Məhkəmə qərarları › İş №1(024)-8/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-8/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-8/2023 02.02.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 10:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Cinayət əməlini törətmiş şəxs-Təqsirləndirilən şəxs-xx.xx.1991-ci ildə Ağdam rayonu Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qax rayonu Amanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs 29 dekabr 2022-ci il tarixdə saat 08 radələrində Qax rayonu Amanlı kəndində yerləşən Amanlı kənd ibtidai məktəbinin sinif otağında, həmkəndlisi Zərərçəkmiş şəxs ilə rastlaşarkən aralarında yaranmış mübahisə zamanı, sonuncunun saçından və sinəsindən tutub duvara vuraraq ənsə nahiyyəsində fluktuasiya edici hematoma, boynunda sıyrıq və baş beyin silkələnməsi ilə qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya xarakterik bədən xəsarətləri yetirmişdir. Мəhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Yadigaqr ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qax rayonu Amanlı kəndində yaşayır. Zərərçəkmiş şəxs tanıyır, onunla qonşudurlar. Təxminən 5 ay olar ki, ailələri küsülüdürlər. Oğlu Umudla, Ahidənin nəvəsi Xədicə sinif yoldaşlarıdırlar, Amanlı kənd ibtidai məktəbində 2-ci sinifdə oxuyurlar. Oğlu həmişə dərsdən evə gələndə Ahidənin məktəbdə onu incitdiyini və uşağın ondan qorxub məktəbə getmək istəmədiyini dediyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 8-də oğlunu məktəbə göndərmiş, 5 dəqiqə sonra oğlu geri evə qayıtmış və Ahidənin onu məktəbə getməyə qoymadığını demişdir. O, oğlunu geri məktəbə göndərmiş, uşaq isə 15 dəqiqə sonra yenə geri evə qayıdaraq, Ahidənin orada olduğunu demiş və məktəbə getmək istəmədiyini bildirmişdir. Bu səbəbdən də o Umudla birlikdə məktəbə getmiş, onların oxuduğu sinifə daxil olarkən Ahidə həmin vaxt sinifdə olmuş, ondan başqa orada oğlunun müəlliməsi və Hekayət adlı xadimə qadın olmuşdur. O, Ahidəyə “burada özbaşınalıqdırmı, mənim uşağımı nəyə görə qorxudursan” demiş, Ahidə isə onun üzərinə gəlmiş, saçından tutmuşdur. Özü də Ahidənin saçından tutmuş, Ahidə divara dəymişdir. O, Ahidəni döyməmiş, ona xəsarət yetirməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cinayət əməlini törətmiş şəxs X13 məhkəmə baxışında verdiyi ifadəsində özünü təqsirli bilməsə də onun əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və işdə olan ekspert rəyi və digər əsaslı və mötəbər sübutlarla sübuta yetirilmişdir. Ona görə də məhkəmə onun ifadəsini ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs özünün qonşusudur, onların ailəsi ilə küsülüdürlər. X1 Qax rayonu Amanlı kənd ibtidai məktəbində eyni sinifdə oxuyur. Xədicə hər gün məktəbdən evə gələndə Umudun məktəbdə özünə xoşa gəlməyən sözlər dediyini bildirmişdir. Bu səbəbdən də Xədicənin səhhətində problemlər əmələ gəlməyə başlamışdır. Bu barədə onların müəlliməsinə demiş, müəllimə də Umuda iradını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Xədicə dərsdən evə gələndə Umudun onu narahat etdiyini deyərək ağlamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 08:05-də Xədicə ilə yola çıxıb məktəbə doğru getmiş, bu vaxt Umud da yolda olmuş, Umuda onu müəlliməyə tapşıracağını demiş və Xədicə ilə birlikdə məktəbə getmişlər. Umuda bundan başqa heç nə deməmiş və onu incitməmişdir. Məktəbə çatanda hələ dərs başlamamış, Ayşa müəllimə otaqda olmuşdur. Müəllimədən ona sözünün olduğunu deyərək uşaqları dəhlizə çıxartmasını xahiş etmiş, müəllimə uşaqları dəhlizə çıxartmış, özü orada əyləşmişdir. Sözünü demək istəyərkən sinifin qapısı açılmış, Cəlalə qışqıra-qışqıra içəri girmiş, onun sinəsindən tutub divara vurmuş, bu zaman başı divara dəymişdir. Bundan sonra Cəlalə onun saçından tutaraq dəhlizə çıxarmışdır. O, huşunu itirmişdir. Əri onu xəstəxanaya aparmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qax rayonu Cəlayir kəndində yaşayır. 15 ildir ki, Qax rayonu Amanlı kənd ibtidai məktəbində ibtidai sinif müəllimi işləyir. Amanlı kənd sakini X15 və X9 özünün şagirdləridir, onlar 2-ci sinifdə oxuyurlar, bir-biri ilə qonşudurlar. Onların ailələri arasında ədavət vardır. xx.xx.2022-ci il tarixdə səhər saat 8 radələrində özü məktəbə dərsə getmiş, dərs hələ başlamamış, sinifdə bir-neçə şagird olmuşdur. Sinif otağında olduğu zaman Zərərçəkmiş şəxs sinifə yanına gəlmiş, özünə sözü olduğunu demiş və uşaqları sinifdən çıxarmasını xahiş etmişdir. Özü uşaqları sinifdən çıxarmış, orada olan stulda əyləşmişlər. Həmin vaxtı sinifin qapısı açılmış, Təqsirləndirilən şəxs içəri daxil olaraq hay-küy salmağa başlamışdır. Bu zaman Hekayət Bayramova oraya gəlmişdir. Cəlalə Ahidəyə yaxınlaşmış, onlar bir-birinin saçından tutmuşlar, bu zaman Ahidə divara dəymiş, Hekayətlə özü onları ayırmağa çalışsalar da Cəlalə Ahidəni buraxmamışdır. Hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində şahid X5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İşin 16-17-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 263 nömrəli rəyindən görünür ki, X3 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində ənsə nahiyyəsində fluktiasiya edici hematoma, boynunda sıyrıq və baş beyin silkələnməsi,-bərk küt əşyanın (əşyaların ) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstəilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Qax MRX-ya daxil olduğu vaxtdan bir qədər əvvəl, xx.xx.2022-ci il tarixdə başının zərblə divara dəyməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aiddir. İşin 29-31-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxiş keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 29 dekabr 2022-ci il tarixdə saat 08 radələrində Qax rayonu Amanlı kəndində yerləşən Amanlı kənd ibtidai məktəbinin sinif otağında onu vuraraq xəsarət yetirdiyini göstərmişdir. İşin 66-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ idarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 61-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİHB-nın Qıpçaq kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 22 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Amanlı kəndində yaşayır və onun ailə tərkibi onun özündən, əri X10, oğlu X21 və qızı X2 ibarətdir. İşin 62-cı vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qıpçaq kənd kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzər alır. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayətini səmimi etiraf etməsini, hərəkətindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, qəsdən sağlamlığa yüngül zərərvurmaya görə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsinin tərkibi vardır, cinayət əməlini törətmiş şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir. Onun əməlində cəzanı ağırlaşdıran halların olmaması, şəxsiyyəti, ailəsinin həyat şəraiti, əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması bu nəticəyə gəlməyə əsas verir. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini, cəzasını iş yerində çəkməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar