Məhkəmə qərarları › İş №1(025)-11/2025

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-11/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-11/2025 04.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci il tarixdə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, fərdi yaşayış evində yaşamış, barəsində xx.xx.2025-ci il tarixli Qəbələ Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)- 234/2025 nömrəli hökmü ilə 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və halhazırda Azərbaycan Respublikası ƏN-nin Penitensiar xidmətinin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Səlimov X5 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)576\2022 nömrəli hökmü ilə 2(iki) il 5(beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə həmin cəzaya görə məhkumluğu ödənilmədən, eyni zamanda yenidən analoji cinayət törətdiyinə görə Binəqədi rayon Məhkəməsində AR CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə məhkəmə istintaqının aparılmasına baxmayaraq, bundan nəticə çıxararaq islah olunmaq əvəzinə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisindəki zibillikdən ağ rəngli sellofan torbada 21.28 qram çəkidə xeyli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış narkotik maddə olan qurudulmuş marixuananı tapıb satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirərkən, xx.xx.2025-ci il tarixdə saat 23:12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Sahil” adlanan istirahət mərkəzinin qarşısında piyada hərəkət edən zaman Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış, həmin yerdə əməliyyat-axtarış tədbirini keçirən cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən foto və video çəkiliş aparılmaqla saat 23:12 dəqiqədən etibarən üstünə yoxlama aparılan zaman yuxarıda qeyd edilən mənbədən qanunsuz olaraq əldə etdiyi ağ rəngli sellofan torbada təmiz çəkisi 21.28 qram çəkidə xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkarlanaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 3 ünvanında daimi pasport qeydiyyatında olub, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi nömrəsiz evdə yaşamışdır. Hal-hazırda isə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum edildiyindən X2 saxlanılır. Əvvəllər narkotik vasitədən istifadə etmişdir. Hal-hazırda isə narkotik vasitədən istifadə etməməkdədir. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhərindən Qəbələ rayonunun Nohurqışlaq kəndində yaşayan qaynatası Rayim Mirzəyevgilə ailəvi olaraq qonaq gəlmişdir. Qonaq gəlməsinə səbəb isə ad günü tədbiri olmuşdur. Onun Qəbələ rayonuna gəlməsindən Qəbələ rayon sakinləri Osmanlı Ərəstun, X9 İqbalın xəbərləri olmuşdur. Onlar onun əvvəllərdə narkotik vasitəyə görə tutulduğunu bilmişlər və buna görə polis şöbəsinə məlumat vermişlər. Həmin gün polis əməkdaşları onların evlərinə gəlmişlər və bildirmişlər ki, ya onu külli miqdarda narkotik vasitə ilə yükləyəcəklərini, ya da az miqdarda narkotik vasitəni üzərində gəzdirməyi boynuna almağı bildirmişlər. Belə olub polis əməkdaşları ilə razılaşmışdır. Daha sonra isə onu “Sahil” restoranının yanına gətirərək videogörüntü çəkmişlər. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmir. Himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1ifadəsində göstərdi ki, Qəbələ rayonunun Zalam kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. Qəbələ RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımış, həmin şəxslə heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması, daşıması və ondan istifadə etməsi ilə bağlı rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında o, xx.xx.2025-ci tarixdə saat təxminən 23:12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində yerləşən “Sahil” adlı istirahət mərkəzinin qarşısında olarkən, şöbənin CAB-in rəisi, Elçin İsmayılov və əməliyyat müvəkkil, Şahid2 ilə birlikdə ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim edib üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün tərəflərindən saxlnıldığını və üzərində narkotik vasitə olub olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs həqiqəti etiraf edərək üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və özü üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin yerdə Təqsirləndirilən şəxs öz razılığı ilə foto və videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən ağ rəngli sollafan torba çıxardaraq içərsində qurudulmuş marixuana olduğunu həmin narkotik vasitəni hadisədən 2-3 gün əvvəl yaşadığı Bakı şəhəri Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisinə zibillikdən taparaq özü üçün istifadə etdiyini bildirmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş daha sonra isə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Müdafiəçi dəvət edilərək baş təhqiqatçı Tural Mehdizadə tərəfindən ona hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulub özüərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi sellofan bükümdə olan qurudulmuş marixuananı təqdim edərək həmin narkotik vasitəni bir neçə gün öncə yaşadığı Bakı şəhəri Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki zibillikdən tapdığını və ondan özü üçün istifadə etdiyini bildirmişdir. Həmin narkotik maddə olan qurudulmuş marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərək üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənib qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Bundan sonraorada olan polis əməkdaşları, Müdafiəçi və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Baxış zamanı baxış qeyd etdiyi ardıcıllıqla əks etdirən video və fotoşəkillər çəkilmiş sonra baxış başa çatmışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində əlavə olaraq onu da qeyd edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə yerində, eləcə də rayon polis şöbəsində üzərinə baxış zamanı polis əməkdaşları tərəfindən ona qarşı heç bir fizki zor tətbiq edilməmiş, ondan aşkar edilərək götürülmüş qurudulmuş marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi 26.80 qram təşkil etmişdir. Məhkəmədə şahid qismində Şahid2 Şahid1ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, daxil olmuş əməliyyat məlumatı əsasında 13.01.225-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən “Sahil” restoranının yanında getmişlər. Təqsirləndirilən şəxs orada görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Bundan sonra öz telefonu ilə çəkiliş aparmışdır. Çəkiliş zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni cibindən çıxartmışdır. Təqsirləndirilən şəxs evlərini tanımırlar və onun evinə getməmişlər. Bu barədə dedikləri həqiqəti əks etdirmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. Beləki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 yanvar 2025-ci il tarixdə və 03 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində ona elan olunmuş ittiham üzrə özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı Bakı şəhəri Binəqədi rayonunun Sulutəpə qəsəbəsində zibiliyyə zibil tullamağa gedərkən oradan bir ədəd ağ rəngli sellofan büküm taparaq onu açıb baxarkən içərsində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görüb həmin marixuananı özü ilə götürüb ailə üzvlərinin və eləcə də heç kimin xəbəri olmadan üzərində gəzdirirmiş ki, ondan istifadə etsin. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr məhkəmə baxışında elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrdən gürünür ki, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələrin ona aid olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr sərbəst ifadədədir, həmin ifadə hər hansı fiziki və ya psixi təsir altında verməmişdir, ona görə də həmin ifadələrin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyinə görə sübut növü kimi qəbul edilməli və məhkəmə istintaqında təqdiq olunan bütün sübutların məcmusu ilə birlikdə qiymətləndirilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 13 yanvar 2025-ci il tarixli Qəbələ RPŞnin CAB-nin rəisi Elçin İsmayılov tərəfindən tərtib edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntüdən görünür ki,həmin tarixdə Təqsirləndirilən şəxs Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində yerləşən “Sahil” adlı istirahət mərkəzinin qarşısında saxlanılaraq üzərinə saat 23:12 dəqiqədən etibarən keçirilən baxış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə, içərsində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Həmin narkotik maddə olan qurudulmuş marixuanaya oxşar kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkildikdə 26.70 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, xx.xx.2025-ci il tarixdə yaşadığı Bakı şəhəri Binəqədi rayonunun Sulutəpə qəsəbəsində zibilikdən tapdığını, onu özü istifadə etmək məqsədi ilə üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı mobil telefon vasitəsilə fotoşəkillər və videoçəkiliş aparılmış, həmin fotoşəkillərin əksləri, eləcə də videogörüntü 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan14 yanvar 2025-ci il tarixli Qəbələ RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Tural Mehdizadə tərəfindən tərtib edilmiş “Əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi, onların götürülməsi və şəxsi axtarış keçirilməsi barədə” protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntüdən görünür ki, 14 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə foto və videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş predmetə baxış keçirilən zamanı ilk olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd ağ rəngli, üzərində iştirakçıların imzası olan, 103 möhürlə möhürlənmiş zərfin içərisi açılmış, zərfin içərisində 1 ədəd ağ selofan torbaya bükülmüş vəziyyətdə olan kəskin iyə malik, qurudulmuş marixuanaya bənzər yaşıl kütələ olduğu aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin həqiqətən də onun üzərindən aşkar edilərək götürüldüyünü, Bakı şəhəri Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindən zibilikdən tapdığını, onu özü istifadə etmək məqsədi ilə üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Növbəti mərhələdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 paçka istifadə olunmuş Whinston markalı siqaret aşkar edilmiş, digər geyimlərinin cibləri isə boş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik maddə olan qurudulmuş marixuana təkrar olaraq elektron tərəzidə çəkilib 26.80 qram təşkil etmişdir ki, sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılıb götürülərək üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı mobil telefon vasitəsilə video və fotoşəkillər çəkilmiş, fotoşəkillərin əksi çıxarılıb, videoçəkiliş isə 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X11 təqdim etdiyi 14 yanvar 2025-ci il tarixli 17/30 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim olunmuş, üzərində “İştirakçılar”, şübhəli şəxs Təqsirləndirilən şəxs, Vəkil Müdafiəçi” yazıları, digər adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərsindəki, digər 01 (bir) ədəd zərfin içərsində olan 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi 21.28 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunadır. Cinayət işi materiallarına əlavə olunmuş 25 yanvar 2024-cü il tarixli “Maddi sübutun tanınması və saxlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş ümumi çəkisi 21,28 qram olmuş, tədqiqatlara sərf edilmiş 0.10 qram hissə çıxıldıqdan sonra qalıq təmiz çəkisi 21,18 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmaqla saxlanması üçün Qəbələ RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi 07 fevral 2025ci il tarixli 361 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğu və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyü bildirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RMX PHŞ-in 31 yanvar 2025-ci il tarixli 18-1-52/2-245/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX PHŞ-in Poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda deyil, lakin həmin xəstəxananın Polikilinika şöbəsinin narkoloji kabinetində “Opioidlərin qəbulundan yaranan pisixi davranış və asılılıq sindiromu” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-234/2025 nömrəli hökmündən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/9-9522/2025 nömrəli sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə (Mitral və aortal qapaqların prolapsı. Revmatik miokardit. Ürək çatışmazlığı İ-İİ dər. Epilepsiya) 5 il müddətə (xx.xx.2021-ci il tarixədək) üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra “Əlillik” altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır. Vətəndaş hazırda əlillik statusuna malik deyil. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Səlimov X5 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 05 ay 26 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzası Bakı Apelliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 10 ay 20 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək həmin cəza Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-576/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 7(103)-328/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)- 576/2022 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 09 ay 10 gün hissəsi müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(057)-186/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 16 (on altı) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə araşdırması zamanı cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-234/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 avqust 2024-cü il tarixdən 09 avqust 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə araşdırması zamanı cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli 1(001)-234/2025 nömrəli göstərişindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-576/2022 nömrəli hökmü (cəza və narkomaniyadan məcburi müalicə hissəsində) icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-234/2025 nömrəli hökmündən görünür ki,Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-234/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq, 04 fevral 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Nümayəndəliyitərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsyaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 018302 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən və akademik M.Ə.Mirqasımov adına RKX doğum evinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X8 adlı və xx.xx.2024-cü il təvəllüdlü X6 adlı iki azyaşlı övladı vardır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla üzərində daşımasında təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, işdə olan ifadələrin yerində yoxlanılması protokolu, digər istintaq hərəkəti protokolları və maddi sübutla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs moğlunun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi cəmi 21,28 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə desək, təqsirləndirilən şəxsin ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “əsassız olaraq tutulması”, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi, polis əməkdaşlarının ona hədə-qorxu gələrək üzərinə qoymaları barədə qeydləri özünün müdafiəsi üçün gətirdiyi dəlillər hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-576/2022 nömrəli hökmü ilə olan məhkumluğu (azadlığın məhdudlaşdırılması cəzası) ödənilməmiş və ya götürülməmişdir. Məhkəmə, CM-in 18.4.4-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 1(001)-576/2022 nömrəli hökmü ilə məhkum olunduğu cəza azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından onun əməlində cinayətlərin residivinin olmaması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsna məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X3 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-576/2022 nömrəli hökmü ilə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 7(103)-328/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-576/2022 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 09 ay 10 gün hissəsi müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(057)-186/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 16 (on altı) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi olmasına baxmayaraq yenidən Qəbələ rayonu ərazisində eyni maddə ilə cinayət törətmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin həmin cəzadan lazımi nəticə çıxarmamış, yenidən cinayət törətmişdir. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs çətin islah olunan şəxs olduğuna dəlalət edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmasına diqqət yetirir, onun azadlıqdan məhrum edilmədən islah oluna bilməməsi qənaətinə gəlir. Məhkəmə həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. İş materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 13 yanvar 2025-ci il tarixdə saat 23:12-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, protokol isə Qəbələ rayon Polis şöbəsində 13 yanvar 2025-ci il tarixdə saat 23:30-da tərtib edilməyə başlanılmış, 23:40-da isə yekunlaşmış və protokol Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 14 yanvar 2025-ci il tarixli protokoldan isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il saat 00:20-də Qəbələ RPŞ-nin inzibati binasında tutulmuşdur. xx.xx.2025-ci il saat 21:00-da isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol 14 yanvar 2025-ci il tarixdə tərtib edilsə də, iş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxsin 13 yanvar 2025-ci il saat 23:30-dan azadlığı faktiki məhdudlaşdırılaraq Qəbələ rayon Polis şöbəsində saxlanılmışdır. Bu səbəbdən onun həbsdə saxlanıldığı müddət 2 (iki) gün müəyyən olunmalıdır. Ona görə də onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Həmçinin iş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 1(001)-234/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm 30 may 2025-ci il tarixdə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxshazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-234/2025 nömrəli hökmü ilə məhkum olunana qədər törətmişdir. Ona görə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-cimaddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələri nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-234/2025 nömrəli hökmünə əsasən təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ilə ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-234/2025 nömrəli hökmündən göründüyü kimi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-234/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq, 04 fevral 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmçinin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-234/2025 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdam məhrum etmə cəzasının əvvəli 03 fevral 2025-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 03 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarın» 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». Məhkəmə istintaqında tədqiq olunmuş ibtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 21,18 qram narkotik vasitə qurudulmuş marixuanahökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03(üç) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)- 234/2025 nömrəli hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdən 15 yanvar 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 03 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş ümumi çəkisi 21,28 qram olmuş, tədqiqatlara sərf edilmiş 0,10 qram hissə çıxıldıqdan sonra qalıq təmiz çəkisi 21,18 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar