Məhkəmə qərarları › İş №1(024)-53/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-53/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-53/2024 07.11.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 12:00-da Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 12-ci mkr, bina 31, mənzil 29 ünvanı, X2 Massivində qeydiyyatsız yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələdəzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax şəhər sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya Bakı şəhərində mənzil almaqda köməklik edəcəyi vədini verib inandırmaqla buna əməl etməyib qəsdən 28 sentyabr 2022-ci il tarixdə saat 08:59-da Qax şəhəri, V.Eyvazov küçəsində yerləşən ərzaq mağazasında olan “emanat” ödəmə terminalı vasitəsilə özünə məxsus olan ”Kapital Bank”a aid 523915******1037 saylı bank kartına 3400 (üç min dörd yüz) manat pulu göndərtdirərək aldatma yolu ilə Zərərçəkmiş şəxs 3400 (üç min dörd yüz) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə yaxın münasibətləri, gediş-gəlişləri olmuşdur. Zərərçəkmiş şəxs uşağı Bakı şəhərində Universitetə qəbul olunacaqdı. O da həmin vaxt tikintidə işləmişdir. Elə oldu ki, zərərçəkmiş şəxs Bakı şəhərindən ev almaq istəyirdi. Onun tikintidə işlədiyi üçün əhatəsi geniş olmuşdur. Bir nəfərin köməkliyi ilə Zərərçəkmiş şəxs ev götürmək istəmişlər. O da həmin şirkətin işçisi olmuş, sonra elə oldu ki, atası xəstələnmişdir. Atası onkoloji xəstə idi. Ona görə də, işə məsuliyyətlə yanaşa bilməmişdir. Həmin şəxs onun da pullarını mənimsəmişdir. Sadəcə olaraq o orada imzanı düzgün atmamış, öz boynuna götürmüş və axıra qədər də sözünün üstündə durmuşdur ki, ev alınacaq, yəni bacardığı qədər buna çalışacaqdır. Həmin ərazidə olmasın, başqa bir yerdə olsun, həyət evi olsun, axırı bunu edəcək. Lakin sonra əvvəlki qədər maddi imkanı olmadığı üçün heç nə edə bilməmişdir. Zərəçəkmiş şəxs nə vaxt ona zəng etsə demişdir ki, pulu ödəniləcək, yəni heç vaxt sözündən qaçmamışdır. Hərəkətindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyəcəkdir. Odur ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs 3 il olar tanıyır. Təqsirləndirilən şəxs da dediyi kimi ev məsələsi ilə bağlı səmimi söhbətləri olmuşdur. Rüsiflə dəfələrlə bir yerdə əyləşib çörək yemiş, bu barədə söhbət etmişlər. Rüsif ev məsələsi ilə bağlı köməklik edəcəyinə dair ona vəd vermişdir. Vədinə əsasən ona məlumat vermişdir ki, 3400 manat pul göndərməlidirlər. Onlar da 3400 manat pulu Rüsifin kart hesabına köçürmüşlər. Həmin vaxtdan bu vaxtadək Təqsirləndirilən şəxs dediyi tarixlərdə öz sözünü doğrultmamış, Rüsifin də dediyi kimi atası dünyasını dəyişmiş, o da insan kimi bu halları nəzərə almışdır. Lakin görmüşdür ki, o vədinə əməl etmir, verilən sözlər, vaxtlar heç bitmir və müsbət tərəfə getmir, mənfiyə doğru gedir. Dəfələrlə Rüsifə demişdir ki, alınmırsa bu məsələni xoşluqla bitirsinlər və pulu qaytarsın. Lakin Rüsif pulu qaytara bilməmişdir. Belə olduqda isə işin axırı gəlib məhkəməyə çıxmışdır. Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsinə etiraz etmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməsi və ibtidai istintaqın aparılması qərara alınmışdır. «Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdə saat 11:50-də şübhəli şəxs qismində tutulmuşdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. «Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə» 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2024cü il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «E-manat» ödəniş portalına məxsus xx.xx.2022-ci il tarixli 161585 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus ilk və son rəqəmləri 523915..... 1037 saylı kart hesabına 3400 manat pul köçürülmüşdür. Sumqayıt şəhər bələdiyyəsi, X3 1-4-cü məhəllələr üzrə 1 saylı məhəllə komitəsinin verdiyi xx.xx.2024-cü il tarixli 0367 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, “Yaşıldərə” X3, 2-ci məhəllə, 1 saylı məhəllə komitəsinin əhatə etdiiy ərazidə, ev 169-da qeydiyyatsız yaşayır. Sumqayıt şəhəri, 2-ci məhəllə 1 saylı Məhəllə Komitəsinin sədrinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsi ilə irəli sürülmüş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır. X1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasınını Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü və Cinayət Məcəlləsinin 75-ci maddələrinə əsasən bəraətverici əsaslar olmadan barəsində olan ********* nömrəli cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Ərizədə onu da qeyd etmişdir ki, zərərçəkmiş şəxsə 3400 manat məbləğində maddi ziyan vurmuşdur və həmin məbləği hissə-hissə ödəməyə söz verir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax şəhər sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya Bakı şəhərində mənzil almaqda köməklik edəcəyi vədini verib inandırmaqla buna əməl etməyib qəsdən 28 sentyabr 2022ci il tarixdə saat 08:59-da Qax şəhəri, V.Eyvazov küçəsində yerləşən ərzaq mağazasında olan “emanat” ödəmə terminalı vasitəsilə özünə məxsus olan ”Kapital Bank”a aid 523915******1037 saylı bank kartına 3400 (üç min dörd yüz) manat pulu göndərtdirərək aldatma yolu ilə Zərərçəkmiş şəxs 3400 (üç min dörd yüz) manat məbləğində pulunu ələ keçirməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 nömrəli qərarının 1-4-cü bəndlərində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddələrində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Lakin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı qarşı dələduzluq edilməsinə dair epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə və qeyd olunan epizod üzrə özünü təqsirli bilərək icraata xitam verilməsinə razılıq verdiyindən, həmin epizod üzrə cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-in 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3–cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2–ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən məhkəməyə imzalanaraq təqdim edilmiş ərizədən görünür ki, onun CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Ona görə də cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və barəsində olan cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə iş üzrə dəymiş 3400 manat məbləğində maddi ziyanla bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanla bağlı ayrıca mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqlarının olması izah olunmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və onun tərəfindən Zərərçəkmiş şəxs dələduzluq edilməsi ilə bağlı epizod üzrə cinayət təqibini istisna edən hallar olduğuna, yəni Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanla bağlı ayrıca mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqlarının olması izah olunsun. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar