Məhkəmə qərarları › İş №1(025)-11/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-11/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-11/2023 03.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas X2, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 02 radələrində yaşadığı Qəbələ rayon Nic qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 həyətinin kənarındakı dəmir hasardan qapısını açmaqla qanunsuz daxil olub həyətindəki tövlənin örtülü vəziyyətdə, kilidli olmayan taxta qapısını açıb tövləyə qanunsuz daxil olub oradan sonuncuya məxsus dəyəri 1300,00 manat təşkil edən 01 baş dişi cinsli iribuynuzlu heyvanı, yəni, inəyi gizli yolla talayaraq onu Nic qəsəbə bazarına gətirib oraya mal-qara alveri üçün gəlmiş, inəyin oğurluq olmasından məlumatsız olan tanışı Şahid3 800 (səkkiz yüz) manata satmağa və pulunu bir neçə gün sonra alacağına dair razılaşdıqdan sonra orada həmin inəyi ona satıb bir həftə sonra 400 manatı alıb şəxsi ehtiyacları üçün sərf etmiş, qalan 400 manatı isə növbəti günlərdə alacağı barədə Şahid3lə şifahi razılığa gəlmiş, bununla da Zərərçəkmiş şəxs1 məxsus 1300.00 (bir min üç yüz) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qonşusu Zərərçəkmiş şəxs2 Qəbələ rayon Nic qəsəbəsində yerləşən həyətinin kənarındakı dəmir hasardan qapısını açmaqla qanunsuz daxil olub həyətindəki ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinin plastik pəncərəsini əli ilə basıb açaraq dəhlizə, oradan da qaldıqları televizor olan otağa qanunsuz daxil olub həmin otaqdakı televizorun yanındakı kağız qutudan sonuncuya məxsus 4360 (dörd min üç yüz altmış) manat pulu gizli yolla talayaraq həmin puldan 2200 (iki min iki yüz) manatını əvvəllər borclu olduğu Zərərçəkmiş şəxs1 borcunu qaytarmış, 500(beş yüz) manatını oğurluqdan məlumatsız olan tanışı Şahid4 borc şəklində vermiş, 10 (on) manatını elektik enerjisi borcuna, 50 (əlli) manatını qaz pulu borcuna ödəniş etmiş, 480 (dörd yüz səksən) manatını öz şəxsi ehtiyacları üçün xərcləmiş, 1120 (bir min bir yüz iyirmi) manatını isə üzərində saxlamaqla Zərərçəkmiş şəxs2 4360 (dörd min üç yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə oğurluq etmək niyyəti ilə İlqarın yaşadığı evin həyət qapısına gəlmişdir. Özü ilə həyətdən təxminən 2 metrlik ip də götürmüşdür ki, inəyi bağlayıb bayıra çıxarsın. Gecə saat 02 radələrində İlqarın həyətinə dəmir reşotka həyət qapısını açaraq daxil olmuşdur. Darvaza kilidli olmamış, bayırdan əllə açılırmış. Qapıdan bir qədər içəri daxil olaraq tövləyə tərəf gəlmişdir. Tövlənin də taxta qapısı kilidli deyil, sadəcə örtülü olmuşdur. Taxta qapını açaraq tövləyə daxil olmuş, oradan diri çəkisi təxminən 200 kq olan 1 baş iribuynuzlu inəyin boğazındakı zənciri açaraq inəyi sürüb bayıra çıxartmış, inəyin boğazına özü ilə gətirdiyi ipi bağlayaraq onu Nic qəsəbə bazarına satmağa gətirmişdir. Belə ki, bazarda artıq mal-qara alverçiləri gecədən yığışmışlar. Bazarda əvvəllər elə bazardan tanıdığı Bərdə rayon sakini Nəsimi adlı şəxsin “Moskviç” markalı avtomobilini görüb ona yaxınlaşmış, sonuncu avtomobildə oturmuşdur. Yaxınlaşıb onu avtomobilinin şüşəsinə toxunaraq səsləmiş, Nəsimi avtomobildən yerə düşmüş, nə lazım olduğunu soruşduqda təcili pul lazım olduğu üçün inəyini satmaq istədiyini bildirmişdir. Nəsimi inəyə baxmış və 800 manata razılaşmışlar. Ancaq Nəsimi inəyi satdıqdan sonra növbəti həftə pulunu verəcəyini bildirmiş, etiraz etməmişdir. Nəsimi inəyi Bərdə rayonunda satacağını demiş, Nəsimi inəyin oğurluq olmasını bilməmiş, bu barədə ondan soruşduqda özünün olduğunu demiş, daha sonra evlərinə gəlmişdir. 1 həftə sonra Nəsimi Nic qəsəbə bazarında ona cəmi 400 manat pul vermiş, pula ehtiyacı olduğu üçün qalan 400 manatı növbəti günlərdə verəcəyini bildirmişdir. Nəsimiyə etiraz etməmişdir. 400 manat pulu öz ehtiyaclarına mağazalarda xərcləyərək qurtarmış, İlqarın borcunu qaytara bilməmişdir. Sonrakı günlərdə oğurluq əməlinin polis tərəfindən aşkar olunduğuna görə Nəsimi qalan 400 manat pulu verməmişdir. 27 yanvar 2023-cü il tarixdə saat 18 radələrində oğurluq niyyətilə Cabirin həyət qapısına getmişdir. Cabirin həyətinin kənarları setka ağacla bağlı olmuş, həyətə setkadan, qapıdan daxil olmuş, qərara almış ki, Cabiri çağırsın, evdə olmasa evə girib oğurluq etsin. Əgər qarşısına çıxsa ondan guya bazara alverə gedib-getməyəcəyini soruşsun. Bir neçə dəfə Cabiri çağırmış, ancaq səsinə heç kim səs verməmiş, evin işıqları yanmırmış. Heç kim səs vermədiyinə görə evdə olmadıqlarına əmin olmuş, iki mərtəbəli evin birinci mərtəbəsinin plastik pəncərəsinin aşağısını qismən aralı görmüş, Cabirgilin birinci mərtəbədə yaşadıqlarını bilmişdir. Yaxınlaşaraq həmin pəncərəni əli ilə içəri basmış, pəncərə içəri açılmış, tullanıb içəri zala daxil olmuş, daha sonra oradan Cabirgilin yaşadığı otağın qarşısına gəlmiş, otağın qapısı olmamış, qapı yerində parça asılmışdır. Parçanı əli ilə kənara çəkərək otağa daxil olmuş, həmin otaqda yuxarı hissədə televizorun yanındakı kağız qutu diqqətini cəlb etmişdir. Qutunun üzərində bir dənə parça şal olmuşdur. Qutunun ağzı açıq şəkildə olmuş, şalı kənara çəkmiş, qutunun içərisinə baxdıqda açıq vəziyyətdə qatlanmış şəkildə topa pul görmüş, həmin pulu götürüb cibinə qoyaraq tez daxil olduğu yerdən həyətə, həyətdən də daxil olduğu yerdən yola çıxmışdır. Öz həyət qapılarına tərəf gəlmiş və orada pulu saydıqda pulun manatlıq, əllilik, ikiyüzlük, yüzlük, beşlik və qarışıq əskinazlardan ibarət olmaqla cəmi 4360 manat olduğunu müəyyən etmişdir. Səhəri gün İlqarla əlaqə saxlayaraq onun pulunu hazırladığını bildirmiş, İlqar ona kartın nömrəsini demişdir. Nic qəsəbəsində “Yeni Market” adlı marketdən İlqarın verdiyi kart hesabına aldığı borc olan 2200 manat pulu Cabirin evindən oğurladığı pulun üzərindən götürüb göndərmişdir. Həmin gün Bakı şəhərinə iş üçün getmiş, Bakı şəhərində dəmir alveri ilə məşğul olmaq qərarına gəlmişdir. Cabirin evindən oğurladığı puldan qalmış 2160 manat isə üzərində imiş. Bakı şəhərində dəmir alveri ilə məşğul olan həmkəndlisi Tural adlı şəxsi görmüşdür. Tural söhbət zamanı ondan borca 500 manat pul istəmiş, Bakı şəhərində Turala 500 manat pul vermişdir. Oğurluq puldan cəmi 1160 manat pul qalmışdır. Həmin puldan 30 yanvar 2023-cü il tarixdə Bakı şəhərində Nic qəsəbəsində evində olan 10 manat işıq borcunu, 50 manat isə qaz borcunu “Milli Ön” ödəmə aparatı vasitəsi ilə ödəmişdir. Oğurluq puldan onda 1600 manat pul qalmış, həmin puldan 480 manatı isə Bakı şəhərində öz ehtiyacları üçün xərcləmiş, eləcə də yenə də “Poz-qazan” mərc oyunu üçün bileti alaraq pozaraq uduzmuşdur. Üzərində cəmi 1120 manat pul qalmış, 31 yanvar 2023-cü il tarixdə isə Qəbələ rayon polis şöbəsinin əməkdaşları onu Bakı şəhərində saxlayaraq Cabirin evindən baş vermiş oğurluqla bağlı şübhəli olduğunu demiş, etdiyi oğurluq əməlini etiraf etmiş, Qəbələ rayon polis şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 07 yanvar 2023cü il tarixdə səhər inəkləri bayıra çıxarıb sulayıb ot qoymuş, həmin gün saat 17 radələrində isə anası Mənsurə onları tövləyə salmışdır. Tövlənin qapısı kilidlənmir, taxtadandır, sadəcə olaraq örtülür. 08 yanvar 2023-cü il tarixdə saat 04 radələrində Nic qəsəbəsinə həftə bazara getmişdir. Həmin gün saat 09:15 radələrində bazarda olan zaman anası Mənsurə zəng edərək tövlədəki qısır inəyi tövlədə aşkar etmədiyini demişdir. Anası inəyin zəncirinin açılıb kənara qoyulmasını, inəyin olmadığını demişdir. Oğurluq olduğunu bilmiş, bu barədə dərhal polisə məlumat vermiş, polis əməkdaşları gəlmiş, ərizə ilə müraciət etmişdir. Sonradan araşdırma zamanı inəyini həmin gecə saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs oğurlayıb satdığını bilmişdir. Sonda isə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə evdə olmuş, saat 14 radələrində anası qohumlarına qonaq getmişdir. Saat 17:20 radələrində evdən çıxmış ki, Nic qəsəbəsində yerləşən çayxanaya getsin. Evdən çıxıb gedən zaman evin dəmir qapısını və pəncərələrini bağlamışdır. Çayxanda olan zaman anası Şərgiyə ona zəng etmiş, 4360 manat pulu onda olub-olmadığını, evin dəhlizinin pəncərəsinin açıq qoyub qoymadığını soruşmuş, evdən çıxan zaman pəncərələri və qapını bağlayıb çıxdığını, pulun isə onda olmadığını bildirmişdir. Anası evin pəncərəsinin açıq olduğunu, pulun isə saxladıqları yerdə olmadığını demişdir. Oğurluq olmasın bilmiş, buna görə evə gəlmiş, görmüş ki, həqiqətən də evin, yəni, dəhlizin plastik pəncərəsi açıqdır, evdə saxladığı 4360 manat pul isə qoyduğu yerdə yoxdur. Buna görə DİN-nin “102” xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Sonra Qəbələ rayon polis şöbəsinə eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Hadisə yerinə baxış keçirilmiş, polisdə araşdırma zamanı evindən pulu həmkəndlisi Təqsirləndirilən şəxs oğurladığını bilmişdir. Sonda isə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid X3 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2023-cü il tarixli 9/1116 saylı rəyindən görünür ki, 01 baş dişi cinsli, 3 yaşlı, boz-qəhvəyi rəngli, yerli cins, diri çəkisi təxminən 200-220 kq, qısır inəyin 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1300,0 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun özgə əmlakını gizli yolla talamaq məqsədi ilə yaşayış sahəsinə, binaya qanunsuz daxil olmaqla təkrar oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onlara vurulmuş maddi ziyanı tam olaraq aradan qaldırmasını onun əməlində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tutulub saxlandığı 03 (üç) gün müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023cü il tarixdən 02 fevral 2023-cü il tarixədək və 17 mart 2023-cü il tarixdə saat 09:50-dən həmin gün saat 12:10-dək tutulub saxlandığı 03 (üç) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhər ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut olan 1120 manat pul vəsaiti sahibi Zərərçəkmiş şəxs2 sərəncamında saxlanılmış hesab edilməli, iki ədəd qəbz isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia olmamışdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.2 və 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 06 (altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhər ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1120 manat pul vəsaiti sahibi Zərərçəkmiş şəxs2 sərəncamında saxlanılmış hesab edilsin, iki ədəd qəbz isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar