Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-60/2023 19.10.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 11:00-da Qax şəhərində Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.2003-cü ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs qəsdən silah qismində istifadə etdiyi əşya ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə qəsdən 09 iyul 2023-cü il tarixdə, saat 22 radələrində ictimai yerdə, yəni Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafedə Qax rayonu, Lələli kənd sakini Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlədərək mübahisə yaratmış, daha sonra o, özünün üstünlüyünü cəmiyyətə nümayiş etdirmək məqsədilə ucadan nalayiq ifadələr işlətmiş, kafedə istirahət edən şəxslərin rahatlığını və istirahətini pozmuş, kənar şəxslərin onu nizam-intizama dəvət etməsinə baxmayaraq aqressivlik nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, özünün cəmiyyətdə üstünlüyünü nümayiş etdirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nəzakətli davranmalı olduğu halda bunu etməməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, həmçinin əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edərək Zərərçəkmiş şəxs1 qəsdən götürüb yerə yıxaraq sonuncuya təpə nahiyəsində 1 (bir) ədəd, sol gözündə 1 (bir) ədəd sıyrıqdan ibarət sağlamlığa zərərvurmayan bədən xəsarəti yetirmiş, həmçinin həmin vaxtı ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərərək yəni onu intizama dəvət etməklə sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs2 qəsdən sağ əlinin İ barmağını qatlamş, daha sonra isə kafedəki stolun üzərindən götürdüyü soyuq silah hesab edilməyən nəlbəki ilə sonuncunun baş nahiyəsindən 1 dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs2 alın-təpə nahiyəsində 1 (bir) ədəd sıyrılmış yara, sağ əlinin İ barmağın İ falanqasında 1 (bir) ədəd qançırdan ibarət sağlamlığa zərərvurmayan bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə dostu Cavidin ad gününü dostları Nesrin, Cavid, Zərqələm, özü və Elməddinlə birlikdə Qax şəhərində yerləşən “Kürmük” adlı kafedə qeyd etmişlər. O, Cavid, Elməddin və Zərqələm spirtli içki qəbul etmiş, Nesrin isə kofe içmişdir. Elməddin bir-neçə dəqiqə oturub çıxıb getmişdir. Təxminən 2 saat sonra saat 22 radələrində Zərqələmlə Cavid masadan qalxaraq kabinetə keçmiş, bir-neçə dəqiqədən sonra kabinetdən çıxmışlar. Onlardan kabinetə nəyə görə girdiklərini soruşduqda, Zərqələm köynəyinin sepi açıldığını, onu bağlamağı Caviddən xahiş etdiyi üçün kabinetə keçdiklərini demişdir. Onlara inanmayaraq, başqa məqsədlə oraya girdiklərini düşünmüş, əsəbiləşərək Cavidi sinəsindən itələmişdir. Bu zaman aralarında mübahisə düşmüş, kafenin sahibi Vüsal və digər şəxslər onları sakitləşdirmişlər. Bundan sonra o pivə sifariş etmiş, lakin Vüsal pivənin qurtardığını demişdir. O, bundan əsəbiləşmiş, Vüsalla mübahisə etməyə başlamışdır. Vüsalın qohumları araya girərək onları sakitləşdirmək istəyərkən mübahisə daha da qızışmış, orada olan yaşlı bir kişi, sonradan kafe sahibi Vüsalın atası olduğunu bildiyi şəxs onu sakitlədirmək istəyərkən onu qucağına qaldırıb kənara atmış, daha sonra isə qardaşı Orxanın sağ əlinin İ barmağını qatlamış, kafedəki stolun üzərindən götürdüyü nəlbəki ilə onun başından vuraraq xəsarət yetirmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzr istəyərək onlarla barışmış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onu bağışlamışlar. Məhkəmədən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, gənc olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, oğlu Şahid1 iki ilə yaxındır ki, Qax şəhərində yerləşən “Kürmük” adlı kafeni işlədir. xx.xx.2023-cü il tarixdə Ukraynada yaşayan qardaşı X4 onlara qonaq gəlmiş, birlikdə Vüsalın işlətdiyi kafeyeə getmişlər. Həmin günü saat təxminən 22:30 radələrində qardaşı ilə kafedə oturub çay içən zaman 5 nəfər şəxs iki qız və üç oğlan bir-biri ilə mübahisə etməyə başlamışlar. Mübahisəni başladan orada olan adını Zəniş olaraq eşitdiyi qadın olmuş, onlar bir-birinə nalayiq sözlər demiş, özləri əyləşən masanı aşırmış, lakin qab-qacaq sınmamışdır. O və oğlu Orxan onları sakitləşdirərkən onlardan Vüsal adlı şəxs onun yaxasından tutaraq yerə çırpmış, oğlu Orxanın başına orada olan nəlbəkini vurmuşdur. O və oğlu Orxan xəsarət almışlar. Hadisə təxminən 15-20 dəqiqə çəkmiş, kafedə onlardan başqa müştərilər də olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs törətdiyi əmələ görə ondan üzr istəmiş və onlar barışmışlar. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qardaşı Şahid1 iki ilə yaxındır ki, Qax şəhərində yerləşən “Kürmük” adlı kafeni işlədir. xx.xx.2023-cü il tarixdə Ukraynada yaşayan əmisi X4 onlara qonaq gəlmişdir. Atası ona qardaşı Vüsalın kafesində oturub istirahət etməyi təklif etmiş, özünə məxsus “VAZ 21099” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları kafeyə aparmaq qərarına gəlmişdir. Onun gözləri zəif gördüyü üçün dostu Elməddindən onları kafeyə aparmasını xahiş etmiş, Elməddin onları aparıb kafeyə düşürmüş, maşını orada qoyub çıxıb getmişdir. Kafeyə çatanda saat təxminən 21:30 olmuş, atası əmisi ilə kafedə əyləşib söhbət etmiş, o isə qardaşı Vüsalla müştərilərə xidmət etmişdir. Həmin günü saat 22:30 radələrində həyətə çıxaraq telefonla danışan zaman, kafenin içərisindən səs-küy gəldiyini eşitmiş, içəri keçəndə orada olan müştərilərdən Vüsal adlı şəxs stol və stulları aşırıb müxtəlif ünvansız söyüşlər söymüşdür. X15 adlı müştərini sakitləşdirməyə çalışan zaman Vüsal atasını yıxmış, həmin vaxtı o Vüsalı bayıra çıxarmaq istəyərkən onun sağ əlinin baş barmağını qatlayaraq xəsarət yetirmiş, masanın üzərindəki nəlbəkini götürərək onun başına vurmuşdur. Hadisə təxminən 15-20 dəqiqə çəkmiş, kafedə onlardan başqa müştərilər də olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs törətdiyi əmələ görə ondan üzr istəmiş və onlar barışmışlar. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 onun atası, Zərərçəkmiş şəxs2 isə qardaşıdır. O, təxminən iki ilə yaxındır ki, Qax şəhərində yerləşən “Kürmük” adlı kafeni işlədir. xx.xx.2023-cü il tarixdə Ukraynada yaşayan əmisi Tahir onlara qonaq gəlmişdir. Həmin günü saat təxminən 22 radələrində əmisi, atası kafeyə gəlmişlər. Həmin vaxtı kafedə oturub ad gününü qeyd edən şəxs iki qız, üç oğlandan ibarət 5 nəfər müştərilər bir-biri ilə mübahisə etmiş, atası Qürbət və kafedə olan digər şəxslər onları sakitləşdirmişlər. Həmin vaxtı müştəri Vüsal ondan pivə gətirməsini tələb etmiş, o isə pivənin qurtardığını demişdir. Bundan sonra Vüsal adlı müştəri yenidən onunla mübahisə etməyə başlamışdır. Atası Qürbət və qardaşı Orxan onları sakitləşdirərkən Vüsal adlı müştəri atasının yaxasından tutaraq yerə çırpmış, qardaşı Orxanın başına orada olan nəlbəkini vurmuşdur. Atası və qardaşı xəsarət almışlar. Vüsalın hərəkətləri təxminən 15-20 dəqiqə çəkmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs işlətdiyi kafedə ofisant işləyir. xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində işlədiyi kafedə olan zaman əvvəllər də tanıdığı Vüsal və bir neçə nəfər tanımadığı şəxsi kafedə ad günü qeyd etmişlər. Həmin şəxslər arasında mübahisə yaranmış, mübahisə davaya çevrilmişdir. Həmin vaxtı o mətbəxə keçmişdir. Bir müddət sonra kafeyə polis əməkdaşları gəlmişdir. Davanın konkret olaraq kimlər arasında olduğunu görməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Qax şəhərində yerləşən “Kürmük” adlı kafedə dostları Zərqələm, Nesrin, Vüsal və Elməddinlə birlikdə onun ad gününü qeyd etmişlər. O, Zərqələm,Vüsal və Elməddin spirtli içki qəbul etmiş, Nesrin isə kofe içmişdir. Dostu Təqsirləndirilən şəxs pivə sifariş etmiş, kafenin sahibi Vüsal adlı şəxs pivə olmadığını, qurtardığını demiş, dostu Vüsal isə kafe sahibinin yalan danışdığını və pivənin olduğunu demişdir. Vüsal kafenin sahibi Vüsalla mübahisə etməyə başlamış, həmin vaxt kafedə oturub çay içən və kafenin sahibi Vüsalın qohumlarının müdaxilə etdiklərini, onları sakitləşdirdirməyə çalışsalar da, dostu Vüsal əsəblərinə hakim ola bilməyərək kafe sahibi Vüsalın üzərinə getmiş, kafe sahibi Vüsalın atasını itələmiş, həmin vaxtı kafe sahibi Vüsalın qardaşı araya girmişdir. Daha sonra polislər kafeyə gələrək onları polis şöbəsinə aparmışlar. Şahid X5 məhkəmə iclasında Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Qax RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir və polis serjantıdır. xx.xx.2023-cü il tarixdə polis serjantı X16 şəhərində post patrul xidmətində olduqları zaman saat təxminən 22:30 radələrində Qax şəhərində yerləşən “Kürmük” adlı kafedə bir neçə nəfər şəxsin ucadan səs-küy etdiklərini və əlbəyaxa olduqlarını görmüş, onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Dava edən şəxs Təqsirləndirilən şəxs onların tələblərinə tabe olmaq istəməmiş, Vüsalı özləri ilə birlikdə Qax RPŞ-nə gətirmiş, digər şəxsləri də RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində həmin şəxslərin Qax şəhər sakinləri X5, Şahid5, Təqsirləndirilən şəxs, Şahid2, Zərərçəkmiş şəxs2 olduqlarını öyrənmişlər. Həmin şəxslərdən dava edənin Təqsirləndirilən şəxs olduğunu, digərlərinin onu sakitləşdirməyə çalışdıqları müəyyən edilmişdir. Uzaqdan Təqsirləndirilən şəxs kiməsə əli ilə vurduğunu görmüş, lakin kimi vurduğunu bilməmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmaqla təsdiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışı Şahid5 ad günü olduğu üçün Qax şəhərinə onun ad gününə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Qax şəhərində yerləşən “Kürmük” adlı kafedə dostları Nesrin, Vüsal, Cavid, özü və Elməddinin əyləşərək ad günü qeyd etmiş, özü, Vüsal, Cavid və Elməddinin spirtli içki qəbul etmişlər. Nesrin isə kofe içmişdir. Təxminən 2 saat sonra saat 22:30 radələrində dostu Təqsirləndirilən şəxs pivə sifariş etmiş, kafenin sahibi Vüsal adlı şəxs pivə olmadığını, qurtardığını demişdir. Dostu Vüsal onlara yalan danışdıqlarını, kafedə pivə olduğu halda onlara vermədiklərini demiş, kafenin sahibi Vüsal adlı şəxslə dostu Təqsirləndirilən şəxs mübahisə etməyə başlamışlar. Həmin vaxt kafe sahibi Vüsalın kənarda olan qohumları müdaxilə etmiş, onları sakitləşdirmişlər. Lakin kafe sahibi Vüsal ona söyüş söydüyü üçün 102 xidmətinə şikayət edəcəyini bildirmiş, kafe sahibi Vüsal ikayətdən qorxmadığını, şikayət edəcəyi təqdirdə özünə heç nə olmayacağını demişdir. Söhbət edərkən dostu Vüsal yenə əsəblərinə hakim ola bilməmiş, kafe sahibi Vüsalın üstünə getmiş və mübahisə etməyə başlamışlar. Kafe sahibi Vüsalın qohumları dostu Vüsalı sakitləşdirmək istəyərkən dostu Vüsal kafe sahibi Vüsalın atasını itələmiş, bu zaman kafe sahibi Vüsalın qardaşı araya girmişdir. Daha sonra polislər oraya gələrək onları polis şöbəsinə aparmışlar. Sərxoş olduğu üçün həmin vaxtı kimin kimə vurduğunu xatırlmır. O, özü xəsarət almamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla təsdiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Qax şəhərində yerləşən “Kürmük” adlı kafedə dostları Nesrin, Vüsal, Cavidlə birlikdə ad gününü qeyd etməyə getmişlər. Kafenin girişində sağdakı masada əyləşmişlər. O, Cavid, Zərqələm pivə, Nesrin isə kofe sifariş etmişdir. O, işi çox olduğu üçün dayana bilməmiş, iki bakal pivə içərək getmişdir. Səhəri günü isə, o dostu Təqsirləndirilən şəxs kafeni işlədən Vüsal adlı şəxsin atası Qürbət adlı şəxsi yerə yıxdığını, daha sonra isə qardaşı Orxanın barmağını qatladığını və başına nəlbəki vurduğunu eşitmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla təsdiq edilmiş Şahid4 Babək oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qax RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir və polis serjantıdır. xx.xx.2023-cü il tarixdə polis serjantı Şahid8la Qax şəhərində post patrul xidmətində olduqları zaman saat təxminən 22:30 radələrində Qax şəhərində yerləşən “Kürmük” adlı kafedə bir neçə nəfər şəxsin ucadan səs-küy ediklərini və əlbəyaxa olduqlarını görmüş, onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onların tələblərinə tabe olmaq istəməmiş, ona görə də onu Qax RPŞ-nə gətirmişlər. Digər şəxsləri də RPŞ-nə dəvət etmişlər. Həmin şəxslərin Qax şəhər sakinləri X5, Şahid5, Təqsirləndirilən şəxs, Şahid2, Zərərçəkmiş şəxs2 olduqlarını öyrənmişlər. Həmin şəxslərdən dava edən Təqsirləndirilən şəxs olmuş, digərləri onu sakitləşdirməyə çalışmışlar. Bu səbəbdən Təqsirləndirilən şəxs götürərək özləri ilə Qax RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 105-ci vərəqəsində olan “Qax MRX” X12 verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX-nın narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İşin 39-cu vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 110 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 təpə nahiyəsində 1 ədəd və sol gözündə 1 ədəd sıyrıqlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşin 42-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 109 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 alın-təpə nahiyəsində 1 ədəd sıyrılmış yara, sağ əlinin İ falanqasında 1 ədəd qançr-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşin 18-23-cü vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdə, saat 22:08 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafedə Qax rayonu, Lələli kənd sakini Zərərçəkmiş şəxs1 yerə yıxdığını və Zərərçəkmiş şəxs2 İ barmağını qatlayaraq, daha sonra isə kafedəki stolun üzərindən götürdüyü nəlbəki ilə sonuncunun baş nahiyəsindən vurduğunu göstərmişdir. İşin 24-26-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş video görüntünün könüllü təqdim edilməsi zamanı baxış keçirilməsi və götürülməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Şahid1 icarə əsasında istifadə elədiyi kafedə dava-dalaş salaraq əvvəlcə Zərərçəkmiş şəxs1 yıxmış, sonra isə Zərərçəkmiş şəxs2 barmağını qatlayaraq və nəlbəki ilə onun baş nahiyəsindən vuraraq xəsarət yetirmişdir. İşin 69-70-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 78-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 1266 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, Peşə məktəbinin yataqxanasında yaşayır, onun ailə tərkibi onun özündən atası X6, anası X7 və X2 ibarətdir. İşin 79-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteizə olunur. İşin 104-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş “maddi sübut kimi tanınma haqqında” 31 avqust 2023-cü il tarixli qərarından görünür ki, bir ədəd 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildi. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 11-ci bəndində göstərilir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan CM-nin 221.3-cü maddəsilə tövsif olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə, xuliqanlığın tövsifedici əlamətlərinin mövcudluğundan asılı olaraq, hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında aydınlıq gətirilmişdir. Həmin qərara əsasən, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. “Xidməti və mülki silah haqqında” Qanunun 16-cı maddəsinin məzmununa görə silahın tətbiqi dedikdə, silahdan atəş açma başa düşülür. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi-ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərər çəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və hərəkətindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalından həbsə alınmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalı və o cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində saxlanılan 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №1(024)-60/2023
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-60/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver