Məhkəmə qərarları › İş №1(024)-52/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-52/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-52/2024 07.11.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 11:00-da Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, məhkəmə iclas katibi (böyük məsləhətəçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Qax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyən, subay, əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanda yaşayan. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə toplanmış məhkəməyədək sadələşdirilmiş icraat işi materialına Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində ictimai yer hesab edilən Qax şəhəri, İmam Mustafayev küçəsində yerləşən “Oba-7” adlanan marketin içərisində cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydaları normalarına saymamazlıq göstərərək, ictimai qaydanı kobudcasına pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, əvvəllər tanımadığı, həmin marketdə satıcı işləyən Qax rayonu Qum kənd sakini Zərərçəkmiş şəxs pulu xırdalamamasını bəhanə edərək sonuncuya qarşı ucadan nalayiq və şəxsiyyəti alçaldan ifadələr işlətmiş, bundan sonra ilk öncə qəsdən təpiklə ayağına vurmuş, daha sonra saçından yonaraq, sifətinə qəsdən sillə vurmuş və bir daha ayağına qəsdən təpiklə zərbə vuraraq sağ gözaltında sıyrıq ilə müşaiyət olunan sağlamlığa zərərvurmayan bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 18 sentyabr 2024-cü il tarixdə yumurta almaq üçün “Oba” marketə girmişdir. Yumurtanın olub-olmadığını soruşduqda zərərəçəkmiş şəxs ona yoxdur, orada nədir, odur deyə cavab vermişdir. Daha sonra düşünmüşdür ki, hazır mağazaya girmişdir, üstündə olan 100 manat pulu xırdalayıb oradan çıxsın. Kassaya yaxınlaşaraq zərərçəkmiş şəxsdən zəhmət olmasa 100 manatı xırdalamasını xahiş etmiş, Zərərçəkmiş şəxs həmin vaxt əsəbi halda olmuş, yenə də ona kobud şəkildə yoxdur, “əşşi get tullansana” deyərək ona qarşı bu nalayiq ifadəni işlətmişdir. O isə bunu önəmsəməmiş, mağazadan çıxmışdır. Sonra isə mağazaya şirə almağa qayıtmış, gözünə mağazanın müdiri Oruc adlı şəxs dəymişdir. Düşünmüşdür ki, həm şirəni alsın, həm də şikayətini bildirsin ki, mağazanın işçisi belə bir ifadə işlətmişdir. Ayna onun şikayət etməyə qayıtdığını başa düşərək ona hədə-qorxu gəlməyə başlamış, “ağzını yığ, sənin saçından tutub sürüyərəm, sənin ağzını cıraram” demişdir. O yenə də onun dediklərini önəmsəməmiş, həm həyəcanlı, həm də əsəbi olmuşdur. Sonra Ayna meyvə tərəvəz satılan hissəyə keçərək ona “ay pəltək, səni sürüyərəm, səni cıraram” deyərək” eyni ifadələri işlətmiş və ona ədəbsiz barmaq işarələri göstərmişdir. O anda olan olmuş, Aynanın bu hərəkətini götürməmişdir. Çünki bu hərəkələri kimə qarşı etsə həmin şəxs reaksiya göstərərdi. O, Aynanın yanına getmiş, əvvəlcə ona əl atmış, sonra isə Ayna ona təpik vurmuş, bundan sonra o da Aynaya təpik vurmuşdur. Hadisə belə baş vermişdir. Aynaya əlini atanda saçları əlinə gəlmişdir. Lakin onun üzünə vurmamışdır. Aynadan üzr istəməyə cəhd göstərmişdir. Təhqiqat orqanına verdiyi birinci izahatdan sonra “Oba” marketə getmişdir ki, məsələni yoluna qoysunlar. Həmin vaxt kassada səhv etmirsə adı Dilarə olan başqa satıcı xanım olmuşdur. Dilarədən Aynanın mobil nömrəsini istəmiş, lakin həmin xanım nömrəni deyə bilməyəcəyini bildirmişdir. Bu zaman həmin xanıma öz nömrəsini vermişdir ki, Ayna ona zəng etsin. Bundan sonra Aynadan səs çıxmamışdır. O, Aynanı vurmamış, Aynaya əl atmış, əlinə Aynanın saçı gəlmişdir. Bundan sonra Ayna ona təpik atmış, o da həmin vaxt Aynaya təpik atmışdır. Ayna ona qarşı nalayiq söyüşlər söymüşdür. O isə Aynaya söyüş söyməmişdir. Həmin vaxt marketin müdiri Oruc onları ayıraraq sakitləşdirmişdir. İkinci dəfə marketə daxil olarkən şirə aldıqdan sonra Orucdan həmin malı komputerə vurmasını xahiş etmiş, Oruc isə kassada xanımın olduğunu, ona müraciət etməsini demiş, həmin vaxt Ayna kassada olduğu və onu əvvəl təhqir etdiyi üçün Oruca “gəl bunu kassaya vur, mən əziyə onu vurdurmuram” demişdir. Hazırda da Aynadan üzr istəyir. Odur ki, məhkəmədən cəza təyin edərkən qeyd etdiyi halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs tanımamış, sadəcə olaraq Şəfəq əvvəllər bir-iki dəfə mağazaya gələndə onu görmüşdür. 18 sentyabr 2024-cü il tarixdə saat təxminən 5-6 radələrində Şəfəq mağazaya gəlmişdir. Şəfəqin yumurta almasını görməmişdir. Şəfəq kassaya yaxınlaşaraq 100 manat pulu xırdalamasını demişdir. Kassaya baxmış, xırda pulun olmadığını görmüş, hətta o ifadəni də işlətmişdir ki, 2 ədəd 50 manatlıq əskinas olsaydı verərdi, xırda pul yoxdur. Şəfəq isə “siz necə mağaza işlədirsiniz, belə mağaza işlətməyin, bağlayın” demişdir. O isə yenə də kassada xırda pulun olmadığını bildirmişdir. Bu zaman Şəfəq onun ünvanına “xiyar, küçük, kəndçi” kimi ifadələr işlətmiş və mağazanı tərk etmişdir. Təxminəın 5 dəqiqə keçməmiş Şəfəq yenidən mağazaya şirə almaq üçün qayıtmış, həmin vaxt da Oruc adlı müdir mağazanın digər tərəfində olmuş, lakin müdirlərinin eşidibeşitməməsini dəqiq xatırlamır. Şəfəq Oruca “Siz gəlib vurardınız, belə əziklərdən şey istifadə edəcəm, ləçərlər, mənim şirəmi vurmasın” demişdir. O, ləçər sözünün mənasını həmin vaxta qədər bilməmiş, ilk dəfə Şəfəqin ağzından eşitmişdir. Şəfəqdən bu sözü kimə dediyini soruşduqda Şəfəq ona dediyini bildirmişdir. Bundan sonra Şəfəq üstünə gələrək ona təpik atmışdır. Bu zaman müdirləri Oruc gələrək araya girmiş, Şəfəq isə nalayiq ifadələr işlətməkdə davam etmişdir. Bundan sonra tərəzinin yanına keçmiş, Şəfəqin söyüşlər söydüyünü görərək ona pəltək demişdir. Şəfəq iki dəfə “mən polislərlə işləyirəm, səni içəri soxaram” ifadələrini işlətmişdir. Onun işlətdiyi söz ancaq pəltək sözü olmuşdur. Həmin vaxt mağazadakı müştərilər də təəccüblənmişlər ki, “mən polislərlə işləyirəm və səni içəri soxaram” ifadəsi qıza yaraşan ifadə deyildir. Şəfəqin bu sözündən sonra o DİN-nin 102 xidmətinə zəng etmişdir. Şəfəqə qarşı “get tullan” ifadəsini işlətməmişdir. Hadisə baş verən günün axşamı Şəfəqin atası mağazaya gələrək ondan üzr istəmişdir. O, isə üzr istəməli şəxsin o olmadığını, Şəfəqin gəlməsini bildirmiş, Şəfəq isə gəlməmiş və üzr istəməmişdir. Şəfəq hadisədən sonra 10-15 dəfə mağazaya gəlmiş və üzr istəməyə cəhd etməmişdir. Əgər üzr istəsəydi həqiqətən də qəbul edərdi. Hazırda üzr istəsə belə qəbul etmir. Şəfəq ona təpik atmış, müdir gələrək araya girmiş, təpik topuğundan dəymiş, saçını didmişdır. Gözünə laxta qan yığılmışdır. Bir həftə işə gözündə laxta qanla gəlməli olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir və onunla barışmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mağazaya gələn müştəri kimi tanıyır. Zərərçəkmiş şəxs isə səkkiz aydır ki, iş yoldaşıdır. 18 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs mağazaya 100 manat pulu xırdalamaq üçün gəlmiş, həmin vaxt kassada Ayna olmuş və kassada xırda pul olmamışdır. Şəfəq isə “bu necə mağazadır, xırda pul yoxdur” demişdir. Onlar isə cavab olaraq xırda olmadığını bildirmişlər. Bundan sonra Şəfəq mağazanı tərk etmiş və bir az sonra geri qayıdaraq “Coca-Cola” içkisi almış və Oruc adlı müdiri çağırıb onun aldığı içkini kassaya vurmasını tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs “əziklər, sizi polisdə yatdıraram” kimi nalayiq ifadələr işlətmiş, Aynanı təhqir edərək onun üstünə getmiş, onun saçını yolmuşdur. Aynanın saçının tüklərini o yığışdırmışdır. X4 Aynanı ayırmışlar. Şəfəq həmçinin Aynanın gözünün altına vurmuş, Aynanın gözünün altı qaralmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs marketə tez-tez gəlib-gedir, müştəridir. Onlar ailəcə marketə gəlirlər. Zərərçəkmiş şəxs isə onun iş yoldaşıdır. Şəfəq 18 sentyabr 2024-cü il tarixdə marketə gələrək 100 manatı xırdalamaq istəmiş, Ayna isə xırda pulun olmadığını bildirmişdir. Həmin vaxt aralarında sözlə atışma olmuşdur. Şəfəq mağazaya ikinci dəfə gələndə o vitrinin arxasında mağazanın baş tərəfində olmuş, lakin səsləri, davanı eşitmişdir. Onların əlbəyaxa olacağı heç kəsin ağlına gəlməzdi. O qabağa getməmişdir. Şəfəq ikinci dəfə marketə gələn zaman kassada Ayna olmuş, Şəfəq müdirə yaxınlaşmış və demişdir ki, kassada belə əziklər olanda o müştəri kimi keçmək istəmir, müdir gəlsin. Bundan sorna Ayna Şəfəqdən kimə əzik dediyini soruşmuşdur. Dava elə buradan başlamış, sonra isə Şəfəq söyüşə keçmiş, Aynaya ləçər demişdir. Sonra dava olmuş, Şəfəq Aynanı vurmuş, ona “sən bilirsənmi mən kiməm, mən polislə işləyirəm, səni içəri soxdurub çıxartdıraram” demişdir. Şəfəq həmin vaxt çox əsəbi olmuş və özündən çıxmışdır. O mağazanın baş tərəfində olmuş, sonradan gəlmiş, ancaq söyüşləri, səsləri eşitmişdir. O gəldikdə X5 ayırmış, sonra isə müdir gəlib araya girmişdir. Şəfəq yenə Aynanın üstünə gəlmiş, lakin müdir Oruc onu sakitləşdirmişdir. Şəfəq Aynaya təpik vurmuş, saçını yolmuş, Aynanın gözünün altına iz düşmüşdür. Ayna Şəfəq pul xırdalamaq istəyəndə ona acıqlı halda deyil, normal cavab vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o mağazada donmuş toyuqlar satılan bölməsinin səliqəyə salınmasına köməklik etmişdir. Həmin vaxt Şəfəq ona səslənərək əlindəki şirəni gəlib kassaya vurmasını xahiş etmişdir. O, Şəfəqə kassada satıcı xanımın olduğunu bildirmiş, Şəfəq isə onun gəlməsini xahiş etmişdir. Yaxınlaşanda Şəfəqin aqressiv olduğunu görmüş, Şəfəqlə Aynanın arasında sözləşmə olmuş, onlar sözləşən zaman araya girmişdir ki, əlbəyaxa olmasınlar. Çünki mağazada müştərilər çox idi. Onları ayırmağa çalışmış, ayıran zaman Şəfəq Aynaya təpik vurmuş, tərəzi olan bölməyə yaxınlaşıb Aynanın saçından tutub dartmışdır. Şəfəq Aynaya “ləçər, sənin var yoxuna tüpürüm, mən adamı içəri salıb çıxara bilirəm” sözlərini dediyini eşitmişdir. Şəfəq bu sözləri deyən zaman Ayna da qayıdıb Şəfəqin özünün olduğunu demişdir. Şəfəq hiddətli olduğu üçün sanki Aynanın ona cavab qaytarmasını gözləyirmiş kimi onun üstünə getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat işinin açılması və icraata qəbul edilməsi haqqında” 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamətləri olduğundan HK-1/584 nömrəli material üzrə ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Baxış keçirilməsi haqqında 21 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki. baxış keçirilən yer Qax şəhəri, İmam Mustafayev küçəsində yol kənarında yerləşən “Oba-7” adlanan marketdir. Həmin market avtomobil yolunun 1-2 metr sağ hissəsində yerləşir. Marketin ətrafında çoxlu sayda yaşayış evləri, mağazalar və iaşə obyektləri yerləşir. Bu ona dəlalət edir ki, marketdə baş verən kiçik bir hadisə ətrafda yaşayan, işləyən və istirahət edən şəxslərin narahatlığının pozulmasına səbəb olur. Marketin giriş hissəsi şüşə və plastikdən hazırlanmışdır. İçərisinə daxil olduqda içəridə vitrinlər, onların üzərində ərzaq malları, təmizlik vasitələri və digər əşyalar satış üçün düzülmüşdür. Marketə girişdən sol tərəfdə kassa aparatı və onun qarşısında stol və satışı üçün digər mallar vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 18 sentyabr 2024-cü il tarixdə o həmin marketdə olarkən içəriyə daxil olan Şəfəq adlı müştəri heç bir əsas olmadan onu söyüb təhqir etmiş və döymüşdür. Beləliklə baxış zamanı müəyyən edilmişdir ki, Qax şəhəri, İmam Mustafayev küçəsində yol kənarında yerləşən “Oba-7” adlanan marketin olduğu yer ictimai yerdir və həmin marketdə və ətraf ərazidə ictimai münasibətlər və insan rahatlığının pozulması halının baş verməsi tam mümkündür. Şəxsin dəvəti (icazəsi) ilə götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Oba-7” marketin içərisində olan müşahidə kameralarından xx.xx.2024-cü il tarixdə baş vermiş dava-dalaş hadisəsini əks etdirən görüntülər aşkarlanmış, görüntülərin birbaşa götürülməsi mümkün olmadığından mobil telefon vasitəsi ilə çəkilərək “DVD” diskə köçürülmüşdür. Həmin “DVD” disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 257 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ gözaltında sıyrıq - küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ Qax RMX PHŞ-dən daxil olmuş 23 sentyabr 2024-cü il tarixli, 18-1-50/2-1030/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Poliklinika şöbəsində narkoloji, ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. 24 sentyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, 01 ədəd “DVD” disk məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmişdir. Qax RİHB-nın Qax şəhəri İƏDÜN-nin verdiyi 23 sentyabr 2024-cü il tarixli 1646 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax şəhəri, İmam Mustafayev küçəsi, ev 77-də yaşayır, onun ailə tərkibi onun özündən, atası X3, anası X1 və bacısı X2 ibarətdir. Qax RİHB-nın Qax şəhəri İƏDÜN-nin verdiyi verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan Təqsirləndirilən şəxs əmək haqqı barədə məlumatdan görünür ki, şəxs "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 345 manat təşkil edir. Cinayət-Prosessual Məcəllənin 144 və 145.1-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materialına cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialına dair yekun protokolda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyi, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış keçirilməsi haqqında protokol, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilmişdir ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin təqsirliliyi sübut edilir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Cərimə növündə cəza təyin edərkən məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin miqdarı hökm çıxarılan vaxt üçün hesablanmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin əməlini etiraf edib səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, habelə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin cəzasını yüngülləşdirən hallar, təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin islah olunmasına təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasını təyin etməyi mümkün edir. Bu nəticəyə gələn zaman məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət), təqsirkarın şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, onun ilk dəfə məsuliyyətə cəlb edilməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət qanunun ilə nəzrədə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının CM-nin 43.1-ci maddəsinə əsasən ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Eyni zamanda iş üzrə maddi sübut 1 ədəd “DVD” diski məhkəməyədək sadələşdirilmiş icraat materialında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzasının başlanğıcı Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı gündən hesablansın. İş üzrə maddi sübut 1 ədəd “DVD” diski məhkəməyədək sadələşdirilmiş icraat materialında saxlanılsın. Hökmün icrası cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar