Məhkəmə qərarları › İş №1(024)-53/2025

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-53/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-53/2025 30.10.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx xxxx 2003-cü il tarixdə Qax şəhərində doğulmuş, subay, Azərbaycan Respubikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 19 iyul 2025-ci il tarixdə, saat 23:00 radələrində Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən «Qala» kafesinin həyətində tanışı Qax şəhər sakini Zərərçəkmiş şəxs ilə ona söyüş söyməsi üstündə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs baş, sifət və sol qol nahiyələrinə qəsdən bir neçə dəfə yumruqla vurmaqla ona sağ qaş nahiyəsində əzilmiş-cırılmış yara və burun sümüklərinin qapalı yerdəyişməyən sınığı ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 iyul 2025-ci il tarixdə, saat 23:00 radələrində dostu Qax şəhər sakini Vüsal ilə Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən «Qala kafesində çay içmək üçün oturmuşdur. Kafedə oturan zaman Nadir və Nurlan kafeyə gəlmiş, onlarla salamlaşaraq yanlarında dayanmışlar. Bu zaman Nadir onunla söhbət etmişdir. Nadirdən necə olduğunu soruşanda o aqressiv cavab vermişdir. Bu zaman aralarında sözlə mübahisə baş vermişdir. Vüsal mübahisənin böyüməməsi üçün Nadirə və Nurlana tərk etmələrini demişdir. Özü və Vüsal kafenin həyətinə çıxmışdır. Nurlan və Nadir də onların arxasınca çölə çıxmışdır. Həmin vaxtı Vüsalın telefonda zəng gəlmiş və o, kafedən çıxıb getmişdir. Nadir onunla mübahisə etməyə başlamışdır. Nadilər arasında olan mübahisə davaya çevrilmişdir. Nadir ona söyüş söymüşdür. Əsəbləşdiyindən onun baş və sifət və sol qol nahiyələrindən bir neçə dəfə yumruqla vurmuşdur. Bundan sonra Nadirin yanında olan dostu Nurlan onu kafedən çıxartmışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən onun bağışlanmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş xx xxxxx 2008-ci il tarixdə doğulmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 iyul 2025-ci il tarixdə, saat 23:00 radələrində dostu Nurlan ilə Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən «Qala» kafesinə çay içmək üçün getmişdir. Həmin kafeyə daxil olub çay sifariş etmişdir. Kafedə olan zaman tanıdığı Qax şəhər sakinləri olan Vüsal və Musanı görmüşdür. Salamlaşıb onların yanına getmişdir. Musa ilə söhbət etmişdir. Musa onunla aqressiv danışdığını bildirmişdir. O isə normal danışdığını demişdir. Aralarında mübahisə yaranmışdır. Vüsal onlara mübahisə böyüməsin deyə çıxıb getmələrini bildirmişdir. Bundan sonra isə özü və Nurlan çölə çıxmışdır. Musaya yaxınlaşıb onunla aqressiv danışmadığını demişdir. Aralarında mübahisə düşmüşdür. Həmin vaxtı Vüsalın telefonuna zəng gəlmişdir. Vüsal telefonla danışa-danışa kafedən çıxıb getmişdir. Musa ilə aralarında olan mübahisə davaya çevrilmişdir. Musa dava zamanı onun sifət, baş və sol qol nahiyələrindən yumruqla vurmuşdur. Nurlan onları ayırmışdır. Onun başından və qolundan qan gəlmişdir. Restorandan çıxaraq yaşadığı evə tərəf getmişdir. Qax şəhəri İ.Mustafayev küçəsində yerləşən parkın yuxarı tərəfmə yenicə çatmışdı ki, Vüsal ilə qarşılaşmışdır. Aralarında mübahisə baş vermiş və Vüsal onun alt dodaq nahiyəsinə sillə ilə vurmuşdur. Hal-hazırda onlar barışmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nadir onun bacısı oğludur. 20 iyul 2025-ci il tarixdə, saat 11:38 radələrində bacısı oğlu Nadirin döyülməsi barədə 102 xidmətinə məlumat vermişdir. Nadiri 19 iyul 2025-ci il tarixdə, saat 23:00 radələrində Qax şəhər sakini Musa adlı şəxs «Qala» kafesinin həyətində döymüşdür. Nadir hadisə zamanı sifət, baş və sol qol nahiyələrindən xəsarət almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 19 iyul 2025-ci il tarixdə, saat 23:00 radələrində dostu Qax şəhər sakini Zərərçəkmiş şəxs ilə Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən «Qala» kafesinə çay içmək üçün getmişdir. Həmin kafeyə daxil olub çay sifariş etmişdirlər. Həmin vaxtı kafedə olan tanıdıqları Qax şəhər sakinləri olan Vüsal və Musanı görmüşlər. Salamlaşıb onların yanına getmişlər. Nadir Musa ilə söhbət etmişdir. Musa Nadirə onunla aqressiv danışdığını bildirmişdir. Nadir isə onunla normal danışdığını demişdir. Onların arasında mübahisə olmuşdur. Vüsal onlara mübahisə böyüməsin deyə çıxıb getmələrini bildirmişdir. Bundan sonra isə özü və Nadir çölə çıxmışdır. Nadir Musaya yaxınlaşıb onunla aqressiv danışmadığını demişdir. Onların arasından yenidən mübahisə düşmüşdür. Həmin vaxtı Vüsalın telefonuna zəng gəlmişdir. Vüsal telefonla danışa-danışa kafedən çıxıb getmişdir. Musa ilə Nadirin arasında olan mübahisə davaya çevrilmişdir. Musa dava zamanı Nadirin sifət, baş və sol qol nahiyələrindən yumruqla vurmuşdur. Onları ayırmışdır. Nadirin başından və qolundan qan gəlmişdir. Bundan sonra Nadir restorandan çıxıb getmişdir. Daha sonra baş verənlərdən məlumatı olmamışdır. Vüsal Nadiri kafedə döyməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 19 iyul 2025-ci il tarixdə, saat 23:00 radələrində Qax şəhəri İ.Mustafayev küçəsində yerləşən «Qala» kafesində çay içmək üçün getmişdir. Kafenin həyətinə daxil olanda orada üzdən tanıdığı Qax şəhər sakinləri Vüsal və Musa adlı uşaqlar olmuşdur. Onların yanında isə Nadir və Nurlan adlı tanıdığı şəhər sakinləri vardır. Nadir Musa ilə mübahisə etmişdir. Vüsala həmin vaxtı zəng gəlmiş və o telefonla danışa-danışa kafedən çıxıb getmişdir. Nadir və Musa arasında olan mübahisə davaya çevrilmişdir. Mübahisə zamanı Nadir Musanı nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Musa ona düzgün danışmasını bildirmişdir. Lakin Nadir yenə söyüş söymüşdür. Musa da əsəbləşdiyindən onu döyməyə başlamış, Nadirin baş, sifət və sol qol nahiyələrindən bir neçə dəfə yumruqla vurmuşdur. Nadirin üzündən qan gəlməyə başlamışdır. Həmin vaxtı Nadirin yanında olan Nurlan onu çölə çıxartmışdır. Hadisə zamanı orada özü, Nurlan, Nadir olmuşdur. Nadiri Musa vurmuşdur. Vüsal Nadiri kafedə döyməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 19 iyul 2025-ci il tarixdə, saat 23:00 radələrində dostu Qax şəhər sakini Musa ilə Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən «Qala» kafesində çay içmək üçün oturmuşdur. Yenicə kafedə oturmuşdur ki, Nadir və Nurlan kafeyə gəlmiş və onlarla salamlaşaraq yanınanda dayanmışdır. Bu zaman Nadir dostu Musa ilə söhbət etmişdir. Bu zaman onların arasında olan söhbət mübahisəyə çevrilmişdir. Mübahisənin böyüməsindən narahat olaraq Nadir və Nurlana kafeni tərk etmələrini demişdir. Özü və Musa kafenin həyətinə çıxmışdır. Nadir və Nurlan da onların arxasınca çölə çıxmışdır. Ona telefonda zəng gəlmiş və özü də kafedən çıxıb piyada telefonla danışa şəhər parkına tərəf düşmüşdür. Təxminən 15 dəqiqə parkın kənarında dayanıb siqaret çəkən zaman oradan Nadirin keçdiyini görmüşdür. Nadiri səsləyib yanına çağırmışdır. Nadirin üzü qan içində olmuşdur. Ona nə səbəbə kafedə Musa ilə mübahisə etdiyini soruşmuşdur. Nadir ona əsəbi halda görmürsən Musa döyübdür demişdir. Özü də ona Musa ilə danışmasını məsələni yoluna qoymasını bildirmişdir. Nadir ondan və Musadan şikayət edəcəyini demişdir. Özü də əsəbləşdiyindən bir dəfə onun alt dodağından sillə ilə vurmuşdur. Bundan sonra Nadir oradan çıxıb getmişdir. Nadiri kafedə vurmamışdır. Ona şəhər parkının yanında bir sillə vurmuşdur. Nadir şəhər parkının yanında vuran zaman orada heç kim olmamışdır. Heç kim həmin hadisənin şahidi olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxış iclas zamanı elan olunaraq tədqiq edilmiş sənədlər: Fakt üzrə 18 avqust 2025-ci il tarixdə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* №li cinayət işi başlanmışdır (səh.,1). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya X1 Şəxsin Balakən rayon şöbəsi tərəfindən verilmiş 100 №li, 31 iyul 2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətləronun sağ qaş nahiyəsində əzilmiş-cırılmış yara, sol gözlaıltı nahiyədə, alt dodaqda və sol saiddə sıyrıqlar, burun sümüklərinin qapalı yerdəyişməyən sınığı-bərk-klit əşyanın (əşyalalrın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 19 iyul 2025-ci il tarixdə insan bədənin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər, sağ qaş nahiyəsində əzilmiş-cırılmış yara və burun sümüklərinin qapalı yerdəyişməyən sınığı birlikdə və ayrı-ayrılıqda dərəcəsinə görə, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol gözlaıltı nahiyədə, alt dodaqda və sol saiddə sıyrıqlar isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir (səh.,31). Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrinin İdarəetmə X1 Şəxs «Qax RMX» PHŞ tərəfindən verilmiş 18-1-50/2-928/2025 №li, 15 avqust 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs rayon poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur (səh., 84). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 avqust 2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh., 62). 12 sentyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 130). Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasənsağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalır. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. İbtidai istintaq orqanından fərqli olaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsində cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyində, xüsusilə də məcəllələrin əksəriyyətində «azyaşlı» sözündən istifadə olunur. Lakin qanunvericilik aktlarının hər hansı birində «azyaşlı» sözünün məzmunu ilə əlaqədar dəqiq hüquqi çərçivə müəyyən edən norma nəzərdə tutulmamışdır. Mülki Məcəllə «azyaşlı» sözünün məzmununu müxtəlif normaların təhlili (müqayisəsi) vasitəsilə müəyyən etmək olur. Mülki Məcəllə «azyaşlı» anlayışını hüquqi nəticə doğurmaq nöqteyi-nəzərindən iki məzmunda işlədir: 1) 7 yaşınadək olan yetkinlik yaşına çatmayanlar (azyaşlılar)-Mülki Məcəllənin 28.3-cü maddəsi; 2) 7 yaşınından 14 yaşınadək olan yetkinlik yaşına çatmayanlar (azyaşlılar)- Mülki Məcəllənin 344.1.-ci, 1103.1-ci, 1120.1-ci maddələri. Beləliklə, Mülki Məcəllə «azyaşlı» dedikdə, 14 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxsləri nəzərdə tutur. İİ. Əmək Məcəlləsində «azyaşlı» sözündən istifadə edilsə də, onun məzmununun nədən ibarət olduğu birbaşa müəyyən edilmir. Əmək Məcəlləsinin 248-ci maddəsinə əsasən dolayı yolla belə qənaətə gəlirik ki, yaşı 18-dən az olan şəxslər azyaşlı hesab edilirlər. İİİ. Ailə Məcəlləsinin yalnız 96-cı, Mülki Prosessual Məcəllənin 104.4.1-ci, İnzibati Xətalar Məcəlləsinin isə 32.1.3-cü maddələrində «azyaşlı» sözündən istifadə edilir, lakin hansı yaş həddində olan şəxslərin azyaşlılar sırasına aid olduğu açıqlanmır. İV. Cinayət Məcəlləsinin 59.1.4.-cü, 61.1.7-ci və 79-cu maddələrində «azyaşlı» termini işlədilir. Yalnız 79-cu maddənin adı ilə dispozisiyasının müqayisəsi nəticəsində belə qənaət hasil edə bilərik ki, CM-də «azyaşlı» dedikdə, 14 yaşı tamam olmamış şəxslər nəzərdə tutulur. Məhkəmə cəza təyin edərkən həm də Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzadan nisbətən az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza təyin olunarkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətin göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara diqqət yetirilməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, müsbət xarakterizə olunmasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52- 1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan 1 ünvanda yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 10 saata görə 110 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən «06» (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan 2 ünvanda yerləşən evini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 10 saata görə 110 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar