Eşqinlə Firuz yandakı masada oturmuş, söhbət etmişlər. Sonra isə mübahisə etməyə başlamış və əlbəyaxa olmuşlar. O, Eşqini, Kamran isə Firuzu tutmuşlar. Onları ayırdıqdan sonra Firuzun yanına getmiş, Firuz başının yarıldığını demişdir. Sonra Eşqinin yanına gəlmiş, Eşqin ona əlində pivə bakalı olduğunu və Firuzu necə vurmasını bilmədiyini demişdir. O, bakalı Eşqinin əlində yox, yerdə görmüş, yer çəmənlik olduğu üçün bakal sınmamışdır. Sonra çölə çıxmış, Firuzla Eşqin görüşüb barışmış və qayıdıb gəlib kafedə oturmuş, onlar isə evə getmişlər. Eşqinin Firuzun başına pivə bakalını nə vaxt və necə vurduğunu görməmişdir. Hava qaranlıq olmuş, mübahisə edən zaman Eşqin nalayiq söyüş söymüşdür. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Münasibətləri həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs ilə də qohumdur və münasibətləri yaxşıdır. Hadisə baş verən vaxt orada olamışdır. Həmin kafeni işlətməsi üçün qardaşına vermişdir. Çox nadir hallarda kafeyə gedir. Qardaşı Təvəkgül narahat adam olduğu üçün kafenin vergi və sosial ödənişlərini özü ödəyir. Hadisədən təxminən 10-15 gün sonra Qax rayon Polis şöbəsinə dəvət olunduqdan sonra hadisənin baş verdiyini öyrənmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o davanı görməmişdir. Həmin vaxt çayxanada Eşqin və dostlarına çay dəmləmişdir. Bakal da yerində olmuşdur. Eşqin, Nihad və Kamran çay içdikdən sonra çıxıb getmişlər. Onların masasında 4 nəfər əyləşmişdir. Əvvəl çay, sonra isə pivə içmişlər. Kimsənin kimisə vurduğunu görməmişdir. Səs-küy gəlmiş, çölə çıxmış, Eşqinlə Firuzun söhbət edə-edə getdiklərini görmüşdür. Yanlarında da Kamran və Nihad olmuşdur. Kafedə 8 ədəd masa vardır. 4 ədədi kafenin ön tərəfinə, 4 ədədi isə arxa tərəfinə qoyulmuşdur. Eşqin və dostları kafenin arxa tərəfinə qoyulmuş masalardan birində əyləşmişlər. Arxa masalarda onlardan başqa heç kəs olmamışdır. Sonrakı gün isə onların dalaşdığını və Eşqinin Firuzun başına pivə bakalını vurduğunu eşitmişdir. Bakal və stəkanlar stolun üstündə olmuşdur. Heç biri də sınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanılması və icraata qəbul edilməsi» haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün 16 iyul 2024-cü il tarixdə saat 18:35-də şübhəli şəxs qismində tutulmuşdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Qax rayon məhkəməsinin 18 iyul 2024-cü il tarixli 4(024)-25/2024 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və barəsində 16 iyul 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə 16 oktyabr 2024-cü il tarixədək məhkəmənin öz təşəbbüsü ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” PHŞ Qax RMX PHŞnin 19 iyul 2024-cü il tarixli, 18-1-50/2-763/2024 nömrəli məktubundan görünür ki, Qax rayonu, Almalı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Qax Rayon Mərkəzi Xəstəxanası” X8 Poliklinika Şöbəsində ruhi-əsəb və narkoloji xəstəlikləri üzrə dispanser qeydiyyatında deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞnin sağlamlığa zərər vurmanın təyini haqqında xx.xx.2024-cü il tarixli 91 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirəm. Vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət-ənsə nahiyəsində 1 (bir) ədəd əzilmiş-cırılmış yara-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Qax rayonu Almalı kəndində yerləşən Şahid3 tərəfindən istifadə edilən çayxanadır. Həmin çayxana kəndin mərkəzində, yolun kənarında, yol qovşağında yerləşir. Çayxana bir mərtəbəli olub daşdan tikilmiş və oturub, istirahət edib çay içmək üçün münasibdir. Çayxananın çöl hissəsində otluq ərazidə oraya aid stol-stullar düzülmüşdür. Həmin stol-stullar çayaxanaya gəlib istirahət edən şəxslər üçün nəzərdə tutulmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs çayxananın arxa hissəsindəki yeri göstərərək orada əyləşdiklərini, hadisənin həmin yerdə baş verdiyini, həmin vaxt Firuzla dalaşdıqlarını və onu pivə bakalı ilə vurduğunu bildirmişdir. Çayxanının kəndin mərkəzində yerləşməsi, ətrafda başqa ictimai iaşə obyektlərinin olması onu göstərir ki, hadisə baş verən yer ictimai yerdir. Baxış zamanı hər hansı əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. “Üzləşdirmə haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs üzləşdirilməsi həyata keçirilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyyəsinə pivə bakalı ilə vurmadığını göstərsə də, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin üzünə qarşı hadisə baş verən gün, yəni 08 iyul 2024-cü il tarixdə pivə bakalı ilə onun baş nahiyyəsinə, yəni başının arxa (ənsə) hissəsinə vuraraq ona xəsarət yetirdiyini demişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat aşkar olunmamışdır. Qax RİHB-nın Almalı kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 267 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Almalı kəndində qeydiyyatda olmaqla yaşayır. Qax RİHB-nın Almalı kəndi İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İİ № 175838 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 nikahları 24 avqust 2017-ci il tarixdə Qax rayon Qeydiyyat şöbəsində 71 nömrə ilə rəsmi qeyd edilmişdir. AZ-İİİ № 978271 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X2 atası Təqsirləndirilən şəxsdur. AZ-İV № 376399 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X3 atası Təqsirləndirilən şəxsdur. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yumruqla vurması faktı sübuta yetmədiyindən barəsində CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, istintaq orqanı tərəfindən hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başına vuraraq ona xəsarət yetirdiyi pivə bakalının müəyyən edilərək götürülüb maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi mümkün olmasa da, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində həqiqətən də Zərərçəkmiş şəxs başına xəsarəti pivə bakalı ilə vurmasını etiraf etməsi, Şahid1 təqsirləndirilən şəxsin əlində pivə ilə dolu halda olan pivə bakalının olmasını görməsi barədə verdiyi ifadəsi və xəsarətin bərk (küt) əşyanın təsirindən törənməsi barədə ekspertin rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 11-ci bəndində göstərilir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan CMnin 221.3-cü maddəsilə tövsif olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə, xuliqanlığın tövsifedici əlamətlərinin mövcudluğundan asılı olaraq, hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında aydınlıq gətirilmişdir. Həmin qərara əsasən, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. “Xidməti və mülki silah haqqında” Qanunun 16-cı maddəsinin məzmununa görə silahın tətbiqi dedikdə, silahdan atəş açma başa düşülür. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi-ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərər çəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum emə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna bilər. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin xarakterini dərk edərək ictimai təhlükəli əmələ yol verdiyini bilmiş, zərərçəkmiş şəxsə qarşı törətdiyi əmələ görə peşman olduğunu bildirmiş, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirərək onunla razılıq əldə edərək barışmışdır. Bununla da Təqsirləndirilən şəxs törətdiyi cinayətin zərərli nəticələrini yüngülləşdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi ilk vaxtdan etibarən islah yoluna qədəm qoymuşdur. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41–ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmu ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşaiyət olunur. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə, törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəza sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi xx.xx.2013-cü il tarixli qərarında qeyd etmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Hacısüelyman oğlu barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə həmin müddətə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №1(024)-47/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-47/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver