Məhkəmə qərarları › İş №1(024)-8/2025

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-8/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-8/2025 17.04.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxxxx 1980-cı il tarixdə Qax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Qax şəhəri, X8 küçəsi ev 16 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs (bundan sonra Tərlan) qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 Qax rayonu, Lələpaşa kəndində yerləşən yaşadığı evə mətbəx mebeli düzəldəcəyinə dair yalan vədlər verib inandırıb aldatmaqla 2023-cü ilin aprel ayının əvvəllərində istintaqa məlum olmayan gündə Zərərçəkmiş şəxs1 Qax rayonu, Lələpaşa kəndində yerləşən yaşadığı evində 2.000 manat pulunu əlbə-əl alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 2.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o təkrarən qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 Qax rayonu, Tasmalı kəndində yerləşən yaşadığı evə mətbəx mebeli düzəldəcəyinə dair yalan vədlər verib inandırıb aldatmaqla 2024-cü ilin mart ayının əvvəllərində istintaqa məlum olmayan gündə onun Qax rayonu, Tasmalı kəndində yerləşən yaşadığı evində 950 manat pulunu əlbə-əl alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 950 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 20 ildir ki, Qax şəhərində yerləşən mebel düzəltmə sexində işləyir və ayrı-ayrı vətəndaşlardan aldığı sifarişlər əsasında ev üçün lazım olan istənilən növ mebeli hazırlayaraq təhvil verir. 2023-cü ilin aprel ayında dəqiq günü yadında qalmayan vaxtı Qax rayonu, Lələpaşa kənd sakini Zərərçəkmiş şəxs1 xahişi əsasında onun Qax rayonu, Lələpaşa kəndində yerləşən yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs1 ona yaşadığı evdə mətbəx otağına mətbəx mebeli düzəltmək istədiyini demiş, ondan mətbəx mebeli hazırlaya bilib-bilməyəcəyini soruşmuşdur. O isə Zərərçəkmiş şəxs1 həmin evə mətbəx mebeli düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 ondan nə qədər pul alacağını soruşmuşdur. O isə Zərərçəkmiş şəxs1 2.000 manata mətbəx mebelini düzəldəcəyini və 1 ay müddətində gətirib evə quraşdıracağını demiş, onlar razılaşmışlar. A.İ.Dusunov ona 2.000 manat pulu həmin evdə ona əlbə-əl vermişdir. Həmin vaxtı evdə Zərərçəkmiş şəxs1 və özü olmuşdur. Yanlarında başqa heç kim olmamışdır. Pula ehtiyacı olduğundan həmin pulu xərcləmiş, ətbəx mebelini düzəltməmişdir. Zərərçəkmiş şəxs1 isə hər gün ona zəng edərək mətbəx mebelinin nə yerdə qaldığını soruşmuşdur. Bundan sonra 2023-cü ilin may ayında dəqiq günü yadında qalmayan vaxtı onun evinə getmiş və mətbəx mebelinin bir hissəsini, yəni ki, 1.000 manatlıq hissəsini quraşdırmışdır. Mətbəx mebelinin qalan hissəsini isə qısa müddət ərzində yekunlaşdıracağını demişdir. Lakin daha sonra Zərərçəkmiş şəxs1 aldatmış və mətbəx mebelinin qalan hissəsini, yəni ki, 1.000 manatlıq hissəsini quraşdırmamışdır. Abdulla ona nə qədər zəng etsədə, onun telefon zənglərinə cavab verməmişdir. 2024-cü ilin mart ayında dəqiq günü yadında qalmayan vaxtı Qax rayonu, Tasmalı kənd sakini Zərərçəkmiş şəxs2 xahişi əsasında onun Qax rayonu, Tasmalı kəndində yerləşən yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs2 ona yaşadığı evdə mətbəx otağına mətbəx mebeli düzəltmək istədiyini demişdir və ondan mətbəx mebeli hazırlaya bilib-bilməyəcəyini soruşmuşdur. Polada həmin evə mətbəx mebeli düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 ondan nə qədər pul alacağını soruşmuşdur. Zərərçəkmiş şəxs2 950 manata mətbəx mebelini düzəldəcəyini və 1 ay müddətində gətirib evə quraşdıracağını demişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşmış və 950 manat pulu həmin evdə ona əlbə-əl vermişdir. Həmin vaxtı evdə Zərərçəkmiş şəxs2 və özü olmuşdur. Yanlarında başqa heç kim olmamışdır. Lakin pula ehtiyacı olduğundan həmin pulu xərcləmişdir və Zərərçəkmiş şəxs2 aldadaraq mətbəx mebelini düzəltməmişdir. Zərərçəkmiş şəxs2 isə hər gün ona zəng edərək mətbəx mebelinin nə yerdə qaldığını soruşmuşdur. Zərərçəkmiş şəxs2 hər gün müxtəlif bəhanələr gətirərək mətbəx mebelini qısa müddət ərzində quraşdıracağını demişdir. Lakin, daha sonra Zərərçəkmiş şəxs2 aldatmış, mətbəx mebelin quraşdırmamış və onun 950 manat pulunu qaytarmamışdır. Hal-hazırda törədiyi əməldən peşmandır. Dəymiş ziyanı ödəmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Tərlanı Qax şəhər sakini olaraq mebel ustası kimi tanıyır. Tərlanı 10 ildir ki, tanıyır. Aralarında hər hansı bir düşmənçilik və ədavəti yoxdur. 6-7 il əvvəl Tərlana pul verib mətbəx mebeli düzəltdirmişdir. Buna görə də ona inanırdı. 2022-ci ildə Qax rayonu, Lələpaşa kəndində özünə yeni ev tikmişdir. Həmin evə məişət əşyaları və bir sıra avadanlıqlar almışdır. 2023-cü ilin yanvar ayında həmin evə köçmüşdür. Həmin evə mətbəx mebeli lazım olmuşdur. Bunun üçündə Tərlana zəng edərək mətbəx mebeli lazım olmasını demişdir. Tərlan heç bir problemin olmadığını, evə gəlib baxacağını demişdir. 2023-cü ilin aprel ayının əvvəllərində dəqiq günü yadında qalmayan vaxtı Tərlan onlara gəlmişdir. Tərlan evə baxmış və evin mətbəx otağında mətbəx mebeli düzəltməsi üçün 2.000 manat pul lazım olduğunu demişdir. Tərlan ona 2.000 manat pul verməsini, 1 ay müddətində mətbəx mebelini düzəldəcəyini demişdir. Tərlana inandığından onunla razılaşmış və Qax rayonu, Lələpaşa kəndində yerləşən yaşadığı evdə 2.000 manat pulu Tərlana əlbə-əl vermişdir. Tərlanda pulu alıb çıxıb getmişdir. 2023-cü ilin may ayının ortalarında dəqiq günü yadında qalmayan vaxtı Tərlan onun yaşadığı evə gəlmiş və evə mətbəx mebeli quraşdırmışdır. Lakin, mətbəx mebeli tam olmamışdır. Tərlan mətbəx mebelinin yarısını, yəni ki, 1.000 manatlıq hissəsini quraşdırmış və yarısını isə, yəni, 1.000 manatlıq hissəsini isə 1 həftə müddətində quraşdıracağını demişdir. Tərlana inandığından onunla razılaşmışdır. Həmin vaxtdan 1 həftə keçmişdir. Lakin Tərlan mətbəx mebelinin yarısını quraşdırmamışdır. Bundan sonra Tərlana zəng edərək mətbəx mebelinin yarısını quraşdırmağı demişdir. Tərlan isə hər dəfəsində ona müxtəlif bəhanələr gətirərək mətbəx mebelini tam şəkildə quraşdıracağını demişdir. Lakin Tərlan onu aldatmışdır. Tərlan nə mətbəx mebelini quraşdırmamış, nə də ki, onun pulunu qaytarmamışdır. Halhazırda ona dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Tərlanı Qax şəhər sakini olaraq mebel ustası kimi tanıyır. 2024-cü ilin mart ayının əvvəllərində Tərlana zəng edərək yaşadığı Qax rayonu, Tasmalı kəndində yerləşən fərdi yaşayış evinə mətbəx mebeli lazım olmasını demişdir. Tərlan ona heç bir problemin olmadığını, evə gəlib baxacağını demişdir. 2024-cü ilin mart ayının əvvəllərində dəqiq günü yadında qalmayan vaxtı Tərlan onlara gəlmişdir. Tərlan evə baxmış və evin mətbəx otağında mətbəx mebeli düzəltməsi üçün 950 manat pul lazım olduğunu demişdir. Tərlan ona 950 manat pul verməsini, 1 ay müddətində mətbəx mebelini düzəldəcəyini demişdir. Tərlana inandığından onunla razılaşmış və 2024-cü ilin mart ayının əvvəllərində dəqiq günü yadında qalmayan vaxtı Qax rayonu, Tasmalı kəndində yerləşən yaşadığı evdə 950 manat pulu Tərlana əlbə-əl vermişdir. Tərlan da pulu alıb çıxıb getmişdir. 1 ay sonra Tərlanla əlaqə saxlamışdır. Tərlan ona qısa müddət ərzində mətbəx mebelini gətirib düzəldəcəyini demişdir. Lakin Tərlan onu aldatmışdır və mətbəx mebelini quraşdırmamışdır. Tərlan onu aldadaraq 950 manat pulunu ələ keçirmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 04 dekabr 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qax RPŞdə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material olmuş və 28 avqust 2024-cü il tarixdə Cinayət Prosessual Məcəlləsinini 40.3 və Cinayət Məcəlləsinin 73-1.1-ci maddələrinə əsasən rədd olunmuşdur. İş materiallarında olan və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Qax Rayon Mərkəzi X5 Şəxs tərəfindən verilmiş 18-1-50/2-1426/2024 №li, 11 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Qax şəhəri, X8 küçəsi ev 16 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs Qax RMX PHŞ-in Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında yoxdur. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxsin ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 31 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Əməldə cinayətin obyekti kimi mülkiyyət münasibətləri təşkil edir. Obyektiv cəhətdən bu cinayətin törədilmə üsulu özünə məxsusluğu ilə seçilir. Qanun əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadə etmə nəzərdə tutur. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyanın ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-c maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Dələduzluq cinayətlərinə dair işlər üzr məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 20 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, X3 Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,73). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 20 dekabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 92). Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza təyin olunarkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətin göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara diqqət yetirilməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını, onun müsbət xarakterizə olunmasını, dəymiş ziyanın ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, X2 cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 00:00-dan səhər saat 07:00-dək yaşadığı Qax şəhəri, X8 küçəsi ev 16 ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax və Zaqatala rayonları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən «01» (bir) il, «06» (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 00:00-dan səhər saat 07:00-dək yaşadığı Qax şəhəri, X8 küçəsi ev 16 ünvanı tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax və Zaqatala rayonları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar