Məhkəmə qərarları › İş №1(025)-10/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-10/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-10/2023 22.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas X3, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli yolla, qanunsuz və əvəzsiz şəkildə ələ keçirmək niyyəti ilə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində 5243 75****970078 nömrəli “Unibank” Bankına aid “Albalı Plus” kart hesabında olan pulun məbləğini öyrənmək, eləcə də ƏDV ödəmələrinin balansına qaytarılmasına köməklik edilməsi üçün “İnstagram” sosial şəbəkəsində “Unibank” bankına aid rəsmi səhifəyə sms yazaraq müraciət edən Qəbələ rayonunun Həmzəlli kənd sakini Zərərçəkmiş şəxs ilə həmin sosial şəbəkədə yaratdığı “unibank.filial” adlı saxta bank səhifəsində yazışıb özünü bank əməkdaşı kimi təqdim edərək ona qeyd olunan məsələdə köməklik edəcəyini, bunun üçün ona kart məlumatlarını göndərməli olduğunu bildirməklə aldadaraq əvvəlcə həmin karta dair məlumatları, yəni üzərinə yazılmış 16 rəqəmli hesab nömrəsini, arxa tərəfinə qeyd edilmiş 3 rəqəmli CVV məxfi təhlükəsizlik kodunu, kartın istifadə müddətinin bitmə tarixini, Zərərçəkmiş şəxs aid şəxsiyyət vəsiqəsinin FİN kodunu, ona aid mobil telefon nömrələrini, həmçinin həmin kartla mobil tətbiqdə qeydiyyatdan keçmək üçün lazım olan və Zərərçəkmiş şəxs mobil telefon nömrəsinə sms vasitəsi ilə göndərilən təsdiq kodunu Zərərçəkmiş şəxs ona kartın hər iki tərəfinin foto şəklini çəkib, eləcə də “İnstagram” sosial şəbəkəsində yazaraq mesaj şəklində göndərməsi ilə əldə etmiş, bundan sonra Zərərçəkmiş şəxs aid kartla smartfon tipli Samsung markalı mobil telefonuna yüklədiyi “Birbank” adlı mobil tətbiqdə qeydiyyatdan keçib kartın balansında olan hesabı müəyyən edərək bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs məlumatı olmadan ondan gizli formada kart hesabında olan 2050 (iki min əlli) AZN məbləğində pulunu “Birbank” adlı mobil tətbiq vasitəsi ilə onlayn qaydada özünə aid olmayan və qardaşı Şahid2 qanuni şəkildə pul köçürmələri etmək adı ilə xahiş edib əldə etdiyi sonuncunun tanışı Şahid3 Elşən qızının tanışı Şahid1 məxsus 676867******2288 nömrəli “Kapital Banka” aid kartın hesabına köçürüb ələ keçirdikdən sonra həmin kartdan istifadə etməklə saat 23:16-dan 23:26 radələrinədək olan müddətdə 1160 AZN, 300 AZN və 145 AZN olmaqla hissə-hissə ümumilikdə 1605 (bir min altı yüz beş) AZN məbləğində hissəsini yaşadığı evin yaxınlığında, yəni ünvan 2 ünvanında 5 plus adlı super marketin yaxınlığında yerləşən Kapital banka məxsus bankomatdan nəğdləşdirərək, 300 AZN, 100 AZN, 20 AZN, 6 AZN və 3 AZN olmaqla ümumilikdə 429 (dörd yüz iyirmi doqquz) AZN məbləğində olan hissəsini isə özünə aid alış-veriş üçün nəzərdə tutulmuş plastik pul kartına köçürərək öz şəxsi tələbatlarına xərcləmiş, eyni zamanda 16 (on altı) AZN məbləğində hissəsinin isə nəğdləşdirmə və kartdan kart hesabına köçürmə zamanı xidmət haqqı kimi tutulmasına səbəb olmuş, bununla da o, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2050 (iki min əlli) AZN məbləğində pulu elektron daşıyıcı hesab olunan bank kartından və informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onunla birlikdə yaşayan qardaşı Şahid2 Bakı şəhər sakini Allahverdi Məmmədəlinin adına olan Kapital Banka aid pul kartı vardır ki, həmin pul kartını istifadə etməyərək yaşadıqları evdə saxlayırmış. İkinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etdiyi üçün döyüş yoldaşı olan Məhərərm adlı şəxs ona xərcləmək üçün pul göndərməli olduğundan qardaşı Vasifdən xahiş edib pul kartını ondan almışdır. Həqiqətəndə döyüş yoldaşı Məhərərm kartdan-karta 2021-ci ilin oktyabr ayında dəqiq yadında qalmayan tarixdə 50 manat, iki-üç gün sonra 60 manat pul göndərmiş və həmin pulları Mingəçevir şəhərində yaşadığı evin arxa tərəfində yerləşən 5 plyus adlı supermarketin yaxınlığında yerləşən Kapital Banka aid bankomatdan çıxararaq öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Qardaşı Şahid2 aldığı Şahid1 adına olan pul kartını qardaşı Vasifə qaytarıb verməmiş, rəsmi iş yeri olmadığından və pula ehtiyacı olduğu üçün belə qərara gəlmiş ki, İnstagram sosial şəbəkəsində “Unibank.filialı” adlı saxta səhifə açaraq İnstagramın rəsmi səhifəsinin şərh hissəsinə daxil olan müraciətləri izləyərək müraciət edən vətəndaşlara məxsus bank kartlarında problem yarandıqda özünü Unibankın işçisi kimi təqdim edib bu məsələdə köməklik göstərəcəyini deyib əvvəlcə vətəndaşa məxsus bank kartalarının nömrələrini əldə etsin, daha sonra özünə məxsus Samsung A10 mobil telefonuna yüklədiyi Bir bank tətbiqi vasitəsi ilə vətəndaşlara məxsus pulları ələ keçirsin. Bundan sonra özünə məxsus Samsung A10 markalı mobil telefonda saxta Gmail əsasında İnstagram sosial şəbəkəsində öz adına “Unibanka” aid “Unibank.filialı” adlı saxta bank səhifəsi açmışdır. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində İnstagram sosial şəbəkəsində Unibankın rəsmi səhifəsinə daxil olaraq həmin səhifənin şərhlər böməsinə sonradan adını bildiyi Zərərçəkmiş şəxs adını xatırlamadığı profildən Unibanka müraciət etdiyini görüb onunla saxta açdığı “Unibank.filialı” adlı səhifədə yazışaraq ona özünü bank işçisi kimi təqdim edib nə köməklik göstərə biləcəyini sorumuşdur. Zərərçəkmiş şəxs ona özünə aid Unibanka aid Albalı Plus kartının olduğunu və həmin kartdakı pul vəsaitindən borc kimi istifadə etdiyini, daha sonra həmin kartdan borc kimi istifadə etdiyi pulu geri qaytardığını bildirərək həmin pul vəsaitinin karta yüklənib-yüklənmədiyi barədə məlumat almaq istəyini, eləcə də kartın istifadəsi zamanı bonus kimi toplanan ƏDV-nin karta qayıtmadığını bildirmişdir. Yusif ilə yazışıb ona köməklik göstərəcəyini bildirərək Yusifə bank işçisi olduğunu inandırmışdır. Daha sonra Yusifdən Bank kartının hər iki üzünün şəklini çəkib atmasını bildirmişdir. Niyyəti həmin kartın üzərində olan kart, cif nömrəsi və bank məlumatlarını ələ keçirib birbank tətbiqində həmin kartı qeydiyyatdan keçirməklə bank kartının içərisində olan pul vəsatinin məbləğini öyrənmək və həmin pulları çıxarmaq olmuşdur. Yusif ona bank kartının hər iki tərəfini çəkib atdıqdan sonra ondan mobil tefon nömrəsini və şəxsiyyət vəsiqəsinin üzərində olan FİN kodunu istədiyi üçün ona mesaj formasında göndərmişdir. Sonra istifadəsində olan mobil nömrəyə 6 rəqəmli sms kodu gələcəyini və həmin kodu ona deməsini bildirmişdir. Çünki, həmin 6 rəqəmli təhlükəsizlik kodu bank kartı üzrə pul vəsaitlərin çıxarılmasında və digər əməliyyatların aparılmasında istifadə edilən kod olduğundan ona lazım olmuşdur. Zərərçəkmiş şəxs məxsus pul kartının eləcə də özü barəsində məlumatları əldə etdikdən sonra dərhal Yusifə məxsus bank kartı ilə “Bir bank” tətbiqində qeydiyyatdan keçib karta daxil olmuş və kartda ümumilikdə 2050 manat pul olduğunu görüb, pul vəsaitininin hamısını birbank tətbiqi vasitəsi ilə qardaşı Vasifdən aldığı Allahverdiyə məxsus kapital Banka aid pul kartına köçürmüşdür. Daha sonra isə Zərərçəkmiş şəxs məxsus pulu 15-20 dəqiqə ərzində təxminən 430 manata yaxın hissəsini özünə məxsus alış-veriş kartı olan hal-hazırda kodunu unutduğu tam kartına köçürmüş ki, alış-veriş zamanı həmin puldan istifadə etsin. Qalan pulu isə yaşadığı evin yaxınlığında yerləşən Mingəçevir şəhəri Nizami küçəsi 5 plus Super marketin yanında olan Kapital Banka aid bonkamata yaxınlaşıb cəmi 1605 manatını hissə-hissə çıxartmış, 15-16 manat pul isə xidmət haqqı kimi tutulmuşdur. Gecə saat 03 radələrində Zərərçəkmiş şəxs İnstaqramda ona “məni aldatmısınız sizdən polisə şikayət edəcəm” mövzusunda mesaj mətni yazdığı üçün onunla yazışdığı mesaj mətnlərini silərək İnstagramda saxta bank hesabı açdığı səhifədə blok eləmişdir. Zərərçəkmiş şəxs məxsus ələ keçirdiyi pulları bir neçə gün ərzində hissə-hissə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra isə Zərərçəkmiş şəxs məxsus 2050 manat pulunu ələ keçirdiyi üçün törətdiyi cinayətin izini itirmək üçün Allahverdiyə məxsus kapital Banka aid və eləcə də özünə aid alış-veriş üçün tam kartı hissələrə doğrayıb, mobil telefonu isə qıraraq Mingeçevir şəhəri ərazisində Kürçayına tullamışdır. Hadisədən təxminən bir il keçdikdən sonra Qəbələ RPŞ-nin əməkdaşları ona yaxınlaşıb Zərərçəkmiş şəxs məxsus 2050 manat pulunu oğurladığı üçün və bununla bağlı araşdırma aparıldığını bildirərək Qəbələ RPŞ-nə getməli olduğunu bildirmişlər. Belə olub rayon polis şöbəsinə gələrək həqiqətəndə Yusifə məxsus pul kartından 2050 manat pulu oğurladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisədən təxminən bir il öncə özü üçün Unibankın İsmayıllı rayon Filialından 2 000 manat kredit pul götürmüşdür. Kredit pul götürərkən alış veriş üçün Bank tərəfindən ona əlavə olaraq X7 kartı verilmişdir. Kart ona 4 il müddətinə verilərək içərisində 300 manat pul olmuşdur. Bankdan götürdüyü 2000 manat kredit pulu vaxtından əvvəl ödəyib qurtardığı üçün yaxşı müştəri kimi Bank tərəfindən ona verilmiş Albalı Plus kartının içərisində olan 300 manat pul 2 000 manata kimi artırılmışdır. Həmin puldan bir qismini xərcləmiş və xərclədiyi pulun faizi çox olduğu üçün xx.xx.2021-ci il tarixdə X6 filialından Albalı Plus kartını bağlamaq üçün kreditə pul götürərək karta 458 manat pul ödəmişdir. Həmin gün axşam saat 23 radələrində yaşadığı evdə olarkən özünə məxsus Redmi 6A markalı mobil telefon vasitəsi ilə İnstagram sosial şəbəkəsində Unibankın rəsmi səhifəsinə daxil olub “Salam mən İsmayılli flialından kecən il kredit alanda Albalı kart verdilər mənə 2 000 manatliq onuda istifadə edirəm arada 19 manat EDV yəğılıb oda coxdandi balansa qayitmir ne elemeliyem. Birde albali kartin balansina baxanmıram necə baxa bilərəm mesaj gelmir daha mənə” mövzusunda mesaj mətni yazmışdır. Yazdığı müraciətlə bağlı ona cavab verilmədiyi üçün Unibankın rəsmi səhifəsinin şəklinin rəy bölməsinə yazmış ki, “zəhmət olmasa direktə baxın”. Bundan təxminən 2-3 dəqiqə keçmiş Unibank.Flial səhifəsindən ona “buyurun sizə necə kömək edə bilərik” mövzusunda mesaj mətni gəlmişdir. Bundan sonra Unibankın rəsmi səhifəsinə əvvəl yazdığı mesaj mətnini kopyalayıb həmin səhifəyə atmışdır. Onunla yazışan naməlum şəxs Albalı Plus kartının hər iki üzünün fotoşəkilini çəkib ona göndərməsini istəmiş, buna görə də kartın hər iki tərəfinin şəklini çəkib həmin şəxsə göndərmişdir. Sonra həmin şəxs onun mobil telefon nömrəsini, şəxsiyyət vəsiqəsinin pin kodunu istədiyi üçün həmin məlumatları da mesaj formasında ona göndərmişdir. Ardınca mobil telefon nömrəsinə sms vasitəsi ilə 155918 saylı 6 rəqəmli kod gəlmişdir ki, həmin kodu ona yazan şəxsin istəyi əsasında ona göndərmişdir. Naməlum şəxs təxminən 15 dəqiqə müddətinə kimi ona cavab verəcəyini bildirmişdir. Həmin şəxsə “yaxşı” sözünü yazıb yuxuya getmişdir. Gecə saat 02:02 radələrində yuxudan ayılıb həmin şəxsə “nə oldu yazmadınız” sözlərini yazsa da ona heç bir cavab verilməmişdir. Saat 02:50 radələrində həmin şəxsə “siz kimsiniz fırıldaqçı deyilsiniz ki, sizdən polisə şikayət edəcəm” mövzusunda mesaj mətni yazdıqdan sonra həmin şəxs onunla yazışdığı öz yazdığı mesaj mətnlərini silərək onu İnstagram sosial şəbəkəsində blok etmişdir. Bundan sonra mobil telefonunda Unibankın proqramına daxil olmaq istəsə də daxil ola bilməmişdir. Bu səbəbdən Unibankın 117 qaynar xətt nömrəsinə zəng vurmuş ona bildirilmiş ki, “siz ola bilsin dələduzluq cinayətinə məruz qalmısınız” buna görə ona polisə müraciət etməsini tövsiyyə etmişlər. xx.xx.2021-ci il tarixdə gecə saat 04 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə, səhər isə Qəbələ RPŞ-nə rəsmi qaydada ərizə ilə müraciət edərək ona məxsus Unibanka aid Albalı Plus kartından naməlum şəxs və ya şəxslər tərəfindən pulunun çıxarılmasını bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 4 il bundan əvvəl Mingəçevir şəhər sakini Şahid3 ilə tanış olmuşdur. Beləki Günay qadın gözəllik salonunda işləyərkən Sədərəkdən Günayın sifariş verdiyi malları Mingəçevir şəhərinə gətirirmiş. Şahid3 ilə tanış olduqdan sonra onunla qeyri rəsmi sevgi münasibətində olmuşdur. Hadisədən təxminən 1 il öncə Günaya demiş ki, ona pul köçürmələri etmək üçün pul kart lazımdır, əgər onda boş və istifadə etmədiyi kart varsa, ona versin. Belə ki, həmin ərəfədə tanışı Fuad adlı Mingəçevir şəhər sakini borcu olduğu üçün 20 manat pul köçürməli imiş və buna görə də ona boş pul kart lazım olduğu üçün Günaydan kart istəmişdir. Belə olub Günay Allahverdinin adına olan həmin Kapital bank kartını ona vermişdir. Günay Allahverdinin adına olan pul kartını ona versə də həmin karta heç bir mədaxil etməmiş, belə ki, tanışı Fuad ona göndərməli olduğu 20 manat pulu göndərməmişdir. Sözü gedən Kapital banka məxsus kart ona lazım olmadığı üçün, eləcə də içərisində pul olmadığından həmin kartı yaşadığı evə qoymuşdur. Günyadan həmin kartı aldıqdan bir neçə gün sonra kartı bir neçə dəfə geri istəmiş, lakin hər dəfəsində pul kartını Günaya qaytaracağına söz versə də qaytarmamışdır. Çünki həmin pul kartını yaşadığı evdən onunla birlikdə yaşayan qardaşı Təqsirləndirilən şəxs götürərək istifadə edirmiş. xx.xx.2022-ci il tarixdə Qəbələ rayon polis şöbəsinə çağırldıqda ona təqdim edilmiş video görüntüyə baxış zamanı Allahverdinin adına olan ona Günay tərəfindən verilən həmin Kapital bank kartından qardaşı Təqsirləndirilən şəxs istifadə edilməklə Qəbələ rayonu Həmzəlli kənd sakini Zərərçəkmiş şəxs adlı şəxsə məxsus bank kartında olan 2050 manat pul ələ keçirildiyi məlum olmuşdur. Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. İşdə olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Qəbələ Rayon Polis Şöbəsinə vermiş olduğu ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı törətmiş oğurluq nəticəsində dəymiş maddi ziyan 2050 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli yolla özgə əmlakını talayaraq oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, cinayət əməli ilə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsini, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tutulub saxlandığı 04 (dörd) gün müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək, 31 yanvar 2023-cü il tarixdə saat 15:30-dan həmin gün saat 16:30-dək və 18 mart 2023-cü il tarixdə saat 11:00-dan həmin gün saat 12:00-dək tutulub saxlandığı 04 (dörd) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhər ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut olan "xxxx" ASC tərəfindən disk daşıyıcıya yerləşdirilərək təqdim edilmiş kart hesabından çıxarış və "xxxx" ASC tərəfindən disk daşıyıcıya yüklənərək təqdim edilmiş fotoşəkillər cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhər ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan "xxxx" ASC tərəfindən disk daşıyıcıya yerləşdirilərək təqdim edilmiş kart hesabından çıxarış və "xxxx" ASC tərəfindən disk daşıyıcıya yüklənərək təqdim edilmiş fotoşəkillər cinayət işi materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar