Məhkəmə qərarları › İş №1(025)-12/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-12/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-12/2021 03.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – X3, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Qəbələ rayon İcra və Probasiya şöbəsində məhkəmə qaydasında boşandığı, aralarında daimi münaqişələr olan keçmiş arvadı Zərərçəkmiş şəxs azyaşlı uşağına görə məhkəmə tərəfindən təyin edilmiş ödəməli olduğu alimenti ödəməyəcəyini deyib etiraz etməklə icra və probasiya şöbəsinin kabinetinə daxil olub otaqda oturmuş vəziyyətdə olan Zərərçəkmiş şəxs üzərinə gedərək yumuruqla və əlin içinin ovucun biləyə yaxın dayaq hissəsi ilə onun başının sağ gicgah nahiyyəsindən qəsdən 2-3 dəfə vuraraq ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi və başın sağ gicgah-təpə nahiyyəsinin sıyrılmış yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020ci il tarixdə saat 11:30 radələrində onu Qəbələ rayon məhkəməsinin inzibati binasında İcra və Probasiya şöbəsinin əməkdaşı Təbiyyət Həsənquliyev aliment ödəyə bilib-bilmədiyini soruşmaq, ödəməyəcəyi halda barəsində protokol tərtib edilməsi üçün çağırmışdır. Probasiya şöbəsinə Şahid4 otağına yaxınlaşmış, otağa yaxınlaşanda orada Nurayı görmüş, geri qayıtmış ki, Nuray olmadıqda getsin ki, aralarında problem olmasın. Bu zaman Şahid4 onu yenə də zəng edərək otağına dəvət etmiş, geri qayıdıb otağa yaxınlaşanda Nuray yenə də orada olmuş, yenə də geri qayıtmaq istədikdə Şahid4 çağırmış, “hara gedirsən, gəl otur” demişdir. Otağa daxil olmuş, otağın qapısının qarşısında içəridə dayanmış, Nuray isə otaqda oturub ona gülərək acıq verirmiş. Şahid4 ondan nə üçün aliment vermədiyini soruşmuş, Şahid4 “mən aliment verirdim, ancaq indi Nuraya aliment düşmür” demiş, Nuray bu zaman ona “sən bacının dərdini çək” deyə cavab vermişdir. Buna görə əsəbiləşərək qəflətən qapının qarşısından 2-3 metr məsafədə oturmuş vəziyyətdə olan Nuraya yaxınlaşmış və əsəblərini saxlaya bilməyib sağ əli ilə açıq formada içərisi, ovuc hissəsi ilə 2 dəfə zərbə ilə Nurayın başının sağ tərəfinə gicgah nahiyyədən ardıcıl olaraq vurmuş, bu vaxt qapının qarşısında dəhlizdə olan onu Nurayı vurmağını görən probasiya şöbəsinin digər əməkdaşları dərhal içəri daxil olmuş, onu kənara çəkmişlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Qəbələ rayon məhkəməsinin inzibati binasınına İcra və Probasiya şöbəsinin əməkdaşı Təbiyyət Həsənquliyev çağırmış ki, İlkinin aliment ödəmədiyi üçün barəsində tətbiq olunacaq protokolla və digər sənədlərlə tanış olsun. Probasiya şöbəsinə Şahid4 otağına getmiş, otaqda olan zaman orada İlkinlə bağlı bəzi sənədlərlə tanış olmuş, bu zaman otağın qapısı açıq olduğundan İlkin də oraya gəldiyini görmüş, Şahid4 İlkinin də gəldiyini demiş, İlkinlə rastlaşmaq istəməmiş, İlkinin ona yaxınlaşsa nəsə edəcəyini bilmiş, İlkinin otağa tərəf gəldiyinə görə otaqdan çıxmış və dəhlizdə baş hissədə gözləməyə başlamış, İlkin də onu dəhlizdə görmüş və orada ona qarşı nalayiq ifadələr işlədib Şahid4 otağına daxil olmuşdur. Otağa yaxınlaşmamış, orada Şahid4 İlkindən nə üçün alimenti ödəmədiyini soruşmuş, İlkin bu zaman ”aliment ödəməyəcəyəm” deyə cavab vermiş, ancaq səbəbini deməmişdir. Şahid4 İlkinə barəsində protokol yazıldığını bildirmiş, sonra İlkin daha da əsəbiləşmiş, bu anda İlkin bayıra çıxmış, özü isə Şahid4 otağına daxil olmuş, stulda oturmuş, “özün də eşitdin ki aliment ödəməyəcəyini bildirdi” demiş, İlkin də qapının qarşısında imiş və qapı açıq formada olmuşdur. Şahid4 stolda oturub kömpüterdə nəsə sənəd yazırmış. Şahid4 ona İlkinə protokol yazılmağına razı olub olmadığını soruşmuş, cavab olaraq “bəli razıyam, ödəmirsə yazılsın” demişir. Bu zaman İlkin oradan atılıb qəflətən oturduğu yerdə üzərinə gəlmiş, orada nalayiq söyüşlərlə təhqir edib yumuruqla başının sağ tərəfindən gicgah nahiyyəsindən 3 dəfə ardıcıl qüvvətli yumuruq zərbəsi vurmuş, qapının qarşısında dəhlizdə olan və İlkinin onu vurmasını görən digər əməkdaşlar dərhal içəri daxil olmuş, İlkin isə içəridən çıxıb qaçıb getmək istəyirmiş. Həmin şəxslər, Şahid4 İlkini saxlamış, dəhlizə çıxarmışlar, özü isə otaqda imiş, halsız vəziyyətdə dayanmışdır. Baş vermiş hadisəyə görə Şahid4 tərəfindən akt tərtib edilmiş, Şahid4 onu öz avtomobili ilə Qəbələ rayon mərkəzi xəstəxanasına aparmış, orada ona tibbi yardım göstərilmişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona ən ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xidməti işlə bağlı olaraq tanımışdır. Belə ki, İlkinin azyaşlı övladına görə ona aliment ödəməməsinə görə barəsində materiallar olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Nuray yenə də İlkinin aliment ödəmədiyi üçün müraciət etmiş, buna görə də qaydaya əsasən İlkini də probasiyaya çağırmışdır. Özü otaqda olmuş, Nuray da otaqda 2-3 metr məsafədə stulda oturmuşdur. İlkin isə qapının qarşısında durmuşdur. Alimentə görə Nurayın şikayətini dinləyirmiş, həm də yazı yazırmış. Bu zaman İlkin qəflətən otağa daxil olmuş, ani olaraq qəflətən Nurayın üzərinə gedərək onun başına yumuruqla bir dəfə vurmuşdur. Dərhal ayağa qalxıb İlkini aralamağa başlamış və onu otaqdan bayıra çıxartmışdır. Səsə həmçinin, şöbənin digər əməkdaşları Elvin, Sənan və Ülvi də gəlmiş, İlkini sakitləşdirib onu dəhlizə çıxartmışlar. Baş vermiş hadisəyə görə akt tərtib edilərək bu barədə rayon polis şöbəsinə məlumat verilmiş, həmçinin Nurayı Qəbələ xəstəxanasına aparıb işə qayıtmışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid4 ifadasinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 xx xxxxxx 2020-ci il tarixli 343 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi və başın sağ gicgah-təpə nahiyyəsinin sıyrılmış yarası kimi xəsarət vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə yəni, xx xxxx 2020-ci ildə törənə bilər. Qeyd olunan xəsarətlər bir zərbənin təsirindən törənməklə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlmətlərinə aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həbsdə olduğu müddət, yəni 01 (bir) gün həbsdə saxlamanın müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu müddət, yəni 01 (bir) gün həbsdə saxlamanın müddəti ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar