Məhkəmə qərarları › İş №1(024)-67/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-67/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-67/2023 21.12.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 14:10-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1992-ci ildə Qax rayonu Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Qax rayonu Almalı kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs qəsdən təkrarən, silah qismində istifadə etdiyi əşya ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı və vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə, saat 00:10 da ictimai yerdə, yəni Qax rayonu, Şıxlar kəndinin girişində yerləşən kafedə Zaqatala rayonu, Kəpənəkçi kənd sakini Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlədərək mübahisə yaratmış, kafedə istirahət edən şəxslərin rahatlığını və istirahətini pozmuş, kənar şəxslərin onu nizam-intizama dəvət etməsinə baxmayaraq aqressivlik nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, özünün cəmiyyətdə üstünlüyünü nümayiş etdirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nəzakətli davranmalı olduğu halda bunu etməməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, həmçinin əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edərək kafenin həyətindən götürdüyü 1 ədəd “Mandella Tusem” markalı stulla kafedəki mətbəxin 30x60sm ölçüdə olan pəncərəsinə qəsdən bir dəfə vuraraq sındırmış, həmçinin həmin vaxtı ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərərək yəni onu intizama dəvət etməklə sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs1 yerdən götürdüyü silah qismində istifadə elədiyi 1 ədəd başqa “Mandella Tusem” markalı stulla baş nahiyəsindən qəsdən bir dəfə vuraraq sonuncuya təpə nahiyəsində 1 (bir) ədəd qançır və sağ saidində 1 (bir) ədəd sıyrıqdan ibarət sağlamlığa zərərvurmayan bədən xəsarəti yetirməklə, kafeyə məxsus iki ədəd stulu və pəncərənin şüşəsini sındırmaqla məhv edərək Zərərçəkmiş şəxs2 60 manat dəyərində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən 10 sentyabr 2023-cü il tarixdə, saat 00:10 radələrində ictimai yerdə, yəni Qax rayonu, Almalı kəndinin mərkəzində yerləşən küçədə həmin kənd sakini Zərərçəkmiş şəxs3 qarşı nalayiq ifadələr işlədərək mübahisə yaratmış, daha sonra o, özünün üstünlüyünü cəmiyyətə nümayiş etdirmək məqsədilə ucadan nalayiq ifadələr işlətmiş, kafedə istirahət edən şəxslərin rahatlığını və istirahətini pozmuş, kənar şəxslərin onu nizam-intizama dəvət etməsinə baxmayaraq aqressivlik nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, özünün cəmiyyətdə üstünlüyünü nümayiş etdirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nəzakətli davranmalı olduğu halda bunu etməməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, həmçinin əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edərək idarə etdiyi avtomobildən götürdüyü silah qismində istifadə elədiyi 01 ədəd vintaçan ilə Zərərçəkmiş şəxs3 sifət nahiyəsindən qəsdən bir neçə dəfə vuraraq sonuncuya sol yuxarı gicgahında 01 (bir) ədəd, sağ göz ətrafında 01 (bir) ədəd, sol gicgah önündə 01 (bir) ədəd, sol çənə altında 01 (bir) ədəd sıyrıqlar, sol gicgahında 01 (bir) ədəd qansızma, sol göz altında 01 (bir) ədəd qançırdan ibarət sağlamlığa zərərvurmayan bədən xəsarətləri yetirməklə təkrarən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 25 avqust 2023-cü il tarixdə axşam saatlarında Türkangilin olduğu kafedə dava salmışdır. Belə ki, Türkandan pivə istəmiş, pivə olmadığını dediyi üçün dava salmışdır. Türkanı vurmasını dəqiq xatırlamır. Ancaq vurmuşsa da, qəsdən vurmamışdır. Bundan başqa kafedəki aynanı, stulu qırmış, nə ziyan vurmuşdursa, yəni aynanı və stulu alıb yerinə qoymuşdur. Həmin vaxtı səhv onda olmuşdur. Türkandan üzr istəyərək barışmışdır. Turalla dayı oğlu bibi oğludurlar. Turalla aralarında mübahisə yaranmış, onu vintaçanla vurmamışdır. Tural sərxoş olmuş, bəlkə də haradasa yıxılaraq xəsarət almışdır. Çünki həmin vaxtı o Turalı vurmaq üçün əşyanı haradan tapa bilərdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3lə barışmış, dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadələrində 25 avqust 2023-cü il tarixdə saat 00:10 radələrində yaşadığı evdən çıxıb Qax rayonu, Şıxlar kəndinin girişində yerləşən kafeyə pivə içmək üçün getdiyini, kafeyə tək getdiyini, kafeyə girib pivə sifariş elədiyini, həmin vaxtı orada olan və kafeni işlədən Elnur adlı şəxsin nişanlısı Türkan adlı xanımın ona pivə olmadığını, kafeni bağladıqlarını dediyini, ona təkrarən pivə istədiyini bildirərək onunla mübahisə etdiyini, mübahisə zamanı əsəbləşdiyindən Türkanı nalayiq ifadələrlərlə təhqir etdiyini, daha sonra isə əsəbləşdiyindən yerdən götürdüyü stulla kafenin pəncərəsini vurub sındırdığını, Türkanın ona sakit olmağını, dava-dalaş salmamağı bildirsə də onun sözlərinə əhəmiyyət vermədiyini, başqa bir stul götürərək onun baş nahiyəsindən vurduğunu, bundan sonra isə kafedən çıxıb yaşadığı evə getdiyini, bundan başqa Zərərçəkmiş şəxs3 onun bibisi oğlu olduğunu, təxminən 4 aydır ki, bibisi oğlu Turalla küsülü olduğunu, onunla danışmadığını, 10 sentyabr 2023-cü il tarixdə sat 00:10 radələrində yaşadığı Almalı kəndində Hikmətin kafesində oturub pivə içən zaman bibisi oğlu Turalın da həmin kafedə başqa stolda oturub pivə içdiyini, Turalı görüb ona söz atmağa başladığını, hətta bir iki dəfə ona nalayiq sözlər dediyini, Turalın ona irad bildirərək buranın kafe olduğunu, özlərindən başqa kənar adamların da olduğunu, özünü yığışdırmağını bildirdiyini, kafe bağlanıb Tural durub çıxan zaman Turala gözləməsini, onunla söhbətinin olduğunu dediyini, bundan sonra birlikdə küçəyə çıxdıqlarını, küçədə əsəbləşdiyindən ucadan qışqırıb Turalın ünvanına nalayiq sözlər deməyə başladığını, Turalın ona irad bildirsə də yenə də onu söyməyə davam etdiyini, Turalın ona çıxıb getməyini bildirdiyini, aralanıb avtomobilinə doğru gedən zaman idarə etdiyi Ateko markalı avtomobildən vintaçan götürüb onun arxasınca getdiyini, Turalı səslədiyini, Turalın ona tərəf çevrilən zaman əlindəki vintaçan ilə Turalın sifət nahiyəsindən bir neçə dəfə vurduğunu, əlindəki vitnaçanı yoldakı su kanalına atdığını, Turalın müvazinətini itirib yerə yıxıldığını, daha sonra Turalın ayağa durub onun üstünə gəldiyini, sifət, çiyin nahiyələrindən bir neçə dəfə yumruqla vurduğunu, sinəsindən tutub yerə yıxdığını, dizləri üstə yerə yıxıldığını, bundan sonra isə Turalın oradan çıxıb getdiyini qeyd etmişdir. Turalla aralarında dava-dalaş baş verən zaman orada həmkəndliləri Eşqin, Kamran, Əli, Ayxan, Bedi və başqa adamlar olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində özünü Zərərçəkmiş şəxs3lə bağlı epizodda təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi məhkəmə iclasında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə sübuta yetir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs həmin epizodla bağlı məhkəmədə verdiyi ifadəsini ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şıxlar kəndinin başında nişanlısı Zərərçəkmiş şəxs2 kafe götürərək işlədirdi. Kafeni yeni götürdüyü üçün 24 avqust 2023-cü il tarixdə kömək etmək üçün getmişlər. Həmin günü axşam Mayis kafeyə gəlmiş və pivə istəmişdir. Həmin vaxtı pivə olmamışdır. Pivə olmadığı üçün Mayis orada münaqişə yaratmışdır. Mayis hətta özü pivə aparatına baxaraq pivənin olmadığını görmüşdür. Buna baxmayaraq problem, söz-söhbət yaratmış və götürdüyü stulla kafedəki otaqlardan birinin pəncərəsini sındırmış, daha sonra isə yerdən başqa stul götürərək onun başına vurmuşdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını, Vətən Müharibəsi iştirakçısı olmasını səhhəti ilə əlaqədar xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu halda məhkəmə istintaqında zərərçəkmiş şəxs X1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qax rayonu, Almalı kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Qax rayonu, Şıxlar kəndinin girişində özünə məxsus kafe vardır. Nişanlısı Türkan arabir kafeyə gələrək ona köməklik edir. 25 avqust 2023-cü il tarixdə saat 00:10 radələrində kafenin mətbəxində olan zaman oraya Mayis gəlmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra kafenin həyətindən səs-küy gəldiyini eşitmiş, həyətə çıxan zaman nişanlısı Türkanın yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Ondan nə baş verdiyini soruşan zaman Türkan ona Mayisin stulla bir dəfə onun baş nahiyəsindən vurduğunu və 2 ədəd “Mandella Tusem” markal stulu və 1 ədəd 30x60sm ölçüdə şüşə pəncərəni sındırdığını demişdir. Bundan sonra baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. 2 ədəd “Mandella Tusem” markalı stulunun hər birinin qiyməti 20 manat və 1 ədəd 30x60sm ölçüdə şüşə pəncərənin qiymətinin 20 manat olmuş, hadisə nəticəsində ona mümumilikdə 60 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 10 sentyabr 2023-cü il tarixdə axşam saatları idi. Almalı kəndində yerləşən kafedə istirahət etmişlər. Həmin vaxtı Mayislə aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs onun dayısı oğludur. O yaşca Mayisdən böyükdür. Bir böyük kimi Mayisə söz deyə bilər. Yəqin ki, o Mayisə söz demiş, yəqin ki, dediyi acığına gəlmiş və o da cırnamışdır. Həmin vaxt hər ikisi sərxoş olmuş, kafedə camaat olmuşdur. Daha sonra evə getmək üçün kafedən çölə çıxmışdır. Çöldə bir-biri ilə mübahisə etmişlər. Mayis onu dəmirlə vurmuşdur. Mayisin əlində vintaçan olduğunu dəqiq görməmişdir. Lakin Mayis onu vurmuşdur. Hadisədən sonra Mayislə barışmışlar. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 24 avqust 2023-cü il tarixdə rəfiqəsi Türkanla birlikdə Türkanın nişanlısı Elnurun işlətdiyi kafeyə kömək etmək üçün getmişlər. Həmin günü Mayis kafeyə gəlmiş, və Tükandan pivə istəmişdir. Mayis kafedə pivə olmadığı üçün hirslənmiş, söz-söhbət yaranmış, Mayis Türkanla mübahisə etməyə başlamış, stul götürərək kafedəki otaqlardan birinin pəncərəsini sındırmış, daha sonra isə yerdən başqa stul götürərək Türkanın başına vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır və onunla qohumluğu və düşmənçiliyi yoxdur. 10 sentyabr 2023-cü il tarixdə axşam yoldaşlarla birlikdə çayxananın həyətində oturmuşlar. Həmin vaxtı kafedəki otaqda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında münaqişə yaranmışdır. Çayxana sahibi onları çölə çıxartmışdır. O Mayislə Turalın dalaşdığını görməmişdir. Çünki çayxana sahibi onları tamamilə çayxanadan çölə çıxartmışdır. Sonradan eşitmişdir ki, Mayislə Tural dalaşmışlar. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır və onunla qohumluğu və düşmənçiliyi yoxdur. O, Qax rayonu Almalı kəndində kafe işlədir. 10 sentyabr 2023-cü il tarixdə Tural kafeyə gəlmiş, pivə sifariş etmişdir. O Turala pivə vermişdir. Həmin vaxtı Turalla Mayisin arasında söz-söhbət yaranmış, Mayis Turala çölə çıxıb söhbət etmələrini demişdir. O Mayislə Turalı çölə çıxartmışdır. Çöldə onların arasında nə baş verdiyini görməmiş və eşitməmişdir. Daha sonra isə Mayislə Turalın dalaşdıqlarını eşitmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır və onunla qohumluğu və düşmənçiliyi yoxdur. 10 sentyabr 2023-cü il tarixdə axşam vaxtı çayxanada oturub çay içmiş və domino oynamışlar. Mayis də çayxanada onların yanında olmuşdur. Həmin vaxtı həmkəndlisi Tural da çayxanada masada əyləşərək pivə içmişdir. O, həmin vaxtı Mayislə Turalın astadan öz aralarında mübahisə etdiyini hiss etmişdir. Mayis Turala çayxanada camaatın istirahət etdiyini, əgər nəsə sözü varsa çöldə danışmalarını deyərək çölə çıxmışdır. Tural da Mayisin ardınca çölə çıxmışdır. Onlar bundan sonra Mayislə Turalın mübahisə etdiklərini, dalaşdıqlarını göməmişlər. Konkret olaraq deyə bilər ki, çayxanada dava olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə özünün qismən təqsirli bilməsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 92-ci vərəqəsində olan “Qax MRX” X10 verdiyi xx.xx.2023-cü il tarixli 18-1- 50/2-924/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX-nın narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İşin 24-cü vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 142 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər: onun təpə nahiyəsində 1 ədəd qançır və sağ saidində 1 ədəd sıyrıq-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşin 56-57-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 249 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 müyyən edilmiş xəsarətlər sol yuxarı gicgahında 01 ədəd, sağ göz ətrafında 01 ədəd, sol gicgah önündə 01 ədəd, sol çənə altında 01 ədəd sıyrıqlar, sol gicgahında 01 ədəd qansızma, sol göz altında 01 ədəd qançır-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs3 bədənində yuxarıda qeyd edilmiş xəsarətlərin dəmir vintaçan alətlə yetirilməsi inkar olunmur. İşin 120-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİİK-nin 06 oktyabr 2023-cü il tarixli 467 saylı məktubundan görünür ki, 2 ədəd “Mandella Tusem” markalı stulunun birinin qiyməti 20 manat və 1 ədəd 30x60sm ölçüdə şüşə pəncərənin 2023-cü ilin avqust ayına olan bazar qiyməti 20 manat, ümumilikdə həmin əşyaların qiyməti isə 60 manat təşkil edir. İşin 103-cü vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxsə qaytarılması haqqında” qərardan gösrünür ki, 01 ədəd “Mandella Tusem” markalı stul maddi sübut hesab edilmiş və Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İşin 104-cü vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs2 imzaladığı qəbzdən görünür ki, 01 ədəd “Mandella Tusem” markalı stulu istintaq orqanından qəbul etmişdir. İşin 7-11-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 25 avqust 2023-cü il tarixdə, saat 00 radələrində Qax rayonu, Şıxlar kəndinin girişində yerləşən kafedə Təqsirləndirilən şəxs 1 ədəd “Mandella Tusem” markalı stulla kafedəki mətbəxin 30x60sm ölçüdə olan pəncərəsinə qəsdən bir dəfə vuraraq sındırdığını və onu sakitləşdirməyə çalışan zaman yerdən götürdüyü silah qismində istifadə elədiyi 1 ədəd başqa “Mandella Tusem” markalı stulla onun baş nahiyəsindən vurduğunu göstərmiş və həmin “Mandella Tusem” markalı stul maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 32-35-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 10 sentyabr 2023-cü il tarixdə, saat 00:10 Qax rayonu, Almalı kəndinin mərkəzində, küçədə Zərərçəkmiş şəxs3 qarşı nalayiq ifadələr işlətməsi və avtomobildən götürdüyü vintaçanla Zərərçəkmiş şəxs3 sifət nahiyəsindən bir-neçə dəfə vuraraq xəsarət yetirməsi müəyyən olundu. İşin 105-106-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 69-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Almalı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 422 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Almalı kəndində yaşayır, onun ailə tərkibi onun özündən, atası X7, anası X2, arvadı X5 və oğlu xx.xx.2021-ci il təvəllüdlü X3 ibarətdir. İşin 70-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Almalı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakteizə olunur. İşin 136-141-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş müstəntiqin “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraatın tövsif edilməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlinə CM-nin 221.2.1-ci maddəsi ilə hissəvi xitam verilmiş və cinayət işi üzrə icraat CM-nin 221.2.1 və 221.3-cü maddələrindən CM-nin 221.3-cü maddəsinə tövsif edilmiş və barəsində CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildi. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 11-ci bəndində göstərilir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan CM-nin 221.3-cü maddəsilə tövsif olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə, xuliqanlığın tövsifedici əlamətlərinin mövcudluğundan asılı olaraq, hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında aydınlıq gətirilmişdir. Həmin qərara əsasən, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufatməişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. “Xidməti və mülki silah haqqında” Qanunun 16-cı maddəsinin məzmununa görə silahın tətbiqi dedikdə, silahdan atəş açma başa düşülür. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqiondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərər çəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalından həbsə alınmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalı və o cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd “Mandella Tusem” markalı stulun Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 1 ədəd “Mandella Tusem” markalı stulun Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar