Məhkəmə qərarları › İş №1(024)-48/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-48/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-48/2023 31.08.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 11:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs-xx.xx.1977-ci ildə Qax rayonunun Armudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qax rayonu Armudlu kəndində pasport qeydiyyatında olmaqla Qax rayonu Qaşqaçay kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda bundan nəticə çıxartmayaraq qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkəti etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.2, 29, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinib 05 il 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının 04 il 06 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının azaldılmasına və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda bundan nəticə çıxartmayaraq qəsdən 30 avqust 2022-ci il tarixdə, saat 22 radələrində ictimai yerdə, yəni Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafenin həyətində özünün üstünlüyünü cəmiyyətə nümayiş etdirmək məqsədilə həmin vaxtı orada olan Qax şəhər sakini Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək kafedə olan şəxslərin rahatlığını və istirahətini pozmuş, aqressivlik nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, özünün cəmiyyətdə üstünlüyünü nümayiş etdirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nəzakətli davranmalı olduğu halda bunu etməməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, həmçinin əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək əvvəlcə onu itələmiş, daha sonra isə qəsdən bir dəfə baş nahiyəsindən bir dəfə də burun nahiyəsindən yumruqla vurduğunu, bundan sonra bir neçə dəfə yerdə bədəninin müxtəlif nahiyələrindən təpikləyərək sonuncuya onun posttravmatik stress pozuntusu, asteno-nevrotik sindrom, burun sümüyünün ön hisəssinin çökmə tipli sınığı, təpə nahiyəsinin, burun belinin, sol dirsək nahiyəsinin arxa səthinin, sağ saidin, sağ əlin arxa səthinin, sağ budun və sol budun sıyrıqlarından ibarət sağlamlığına yüngül zərərvuran bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, 30 avqust 2022-ci il tarixdə saat 22 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən Manana adlı qadının işlətdiyi kafedə pivə içən zaman çöldən səs-küy gəldiyini eşitmiş, kafenin həyətinə çıxan zaman tanışları Vüqarla Elnurun mübahisə etdiklərini görmüşdür. Onları sakitləşdirmək istəyən zaman əvvəllər tanımadığı, adını həmin vaxtı öyrəndiyi Zərərçəkmiş şəxs oraya gələrək ona “sən kimsən bu məsələyə qarışırsan” demiş, o isə Məhəmmədin sözündən əsəbləşərək onu əli ilə itələmişdir. Əsəbi olduğu üçün daha sonra Məhəmmədin baş nahiyəsindən bir dəfə yumruqla, bir dəfə də burun nahiyəsindən yumruqla vurmuş, Məhəmməd yerə yıxılmışdır. Bundan sonra birneçə dəfə Məhəmmədin bədəninin müxtəlif nahyələrinə təpiklə vurmuşdur. Daha sonra Məhəmməd çıxıb getmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmağa cəhd etsə də, Məhəmməd onu bağışlamamışdır. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmağa cəhd etməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 30 avqust 2022-ci il tarixdə saat 22 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən Manana adlı qadının işlətdiyi kafedə tanışı Vüqarla oturub pivə içmişlər. Həmin vaxtı kafeyə əvvəllər tanıdığı Elnur gəlmiş, Vüqarı çölə çağırmışdır. Bir müddət sonra onların çöldə mübahisə etdiklərini eşidərək çölə çıxmış, nə səbəbə mübahisə etdiklərini soruşmuşdur. Həmin vaxtı orada adını sonradan öyrəndiyi Eldəniz adlı şəxs heç bir əsaslı səbəb olmadan onu nalayiq ifadələrlə təhqir edərək əvvəlcə bir dəfə yumruqla onun baş nahiyəsindən, sonra isə bir dəfə burun nahiyəsindən yumruqla vurmuş, onu yerə yıxaraq, bir-neçə dəfə təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmuş, sonra isə oradan çıxıb getmişdir. O isə DİN-nin 102 xidmətinə şikayət etmişdir. Eldənizin hərəkətləri təxminən 15 dəqiqə davam etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, onunla barışmağa cəhd etsə də, o Eldənizi bağışlamamışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Ona həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şahid2 və Zərərçəkmiş şəxs tanıyır. 30 avqust 2022-ci il tarixdə saat 22 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən Manananın işlətdiyi kafedə tanışı Məhəmmədlə oturub pivə içmiş, pivə içən zaman tanışı Elnur onu çölə çağırmışdır. Çöldə Elnur onunla mübahisə etməyə başlamış, həmin vaxtı oraya Məhəmməd və Eldəniz gəlmişlər. Həmin vaxtı Eldənizlə Məhəmməd arasında mübahisə yaranmış, Eldəniz əvvəlcə bir dəfə Məhəmmədin baş nahiyəsindən, bir dəfə isə burun nahiyəsindən yumruqla vurmuş, Məhəmməd yerə yıxılmışdır. Eldəniz hərəkətlərini davam etdirərək bir-neçə dəfə Məhəmmədin bədəninin müxtəlif nahiyələrinə təpiklə vurmuşdur. Bundan sonra Məhəmməd oradan çıxıb getmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 və Zərərçəkmiş şəxs Allayar oğlunu tanıyır. 30 avqust 2022-ci il tarixdə saat 22 radələrində Qax şəhəri Azərbaycan prospektində yerləşən kafedə yeyib-içmiş, həmin vaxtı tanışları Vüqar və Məhəmməd oraya gəlmişlər. O, Vüqarı çölə çağırmış, söhbət edən zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı oraya Məhəmməd gəlmiş, Məhəmmədlə Eldəniz arasında mübahisə yaranmış, davaya çevrilmişdir. Hadisənin üstündən xeyli müddət keçdiyindən konkret olaraq Eldənizin Məhəmmədi necə döyməsini xatırlamır. Vüqarla onun arasında isə yalnız mübahisə yaranmış, bir-birilərini nalayiq ifadələrlə təhqir etməmiş və xəsarət yetirməmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qax şəhəri, Şəki yolu adlanan ərazidə özünə məxsus kafe vardır. 30 avqust 2022-ci il tarixdə saat 22 radələrində kafedə olan zaman kafenin həyətindən səs-küy gəldiyini esitmiş, kafenin həyətinə çıxan zaman Qax rayonu, Qaşqaçay kənd sakini Eldəniz adlı şəxsin əvvəllər tanıdığı Zərərçəkmiş şəxs döydüyünü eşitmişdir. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 44-48-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli T 235/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Allayar oğlunun posttravmatik stress pozuntusu, asteno-nevrotik sindrom, burun sümüyünün ön hisəssinin çökmə tipli sınığı, təpə nahiyəsinin, burun belinin, sol dirsək nahiyəsinin arxa səthinin, sağ saidin, sağ əlin arxa səthinin, sağ budun və sol budun sıyrıqları-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşin 103-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:46 radələrində Qax rayonu, Qaşqaçay kənd sakini Təqsirləndirilən şəxs X1 əvvəlcə itələdiyi, daha sonra isə onun baş nahiyəsindən bir dəfə yumruqla, bir dəfə də burun nahiyəsindən yumruqla vurduğu, Məhəmmədin yerə yıxıldığı, onu yerdə bir neçə dəfə bədənin müxtəlif nahiyyələrindən təpiklədiyi, daha sonra isə Məhəmmədin oradan çıxıb getdiyi müəyyən edilmişdir. İşin 104-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “maddi sübut kimi tanınma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs X1 döyməsini və xuliqanlıq hərəkətlərini etməsini əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 98-99-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ İdarəsinin verdiyi xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.2, 29, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinib 05 il 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzası 04 il 06 ay 26 gün müddətinə azaldılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmin məhkumluğu ödənilməmişdir. İşin 108-137-ci vərəqələrində olan Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli hökmündəın görünür ki, Atayev X2 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.2, 29, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinib 05 il 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 85-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Armudlu kəndində qeydiyyatda olmaqla faktiki Qax rayonu Qaşqaçay kəndində yaşayır. İşin 84-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 89-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RMX-nın xx.xx.2023-cü il tarixli 6-50/2-473/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX-nın narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu CM-in 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Elə bu mövqedən yanaşsaq, deyə bilərik ki, hadisənin ümumi mənzərəsi və Təqsirləndirilən şəxs davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş vermişdir. Yəni təqsirləndirilən şəxs ilə nəzərdə tutulan əməli törətmiş şəxs insanlar arasında uzun müddətdən bəri bərqərar olmuş və mövcud olan etik-davranış qaydalarını pozmaqla, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan mübahisə edərək zərərçəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq etmişdir. Eyni mövqe B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında da nümayiş etdirilmişdir. Belə ki, burada göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməluni törətmiş, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdə yenidən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti qəsdən törətməsi cinayətlərin residivi kimi qəbul edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalından həbsə alınmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalı və o cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar