Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-68/2023 30.11.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 10:00-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi X2, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.2006-cı ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Qax rayonu Qaxbaş kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs X4 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkəti etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə saat 21:30 radələrində sərxoş vəziyyətdə ictimai yerdə, yəni Qax şəhəri, H.Əliyev prospektində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında Qax şəhər sakini Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək mübahisə yaratmış, küçədə olan şəxslərin rahatlığını və istirahətini pozmuş, kənar şəxslərin onu nizam-intizama dəvət etməsinə baxmayaraq aqressivlik nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, özünün cəmiyyətdə üstünlüyünü nümayiş etdirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nəzakətli davranmalı olduğu halda bunu etməməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, həmçinin əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edərək Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək, yəni onun sifət nahiyəsindən qəsdən bir dəfə kəllə vuraraq sonuncuya onun üst çənədə sağda 11ci dişin damaq səviyyəsində sınığı, damaqda qansızma, üst çənədə 21-ci və alt çənənin 32-ci dişlərin tac hissəsinin sınıqları, üst dodağın selikli qişasına qansızma, burunda şişkinlik, burun sümüyünün qapalı yerdəyişməyən sınığından ibarət sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağmalığına yüngül zərərvuran bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşıdır. O, uşaq vaxtı bir-neçə dəfə əməliyyat olunmuş və narkoz almışdır. Həmin vaxtdan da əsəbidir. 13 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində qonaqlıqdan çıxıb “Qaxstore” mağazasına su almağa getmiş, yolda Ceyhunla rastlaşmışdır. Həmin vaxtı sərxoş olduğu üçün Ceyhunla sözləri çəp gəlmiş və mübahisə etmişlər. Mübahisə zamanı Ceyhunun ünvanına nalayiq sözlər demiş və başı ilə onun sifətinə vurmuşdur. Bundan sonra oranı tərk etmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmışdır. Ceyhun da onu bağışlamışdır. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışdığını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. 13 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində “Qaxstore” mağazasının yanında dayanıb dostları ilə söhbət edərkən Polad oraya gəlmiş və onun ünvanına nalayiq söyüş söyərək özlərinin küçəsində velosiped sürməməsini demişdir. Həmin vaxtı aralarında mübahisə yaranmış və Polad başı ilə onun sifətinə vurmuşdur. Hadisədən sonra Polad Üreyratov ondan üzr istəmiş, o da Poladı bağışlayaraq onunla barışmışdır. Polad Üreyratovdan heç bir şikayəti yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 13 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində xalası oğlu Ceyhun və onun dostu Nəcəflə birlikdə Qax şəhəri, H.Əliyev prospektində yerləşən “Qaxstore” mağazasının yanında dayanıb söhbət etmişlər. Həmun vaxtı Ceyhunun sinif yoldaşı Polad da onların yanına gəlmişdir. Ceyhunla Poladın sözləri düz gəlməmiş və Polad Ceyhunu çəkib kənara aparmışdır. Poladla Ceyhun mübahisə etmiş və Polad başı ilə Ceyhunun sifətinə bir dəfə vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 13 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Ceyhun və Qüdrətlə Qax şəhəri, H.Əliyev prospektində yerləşən “Qaxstore” mağazasının yanında dayanıb söhbət etmişlər. Həmin vaxtı onların yanına Qüdrətin xalası oğlunun sinif yoldaşı Polad sərxoş vəziyyətdə gəlmişdir. Polad heç bir əsaslı səbəb olmadan Ceyhunun ünvanına nalayiq söyüş söyərək özlərinin küçəsində velosiped sürməməyini demiş, Ceyhun da ona düzgün danışmasını söyüş söyməməsini demişdir. Bundan sonra Polad yenə də Ceyhunun ünvanına nalayiq sözlər demiş, Ceyhunu biraz aralıya söhbət etmək üçün çağırmışdır. Onlar birlikdə Qax şəhəri, H.Əliyev prospektində yerləşən “Şəhidlər Xiyabanı”nın yanına getmiş, o və Ceyhunun dostu Qüdrət də onların arxasınca getmişlər. Polad birdən ucadan qışqıraraq Ceyhunu söyməyə başlamış, Ceyhun da ona irad bildirib özünü yığıdırmasını demişdir. , həmin vaxtı Poladın Ceyhunun sifət nahiyəsindən bir dəfə kəllə ilə vurduğunu, Ceyhunun yerə yıxıldığını, burnundan qan açıldığını, bundan sonra isə özünün və Ceyhunun dostu Nəcəfin Poladı aralaşdırıb kənara çəkdiklərini, Ceyhunun da oradan çıxıb yaşadığı evə getdiyini, Ceyhunun Polada vurmadığını, ona xəsarət yetirmədiyini, hadisəni özünün və Nəcəfin gördüyünü göstərmişdir. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 7-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli 00285 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmuşdur. İşin 19-cu vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 165 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsnın bədəni üzərində-üst çənədə sağda 11-ci dişin damaq səviyyəsində sınığı, damaqda qansızma, üst çənədə 21-ci və alt çənənin 32-ci dişlərin tac hissəsinin sınıqları, üst dodağın selikli qişasına qansızma, burunda şişkinlik, burun sümüyünün qapalı yerdəyişməyən sınığı-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin (kəllə və s.) təsirindən əmələ gələ bilərdi, dərəcəsində görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşin 9-11-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı Qax Qax şəhəri, H.Əliyev prospektində yerləşən Şəhidlər Xiyabanının qarşısında Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyini göstərmişdir. İşin 47-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 17-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 1203 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Qaxbaş kəndində yaşayır və onun ailə tərkibi onun özündən atası Qanuni nümayəndə2, anası X3 və qardaşı X1 ibarətdir. İşin 18-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax-İngiloy İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu CM-in 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Elə bu mövqedən yanaşsaq, deyə bilərik ki, hadisənin ümumi mənzərəsi və Təqsirləndirilən şəxs davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş vermişdir. Yəni təqsirləndirilən şəxs insanlar arasında uzun müddətdən bəri bərqərar olmuş və mövcud olan etik-davranış qaydalarını pozmaqla, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan mübahisə edərək zərərçəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq etmişdir. Eyni mövqe B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında da nümayiş etdirilmişdir. Belə ki, burada göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməluni törətmiş, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibi vardır, həmin əməl Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Azərbaycan Respublikasının CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını CM-nin 59.1.2ci, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini CM-59.1.12, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İşdə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən peşman olmasını, yetkinlik yaşına çatmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, müstəsna hal kimi Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasına görə barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddən az həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsində göstərilir ki, azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qax və qonşu Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də Qax rayonunun Qaxbaş kəndində yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Onun barəsində seçilmiş yetkinlik yaşına çatmayanları nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə gün ərzində Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonunun Qaxbaş kəndində yerləşən yaşayış evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Qax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanları nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №1(024)-68/2023
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-68/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver