Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-49/2023 04.09.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 17:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1970-ci ildə Qax rayonu Qaxmuğal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həbs olunana qədər həmin ünvanda yaşayan, barəsində Qax rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə, saat 23:15 radələrində sərxoş vəziyyətdə içərisində 1 (bir) litr benzin olan plastik şüşə ilə ictimai yerdə yəni, Qax şəhəri, Heydər Əliyev prospekti 25 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qax Rayon Polis Şöbəsinin inzibati binasının qarşısına gələrək heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması və zor tətbiq olunması hədəsi ilə müşayiət olunan hərəkətlər edib, yüksək səslə polisin və dövlətin ünvanına nalayiq söyüşlər söyməklə əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək əlində olan 1 (bir) litrlik plastik qabın içərisindəki benzin ilə özünü yandırmaq istəyən zaman həmin vaxtı orada olan onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan hakimiyyət nümayəndəsinə, yəni, Qax Rayon Polis X2 sürücü polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs müqavimət göstərərək 1 (bir) litrlik plastik şüşənin içərisindəki benzini Zərərçəkmiş şəxs üzərinə töküb əlində olan alışqanla yandıraraq sonuncuya xuliqanlıq niyyəti ilə sağ yuxarı və sağ aşağı ətrafların ümumi bədən səthinin 30%-ni əhatə edən İİ dərəcəli termiki yanığı xəsarətlərindən ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayında oğlu Abdul Tağızadə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs olunmuşdur. 11 may 2023-cü il tarixdə Şəki Ağır Cinayətlər məhkəməsində oğlunun məhkəmə prosesi olmuş, məhkəmədə iştirak etdikdən sonra evə gəlmişdir. 11 may 2023-cü il tarixdə saat 21 radələrində Qax şəhərində yerləşən mağazaların birindən yarım litrlik “GO” markalı spirtli içki alaraq içmişdir. Bundan sonra yaşadığı evə getmiş, içkili olduğu üçün oğlu Abdulun həbsdə olması yadına düşmüş və özünə məxsus “Vaz 21014” markalı avtomobilin baqaj hissəsində ehtiyatda olan 01 (bir) litrlik plastik şüşədə olan benzini götürərək Qax Rayon Polis Şöbəsinin inzibati binasının qarşısına gəlmişdir. Qax rayon Polis Şöbəsinin inzibati binasının qarşısında içkili halda uca səslə Qax RPŞ-nin Azər adlı əməkdaşının ünvanına nalayiq söyüşlər söyməyə başlamış, polis əməkdaşları binanın qarşısına çıxmışlar. O, uca səslə nalayiq ifadələr işlədərək onlara oğlu Abdul həbsdən buraxılmasa əlində olan plastik şüşənin içərisindəki benzin ilə özünü yandıracağını demiş, Qax Rayon Polis Şöbəsinin əməkdaşları onun sakitləşdirməyə çalışdıqda onların sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər. Həmin vaxtı arxa tərəfdən onun yanına bir nəfər polis əməkdaşı yaxınlaşaraq onun əlindən benzin şüşəsini almaq istəyən zaman əlində olan benzin həmin şəxsin və onun üzərinə tökülmüş, həmin vaxtı özünü alışqanla yandıran zaman həmin Zəfər adlı polis əməkdaşı da yanmağa başlamışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmışdır. Zəfər də onu bağışlamışdır. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışdığını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qax RPŞ-nin Növbətçi Hissəsinin növbətçi sürücüsü vəzifəsində çalışır. O, polis baş serjantıdır. 11 may 2023-cü il tarixdə xidmətdə olmamış, həmin tarixdə əməliyyat-istintaq qrupunda növbədən çıxmış və istirahət günü olmuşdur. 11 may 2023-cü il tarixdə, təxminən saat 23 radələrində Qax RPŞ-də işi olduğu üçün mülki geyimdə Polis Şöbəsinə gəlmiş, Qax RPŞ-nin inzibati binasının qarşısında kənarda dayanaraq mobil telefonla danışmağa başlamışdır. Həmin vaxt Qax RPŞ-nin inzibati binasının qarşısında bir nəfər şəxs ucadan qışqıraraq nalayiq ifadələr işlətmiş və Qax RPŞ-nin Növbətçi hissənin növbətçisi, polis kapitanı Şahid1 ilə mübahisə etdiyini görmüşdür. Həmin şəxsin əlində içərisində benzin olan plastik şüşə olmuşdur. Həmin şəxs ucadan qışqırıb nalayiq ifadələr işlətdiyinə görə onun yanına yaxınlaşmaq istədikdə, o ucadan qışqıraraq nalayiq ifadələr işlədib oğlunun həbsdə olmasından narazı qaldığını deyib, oğlunun həbsdən buraxılmasını tələb etmiş, həbsdən buraxılmadığı halda əlində olan plastik şüşənin içərisindəki benzinlə özünü yandıracağını bildirərək hədə-qorxu gəlmişdir. Həmin vaxtı polis kapitanı Şahid1 və Qax RPŞ-nin əməliyyat-istintaq qrupunun üzvləri sürücü polis nəfəri, polis baş serjantı Şahid3, Qax RPŞ-nin X1 polis sahə rəisi, polis kapitanı Taleh Bayramov, Qax RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Şahid4 Qax RPŞ-nin inzibati binasının qarşısına çıxaraq həmin şəxsi nizam-intizama dəvət etmiş, lakin, həmin şəxs onların tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, ucadan polisin ünvanına nalayiq ifadələr işlədərək polis əməkdaşlarına zor tətbiq olunması ifadə olunan hədə-qorxu gələrək əlində olan benzinlə özünü yandaracağını demişdir. O, həmin şəxsiə yaxınlaşaraq polis əməkdaşı olduğunu, nalayiq söyüşlər işlətməməsini və əlində olan içərisində benzin olan plastik şüşəni kənara qoymasını demiş, lakin, Habil adlı həmin şəxs onun sözlərinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirərək onun ünvanına nalayiq ifadələr işlətmiş, əlində olan plastik şüşənin içərisindəki benzini qəsdən onun sağ qolunun üstünə tökərək alışqanla sağ qolunu yandırmışdır. Onun sağ qolu və bədəni yandığı üçün yanından kənara çəkilmiş, özünü söndürməyə çalışmışdır. Qax RPŞ-nin əməkdaşları üzərində olan yanğını söndürmüşlər. Daha sonra Qax RPŞ-nin Növbətçi Hissənin xidməti avtomobili ilə Qax RMX-na aparılmışlar. Sonradan həmin şəxsin Qax şəhər sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o da Habili bağışlayaraq onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Ona yüngül cəza verilməsini xahiş edərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Qax RPŞnin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Qax RPŞnin Növbətçi Hissəsinin növbətçisi kimi xidmətə çıxmış, həmin tarixdə saat 23 radələrində xidmətdə olduğu zamanı Qax RPŞ-nin inzibati binasının qarşısına bir nəfər şəxsin sərxoş vəziyyətdə yaxınlaşaraq binanın qarşısında ucadan qışqıraraq nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsin əlində içərisində benzin olan plastik qab olmuşdur. Həmin şəxs oğlunun həbsdən buraxılmadığı halda əlində olan plastik şüşənin içərisindəki benzin ilə özünü yandıracağını demiş, o və Qax RPŞ-nin əməliyyat-istintaq qrupunun üzvləri, yəni ki, sürücü polis nəfəri, polis baş serjantı Şahid3, Qax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Taleh Bayramov, Qax RPŞ-nin TQ-nun təhqiqatçısı, polis mayoru Şahid4 şöbənin qarşısına çıxaraq həmin şəxsi nizam-intizama dəvət etmiş, lakin, həmin şəxs onların tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, nalayiq ifadələr işlədərək oğlunun həbsdən buraxılmadığı halda özünü yandıracağını bildirərək zor tətbiq olunması ifadə olunan hədə-qorxu gəlmişdir. Həmin vaxt şöbənin qarşısında dayanan xidmətdə olmayan mülki geyimdə olan Qax RPŞ-nin Növbətçi Hissənin sürücü polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs həmin şəxsin yanına yaxınlaşaraq onu sakitləşdirmək istəmiş, polis əməkdaşı olduğunu bildirərək əlindəki benzin şüşəsini kənara qoymasını demişdir. Lakin, həmin şəxs Zəfərin ünvanına nalayiq ifadələr işlədərək əlində olan plastik qabın içərisindəki benzini onun sağ qolunun üstünə tökmüş, Zəfər həmin şəxs ilə tutaşaraq onun əlindəki plastik qabı götürməyə çalışmış, lakin, həmin şəxs əlindəki plastik qabı Zəfərə verməmiş, Zəfərin əlinə benzin tökərək əlində olan alışqanla onu yandırmışdır. Orada olan əməliyyat-istintaq qrupunun üzvləri, yəni ki, özünün, sürücü polis nəfəri, polis baş serjantı Şahid3, Qax RPŞnin İTB-nin polis sahə rəisi, polis kapitanı Taleh Bayramov, Qax RPŞ-nin TQ-nun təhqiqatçısı, polis mayoru Şahid4 Zərərçəkmiş şəxs yanan bədənini söndürmüşdür. Məhkəmə iclasında Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Qax RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə istintaq-əməliyyat qrupunda təhqiqatçı kimi xidmətə çıxmış, həmin tarixdə saat 23 radələrində xidmətdə olduğu zamanı RPŞ-nin inzibati binasının qarşısına bir nəfər şəxsin Qax RPŞ-nin Növbətçi Hissəsinin növbətçisi, polis kapitanı Şahid1 ilə mübahisə etdiyini eşitmiş, bundan sonra şöbənin qarşısına çıxmış, həmin şəxsin əlində içərisində benzin olan plastik qabın olduğunu görmüşdür. Həmin şəxs ucadan qışqıraraq nalayiq ifadələr işlədərək oğlunun həbsdə olmasından narazı qaldığını əsas gətirərək oğlunun həbsdən buraxılmasını tələb etmiş, oğlunun həbsdən buraxılmadığı halda əlində olan plastik qabın içərisindəki benzin ilə özünü yandıracağını bildirmişdir. O və oraya gələn Qax RPŞ-nin əməliyyat-istintaq qrupunun üzvləri, yəni Qax RPŞ-nin Növbətçi Hissəsinin sürücü polis nəfəri, polis baş serjantı Şahid3 və Qax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Taleh Bayramov şöbənin qarşısına çıxaraq həmin şəxsi nizam-intizama dəvət etmiş, lakin, həmin şəxs onların tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək, nalayiq ifadələr işlədərək oğlunun buraxılmadığı halda özünü yandıracağını bildirərək zor tətbiq olunması ifadə olunan hədə-qorxu gəlmiş, bu zaman şöbənin qarşısında dayanan xidmətdə olmayan mülki geyimdə olan Qax RPŞ-nin Növbətçi hissənin sürücü polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs həmin şəxsin yanına yaxınlaşaraq onu sakitləşdirmək istəmiş, polis əməkdaşı olduğunu bildirmiş, əlindəki benzini kənara qoymasını demişdir. Lakin, həmin şəxs Zəfərin ünvanına nalayiq ifadələr işlədərək əlində olan plastik qabın içərisindəki benzini onun sağ qolunun üstünə tökmüş, Zəfər həmin şəxslə tutaşaraq onun əlindəki plastik qabı götürməyə çalışmış, lakin, həmin şəxs əlindəki plastik qabı Zəfərə verməmiş, Zəfərin üstünə benzin tökərək əlində olan alışqanla onu yandırmışdır. Qax RPŞ-nin məsul növbətçisi, polis kapitanı Şahid1, Qax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Taleh Bayramov, Qax RPŞ-nin Növbətçi Hissəsinin sürücü polis nəfəri, polis baş serjantı Şahid3 Zərərçəkmiş şəxs yanan bədənini söndürdüklərini, həmin şəxsin Zəfərin sağ qolunun üzərinə benzin töküb yandıran zaman həmin şəxsin özü də yanmış, lakin, həmin şəxs özünü şöbənin qarşısında olan arxa atmış, üzərindən gödəkcəsini tez bir şəkildə çıxarıb kənara atmış, bundan sonra həmin şəxs saxlanılaraq Qax RPŞ-nin Növbətçi Hissəsinə gətirilmiş, polis şöbəsində həmin şəxsin ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında Şahid3 digər Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 132-134-cü vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 72 saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına əsasən, hadisə haqqında olan ilkin məlumatları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ yuxarı və sağ aşağı ətrafların ümumi bədən səthinin 30%-ni əhatə edən İİ dərəcəli termiki yanığı-yüksək hərarətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də, yardım üçün Qax RMX-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə alovun təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İşin 152-153-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs 11 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə içərisində 1 (bir) litr benzin olan plastik qabın içərisindəki benzinlə özünü yandırmaq istəyən zaman həmin vaxtı orada olan onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan hakimiyyət nümayəndəsinə, yəni, Qax Rayon Polis X2 sürücü polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs müqavimət göstərərək 1 (bir) litrlik plastik qabın içərisindəki benzini Zərərçəkmiş şəxs üzərinə töküb əlində olan alışqanla yandıraraq ona xəsarət yetirdiyini göstərmişdir. İşin 103-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RMX-dan daxil olmuş 18 may 2023-cü il tarixli, 6-50/2- 426/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX PHŞ-in Poliklinika şöbəsində ruhi-əsəb xəstəliyi üzrə dispanser qeydiyyatında deyil. Lakin, F.12.0-“Kannaboidlərin qəbulundan yaranan psixi və davranış, kəskin intoksikasiya” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. İşin 9-10-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçrilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsn 11 may 2023-cü il tarixdə sərxoş vəziyyətdə içərisində 1 (bir) litr benzin olan plastik qabın içərisindəki benzinlə özünü yandırmaq istəyən zaman həmin vaxtı orada olan onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan hakimiyyət nümayəndəsinə, yəni, Qax Rayon Polis X2 sürücü polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs müqavimət göstərərək 1 (bir) litrlik plastik qabın içərisindəki benzini Zərərçəkmiş şəxs üzərinə töküb əlində olan alışqanla yandıraraq ona xəsarət yetirmişdir. İşin 110-112-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax Rayonu Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 83 M, 3 hissə, 143 M, 3 hissə, 38 YK maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilməklə əmlakı müsadirə olunmuşdur. xx.xx.1994-cü ildə Salyan Rayonu Xalq Məhkəməsinin qərarı ilə AR-sı CM-nin 50-2 maddəsinə əsasən 1 il 8 ay 7 gün müddətinə şərti azad edilmişdir. xx.xx.1996-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o, Qax Rayonu Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207 M, 2 hissə, 189-1 M, 2 hissə, 38 maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdir. xx.xx.2002-ci ildə cəzası qurtardığında görə azad olunub. Bundan əlavə, o, Qax Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Apelyasiya məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə cəzası 6 ilə endirilmişdir. xx.xx.2009-cu ildə AR-sı MM-nin xx.xx.2009-cu il tarixli Amnistiya Qərarının 1-ci maddəsinin 1.1.-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 22-23-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 12:35-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 87-92-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 15 may 2023-cü il tarixli 4(024)-17/2023 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 13 may 2023-cü il tarixdə saat 12:35-dən hesablanmaqla 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşin 123-125-ci vərəqələrində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2023-cü il tarixli 4(024)-17/2023 saylı qərarından görünür ki, Qax rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 4(024)-17/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin 130-cu vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax şəhəri, M.F.Axundzadə küçəsi, ev 1-də yaşayır. İşin 131-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu CM-in 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Elə bu mövqedən yanaşsaq, deyə bilərik ki, hadisənin ümumi mənzərəsi və Təqsirləndirilən şəxs davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş vermişdir. Yəni təqsirləndirilən şəxs insanlar arasında uzun müddətdən bəri bərqərar olmuş və mövcud olan etik-davranış qaydalarını pozmaqla, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan mübahisə edərək zərərçəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq etmişdir. Eyni mövqe B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında da nümayiş etdirilmişdir. Belə ki, burada göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməluni törətmiş, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələrinin tərkibi vardır, həmin əməl Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini CM-59.1.12, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İşdə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən peşman olmasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməli, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanılmalı, onun 13 may 2023-cü il tarixdən 15 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün, 15 may 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 ay 20 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq cəza təyin olunmalı, cəzasının əvvəli yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qax və qonşu Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də ünvan 7 ünvanında yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanılmaqla onun üzərində 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdən 15 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün, 15 may 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 7 (yeddi) ay 14 (on dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalında həbsdən azad edilsin. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində Qax və Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan ünvan 7 ünvanında evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Qax rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №1(024)-49/2023
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-49/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver