Məhkəmə qərarları › İş №1(025)-10/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-10/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-10/2021 08.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Qəbələ rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1975-ci ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə və xx.xx.1974-cü ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qanunsuz ağac kəsib işlik taxta materialı kimi sataraq qazanc əldə etmək məqsədi ilə əvvəlcə 2020-ci ilin iyun ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, səhər saat 7 radələrində Qəbələ rayon Bum meşəbəyliyinin 1 saylı dolayısının Tikanlı kəndi yaxınlığında dağlıq ərazidə yerləşən və xüsusi mühafizə olunan təbiət ərazisi-“Şahdağ” Milli Parkına gəlib orada bitmiş bir ədəd 95 sm diametrində palıd cinsinə mənsub və bir ədəd 75 sm diametrində qarağac cinsinə mənsub olmaqla iki ədəd köküstə yaş halda olmuş ağacları Təqsirləndirilən şəxs2 göstərib, həmin ağacları qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan ona zəhmət haqqı verəcəyi müqabilində sifariş verməklə həmin gün təxminən 1 saat ərzində sonuncuya motorlu mişarla kəsdirərək, təbiətə 3420 (üç min dörd yüz iyirmi) manat dəyərində xeyli miqdarda ziyan vurduqdan 2-3 gün sonra bu cür qanunsuz əməllərini davam etdirməklə yenə həmin əraziyə gəlib orada bitmiş iki ədəd 40 sm, bir ədəd 50 sm, iki ədəd 52 sm və iki ədəd 65 sm diametrində olmaqla əlavə altı ədəd palıd cinsinə mənsub köküstə yaş halda olmuş ağacları digər həmkəndliləri Şahid2, Yahyayev Orxan Quddisi oğluna və Şahid3 göstərib, həmin ağacları qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gələcəkdə onlara zəhmət haqqı verəcəyi müqabilində sifariş verməklə həmin gün saat 5 radələrindən başlayaraq 2-3 saat ərzində motorlu mişarla kəsdirərək təbiətə 946 (doqquz yüz qırx altı) manat dəyərində ziyan vurmaqla nəticədə Qəbələ rayon Bum meşəbəyliyinin 1 saylı dolayısının Tikanlı kəndi yaxınlığında yerləşən xüsusi mühafizə olunan təbiət ərazisi-“Şahdağ” Milli Parkının ərazisindən iki dəfəyə, lakin vahid niyyətlə əhatə olunmuş qəsdlə bir ədəd qarağac və yeddi ədəd palıd cinsinə mənsub, cəmi səkkiz ədəd köküstə yaş halda olmuş ağacları qanunsuz kəsərək təbiətə ümumilikdə 4366 (dörd min üç yüz altmış altı) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 2020-ci ilin iyun ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, səhər saat 7 radələrində Qəbələ rayon Bum meşəbəyliyinin 1 saylı dolayısının Tikanlı kəndi yaxınlığında dağlıq ərazidə yerləşən və xüsusi mühafizə olunan təbiət ərazisi - “Şahdağ” Milli Parkına gələrək orada bitmiş və Təqsirləndirilən şəxs1 ona göstərərək zəhmət haqqı müqabilində kəsməsini sifariş verdiyi bir ədəd 95 sm diametrində palıd cinsinə mənsub və bir ədəd 75 sm diametrində qarağac cinsinə mənsub olmaqla iki ədəd köküstə yaş halda olmuş ağacları qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan həmin gün təxminən 1 saat ərzində özünə məxsus “Ural” markalı motorlu mişarla qanunsuz kəsərək təbiətə 3420 (üç min dörd yüz iyirmi) manat dəyərində xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020ci ilin iyun ayının ortalarında Qəbələ şəhərində yerləşən çayxanaların birində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə görüşüb söhbət edərkən ona demiş ki, ona iki maşın odun lazımdır. Çünki bilirmiş ki, Elşadın motopilası var və sifarişlə odun doğrayıb satır. Elşad bildirmiş ki, hər maşın odun üçün ağac kəsib doğramaq müqabilində ondan 70 manat pul alacaq, yükləyib həyətinə gətirmək öz işidir. Rəşad ağacı meşədən özü gedib tapıb kəsməli imiş. Həmin söhbətdən bir gün sonra səhər saat 6 radələrində Elşadla görüşüb Qəbələ rayonu Tikanlı kəndində dağlıq ərazidə yerləşən “Şahdağ” milli parkının ərazisinə getmişlər. Həmin ərazi onun evindən 400-500 şimalda yerləşir. Elşad özü ilə “Ural” markalı motopila götürmüşdür. Onlar təxminən 500 metr dağa qalxmışlar. Elşad biri palıd, biri qarağac olmaqla iki ədəd iri diametrli ağacı görüb demiş ki, bu ağacları kəsib doğrasa bir Zil-131 markalı yük maşınının yük yeri həcmində odun çıxar. Kənarda dayanmış və Elşad həmin iki ədəd yaş vəziyyətdə olan ağacı motopilası ilə dib hissəsindən kəsib yerə yıxmışdır. Həmin ağaclardan palıd cinsli ağac təxminən 90-100 sm, qarağac isə 70-80 sm diametrində olarmış. Park ərazisindən ağac kəsmək üçün ya Elşad, ya da o, heç bir icazə sənədi, yəni meşə qırma bileti almamışlar. Bilirmiş ki, ərazi mühafizə olunan park ərazisidir və oradan ağac kəsilməsi qanunsuzdur və Elşad da həmin ağacı qanunsuz kəsir. Elşad ağacları kəsib yıxandan sonra demiş ki, nəsə işi var, gəlib iki-üç gün sonra kəsdiyi ağacları girdin formasında doğrayacaq. Niyyətlə belə imiş ki, Elşad həmin kəsib yıxdığı iki ağacı doğradıqdan sonra ikinci maşının yük yeri qədər lazım olan əlavə ağac kəsib doğramalı imiş. Elşad belə fikirləşmiş ki, həmin kəsilmiş iki ağacı girdin formasında doğrayıb bir yük maşınına yığdıqdan sonra nə qədər artıq qaldığını müəyyən edib ikinci maşının dolması üçün lazım olacaq qədər ağac kəssin. Elşadın işi olduğu üçün iki ağacı kəsdikdən sonra onlar kəndə geri qayıtmışlar. Bir gün sonra Elşad ona demiş ki, başqa şəxsi işləri çıxıb, onun üçün kəsdiyi iki ədəd ağacı doğramağa vaxtı yoxdur, başqa adam tapıb doğrasın. Odun doğrayıb satmaqla məşğul olan Tikanlı kənd sakini Şahid1 Qüddisi oğluna demiş ki, kəsilmiş iki ədəd ağacı var, onu Elşad ona odun doğrayıb satmaq məqsədi ilə kəsib, işi çıxdığı üçün yarımçıq qoyub gedib. Orxana təklif etmiş ki, həmin yıxılmış ağaclarla yanaşı ona bir maşın odun doğrayıb, dağdan yerə endirib, maşına yükləyib həyətinə gətirib boşaltmaq şərti ilə ona 250 manat pul verəcək. Orxan bununla razılaşmış və demiş ki, bu işi onunla birlikdə işləyən tanışları ilə görəcək. O, Orxana Elşadın kəsib yıxdığı iki ədəd ağacın yerini tərif etmiş və bildirmiş ki, sabahdan gedib işə başlasın, yəni onun odununu doğrasın. Orxan və onunla işləyəcək fəhlələr səhər erkən saatlarında meşəyə getməli imişlər. Səhər saat 9 radələrində yuxudan ayılıb Orxangilin yanına gedib odunu doğramaqları ilə maraqlanmışdır. Gedib görmüş ki, Orxan, digər Tikanlı kənd sakinləri Şahid2 və Şahid3 ilə birlikdə Elşadın kəsib yıxdığı iki ədəd ağacı doğrayırlar. Motopilanı Orxan işlədirmiş, Seydi və Fərman isə girdinləri toplayıb dağdan aşağı yuvarlayırmışlar. Həmin vaxt Orxangilin şəklini telefonla gizlincə çəkmiş ki, gələcəkdə Orxangilin ağac kəsməsi ilə bağlı aidiyyəti qurumlar qarşısında problem yaranarsa, ağacların Orxan tərəfindən kəsilməsinə sübutu olsun. Orxangil Elşadın kəsib yıxdığı iki ədəd ağacları doğrayıb qurtarmamış qayıdıb evinə gəlmişdir. Bundan iki gün sonra Orxan ona demiş ki, bir maşın odun hazırlayıb dağdan aşağı yuvarlayıblar, maşın tapıb göndərsin, odunu yığıb onun həyətinə aparsınlar. Gedib görmüş ki, həqiqətən bir maşın və bir qədər də artıq qarağac və palıd cinsinə məxsus ağaclardan odun hazırlayıblar. Onlar odunu dağdan Tikanlı kənd sakini X1 meşə bağı kimi istifadə etdiyi əraziyə yuvarlamışlar. Oduna baxıb görmüş ki, Elşadın kəsdiyi ağaclardan əlavə də bir neçə ədəd yaş vəziyyətdə palıd ağacı kəsilib. Lakin, neçə ədəd kəsildiyini o bilmirmiş. Çünki o Orxanla razılaşmış ki, ona fərqi yoxdur, neçə ağac kəsir kəssin, ona bir maşın odun düzəlsin. Orxanın və ya onunla birlikdə işləyən adını yuxarıda çəkdiyi şəxslərin həmin ağacları kəsmələri üçün rəsmi icazə sənədi almadıqlarını, həmin ərazidən yaş ağac kəsilməsinə icazə verilmədiyini bilirmiş. Odunun hazır olduğunu görüb həmkəndlisi X3 məxsus Zil-131 markalı nömrəsini bilmədiyi avtomobili idarə edib Orxangilin yanına odun olan yerə gəlmişdir. Bu vaxt saat 16 radələri olarmış. Orxan, Seydi və Fərman odunu təxminən 1 saat ərzində maşına yükləmişlər, yerdə əlavə 20-30 ədəd girdin qalmışdır. Orxan ona təklif etmiş ki, əlavə ağac kəsib yerdə qalmış həmin girdinlərlə birlikdə ona bir maşın da odun hazırlasınlar. Razılaşmış və bir neçə günə hazırlayacağını bildirmişdir. Yüklü maşın sürə bilmədiyi üçün Orxan dayısı Qəribin maşınını sürüb odunu onun həyətinə aparmışdır. Sonra Orxan vasitəsi ilə tapdığı Becan adlı müştəriyə həmin odunu 600 manata satmış, Orxangilin pulundan 100 manatını odunu həyətinə gətirdikləri gün vermiş, qalan 150 manatı isə odunu satıb Becandan pul aldığı gün vermişdir. Bundan təxminən bir həftə sonra iyun ayının sonlarında qohumu Şamilov Mirzəfər ona zəng vurub demiş ki, Şahdağ milli parkının işçiləri onun bağında qalan 20-30 ədəd girdini gəlib tutublar, oğlunu ora çağırıb deyirlər ki, odunu oğlu kəsib, odun onun olduğu üçün gedib məsələni park işçiləri ilə yoluna qoysun. Gedib görmüş ki, Şahdağ parkının işçiləri Şahid4 və Nümayəndə oradadır. Orxangili satmamaq üçün bildirmiş ki, odun onundur, həmin odunu özü kəsdirib doğratmış, məsələni böyütməsinlər, yüngül cərimə yazsınlar. Hətta onları dağa qaldırıb Elşadın və Orxangilin kəsdiyi ağac yerlərini onlara göstərib özünün kəsdirdiyini bildirmişdir. Park işçisi Sadiqlə belə razılığa gəlmişlər ki, kəsilmiş ağaclar Yeger Şahid4 üzərinə yazılsın, cəriməni yaxın günlərdə ödəyəcək. Sadiqə və ya Azərə heç bir məbləğdə rüşvət və ya digər maddi maraq təklif etməmiş, onlar da ondan rüşvət istəməmişlər. Sadiq və Azər ağacların dib kəsiklərini ölçüb özlərində qeydlər aparmış, dib kəsikləri neçə diametr olduğu yadında qalmamış, lakin yadındadır ki, Elşadın kəsdiyi bir ədəd palıd və qarağac daha böyük diametrdə imiş. Bundan bir gün sonra o, yaylağa qoyununu otarmağa getmişdir. Orada olarkən eşitmiş ki, Şahdağ milli parkının işçiləri həmin səkkiz ədəd kəsilmiş ağacı onun üzərinə yazıb sənələşdiriblər və akt tərtib ediblər, lakin, onun özünə aktı imzalatmayıblar, hətta ağacların kəsilməsini sənədləşdirib polis şöbəsinə göndəriblər. Bundan sonra, Orxangilə demiş ki, o, polis şöbəsində gedib düzgün izahat verərək bildirəcək ki, ağacları Orxangil ona odun kimi kəsib satıblar, o özü kəsdirməyib və bu formada da izahatını vermişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayının ortalarında həmkəndlisi, ağac alveri ilə məşğul olan Təqsirləndirilən şəxs1 onunla Qəbələ şəhərində çayxanaların birində görüşərək demiş ki, onun Tikanlı kəndinin şimalında dağətəyi ərazidə bağ kimi istifadə etdiyi meşə ərazisində iki ədəd kəsiləsi ağac var, həmin ağacların diamteri böyük olduğundan öz motoru ilə kəsə bilmir, təklif etmiş ki, o özünə məxsus Ural markalı motopila ilə həmin ağacları kəssin. Çünki ona məxsus Ural markalı motopila iri diamterli ağacları kəsmək üçün əlverişli imiş. Asim bildirmiş ki, kəsdiyi ağacları satdıqdan sonra zəhmət haqqını verəcək. Asimdən ağacların kəsilməsinə görə icazəsinin olub-olmadığını soruşduqda, ona heç bir icazə sənədi təqdim etməyib bildirmiş ki, rəsmi icazəsi yoxdur, lakin hər hansı problem olarsa, özü hansısa yolla həll edəcək. Onun da başqa dolanışıq yeri olmadığına görə Asimin təklif etdiyi ağacları zəhmət haqqı müqabilində kəsməyə razılıq vermişdir. Əvvəlcədən razılaşdıqları kimi bir gün sonra səhər saat 7 radələrində o, özünə məxsus “Ural” markalı motopilanı götürüb Asimlə birlikdə onun göstərdiyi dağlıq əraziyə getmişlər. Asim oradan bağ kimi istifadə etdiyini desə də, kənarları açıq meşəlik və dağlıq ərazi imiş. Bilirmiş ki, həmin ərazi meşə sahəsidir, həm də təxmini olaraq bilirmiş ki, Şahdağ milli parkının ərazisi hesab olunur. Asim həmin ərazidə ona bir ədəd təxminən 80-90 sm diametrində palıd ağacı və bir ədəd 60-70 sm diametrində qarağac cinsinə məxsus ağac göstərib onları kəsməsini istəmişdir. Asimin göstərdiyi həmin iki ədəd köküstə yaş ağacları 1 saat ərzində dibindən kəsib yerə yıxmışdır. Asim demiş ki, çıxıb getsinlər, o kəsilmiş ağacların köklərini yandırıb yerini itirəcək ki, birdən ekologiyadan gəlib yoxlasalar, ağacın kəsildiyi yer bilinməsin. Ağacları kəsərkən Asimdən başqa orada heç kim yox imiş. Ağacları kəsib yıxdıqdan sonra Asimlə birgə razılığa gəlmişlər ki, ağacları gəlib bir həftə sonra 42 sm uzunluğuna girdin şəklində doğrayarlar. Çünki Asim həmin kəsilmiş ağacları yeşik taxtası materialı kimi satmalı imiş. Saat 8 radələrində Asimlə birlikdə həmin ərazidən geriyə qayıdıb evinə gəlmişdir. Asim bildirmiş ki, materialı satdıqdan sonra satıb onun zəhmət haqqısını verəcək. Nə qədər zəhmət haqqı verəcəyi barədə əvvəlcədən razılaşmamışlar. Ağacları doğradıqdan sonra qiymət deməli imiş. Bundan 2-3 gün keçdikdən sonra eşitmiş ki, Asim onun kəsib yıxdığı iki ədəd ağacı Tikanlı kənd sakinləri Şahid1 Qüddisi oğluna, Şahid2 və Şahid3 doğradıb, həmçinin həmin şəxslərə eyni ərazidən əlavə 6 ədəd palıd cinsindən olan ağacları kəsdirib doğratmışdır. Bundan 4-5 gün sonra isə Şahdağ Milli Parkının işçiləri Asimin ona və yuxarıda sadaladığı şəxslərə kəsdirdiyi ağac yerlərini müəyyən edərək sənədləşdirib polisə göndərmişdir. Asimə demiş ki, Qəbələ rayon polis şöbəsində problemi həll etsin, çünki əvvəlcədən o bildirmiş ki, əgər hansısa problem yaransa özü həll edəcək. Asim isə ona demiş ki, polisdə ağacları kəsməyini boynuna almasın, özü həll edəcək. Lakin, Asim özü ağacları ona, Orxana, Seydiyə və Fərmana kəsdirdiyini boynuna almayıb, bildirmiş ki, guya ağacları Orxan, Seydi və Fərman ondan xəbərsiz park ərazisindən kəsərək odun kimi ona satıblar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs1 özünün qismən etirafedici, Təqsirləndirilən şəxs2 isə etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2019-cu ildən etibarən Şahdağ Milli Parkının Qəbələ bölməsində sahə müfəttişi işləyir, 2020-ci ilin əvvəllərindən parkın Tikanlı kəndi yaxınlığındakı ərazilərdə işləyir. xx.xx.2020-ci il tarixdə səhər saatlarından etibarən o, parkın yegerləri Şahid4 və X7 ilə birlikdə parkın Bum meşəbəyliyinin 1 saylı dolayısına düşən ərazisində təftişə başlamışlar. Füzuli bir istiqamətdə o və Azər isə digər istiqamətə getmişlər. Azər və o parkın Tikanlı kəndinin yaxınlığında, yəni şimal hissəsində dağətəyi ərazidə gəzib Tikanlı kənd sakini Mirzəfər Şamilovun bir neçə illərdir hər hansı bir rəsmi müqavilə olmadan istifadə etdiyi bağın ərazisinə çatdıqda bağın dağətəyi hissəsində yaş vəziyyətdə palıd və qarağac cinslərinə məxsus ağaclardan 40-42 sm ölçüdə doğranmış bir maşının yük yerindən bir qədər az girdinləri aşkar etmişlər. Doğranmış ağaclar Mirzəfərin bağ kimi istifadə etdiyi ərazidə olduğuna görə əvvəlcə ehtimal etmişlər ki, həmin ağacları Mirzəfər kəsib. Buna görə Mirzəfərin oğlu Teymura zəng vurub yanlarına çağırmışlar. Bir neçə dəqiqədən sonra Teymur onların yanına gəlmiş, ondan həmin ağacları kimin kəsib doğradığını soruşduqda bildirmiş ki, məlumatı yoxdur. Sonra atası Mirzəfərə zəng vurub danışdıqda Mirzəfər bildirmiş ki, ağacı kəsən adam yanlarına gəlir. Bir neçə dəqiqədən sonra Tikanlı kənd sakini əvvəllər tanıdıqları Təqsirləndirilən şəxs1 onların yanına gəlib demiş ki, ağaclar ona məxsusdur və ağacları bir qədər yuxarıdan dağlıq ərazidən kəsdirdiyini etiraf etmişdir. Lakin, kimə kəsdirdiyini deməmiş, bildirmiş ki, ağacların kəsilməsinə görə məsuliyyəti özü daşıyır. Sonra Asim onları ağacların kəsildiyi yerə aparıb göstərmişdir. Mirzəfərin bağ kimi istifadə etdiyi ərazidən təxminən 150 metr dağa qalxdıqda görmüşlər ki, orada bir-birinə yaxın yerləşən 8 ədəd müxtəlif diametrdə ağaclar kəsilib. Ağacların dib kəsiklərinə baxdıqda məlum olmuş ki, yeddisi palıd, biri isə qarağac cinsindəndir. Ağacların kəsildiyi yerə baxış keçirilib dib kəsiklərinə nəzərən ölçmə işləri aparılmışdır. Onlar ölçmə işini nəzəri şəkildə gövdənin döş qəfəsinə qaldıraraq apardıqda məlum olmuş ki, palıd cinsindən olan ağacların diamteri aktdada göstərildiyi kimi 36, 40, 44, 52, 76 sm, qarağac cinsindən olan ağacın isə diametri 68 sm-dir. Həmin vaxt üzərlərində nömrəli akt olmadığından çöl aktı tərtib edilib qeydlər aparılmış, aktı isə həmin gün idarəyə gələrək tərtib etmişlər. Təqsirləndirilən şəxs1 qeyd olunan 8 ədəd ağacı kəsdirdiyini etiraf etməsinə baxmayaraq aktı imzalamaqdan imtina etmişdir. Asim orada bir neçə dəfə onlardan, ağacların kəsilməsini ört-basdır edərək sənədləşdirməməyi və maddi maraq müqabilində məsələni həll etməyi xahiş etmişdir. Lakin, onlar onun qanunsuz təklifini qəbul etməmiş və bildirmişlər ki, ağacların kəsilməsi qanuni formada sənədləşəcək. Asimin təklifini qəbul etmədikdə o çıxıb getmişdir. Parkın ərazisindən həmin 8 ədəd ağacın qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı tərtib etdikləri akt araşdırma aparılaraq, ağacı kəsən şəxslər barəsində qanuni tədbir görülməsi üçün Qəbələ rayon polis şöbəsinə göndərilmişdir. Faktla bağlı polis şöbəsində araşdırma aparılarkən məlum olmuş ki, Təqsirləndirilən şəxs1 həmin səkkiz ağacdan biri palıd və biri qarağac olmaqla iki ədədini Tikanlı kənd sakini Elşad Rəhimova, digər 6 ədəd palıdı isə Tikanlı kənd sakinləri Orxana, Seydiyə və Fərmana kəsdirərək onlara fəhlə pulu vəd edib. Sonradan eşitmişlər ki, Asim polis şöbəsində həqiqətə uyğun olmayan yalan izahat verərək guya həmin səkkiz ağacı onun özünün kəsdirmədiyini, ağacları ona Orxan, Seydi və Fərmanın kəsdikdən sonra satdıqlarını bildirmişdir. Özü kənddə Orxan və Seydi ilə görüşüb söhbət edən zaman onlar da demişlər ki, həmin ağacları Asim aparıb onlara kəsdirib, əvəzində 250 manat pul söz verib, iş polisə çatdıqda Asim yalan ifadə verərək ağacları kəsdirməsini etiraf etməyib və guya ağacları Orxan, Seydi və Fərmanın özbaşına kəsib ona satdıqlarını bildirib. Məhkəmə iclasında Şahid4 zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadasinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, həmkəndliləri Şahid2 və Şahid3 birlikdə müxtəlif şəxslərin sifarişləri olduqda zəhmət haqqı müqabilində ağac kəsib doğrayaraq odun kimi satırmışlar və bununla ailələrini dolandırırmışlar. 2020-ci ilin iyun ayının 20-dən sonra axşamtərəfi evdə olarkən həmkəndlisi Təqsirləndirilən şəxs1 ona zəng vurub bildirmiş ki, kəndin mərkəzinə çıxsın onunla işi var. “Göydəniz” adlı kafedə Asimlə görüşmüşdür. Asim bildirmiş ki, kəndin dağlıq ərazisində yerləşən və öz bağı kimi istifadə etdiyi ərazidə kəsilib yıxılmış vəziyyətdə biri palıd, biri qarağac olmaqla iki ədəd ağac var, onu 42 sm uzunluqda girdin formada doğrayıb avtomobilə yükləyərək həyətinə gətirmək lazımdır, həmin ağacları müştəri tapıb satdıqdan sonra zəhmət haqqını verəcək. Asimin mobil telefonundan onunla birlikdə işləyən Şahid2 və Şahid3 zəng vurub yanlarına çağırmışdır. Bu söhbət onların yanında da bir daha edilmişdir. Ertəsi gün o, Seydi, Fərman və Asim birlikdə səhər saat 05 radələrində Asimin evindən təxminən 300-400 metr şimalda dağlıq ərazidə yerləşən onun öz bağı kimi təqdim etdiyi əraziyə getmişlər. Asim oranı bağı kimi təqdim etsə də, kənarları açıq olmaqla meşəlik ərazi imiş. Asim onlara iki ədəd kəsilmiş ağacı göstərdikdə məlum olmuş ki, həmin ağacların biri qarağac, biri isə palıd cinsindəndir.Onların diametri təxminən 1 metrə yaxın və ya 1 metr olarmış, yaş vəziyyətdə imiş. Asim demiş ki, həmin ağacları həmkəndlisi Elşad Rəhimova bir neçə gün əvvəl kəsdirib. Ağacları doğramaq üçün Seydiyə məxsus “Aloğlu” markalı moto mişarı gətirmişlər. Həmin motomişarla o və Seydi növbəli şəkildə iki ədəd yıxılmış ağacı 42 sm uzunluğunda doğramışlar, Fərman isə doğranmış girdinləri həm toplayırmış, həm də dağdan aşağı yuvarlayırmış. Həmin iki ədəd doğradıqda bir maşının yük yeri qədər olmadığından Asim həmin ərazidən əlavə altı ədəd palıd ağacı göstərib, demiş ki, həmin ağacları da kəsib doğrasınlar bir maşın yük olsun. Elə həmin gün o və Seydi moto mişarla Asimin göstərdiyi əlavə 6 ədəd köküstə yaş vəziyyətdə olan palıd ağaclarını növbəli şəkildə kəsib, 42 sm uzunluğunda doğradmışlar, Fərman da yenə girdinləri dağdan aşağı yuvarlayırmış. Onlar ağacları kəsib doğrasa da, həmin gün dağın ətəyinə yuvarlayıb bir yerə toplayıb qurtara bilməmişlər. Buna görə də qərara gəlmişlər ki, ağacları növbəti gün gəlib dağdan aşağı yuvarlayaraq maşına yükləyib aparsınlar. Ertəsi gün səhər saat 5 və ya 6 radələrində Asim, o, Seydi və Fərman ağacları kəsib doğradıqları yerə getmişlər və hamısını saat 15 radələrinə kimi dağətəyi əraziyə yuvarlayıb bir yerə toplamışlar. Bundan sonra Asim özü gedib onun dayısı Tikanlı kənd sakini X2 Zil-131 markalı yük maşınını götürüb gəlmişdir. Buna kimi onlar onu orada gözləmişlər. Həmin gün saat 19 radələrinə kimi o, Seydi və Fərman Asimin onlara sifariş verib kəsdirdiyi 6 ədəd palıd ağacını və onlardan əvvəl Elşad Rəhimova kəsdirdiyi iki ədəd ağacı maşına yükləmişlər.Yerdə təxminən 18-20 ədəd girdin qalmış, Asim də onlara demiş ki, həmin girdinləri görünməyən bir yerə yığsınlar ki, Şahdağ Milli parkının işçiləri görməsin. Çünki Asimin öz bağı kimi təqdim etdiyi yer Şahdağ Milli parkının ərazisində yerləşir və oradan heç kimin icazəsiz ağac kəsməyə ixtiyarı yoxdur. Asimlə razılaşmışlar ki, həmin ağacları kəsib doğradıqları və maşına yükləyib boşaltmaqları müqabilində ağacları müştəri tapıb satdıqdan sonra onlara 250 manat zəhmət haqqı verəcək. Onlar da buna görə Asimə demişlər ki, onlar onunla bir maşın yükü yığmağı danışmışlar, yerdə qalan 18-20 ədəd girdini kənara daşıya bilməzlər. Buna görə də bir maşından artıq qalan girdinlər yuvarladıqları dərədə açıqlıqda qalmışdır. Ağacları maşına yüklədikdən sonra Asimin həyətinə gətirmişlər. Ertəsi gün saat 11 radələrində o və Seydi Asimin həyətinə gedib maşından 1 saat ərzində ağacları yerə boşaltmışlar. Asim həmin ağac materialını Becan adlı şəxsə 600 manata satmış, sonuncu da ağacları satmaq üçün Göyçaya aparmış, amma kimə satdığını bilməmişdir. Ertəsi gün Asim Qəbələ şəhərində onunla və Seydi ilə görüşüb 100 manat vermiş, həmin gün 100 manatı adı yadında qalmayan Bum qəsəbəsindən olan taksi sürücüsü ilə göndərmiş, lakin qalan 50 manatı indiyə kimi verməmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadasinə uyğun eyni məzmunlu ifadə vermişlər. İşdə olan 6 saylı Regional Ekologiya və X5 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 918 nömrəli məktubdan və həmin məktuba qoşma olaraq göndərilmiş hesabat cədvəlindən görünür ki, Qəbələ rayon polis şöbəsindən göndərilmiş məktub əsasında həmin idarənin mütəxəssisi tərəfindən Şahdağ Milli Parkının Bum meşəbəyliyinin 1 saylı dolayından 8 ədəd köküstə yaş ağacların kəsildiyi yerə baxış keçirilərək müəyyən edilmişdir ki, ərazidən Şahid2 və Şahid1 tərəfindən diametrləri 40 sm iki ədəd, 50 sm bir ədəd, 52 sm iki ədəd və 65 sm bir ədəd olmaqla cəmi altı ədəd palıd cinsli ağacların kəsilməsi nəticəsində təbiətə 946 (doqquz yüz qırx altı) manat məbləğində, Təqsirləndirilən şəxs2 tərəfindən bir ədəd 75 sm diametrində qarağac cinsli və bir ədəd 95 sm diametrində palıd cinsli olmaqla cəmi iki ədəd ağacın kəsilməsi nəticəsində isə təbiətə 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində ziyan dəymişdir. Həmin ərazidən 8 (səkkiz) ədəd ağacın kəsilməsi nəticəsində dəymiş ümumi zərərin məbləği isə 4366 (dörd min üç yüz altmış altı) manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs1 özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələri, Təqsirləndirilən şəxs2 özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onların xüsusi mühafizə olunan təbiət ərazisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini qismən etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayətin törədilməsini, əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar