Məhkəmə qərarları › İş №1(025)-10/2025

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-10/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-10/2025 28.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Dövlət ittihamçısı və müdafiəçi X1 iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Daşça kəndində yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə təmiz çəkisi 0,98 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitə-qurudulmuş marixuananı Şahid2 satmaq barədə sonuncu ilə razılığa gəldikdən sonra xx.xx.2025-ci il tarixdə saat 15 radələrində 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,15 qram olan hissəsini Qəbələ rayon Daşca kəndinin giriş hissəsində tanışı və narkotik vasitənin satılmasından hər hansı bir mənfəət əldə etməyən və onunla əlbirliyi olmayan Şahid1 vasitəsilə Şahid2 20 (iyirmi) manat pul vəsaiti müqabilində, bundan sonra 05 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə 0, 17 qram, 0,16 qram, 0,14 qram, 0,14 qram və 0,22 qram olmaqla, ümumi təmiz çəkisi 0,83 qram olan hissəsini isə xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Qəbələ şəhəri 28 May küçəsində yerləşən köhnə uşaq xəstəxanasının arxa hissəsində yenə də tanışı və narkotik vasitənin satılmasından hər hansı bir mənfəət əldə etməyən və onunla əlbirliyi olmayan Şahid1 vasitəsilə Şahid2 50 (əlli) manat pul vəsaiti müqabilində vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz olaraq satmış, bundan sonra xx.xx.2025-ci il tarixdə saat 16:40 radələrində bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid2 Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ şəhəri ərazisində yerləşən “Zərifə Əliyeva” adına olan parkda piyada hərəkətdə olarkən saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs aldığı 05 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə 0,17 qram, 0,16 qram, 0,14 qram, 0,14 qram və 0,22 qram, şalvarın sol yan cibindən isə 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,15 qram olmaqla tərkiblərinə görə eyni olan ümumilikdə 0,98 qram narkotik vasitə-qurudulmuş marixuana aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon Daşca kəndində qeydiyyatda olmasına baxmayaraq Sumqayıt şəhərində yaşamış və “Bay Mübariz” restoranında aşpaz vəzifəsində işləmişdir. Təxminən iki il bundan qabaq narkotik vasitə olan yəni qurudulmuş marixuanadan istifadə etməyə başlamış və narkotik vasitəni Sumqayıt şəhərində tanımadığı şəxslərdən pulla almışdır. Qəbələ şəhər sakini Şahid1 həmyerli kimi yaranmış, onun da narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə etdiyini bilərək əvvəllər bir neçə dəfə onunla birlikdə narkotik vasitə-qurudulmuş marixuanadan istifadə etmişdir. 2025-ci ilin yanvar ayının əvvəllərində Sumqayıt şəhərindən daimi yaşayış yeri olan Qəbələ rayon Daşca kəndinə gələrkən özü ilə birlikdə qurudulmuş marixuana da gətirmiş və 09 yanvar 2025-ci il tarixdə Şahid1 zəng edərək bu barədə bildirmişdir. xx.xx.2025-ci il tarixdə Şirin ona WhatsApp ani mesajlaşma proqramı vasitəsilə zəng edərək Daşca kəndinin giriş hissəsinə çıxmağını xahiş etmiş, ondan soruşaraq bir nəfərin 6-7 dəfə istifadəlik narkotik vasitə-qurudulmuş marixuana almaq istədiyini öyrənib istifadəsində olan VAZ 2107 minik marka və modelli, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobillə günorta saatlarına Daşca kəndinin girişinə gedib orda onunla görüşmüşdür. Təxminən 5 dəqiqə sonra həmin yerə Əli adlı şəxs VAZ2106 markalı avtomobillə gəlmiş və onlardan bir qədər uzaqda dayanmışdır. Şirin ondan 6-7 büküm nəşə istəmiş, o isə ümumilikdə 7 büküm nəşəsi olduğunu və hamısını bir dəfəyə deyil, problem olmaması üçün iki dəfəyə sata bilməyəcəyi bildirmişdir. Şirin iki büküm nəşəni ondan götürüb VAZ 2106 markalı avtomobilin yanına gedərək Əli ilə birlikdə avtomobilin içərisində əyləşmiş, sonra yenidən onun yanına qayıdaraq ona 20 manatı vermiş və daha sonra oradan aralanaraq çıxıb getmişlər. 10 yanvar 2025-ci il tarixdə, saat təxminən 13-00 radələrində Şahid1la Qəbələ şəhəri ərazisində yerləşən köhnə uşaq xəstəxanasının yanındakı çay evində görüşmüş və orada yemək yeyerək çay içmişlər. Həmin vaxt Şahid1 zəng gəlmiş və Şirin ona dünən narkotik vasitə satdığı şəxsin qalan 5 büküm nəşəni istədiyini bildirmişdir. Saat təxminən 15 radələrində Şahid2 VAZ 2106 markalı avtomobillə Qəbələ şəhəri ərazisində yerləşən köhnə uşaq xəstəxanasının arxa hissəsinə, Qəbələ şəhəri 28 May küçəsinə gəlmiş və onlar həmin yerdə Şahid2 ilə görüşmüşlər. Daha sonra o, öz avtomobilinə minib sükan arxasında oturmuş, Şahid1 da onun avtomobilinin qabaq sərnişin oturacağında əyləşmiş və X10 çatdırması üçün 5 büküm nəşəni vermişdir. Şirin həmin beş büküm nəşəyə görə ona 50 manat pul vermiş və sonra Şahid2 oradan uzaqlaşıb getmişdir. O və Şirin isə həmin yerdəki avtomobil yuma məntəqəsinin yaxınlığındakı açıq çay evində oturub çay içməyə davam etmiş, bundan sonra oraya gələn polis əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları Qəbələ RPŞ-nə gətirmişlər. Qəbələ RPŞ-də üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilərkən üzərindən az əvvəl Şahid1 vasitəsilə Şahid2 satdığı 5 büküm narkotik vasitənin qarşılığında əldə etdiyi 50 AZN pul vəsaiti aşkar edilərək götürülmüş, lakin narkotik vasitə tapılmamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin, eləcə də psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Yeni doğulmuş uşağına görə müəyyən müddət ərzində narkotik vasitədən istifadə etmədiyi üçün Sumqayıt şəhərindən aldığı 7 büküm qurudulmuş marixuananı aldığı qiymətə Şahid1 vasitəçiliyi ilə Şahid2 satmış və hər hansı bir məbləğ qazanmamışdır. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 2014-cü il tarixdən etibarən narkotik vasitə-qurudulmuş marixuanadan istifadə etmiş, lakin narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Qəbələ şəhər sakini Şahid1 ilə tanışlığı əvvəllər iş yoldaşı olduqlarına görə yaranmış, onun da narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə etdiyini bilərək əvvəllər bir neçə dəfə onunla birlikdə narkotik vasitə-qurudulmuş marixuanadan istifadə etmişdir. 08 yanvar 2025-ci il tarixdə Şahid1la telefon əlaqəsi saxlayaraq istifadə etməkdən ötrü onun üçün narkotik vasitəqurudulmuş marixuana almağı xahiş etmiş və onun üçün 3 büküm qurudulmuş marixuana almaq məqsədlə Şirinin kart hesabına xx.xx.2025-ci il tarixdə saat 12:02-də 30 manat pul göndərmişdir. 09 yanvar 2025-ci il tarixdə səhər saatlarında Şirinə zəng edib ondan narkotik vasitə ala bilib-bilmədiyini soruşmuş, Şirin isə bildirmişdir ki, narkotik vasitə ala bilməmiş və göndərdiyi 30 manat pulu xərcləmişdir. O, Şirinlə razılaşmışdır ki, həmin 30 manatı pulu olduğu zaman qaytarsın, lakin ona 6-7 dəfə istifadə etmək məqsədilə nəşə almaqda kömək etsin. Həmin gün saat 15 radələrində Şirin zəng edərək onu rayonun Daşca kəndinin giriş hissəsinə çağırmış, o da özünə məxsus olan VAZ 2106 markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə getmişdir. Orada Şirin və adı sonradan ona məlum olan Cavid adlı şəxs olmuş və onlar VAZ2107 markalı avtomobildə olmuşlar. Şirin onun yanıma gələrək bildirmişdir ki, Cavid iki büküm nəşəni satmağa razıdır və problem olmadığı halda sabah 5 büküm nəşəni də ona satacaq. Sonra Şirin avtomobilə oturub iki büküm narkotik vasitə olan qurudulmuş marixuananı ona vermiş və bunun müqabilində ondan 20 manat alıb yenidən VAZ2107 markalı avtomobilə tərəf getmişdir. Bundan sonra o, həmin yerdən uzaqlaşıb çıxıb getmiş və aldığı iki büküm narkotik vasitənin bir bükümünü istifadə etmişdir. 10 yanvar 2025-ci il tarixdə Şirinə zəng edərək Caviddən qalan 5 büküm narkotik vasitəni almasını xahiş etmiş, Şirin ona Qəbələ şəhəri 28 May küçəsində yerləşən köhnə uşaq xəstəxanasının arxa tərəfindəki avtomobil yuma məntəqəsinin yanında Cavidlə birlikdə olduğunu bildirmiş və o, saat 15 radələrində VAZ2106 markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirinin dediyi yerə getmişdir. Əvvəlcə Şirin onun yanına gəlmiş və o, Şirinə Caviddən 5 büküm nəşə alması üçün 50 manat pul vermişdir. Daha sonra Cavid də onların yanına gəlib onunla görüşdükdən sonra öz avtomobilinə tərəf getmiş, Şirin də onun dalınca gedib Cavidlə birlikdə sonuncuya məxsus avtomobilə əyləşmiş və sonra onun yanına qayıdaraq 5 büküm nəşəni ona vermişdir. Bundan sonra o, həmin yerdən aralanıb narkotik vasitədən istifadə etməkdən ötrü Qəbələ şəhəri ərazisində yerləşən Zərifə Əliyeva adına olan parka tərəf gəlmiş və parkda piyada hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq orada üzərinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxsdan Şahid1 vasitəsilə 10 yanvar 2025-ci il tarixdə 50 manata aldığı 5 büküm nəşə şalvarının sağ yan cibindən, 09 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxsdan Şahid1 vasitəsilə 20 manata aldığı 2 büküm nəşədən bir bükümünü istifadə etdikdən sonra qalmış bir bükümü isə şalvarının sol yan cibindən aşkar edilərək götürülmüş və o, Qəbələ RPŞ-nə gətirilərək təhqiqatçıya təhvil verilmişdir. İş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, o, Qəbələ RPŞ CAB-ın NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayon Aydınqışlaq kəndində yaşayan Şahid2 üzərində narkotik vasitə daşıması, qəbulu və narkotik vasitəni Qəbələ rayon Daşca kənd sakini Təqsirləndirilən şəxs alması barədə məlumat əldə edilmiş və əməliyyat qrupu yaradılaraq saat 16:40 radələrində o, CAB-nin əməliyyat müvəkkili Sübhan Zamanlı və CAB-ın rəisi Elçin İsmayılov birlikdə Qəbələ şəhərindəki Zərifə Əliyeva adına parka gedib mövqe tutaraq müşahidə aparmışlar. Şahid2 piyada hərəkət edərkən saxlanılmış və ona özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmişlər. Şahid2 üzərində narkotik vasitə olduğunu bildirmiş və həmin yerdə insanlar sıx şəkildə toplaşdığı üçün təxminən 10 metr kənarda Şahid2 üzərinə baxış keçirilmiuşdir. Baxışdan qabaq ona ona üzərində olması ehtimal edilən narkotik vasitələri təqdim etməsi təklif edilmiş və Şahid2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 5 ədəd kağız bükümlərdə yaşıl rəngli narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Həmin 5 ədəd büikümlərə baxış keçirilərək kəskin spesifik iyə malik olduğu müəyyən edilmiş və elektron tərəzidə çəkilib qablaşdırılmışdır. Bundan sonra Şahid2 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, həmin büküməki kütləyə də baxış keçirilən zaman kəskin spesifik iyə malik yaşıl rəngli olduğu aşkar edilmiş və elektron tərəzidə çəkilib qablaşdırılmışdır. Şahid2 sorğu zamanı üzərində aşkar edilmiş ümumilikdə 6 bükümdə olan kütlələrin narkotik vasitəqurudulmuş marixuana olduğunu və həmin bükümlərdən 5 ədədini 50 manat pul vəsaiti müqabilində xx.xx.2025-ci il tarixdə tanışı Şirinin vasitəsilə Təqsirləndirilən şəxs aldığını, digər bir bükümü isə xx.xx.2025-ci il tarixdə Daşca kəndinin giriş hissəsində tanışı Şirinin vasitəsilə 20 manat pul müqabilində Təqsirləndirilən şəxs almışdır. Edilən bütün hərəkətlər onlar tərəfindən mobil telefonla video və foto çəkiliş aparılmaqla qeydə alınmış və sonra Şahid2 tərəfindən Qəbələ RPŞ-nə gətirilib təhqiqatçıya təhvil verilmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlərə Şahid2 iştirakı ilə baxış keçirilmişdir. Həmin gün Təqsirləndirilən şəxs də saxlanılaraq Qəbələ RPŞ-ə gətirilmiş və onun iştirakı ilə üzərinə baxış keçirilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edilməmişdir. Ondan Şahid2 satdığı 5 büküm narkotik vasitə-qurudulmuş marixuananın qarşılığında əldə etdiyi 50 manatlıq pul əsginası aşkar edilərək götürülmüşdür. İş üzrə şahid X4 ifadəsində göstərmişdir ki, Qəbələ RPŞ CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayon Aydınqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan Şahid2, Qəbələ şəhər sakini Şahid1 və rayonun Daşca kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün Qəbələ RPŞ-nə gətirilmiş və RPŞ-nin baş təhqiqatçısı Tural Mehdizadənin otağında Şahid1 üzərinə baxış keçirilmişdir. Baxışda o, Kənan İsmayıllı, Asif Mirzəyev və Şahid3la birlikdə iştirak etmişdir. Lakin Şahid1 üzərində heç bir qanunsuz vasitə aşkar edilməmişdir. Şahid1 bildirmiş ki, Şahid2 onun vasitəsilə Təqsirləndirilən şəxs iki dəfə narkotik vasitə almışdır. Bundan sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs də üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərində 50 manatlıq pul əsginası aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin pulu xx.xx.2025-ci il tarixdə Şahid1 vasitəsilə Şahid2 5 büküm narkotik vasitəni satması nəticəsində əldə etdiyini bildirmiş və həmin 50 manatlıq pul əsginası götürülmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞnə Şahid2 qanunsuz olaraq narkotik vasitələri satış məqsədi olmadan əldə edərək üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 10 yanvar 2025-ci il tarixdə, saat 16:40 dəqiqədə Qəbələ şəhəri ərazisində yerləşən Zərifə Əliyeva adına parkda saxlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şahid2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 5(beş) ədəd qurğuşun bükümdə, yaşıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlələri, əynində olan göy rəngli cins şalvarın digər sol yan cibindən 1(bir) ədəd qurğuşun kağız bükümdə, yaşıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra Şahid2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 5(beş) ədəd qurğuşun kağız bükümdə qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 0,32 qram, 0,36 qram, 0,28 qram, 0,28 qram və 0,27 qram(cəmi 1,56 qram) olduğu müəyyən edilmişdir. Sonra Şahid2 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar olunmuş 1(bir) ədəd qurğuşun kağız bükümdə yaşıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 0,26 qram olduğu müəyyən edilmişdir. Sonra Şahid2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 5(beş) ədəd kütlələr kağız zərfə qoyulmaqla qablaşdırılmış, üzəri DİN-in 103 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Sonra Şahid2 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar olunmuş 1(bir) ədəd kütlə kağız zərfə qoyulmaqla qablaşdırılmış, üzəri DİN-in 103 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, zərflərin üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 verilən suallara cavab olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 5(beş) ədəd narkotik vasitəni bu gün, yəni xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Qəbələ şəhərində uşaq xəstəxanasının yaxınlığında əvvəllər tanıdığı Şirin adlı şəxsdən 50 manat qarşılığında əldə etdiyini, Şirin adlı şəxsin 50 manat pulu ondan aldıqdan sonra VAZ2107 markalı, ** VV *** nömrə nişanlı avtomobilə əyləşərək sonra avtomobildən düşərək gətirib verdiyini bildirmişdir. Üstünü yoxlama Qəbələ şəhəri Zərifə Əliyeva adına olan parkda keçirilmiş, üstü yoxlama zamanı sabiq əməliyyat müvəkkili X5 tərəfindən “Samsung A24” markalı mobil telefonla video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Qəbələ RPŞ-nin İnzibati Binasında tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokola əməliyyataxtarış tədbirinin keçirilməsi zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk əlavə edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən Qəbələ RPŞ-nin CAB-ın rəisi polis polkovnikleytenantı Elçin İsmayılov tərəfindən tərtib edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, həmin protokola əlavə edilmiş fotocədvəl, eləcə də video görüntünü özündə əks etdirən DVD disk sübut növü kimi qəbul edilmişdir. (c.i 01-cild, səh: 9-17) İşdə olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi barədə” protokola əsasən əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş predmetə baxış zamanı əvvəlcə şübhəli şəxs Şahid2 aşkar edilərək götürülmüş və qablaşdırılmış 02 ədəd ağ rəngli bağlamaya baxış keçirilmiş, baxış zamanı həmin bağlamalardan birincisi açılmış və içərisində 5 (beş) qurğuşun kağız bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş və çəkiləri 0.38 qram, 0.32 qram, 0.30 qram, 0.27 qram və 0.27 qram təşkil etmişdir; ikinci bağlama açıldıqda həmin bağlamadan 1 (bir) ədəd qurğuşun kağız bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə də elektron tərəzidə çəkilmiş və çəkisi 0.29 qram təşkil etmişdir. Baxış zamanı şübhəli şəxs Şahid2 birinci bağlamadakı 5 ədəd qurğuşun kağız bükümdəki kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə əvvəlcədən tanıdığı Şirin adlı tanışından 50 manat pul ödəməsi müqabilində satın aldığını, digər bağlamadakı 1 ədəd qurğuşun kağız bükümdəki kütlənin də narkotik vasitə olduğunu bildirmişdir. Növbəti mərhələdə şübhəli şəxs Şahid2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid2 əynində olan göy rəngli cins şalvarın sağ və sol yan ciblərinin, eləcə də arxa sol cibinin boş vəziyyətdə olması müəyyən edilmiş, şalvarının arxa sağ cibindən isə 2 ədəd 10 manatlıq (A06974280 və A********), 1 ədəd 5 manatlıq (A********) və 6 ədəd 1 manatlıq (A86297904, B06440865, B61776288, A78601061, A21069388 və A********) pul əsginası aşkar edilərək götürülmüş, sonra gödəkçəsinə baxış keçirilmiş və gödəkçənin sağ və sol yan ciblərinin boş vəziyyətdə olması müəyyən edilmişdir. Daha sonra Şahid2 aşkar edilərək götürülmüş bağlamalar və digər əşyalar (pul, dərman və sair) 03 ədəd sayda ağ rəngli zərfdə qablaşdırılıb, üzəri DİN-in zərflər üçün nəzərdə tutulmuş “103” nömrəli möhürü ilə möhürlənmiş, zərf üzərində müvafiq qeydlər aparılmış, daha sonra isə imzalanması üçün şübhəli şəxsə, müdafiçəsinə və digər iştirakçılara təqdim edilmiş, şübhəli şəxs Şahid2, eləcə də istintaq hərəkətinin digər iştirakçıları zərfin üzərinə imza ataraq heç bir etirazları olmadığını bildirmişlər. Baxış və götürmə zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmış və “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi barədə” protokol tərtib edilərək tədbirdə iştirak edənlər tərəfindən imzalanmışdır. (c.i 01-cild, səh: 30-42) İşdə olan xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə” barədə protokola əsasən şübhəli şəxs Şahid1 üzərinə baxış zamanı əvvəlcə onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə, sonra sol yan cibinə, daha sonra isə ardıcıl olaraq arxa sağ və sol ciblərinə baxış keçirilmişdir. Bundan sonra Şahid1 əynindəki qara rəngli qış gödəkçəsinin sağ və sol ciblərinə baxış keçirilmiş və həmin ciblərin boş vəziyyətdə olduğu müəyyən edilmişdir. Daha sonra həmin gödəkcənin alt hissəsindəki ağ rəngli jaketin sağ və sol ciblərinə baxış keçirilmişdir. Şahid1 tanışı Şahid2 xx.xx.2025-ci il tarixdə 5 ədəd bükümdə narkotik vasitə olan marixuana satdığını və bunun müqabilində ondan 50 manat pul qəbul edərək həmin pulu digər tanışı, narkotik vasitələri satması üçün ona verən Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmış və “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol tərtib edilərək tədbirdə iştirak edənlər tərəfindən imzalanmışdır. (c.i 01-cild, səh: 72-77) İşdə olan xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə” barədə protokola əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman o, 10 yanvar 2025-ci il tarixdə tanışı Şirinin vasitəsi ilə tanımadığı şəxsə 5 büküm narkotik vasitə olan marixuana satdığını və həmin satışdan 50 manat pul əldə etdiyini, bundan əvvəl də Şirinin vasitəsi ilə həmin şəxsə narkotik vasitə satdığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın ciblərdən sağ yan cibdən 1 ədəd Poco markalı mobil telefon, 1 ədəd 50 manatlıq (A********), 1 ədəd 20 manatlıq (A********) və 2 ədəd 1 manatlıq (A77750356 və B********) pul əsginasları aşkar edilərək götürülmüşdür.Şəxsi axtarış və götürmə zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmış və “şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək tədbirdə iştirak edənlər tərəfindən imzalanmışdır. (c.i 01-cild, səh: 78-83) İşdə olan xx.xx.2025-ci il tarixli “şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokola əsasən həmin tarixdə saat 09:30 radələrindən başlayaraq ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs ifadəsində göstərilənlərin eynilə bəhs etmişdir. (c.i 06cild, səh: 224-230) İşdə olan xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs məxsus POCO markalı mobil telefona baxışın keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, “POCO” markalı mobil telefona baxış keçirilən zaman telefonun içərisində WhatsApp bölməsinə daxil olduqda “Sirin” adlı ***-***-**-** saylı mobil nömrənin istifadəçisi ilə 09 yanvar 2025-ci il tarixdə və 10 yanvar 2025-ci il tarixdə WhatsApp ani mesajlaşma proqramı vasitəsilə zənglərin olduğu, eləcə də “Sirin” adlı ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 09 yanvar 2025-ci il tarixdə 06 saniyəlik səsin göndərildiyi, həmin səsdə “mən Daşca yolundan 15-20 metr girmişəm, yolun başında səni gözləyirəm” ifadəsinin işlədildiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, ***-***-**-** saylı mobil nömrənin istifadəçisi X2r ki, onun adını mobil telefonunda “Sirin” kimi qeyd etmişdir. 09 yanvar 2025-ci il tarixdə və 10 yanvar 2025-ci il tarixdə Şahid1la aralarında WhatsApp ani mesajlaşma proqramı vasitəsilə zənglər olmuşdur. Həmin zənglərdə Şirin ondan tanışı Əli adlı şəxs üçün 6-7 büküm narkotik vasitə-qurudulmuş marixuana istəmişdir. O da Şirinə ümumilikdə 7 büküm nəşəsinin olduğunu bildirmiş, həmin nəşələrdən isə az-az sata biləcəyini, bütün bükümləri satmaqdan qorxduğunu, əvvəlcə iki büküm satacağını, problem olmazsa yerdə qalan 5 bükümü də satacağını zəng zamanı Şirinə demişdir. Bu səbəblə də 09 yanvar 2025-ci il tarixdə saat 15 radələrində Şirinlə Daşca kəndinin giriş hissəsində görüşmüş, Şirinə 2 büküm nəşəni vermiş, Şirin də həmin iki büküm nəşəni yaxınlıqda olan Şahid2 verərək və ona Əlidən götürdüyü 20 manat pulu vermişdir. Bundan sonra isə 10 yanvar 2025-ci il tarixdə yerdə qalan 5 büküm nəşəni Şirinin vasitəsilə Şahid2 50 manat pul vəsaiti müqabilində satmışdır. Odur ki, 07 fevral 2025-ci il tarixli “Təqsirləndirilən şəxs məxsus “POCO” markalı mobil telefona baxışın keçirilməsi haqqında” protokol və həmin vaxt çəkilmiş foto şəkillər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (c.i 02-cild, səh: 1-3) İşdə olan AR ƏN MEM X9 tərəfindən verilmiş 11 yanvar 2025-ci il tarixli, 17/16 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “İştirakçılar: Vəkil: Səfəralı Süleymanov, Şübhəli şəxs Şahid2, Əməliyyat müvəkkilləri: Sübhan Zamanlı, Şahid3, Tərtib etdi: Tural Mehdizadə xx.xx.2025.” yazısı və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd zərfin içərisində olan 05(beş) ədəd gümüşü - ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,17 qram, 0,16 qram, 0,14 qram, 0,14 qram və 0,22 qram, ümumi çəkiləri – 0,83 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “İştirakçılar: Vəkil: Səfəralı Süleymanov, Şübhəli şəxs Şahid2, Əməliyyat müvəkkilləri: Sübhan Zamanlı, Şahid3, Tərtib etdi: Tural Mehdizadə xx.xx.2025.” yazıları və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) zərfin içərisində olan 01 ədəd ədəd gümüşü - ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,15 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ümumilikdə 06 (altı) ədəd bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər; Təqdim edilmiş marixuanaların ümumi təmiz çəkisi 0,98 qram olmuş, 0,12 qramı tədqiqata sərf edildikdən sonra 0,86 qram qalmışdır. (c.i 01-cild, səh: 101-104) İşdə olan AR SN Gəncə şəhəri ND tərəfindən verilmiş 22 fevral 2025-ci il tarixli 277 №-li rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (c.i. 02-cild, səh: 35) İşdə olan AR SN MPEM PHŞ tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli 78 nömrəli Rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər və hal hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs psixi xəstəlik keçirmədiyindən onun məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməllərini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. (c.i. 02-cild, səh: 32-34) AR Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsüf olunmuşdur. Ona görə də o, CM-nın 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumata əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (c.i 01-cild, səh: 195) İşdə olan AZ V 070571 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü X3 adında uşağı vardır. Himayəsində bir nəfər azyaşlı uşağın olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Qəbələ RİHB-nin Qəbələ rayon İHB-nın Daşca kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-59-63/2-53/2025 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i 02-cild, səh: 31) İşdə olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə AR CM-nın 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i. 01-cild, səh: 59) İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(025)01/2025 saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. (c.i.1-ci cild, səh: 168-170) Məhkəmə hesab edir ki, törətdiyi cinayətin xarakteri nəzərə alınaraq Təqsirləndirilən şəxs ğlu CMnın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli və cəzanın həddi müəyyən edilərkən onun cəzasını yüngülləşdirən hal və şəxsiyyəti nəzərə alınmalıdır. AR CM 69.3-cü maddəsinə əsasən onun 10 yanvar 2025-ci il tarixdən həbsdə saxlanıldığımüddət cəza müddətinə hesablanmalı və CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir; Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır; İş üzrə maddi sübut, Qəbələ RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 0,86 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 1 ədəd “POCO” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə verilməli, cinayət işinin materiallarında saxlanılan 1 ədəd A 13404947 nömrəli 50 manatlıq pul əsginası dövlət nəfinə müsadirə edilməlidir; İş üzrə ekspertiza xərcini təşkil edən 34,55 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasın Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Cəza çəkməsinin əvəli 10 yanvar 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, Qəbələ RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 0,86 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin; 1 ədəd “POCO” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə verilsin; Cinayət işinin materiallarında saxlanılan 1 ədəd A 13404947 nömrəli 50 manatlıq pul əsginası dövlət nəfinə müsadirə edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 34,55 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə kçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar