Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-6/2023 26.01.2023 QAX RAYON MƏHKƏMƏSİ Saat 12:40–da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1-xx.xx.1998-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqından iltizam qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Belə ki, o 09 iyul 2022-ci il tarixdə saat 03 radələrində Qax rayonu Qax- İngiloy kəndində yerləşən fərdi yaşayış evində aralarında baş vermiş mübahisə zamanı tanışı Qax şəhər sakini Təqsirləndirilən şəxs2 sifətinə və bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə bir-neçə dəfə qəsdən vuraraq, sonuncuya alın və sol göz nahiyyəsində hematoma, alt dodağın iç səthində və sağrının aşağı bayır hissəsində sıyrıqlardan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Мəhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 onun tanışıdır. 08 iyul 2022-ci il tarixdə Şəbnəmlə birlikdə araq işdikdən sonra Şəbnəmin yaşadığı evə getmişlər. 09 iyul 2022-ci il tarixdə saat 03 radələrində Şəbnəmgildə olarkən Şəbnəmin ondan əvvəl kimləsə münasibəti olmasına görə aralarında mübahisə yaranmışdır. Şəbnəm ona həmin münasibətin ondan qabaq olmasını desə də, o sərxoş vəziyyətdə olduğu üçün əsəbləşərək, yumruqla onun sifət nahiyəsindən bir dəfə vurmuşdur. Zərbədən Şəbnəm yerə yıxılmış, bundan sonra Şəbnəmə bir neçə dəfə təpiklə vurmuşdur. Bundan sonra Şəbnəmin atası Əli o biri otaqdan gəlib onu ayırmaq istəmiş, o isə qarışmamasını demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 üzr istəyərək onunla barışmağa cəhd etsə də, Şəbnəm onunla barışmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, o, atası Əli ilə birlikdə Qax rayonu Qax-İngiloy kəndində yaşayır. Təqsirləndirilən şəxs1 təxminən 9 aydır ki tanıyır. Məhəmmədlə aralarında sevgi münasibətləri yaranmışdır. Məhəmməd hərdənbir onun evində qalır. 09 iyul 2022-ci il tarixdə saat 03 radələrində Məhəmməd onun evində olmuşdur. Həmin vaxtı Məhəmməd sərxoş olmuş, onu qısqandığı üçün aralarında mübahisə olmuşdur. Məhəmməd mübahisə vaxtı onun üstünə gəlmiş, sifət nahiyyəsinin sol tərəfinə bir dəfə yumruqla vurmuşdur. Məhəmmədin onu yumruqla vurandən sonra yerə yıxılmış, bu zaman Məhəmməd onu təpikləməyə başlamışdır. Bu zaman atası Əli evin o biri otağından gəlib onları ayırmaq istəsə də, ayırmaq istəmiş, bu zaman Məhəmməd əlində olan çəngəllə onun üstünə gələrək, onu vurmaq istəmişdir. Həmin çəngəl onun sinə nahiyəsini çızmışdır. O, qorxub qışqırdıqda Məhəmməd evi tərk etmişdir. Bundan sonra təcili tibbi yardım avtomobili çağırmış, onu xəstəxanaya aparmışlar. Məhkəmədən Təqsirləndirilən şəxs1 ilə barışmadığını göstərərək, ona qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 onun qızıdır. Təqsirləndirilən şəxs1 Şəbnəmin tanışıdır. 09 iyul 2022-ci il tarixdə saat 03 radələrində evdə yatan zaman evin o biri otağında səs olmasını eşitmişdir. O, həmin otağa gedəndə Məhəmmədin Şəbnəmi döyməsini görmüşdür. O, Məhəmmədin üstünə gedərək, onun Şəbnəmi vurmasına əngəl olmaq istəmişdir. Bu zaman Məhəmməd onun üstünə gələrək, onu vuracağını demişdir. O, da Məhəmmədin onun üstünə gələrək onu vurmasından ehtiyat edib kənara çəkilmişdir. İşin 15-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 160 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: alın və sol göz nahiyəsində hematoma, alt dodağın iç səthində selikli qişasında qansızma, döş qəfəsinin ön səthində və sağ sağrının aşağı bayır hissəsində sıyrıqlar - bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə yəni, xx.xx.2022-ci il tarixdə, insanın bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşin 19-20-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ idarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İşin 49-cu vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri olan Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də Qax şəhəri, Ş.Rustaveli küçəsi, ev 14, mənzil 34-də yerləşən yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayş yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində yaşadığı Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax şəhəri, Ş.Rustaveli küçəsi, ev 14, mənzil 34-də yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin.Cəzasının əvvəli icra və probasiya orqanında qeydiyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №1(024)-6/2023
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-6/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver