Məhkəmə qərarları › İş №1(024)-54/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-54/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-54/2024 14.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində şikayət verilən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə Qax Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayətlə Qax Rayon Məhkəməsinə müraciət edərək onu xüsusi ittihamçı qismində tanımaqla və şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymış, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 tərəfindən AR CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi onunla təsdiq olunur ki, o, xx.xx.2024-cü tarixdə saat 15:33-də Qax şəhəri, Azadlıq prospektində küçədə məhkəmə binasının qarşısında ona qarşı nalayiq küçə söyüşləri söyərək atasının, qardaşının və orada olan digər şəxslərin yanında ona “heyvan oğlu, heyvan, it balası və.s” ifadələr işlədərək onu təhqir etmişdir. Bu barədə şahidlərin iştirakı ilə akt tərtib olunmuş və imzalanmışdır. Məlum olduğu kimi onun barəsində CM-nin 127.2.3-cü və 221.2.1 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2024-cü il tarixə təyin edilmiş və məhkəmə prosesinə zərərçəkmiş şəxs kimi tanınan X6 və onun anası X3 gəlmiş, məhkəmədən sonra isə yuxarıda qeyd olunan hadisə baş vermişdir. Odur ki, özünü xüsusi ittihamçı qismində tanımaqla, xüsusi ittiham qaydasında şikayətinin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, 03 oktyabr 2024-cü il tarixdə saat 14:10-da onun Azərbaycan Respubliksının CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxış iclası olmuşdur. Məhkəmə prosesi başa çatdıqdan sonra onlar zalı tərk etmişlər. Zalı tərk edən andan Zərifə Camalova və onun bibisi zaldaca onların ünvanına “Qaçqınlar, rədd olun gedin öz torpaqlarınıza filan” demişlər. Məhkəmədən bayıra çıxmış, bayırda olarkən X4 həm anası, həm də bibisi nalayiq ifadələr işlətmişlər. Atasının və qardaşının yanında, ictimai yerdə onun haqqında “it balası, heyvan oğlu” kimi nalayiq ifadələri işlətmişlər. O isə Akt tərtib etmiş və şikayət vermək qərarına gəlmişdir. Hadisə baş verəndə orada vəkil X7, həmçinin küçədə insanlar - Bəkir dayı, Süleyman dayı olmuşdur. Hətta məhkəmədən çıxanda mühafizə polisinə demişdir ki, Akt tərtib etsin. Zaldan çıxıb dəhlizdəcə söyüş söyməyə, onu təhqir etməyə başlamışlar. O bu barədə dərhal bildirmiş, icra məmuruna da məlumat vermişdir. Şikayətin icraata götürülməsini xahiş etdi. Barəsində şikayət verilən şəxs X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, həmin gün Xəyal Hüseynov şahid qıza suallar verən zaman gülürdü, sanki sevinirdi. Onları qıcıqlandırmaq üçün, yaxud başqa məqsədlə olduğunu bilmir, sadəcə Xəyal Hüseynov həmin vaxt şən-şux əhval-ruhiyyədə idi. Bir ana olaraq oğlunu bu vəziyyətə salan insanın bu cür hərəkəti ona pis təsir etmişdir. Oradan çıxdıqdan sonra da o, Xəyala nə demişdir, nə deməmişdir, xatırlamır. Yəni, ani olaraq məhkəmə başa çatmış, məhkəmədən çıxmışlar, heç bilmir nə demişdir, nə deməmişdir, bunu xatırlamır. Özü epillepsiya xəstəsidir. Ola bilsin nəsə demişdir, ancaq o ani olaraq Allah onu istəmişdir, ki, oraya çıxanda özündən getməmişdir. Oğlunu bu vəziyyətdə salıbsa, o cür döyübsə, hansı ki, fotoşəkillərdə də var, bir ana olaraq özündən asılı olmadan ağzından hansısa söz çıxmış ola bilər. Hazırda onu deyə bilər ki, o bir şəhid bacısıdır. Oğlunun məhkəməsi niyə bu qədər vaxt uzanır? Neçə aydır, dörd-beş aydır ki, uzanır. Yəni onu deyə bilər ki, özündə olmamışdır, nə deyib, nə deməyib heç özü də bilmir. Xəyal Hüseynovun anası onu o vəziyyətdə görsəydi nə deyərdi? Oğlu döyülən gün Xəyalın anası, atası, bacısı, qohumları onlara ailəvi gəlmişlər. Hamısı otağa keçərək Muradı görmüş, oturmuş, heç nə deyə bilməyib, özləri belə donub, şoka düşüb, çıxıb getmişlər. Əgər onlar təhqir edən, nəsə deyən insanlar olsa idilər həmin vaxt deyərdilər. O gün o nəsə ifadə işlətmişsə burada bir qəbahət yoxdur. O bir anadır. Bir şəhid bacısı olaraq o, qardaş itirmişdir. Onların torpaqlarında şəhid olmuşdur. Onlar gəlib Qax rayonunda rahat, ürəkləri istədiyi kimi hərəkət edib, işləyib ailələrinə baxa bilirlər. Onun isə qardaşı şəhid olmuş, balası yetim qalmışdır. Onlar şəhid itirmişlər, əzizini itirmişlər. Onların ən böyük qardaşı dünyadan köçmüşdür. Odur ki, xüsusi ittiham qaydasında şikayətin qəbul olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasının yoxlanmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Cinayət Prosessual Məcəllənin 302.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 302-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür ki, şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxsin Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini bildirərək onun həmin maddə ilə məhkəməyə verilməsinə nail olmağa çalışır. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (Cinayət Məcəlləsinin 148-ci maddəsi). Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət tərtib edilən zaman Cinayət Prosessual Məcəllədə əksini tapmış forma və tərtibata da riayət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Cinayət Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, bundan başqa həmin Məcəllənin 302.1.7-ci maddəsinə müvafiq olaraq şikayət əsassız olmaqla və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları təqdim etmədiyindən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar