Məhkəmə qərarları › İş №1(025)-11/2024

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-11/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-11/2024 13.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1998-ci il tarixdə Qəbələ rayonunun Tüntül kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Qəbələ rayonu Tüntül kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:10 radələrində alkoqol sərxoş vəziyyətdə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan etibarnamə ilə idarə etdiyi Mercedes Benz E240 minik markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu ərazisində yerli əhəmiyyətli Nohurqışlaq-Yengicə yolunun rayonun Tüntül kəndi ərazisindən keçən hissəsində maksimum icazə verilən sürət həddi 60 km/saat həddində məhdudlaşdırılmış yolda Yengicə kəndi istiqamətinə yolun sağ hərəkət zolağı ilə 110 km/saat sürətlə hərəkətdə olarkən həmin kəndin sakini X1 yaşadığı evin qarşısına çatmağa qısa məsafə qalmış “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən nəqliyyat vasitələrini sürücülük hüququ verən sənədlə idarə etməli, həmçinin həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bu qaydalara əməl etmək üçün diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli və yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin etməli, eləcə də həmin qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etməməli, bundan başqa həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqələri daxilində nəqliyyat vasitəsini maksimum icazə verilən 60 km/saat sürətdən çox olmayan sürətlə idarə etməli olduğu halda və bu qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, qanunun yuxarıda göstərilən tələblərini kobud surətdə pozmaqla avtomobili alkoqol sərxoş vəziyyətdə, idarə etmə hüququ olmadan yaşayış məntəqəsi daxilində maksimum icazə verilən 60 km/saat sürət həddində nəzərdə tutulmuş yolda sürət həddini 30-40 km/saat həddində aşmaqla 90-100 km/saat sürətlə idarə edərkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmış, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməmiş, bununla da avtomobili yolun sol kənarına çıxararaq oradan keçən dəmir qaz borusuna, daha sonra isə X2 məxsus həyətin giriş darvazasına vurub zədələyərək yol nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyyatsızlığından avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs sağ incik sümüyünün yerini dəyişməyən qapalı sınığı, sağ əlin yumuşaq toxumasının əziyi, alının sol qaşüstü nahiyəsinin, üzün sol yanaq, oma nahiyəsinin, qarının ön divarının sağ dizin ön səthinin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına Az Ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qəbələ rayonunun Tüntül kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. Etibaranamə ilə sahibliyində olan Mercedes Benz E 240 minik markalı ** MD *** dövlət nömrə nişanlı avtomobili var. 24 oktyabr 2023-cü il tarixdə saat təxminən 21 radələrində həmkəndliləri Zərərçəkmiş şəxs, Şahid1 və Vüqar Abbasov ilə birlikdə Vüqarın idarə etdiyi vaz 2107 minik markalı ** CV *** dövlət nömrə nişanlı avtomobili ilə Qəbələ rayonun Tüntül kəndindən Yenikənd kəndinə yeyib içməyə getmişlər. Orada kafelərin birində yeyib içərkən Kamil və Vüsal ilə üçünə 1 litr həcmdə spirtli içki olan araq içmişlər. Lakin Vüqar içməmiş, çünki o, avtomobil idarə etmişdir. Birlikdə bir neçə saat ərzində yeyib içdikdən sonra saat təxminən 24 radələri olarmış ki, oradan çıxıb Tüntül kəndinin mərkəzinə gəlmişlər. X14 minik markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilini kəndin mərkəzində saxlamışdır. Vüqar onları kəndin mərkəzinə düşürdükdən sonra çıxıb getmişdir. O, Kamil və Vüsal kəndin mərkəzində üçü birlikdə bir neçə dəqiqə ərzində siqaret çəkib söhbət etdikdən sonra evlərinə getmək qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 01:10 radələri olarmış Kamil və Vüsal ona içkili olduğu üçün avtomobilini kəndin mərkəzində saxlayıb piyada evə getmələrini bildirsələr də, onlara avtomobili ehtiyyatlı sürüb evlərinə avtomobili ilə gedəcəyini demişdir. Bundan sonra Kamil onun idarə etdiyi avtomobilin arxa oturacağında, Vüsal isə ön sağ oturacağında əyləşmişlər. Avtomobili kəndin mərkəzindən asfalt örtüklü yolun sağ hərəkət hissəsi ilə saatda təxminən 90-100 km sürətlə Yengicə kəndi istiqamətinə doğru hərəkət etdirməyə başlamışdır. Kəndin məscidini təxminən 150-200 metr keçib həmkəndlisi Süleyman Atakişiyevin həyətinin giriş qapısına çatmağa az bir məsafə qalmış həmin vaxtı idarə etdiyi avtomobildə idarə etməni itirməklə idarə etdiyi avtomobil asfalt örtüklü yoldan yolun sol ehtiyyat hissəsinə çıxaraq gedib əvvəlcə yolun sol kənarında olan qaz xətti keçən dəmir boruya və daha sonra isə həmkəndlisi Süleymanın həyətinin giriş darvazasına dəyərək yol nəqliyyat hadisəsi baş vermiş və avtomobil zərbənin təsirindən sağa tərəf fırlanaraq asfalt örtüklü yolda çəpəki halda hərəkətsiz vəziyyətdə dayanmışdır. Hadisə zamanı özü, eləcə də idarə etdiyi avtomobildə sərnişin qismində olan həmkəndliləri Kamil və Vüsal müxtəlif bədən xəsarətləri aldıqları üçün Qəbələ RMX-na həkimə müraciət etmişlər. Hadisə vaxtı avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmamış, hadisədən öncə təxminən 250-300 qram spirtli içki qəbul etdiyindən hadisə zamanı avtomobili sərxoş idarə etmiş, hadisədən öncə və hadisə zamanı idarə etdiyi avtomobildə heç bir texniki nasazlıq olmamış, avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Məhkəmə-Tibbi Kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3928/K nömrəli rəyində sərxoş olmadığı qeyd edilsə də, hadisə törətdiyi vaxtı sərxoş olmuş, çünki hadisədən öncə təxminən 250-300 qram spirtli içki olan araq içmiş, hadisə nəticəsində xəsarət alıb huşsuz vəziyyətə düşdüyü üçün xəstəxanada həkimlər ona yardım edib bir neçə ədəd sistem qoşmuş, bu səbəbdən sistem qanındakı spirti təmizlədiyini bildirmişdir. Qəbələ RMX-da müayinə, müalicə olduqdan və isindikdən sonra xatırlamış ki, bu cür hadisəyə səbəb olmuşdur. Hadisədən sonra Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Həmçinin hadisə nəticəsində Azəriqaza məxsus qaz borusuna da ziyan dəymişdir ki, həmin ziyanı da ödəmiş və bununla bağlı ödəniş qəbzini məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirməklə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübütlarla öz təsdiqini tapır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Qəbələ rayonunun Tüntül kəndində yaşayır və orada pasport qeydiyyatındadır. 24 oktyabr 2023-cü il tarixdə saat təxminən 21 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz minik markalı, ** MD *** dövlət nömrə nişanlı avtomobilini Tüntül kəndinin mərkəzində saxlayıb Təqsirləndirilən şəxs, digər həmkəndliləri Şahid1 və Vüqar Abbasov ilə birlikdə Vüqarın idarə etdiyi vaz 2107 minik markalı, ** CV *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ rayonun Tüntül kəndindən Yenikənd kəndinə yeyib içməyə getmişlər. Orada kafelərin birində yeyib içərkən o, Dəyanət və Vüsal üçü 1 (bir) litr həcmdə spirtli içki olan araq içmişlər. Lakin Vüqar içməmişdir, çünki o, avtomobil idarə edirmiş. Bir neçə saat ərzində yeyib içdikdən sonra saat 24 radələrində oradan çıxıb Tüntül kəndinin mərkəzinə Dəyanətə məxsus olan Mercedes Benz minik markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmişlər. Vüqar onları kəndin mərkəzinə düşürdükdən sonra çıxıb getmişdir. O, Dəyanət və Vüsal kəndin mərkəzində üçü birlikdə siqaret çəkib söhbət etdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 01:10 radələrində evlərinə getmək qərarına gəlmişlər. Dəyanətə bildirmişlər ki, “sən içkilisən maşınını kəndin mərkəzində saxla piyada evə gedək”. Dəyanət onların fikirləri ilə razı olmayıb avtomobili yavaş sürətlə idarə edib ehtiyyatlı olacağını bildirmişdir. Bundan sonra Dəyanətin idarə etdiyi avtomobilə minmişlər. O, arxa oturacada, Vüsal isə ön sağ oturacaqda əyləşmişdir. Dəyanət avtomobilini kəndin mərkəzindən asfalt örtüklü yolun sağ hərəkət hissəsi ilə saatda təxminən 100-110 km sürətlə Yengicə kəndi istiqamətinə doğru hərəkət etdirirmiş. Kəndin məscidini keçib həmkəndlisi Süleymanın həyətinin giriş qapısına çamağa az bir məsafə qalmış Dəyanətə avtomobili aşağı sürətlə sürməsini demişlər ki, həmin vaxtı Dəyanət idarə etdiyi avtomobildə idarə etməni itirməklə idarə etdiyi avtomobil asfalt örtüklü yoldan yolun sol ehtiyyat hissəsinə çıxaraq gedib əvvəlcə yolun sol kənarında olan qaz xətti keçən dəmir boruya və daha sonra isə həmkəndlisi Süleymanın həyətinin giriş darvazasına dəyərək yol nəqliyyat hadisəsi baş verib avtomobil zərbənin təsirindən asfalt örtüklü yolda köndələn halda hərəkətsiz vəziyyətdə dayanmışdır. Hadisə zamanı xəsarət aldığı üçün hadisə yerinə gəlmiş 103 Təcili Tibbi yardım avtomobili ilə Qəbələ RMX-na həkimə müraciət etmişdir. Hadisə nəticəsində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qəbələ rayonunun Tüntül kəndində yaşayır və orada pasport qeydiyyatındadır. 24 oktyabr 2023-cü il tarixdə saat təxminən 21 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz minik markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilini Tüntül kəndinin mərkəzində saxlayıb Təqsirləndirilən şəxs, digər həmkəndliləri Zərərçəkmiş şəxs və Vüqar Abbasov ilə birlikdə Vüqarın idarə etdiyi vaz 2107 minik markalı ** CV *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ rayonun Tüntül kəndindən Yenikənd kəndinə yeyib içməyə getmişlər. Orada kafelərin birində yeyib içərkən o, Dəyanət və Kamil üçü 1 (bir) litr həcmdə spirtli içki olan araq içmişlər. Lakin Vüqar içməmişdir, çünki o, avtomobil idarə edirmiş. Bir neçə saat ərzində yeyib içdikdən sonra saat 24 radələrində oradan çıxıb Tüntül kəndinin mərkəzinə Dəyanətə məxsus olan Mercedes Benz minik markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmişlər. Vüqar onları kəndin mərkəzinə düşürdükdən sonra çıxıb getmişdir. O, Dəyanət və Kamil kəndin mərkəzində üçü birlikdə siqaret çəkib söhbət etdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 01:10 radələrində evlərinə getmək qərarına gəlmişlər. Dəyanətə bildirmişlər ki, “sən içkilisən maşınını kəndin mərkəzində saxla piyada evə gedək”. Dəyanət onların fikirləri ilə razı olmayıb avtomobili yavaş sürətlə idarə edib ehtiyyatlı olacağını bildirmişdir. Bundan sonra Dəyanətin idarə etdiyi avtomobilə minmişlər. O, ön sağ oturacaqda, Kamil isə arxa oturacada əyləşmişdir. Dəyanət avtomobilini kəndin mərkəzindən asfalt örtüklü yolun sağ hərəkət hissəsi ilə saatda təxminən 100-110 km sürətlə Yengicə kəndi istiqamətinə doğru hərəkət etdirirmiş. Kəndin məscidini keçib həmkəndlisi Süleymanın həyətinin giriş qapısına çamağa az bir məsafə qalmış Dəyanətə avtomobili aşağı sürətlə sürməsini demişlər ki, həmin vaxtı Dəyanət idarə etdiyi avtomobildə idarə etməni itirməklə idarə etdiyi avtomobil asfalt örtüklü yoldan yolun sol ehtiyyat hissəsinə çıxaraq gedib əvvəlcə yolun sol kənarında olan qaz xətti keçən dəmir boruya və daha sonra isə həmkəndlisi Süleymanın həyətinin giriş darvazasına dəyərək yol nəqliyyat hadisəsi baş verib avtomobil zərbənin təsirindən asfalt örtüklü yolda köndələn halda hərəkətsiz vəziyyətdə dayanmışdır. Hadisə zamanı xəsarət aldığı üçün hadisə yerinə gəlmiş 103 Təcili Tibbi yardım avtomobili ilə Qəbələ RMX-na həkimə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qəbələ rayonunun Tüntül kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. 24 oktyabr 2023cü il tarixdə saat təxminən 21 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs özünə məxsus olan Mercedes Benz minik markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilini Tüntül kəndinin mərkəzində saxlayıb yeyib içmək üçün digər həmkəndliləri Zərərçəkmiş şəxs və Şahid1 ilə birlikdə onun idarə etdiyi hal-hazırda isə satdığı Vaz 2107 minik markalı ** CV *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayonunun Yenikənd kəndinə getmişlər. Orada kafelərin birində yeyib içən zaman Dəyanət, Kamil və Vüsal üçünə 1 litr həcmdə spirtli içki olan araq içmişlər. Lakin o, avtomobil idarə etdiyi üçün spirtli içki qəbul etməmişdir. Bir neçə saat ərzində yeyib içdikdən sonra saat 24 radələrində, oradan çıxıb birlikdə onun idarə etdiyi avtomobillə Tüntül kəndinə gəlmişlər. Kəndin mərkəzində Dəyanəti, Kamili və Vüsalı avtomobilindən düşürüb yaşadığı evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 01:20 radələrində həmkəndlisi Şahid1 ona zəng vurub bildirmiş ki, Dəyanət idarə etdiyi avtomobillə həmkəndliləri Almaz müəllimin evinin yaxınlığında yol nəqlıiyyat hadisəsi törədibdir və bura gəlmək lazımdır. Bu xəbəri alıb təxminən 5-10 dəqiqə ərzində hadisə yerinə gəlmişdir. Hadisə yerinə gələndə görmüş ki, həmkəndlisi Süleymanın həyətinin giriş qapısı və qapının qarşısından keçən qaz borusu zədələnmiş vəziyyətdədir. Dəyanətin idarə etdiyi Mercedes Benz minik markalı ** MD *** dövlət nömrə nişanlı avtomobili isə asfalt örtüklü yolda demək olarkı tam yararsız halda köndələn hərəkətsiz vəziyyətdə dayanmışdır. Sürücü Dəyanət və avtomobildə olan sərnişinlər Kamil və Vüsal isdə hadisə nəticəsində xəsarət alıblar. Bundan təxminən 15-20 dəqiqə keçmiş hadisə yerinə Qəbələ RMX-nın 103 Təcili Tibbi yardım avtomobili gələrək onların hər üçünü Qəbələ RMX-na aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır və orada daimi pasport qeydiyyatındadır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 01:30 radələrində rayon polis şöbəsinə məxsus BMV minik markalı ** YP *** dövlət nömrə nişanlı yol patrul xidməti avtomobili ilə Qəbələ şəhəri ərazisində xidmətdə olarkən şöbənin Növbətçi hissəsindən ona Qəbələ rayon Tüntül kəndi ərazisində yol nəqliyyat hadisəsinin baş verməsi barədə verildiyi məlumat əsasında xidməti yol patrul avtomobili ilə hadisə yerinə getmişdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi yer Tüntül kəndinin məscidini keçdikdən təxminən 150-200 metr irəlidə baş vermişdir. Hadisə yerinə gəldikdə görmüş ki, metallik rəngli Mercedes Benz minik markalı ** MD *** dövlət nömrə nişanlı avtomobil zədələnmiş halda üzü Yengicə kəndi istiqamətinə doğru asfalt örtüklü yolda çəpəki formada hərəkətsiz vəziyyətdə dayanmışdır. Sonradan ona məlum olmuş ki, avtomobilin sürücüsü Dəyanət adlı şəxs idarə etdiyi avtomobillə Tüntül kəndinin mərkəzindən Yengicə kəndi istiqamətinə hərəkətdə olarkən avtomobildə idarəetməni itirərək avtomobil yoldan çıxıb yolun sol kənarında olan dəmir qaz borusuna, eləcə də həmin kənd sakini sonradan adını bildiyi Süleyman adlı şəxsin həyətinin giriş darvazasına çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində avtomobilin sürücüsü Dəyanət adlı şəxs və avtomobildə olan 2 nəfər sərnişinlər Tüntül kənd sakinləri sonradan adları ona məlum olan Kamil və Vüsal adlı şəxslər hadisə nəticəsində xəsarət aldıqları üçün onların hər üçü hadisə yerinə gəlmiş 103 X16 avtomobili ilə Qəbələ RMX-na aparılmışlar. Bundan sonra yol nəqliyyat hadisəsinin xəsarətlə nəticələndiyi üçün bu barədə şöbənin Növbətçi hissəsinə zəng vuraraq məlumat verib hadisə yerinə müstəntiqin gəlməsini bildirmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra hadisə yerinə şöbənin müstəntiqi gələrək hadisə yerinin müayinəsini aparmış və həmin baxışda iştirak etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi Nohurqışlaq-Yengicə magistral yolunun Qəbələ rayonunun Tüntül kəndi ərazisindən keçən hissəsində kənd məscidindən keçdikdən təxminən 150-200 metr aralıda üzü Yengicə kəndi istiqamətində baş vermişdir. Baxış Yengicə kəndi istiqamətinə keçirilməklə hava şəraiti gecə və qaranlıq, yolun hərəkət hisəsi düz, örtüyün növü asfalt-beton olmaqla quru vəziyyətdə olmuşdur. Yolun hərəkət hisəsinin ümumi eni 5.60 metrdir. Hərəkət hissəsi 2 hissəyə bölünməklə, avtomobillərin iki tərəfli istiqamətdə hərəkəti üçün nəzərdə tutulmuşdur. Hadisə yerində gümüşü metallik rəngli, Mercedes Benz E 240 minik markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol ehtiyyat hissəsindən 35 metr məsafədə arxa tərəfi yolun sol ehtiyyat hissəsində, ön tərəfi isə asfalt örtüklü yolun sağ hərəkət hissəsində çəpəki vəziyyətdə olmaqla hərəkətsiz vəziyyətdə dayanmışdır. Avtomobilin ön tərəfindən asfalt örtüklü yolun sağ kənarına olan məsafə 3.20 metr, arxasından yolun sol ehtiyyat hissəsinin kənarına olan məsafə 4.90 metr, avtomobilin dəydiyi dəmir qaz borusundan avtomobilə qədər olan məsafə 9.60 metr, dəmir darvazadan isə avtomobilə qədər olan məsafə 8.90 metr olması müəyyən edilmişdir. Baxış zamanı digər sübut əhəmiyyəti daşıyacaq fakt növü aşkar edilməmişdir. Baxış istintaq hərəkəti zamanı hadisə yerinin fotoşəkilləri mobil telefonla çəkilərək, əksi çıxarılıb işə əlavə edilmişdir . İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2023cü il tarixli 8/3568 nömrəli ekspert rəyindən görünür ki, - Mercedes Benz E 240 minik markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, yəni 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X11 rayon şöbəsinin verdiyi 21 noyabr 2023-cü il tarixli 596 nömrəli ekspertizasının rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ incik sümüyünün yerini dəyişməyən qapalı sınığı, sağ əlin yumuşaq toxumasının əziyi, alının sol qaşüstü nahiyəsinin, üzün sol yanaq, oma nahiyəsinin, qarının ön divarının, sağ dizin ön səthinin sıyrıqları kimi xəsarətləri olmuş ki, həmin xəsarətlər xx.xx.2023cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törənməsinə uyğun gəlir, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vuran bədən xəsarətinə aid olmuşdur. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli xəstəlik tarixinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq xəstəxanaya müraciət edib ona ilk tibbi yardım göstərilən zaman barəsində açılmış tibbi sənədlərdə onun nəfəsindən alkoqol iyi gəldiyi qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X5” X17 Qəbələ Rayon Mərkəzi Xəstəxanasının 22 dekabr 2022-ci il tarixli PHŞ-18-1-52/2-2121/2023 nömrəli məktubunda Təqsirləndirilən şəxs, eləcə də Zərərçəkmiş şəxs həmin xəstəxananın psixiatrik və narkoloji kabinelərdə də hər hansı bir xəstəliklə qeydiyyatda olmadıqları göstərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş X18 MMC avtomobil təmiri sexindən təqdim edilmiş 01 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, mövcud hadisədə iştirak etmiş Mercedes Benz E 240 minik markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobillərin tormoz, sükan və digər idaretmə mexanizmlərində hər hansı bir nasazlığın olmadığı, yol nəqliyyat hadisəsi zamanı avtomobilin tam saz vəziyyətdə olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin 06 dekabr 2023-cü il tarixli, 016-3-13-16-6/2620/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi bazasında sürücülük vəsiqəsinin qeydə alınmadığı göstərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin DYPB-nin rəisi polis mayoru Bəxtiyar Heydərovun xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətmiş olduğu yer yaşayış zonası hesab edilməklə maksimum sürətin 60 km/saat sürət həddində olduğu göstərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübutun tanınması və sahibinə qaytarılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi Mercedes Benz E 240 minik markalı ** MD *** qeydiyyat nişanlı avtomobil maddi sübut növü kimi tanınmaqla sahibi Təqsirləndirilən şəxs xahişi ilə ona qaytarılmışdır. İş materiallarına əlavə edilmiş AE086638 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1999-cu il buraxılış ili olan “Mercedes Benz E240” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X7 “Mercedes Benz E240” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixə kimi idarə etməyi Təqsirləndirilən şəxs etibar etmişdir. İş materillarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Tüntül kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, 5-59- 36/2-460-2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X10 və qardaşı X9 ibarətdir. İş materillarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Tüntül kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, 5-59- 36/2-460-2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən Velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Eyni Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməməlidirlər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.» Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Tüntül kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, 5-59-36/2-460-2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə etməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış “Mercedes Benz E240” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılmasını nəzərə alır. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 8 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7000 (yeddi min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “Mercedes Benz E240” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X6, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar