Məhkəmə qərarları › İş №1(024)-8/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-8/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-8/2024 01.02.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 14:00-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1986-ci ildə Qax rayonu Qum kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Qax rayonu Qum kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Onun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə saxlanc yerinə daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmiş və təkrarən özgənin əmlakını talamaq məqsədilə saxlanc yerinə daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq təkrarən oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 20 oktyabr 2023-cü il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Qax rayonu, Fıstıqlı kəndində yerləşən mağazaya mağazanın giriş qapısının şüşəsini daşla vurub sındırmaqla daxil olaraq oradan 180 manat pulu, dəyəri 1 manat olan 1 ədəd “Bizon” enerji içkisini, 1 ədəd dəyəri 1 manat olan “dadlıca” sosiskasını və 1 ədəd dəyəri 40 qəpik olan 40 vərəqli dəftəri gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 182,40 (yüz səksən iki manat qırx qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə təkrarən 20 oktyabr 2023-cü il tarixdə, saat 02:20 radələrində Zərərçəkmiş şəxs2 məxsus Qax rayonu, Fıstıqlı kəndində yerləşən mağazaya dam hissəsində olan kardonu sındırmaq yolu ilə qanunsuz daxil olaraq orada olan seyfdən 1800 manat pulu, hər birinin dəyəri 1 manat olmaqla, ümumilikdə 200 manat dəyəri olan 200 ədəd “Azercell”, “Bakcell” və “Azerfon” danışıq kartlarını, bir ədədinin dəyəri 3 manat 40 qəpik olmaqla, cəmi dəyəri 34 manat olan 10 qutu “LD” markalı siqareti, bir ədədinin dəyəri 4 manat olmaqla, cəmi dəyəri 40 manat olan 10 qutu “KENT 4” markalı siqareti və 1 ədəd dəyəri 40 qəpik olan 40 vərəqli dəftəri gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2074,40 (iki min yetmiş dörd manat qırx qəpik) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 20 oktyabr 2023-cü il tarix, təxminən gecə saat 02 radələri pula ehtiyacı olduğundan Qax rayonu Fıstıqlı kəndində yerləşən mağazalardan oğurluq etmək qərarına gəlmiş və kəndin mərkəzində yerləşən mağazanın birinə yaxınlaşıb mağazanın giriş qapısının şüşəsini yerdən götürdüyü daşla vurub sındırdıqdan sonra mağazaya daxil olaraq kassada olan 150 manat pulu və çoxlu sayda olan qəpikləri, 1 ədəd bizon enerji içkisi və 1 ədəd sosiskanı və stolun üzərində olan nisyə dəftərini götürüb mağazanı tərk etmişdir. Bundan sonra mağazaya bitişik olan kafenin qapısı bağlı olduğu üçün qapısının şüşəsini yerdən götürdüyü daşla sındıraraq kafeyə daxil olmuş, lakin, kafedə oğurlayacaq heç nə tapmamış, mağazadan oğurladığı 1 ədəd bizonu içmiş, sosiskanı isə yedikdən sonra, onları orada olan stolun üzərində qoyaraq kafeni tərk etmişdir. Kafedən bir az aralandıqdan sonra qarşısına çıxan mağazanın dam hissəsinə pilləkənlə çıxaraq oradan tapdığı armaturla mağazanın damını sökərək içəriyə daxil olmuş, mağazanın içərisində olan seyfin qapısını orada olan açarla açaraq orada olan 1800 manat pulu, 10 qutu LD markalı və 10 qutu Kent 4 markalı siqaretləri, həmçinin, çoxlu sayda kontur kartlarını götürüb sellofan torbaya yığmış və stolun üzərində olan nisyə dəftərini götürərək mağazanı tərk etmişdir. Yolda kontur kartlarını çaya tullamış, nisyə dəftərlərindən birini yandırmışdır. Evdə dincəldikdən sonra səhər Zaqatala şəhərinə, oradan da avtobusla Bakı şəhərinə getmişdir. Saat təxminən 10 radələrində Bakı şəhərinə çatmış, adını xatırlamadığı otellərin birinə getmiş, oğurladığı pulları öz əyləncəsinə xərcləmiş, tütün məmulatlarının bəzilərindən istifadə etmiş, bəzilərini isə Bakı şəhərində tanımadığı köşklərə satmış, 22 oktyabr 2023-cü il tarixdə Qax şəhərinə qayıtmışdır. Həmin günü təxminən saat 15 radələrində Qax RPŞ-nin əməkdaşları tərəfindən yaşadığı Qax rayonu, Qum kəndində saxlanılaraq Qax RPŞ-yə gətirilmiş, polis şöbəsində etdiyi cinayəti etiraf etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu ziyanı tam şəkildə ödəmiş və onlarla barışıq əldə etmişdir. Hərəkətindən peşman olmasını və zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Qax rayonu, Fıstıqlı kəndində özünə məxsus mağaza və mağazaya bitişik kafe vardır. 19 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində mağazanı bağlayıb evə getmişdir. Səhər yəni 20 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində mağazaya gəldikdə, kafenin və mağazanın giriş qapısının şüşəsinin sındırıldığını görmüş, mağazaya baxış keçirmiş və oradan ona məxsus 150 manat nağd pulun və qəpiklərdən ibarət 30 manat pulun oğurlandığını, nisyə dəftərinin götürüldüyünü, eyni zamanda kafenin həyətində stolun üzərində mağazadan oğurlanmış 1 ədəd “dadlıca” sosiskasının qabığının və 1 ədəd bizon enerji içkisinin qutusunun olduğunu görmüşdür. Oğurluq barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Ona məxsus mağazadan 150 manat və 30 manat pul, dəyəri 1 manat olan 1 ədəd bizon enerji içkisi və dəyəri 1 manat olan 1 ədəd dadlıca sosiskası, 1 ədəd nisyə dəftəri oğurlanmışdır. Ona ümumilikdə 182 manat 40 qəpik maddi ziyan dəymişdir. Polis tərəfindən mağazadan oğurluq edən şəxsin Qax rayonu Qum kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmiş, ondan üzr istəyərək barışaraq razılıq əldə etmişdir. Özü də Təqsirləndirilən şəxs bağışlamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Qax rayonu, Fıstıqlı kəndində özünə məxsus mağaza vardır. 19 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində mağazanı bağlayıb evə getdiyini, səhəri günü, yəni, 20 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində mağazaya gəldikdə kardondan olan dam hissənin kəsildiyini görmüşdür. Mağazaya baxış keçirən zaman, içəridə olan seyfin qapısının açıldığını görmüş, orada olan 1800 manat pulun, hər birinin qiyməti 1 manat olmaqla, ümumilikdə 200 ədəd sim, cin və nar kontur kartlarının, 10 qutu LD markalı siqaretin və 10 qutu Kent 4 markalı siqaretin oğurlandığını görmüşdür. Eyni zamanda oğurluq edən şəxs kənd sakinlərinin mağazadan aldığı ərzağı nisyə almasına aid qeydlər apardığı nisyə dəftərinin götürüldüyünü görmüşdür. Bundan sonra bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Ona ümumilikdə 2074 manat 40 qəpik maddi ziyan dəymişdir. Qax RPŞ-nin əməkdaşları tərəfindən mağazadan oğurluq edən şəxsin Qax rayonu Qum kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmiş, ondan üzr istəyərək barışaraq razılıq əldə etmişdir. Özü də Təqsirləndirilən şəxs bağışlamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Mustafa oğlu ifadəsində göstərdi ki, Qax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində çalışır. 22 oktyabr 2023-cü il tarixdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Qax rayonu, Fıstıqlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus mağazadan və Zərərçəkmiş şəxs2 məxsus mağazadan pulun, danışıq kartlarının, siqaretlərin Qax rayonu, Qum kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmiş, Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət olunmuş, törətdiyi cinayət əməlini etiraf etmişdir. İşin 26-28-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 20 oktyabr 2023-cü il tarixdə verilmiş əməliyyat tapşırığından görünür ki, Cinayət işi materiallarına əlavə edilmiş 20 oktyabr 2023-cü il tarixdə verilmiş əməliyyat tapşırığına Qax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid 22 oktyabr 2023-cü il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləi nəticəsində Zərərçəkmiş şəxs1 məxsus Qax rayonu, Fıstıqlı kəndində yerləşən mağazadan və Zərərçəkmiş şəxs2 məxsus Qax rayonu, Fıstıqlı kəndində yerləşən mağazadan oğurluq edən şəxsin Qax rayonu, Qum kəndində qeydiyyatda olan xx.xx.1986-cı il təvəlüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İşin 37-38-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşin 109-116-cı vərəqələrində olan Qax rayon məhkəməsinin 24 oktyabr 2023cü il tarixli 4(024)-31/2023 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir İşin 116-117-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə MSY-dən azad olunaraq barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 5-7-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 20 oktyabr 2023-cü il tarixdə ona məxsus Qax rayonu, Fıstıqlı kəndində yerləşən mağazaya mağazanın giriş qapısının şüşəsini daşla vurub sındırmaqla daxil olaraq oradan 180 manat pulu, dəyəri 1 manat olan 1 ədəd “Bizon” enerji içkisini, 1 ədəd dəyəri 1 manat olan “dadlıca” sosiskasını və 1 ədəd dəyəri 40 qəpik olan 40 vərəqli dəftərin oğurlandığını göstərmişdir. İşin 16-18-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 20 oktyabr 2023-cü il tarixdə, ona məxsus Qax rayonu, Fıstıqlı kəndində yerləşən mağazada olan seyfdən 1800 manat pulu, hər birinin dəyəri 1 manat olmaqla, ümumilikdə 200 manat dəyəri olan 200 ədəd “Azercell”, “Bakcell” və “Azerfon” danışıq kartlarını, bir ədədinin dəyəri 3 manat 40 qəpik olmaqla, cəmi dəyəri 34 manat olan 10 qutu “LD” markalı siqareti, bir ədədinin dəyəri 4 manat olmaqla, cəmi dəyəri 40 manat olan 10 qutu “KENT 4” markalı siqareti və 1 ədəd dəyəri 40 qəpik olan 40 vərəqli dəftərin oğurlandığını göstərmişdir. İşin 86-101-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə, gecə saat 02:00 radələrində Qax rayonu, Fıstıqlı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazadan və Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurluq etdiyi yeri və şəraiti göstərmişdir. İşin 162-163-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 06 noyabr 2023-cü il tarixli 9/8286 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında göstərilən malların 2023-cü ilin oktyabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 75,90 manat müəyyən edilir. Qərarda və cədvəlin 2-ci bəndində göstərilən “dadlıca” sosikasının çəkisi barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. 1 ədəd 500 qramlıq “bizon” enerji içkisi 70 qəpik, 2 ədəd 40 vərəqli dəftər 1 manat 20 qəpik, 10 qutu “LD” markalı siqaret 34 manat və 10 qutu “Kent” markalı siqaret 40 manatdır. İşin 161-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin 166-167-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 16 noyabr 2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxsə qaytarılması haqqında” qərardan görünür ki, 01 ədəd 40 vərəqli dəftər, hadisə yerinə baxış zamanı götürülmüş cinayətin predmeti olan 01 ədəd dəmir armatur və 01 ədəd zərfdə olan 4 ədəd əl-barmaq izi maddi sübut kimi tanınmış, 01 ədəd 40 vərəqli dəftər Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İşin 168-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış qəbzdən görünür ki, o 01 ədəd 40 vərəqli dəftəri istintaq orqanından təhvil aldığını göstərmişdir. İşin 31-32-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 22 oktyabr 2023-cü il tarixli könüllü təqdim etmə, baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu, Fıstıqlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurladığı 01 ədəd dəftəri könüllü olaraq təqdim etmiş və həmin 01 ədəd dəftər Təqsirləndirilən şəxs maddi sübut kimi götürülmüşdür. İşin 145-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qum kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşin 137-138-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 139-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Qax RMX Publuk Hüquqi şəxsin verdiyi 30 oktyabr 2023-cü il tarixli, 18-1-50/2-1037/2023 saylı məktubdan görünür ki, Qax rayonu, Qum kənd sakini Təqsirləndirilən şəxs Qax RMX PHŞ-in Poliklinika şöbəsində ruhi-əsəb xəstəliyi üzrə dispanser qeydiyyatında deyildir. Lakin, o, narkoloji xəstəlik üzrə 2015-ci il tarixdən profilaktik qeydiyyatdadır. İşin 170-178-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin 16 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 186-cı maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyi üçün ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyi üçün ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın İlisu kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 30 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs X1 ərazisində yaşayır. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın təkrar törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsüf edilmişdir. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 22 oktyabr 2023-cü il tarixdən 24 oktyabr 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün müddətin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də İlisu kəndi X1 ərazisində yerləşən yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin müvafiq hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd 40 vərəqli dəftərin Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınmalı, 01 ədəd zərfdə olan 4 ədəd əl-barmaq izi cinayət işinin materiallarında saxlanılmalı və Qax RPŞ-nin aidiyyatı xidmət sahəsində saxlanılan 01 ədəd dəmir armatur hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347- 349, 351-354, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 22 oktyabr 2023-cü il tarixdən 24 oktyabr 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün müddətin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə gün ərzində Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan İlisu kəndi X1 ərazisində yerləşən yaşayış evinin hüdudlarını gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Qax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Qax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq dövlət büdcəsinin müvafiq hesabına ödənilsin. İş üzrə maddi sübut olan 01 ədəd 40 vərəqli dəftərin Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınsın, 01 ədəd zərfdə olan 4 ədəd əl-barmaq izi cinayət işinin materiallarında saxlanılsın və Qax RPŞ-nin aidiyyatı xidmət sahəsində saxlanılan 01 ədəd dəmir armatur hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunsun. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar