Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-13/2024 17.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü il tarixdə Qəbələ rayon Qəmərvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, Qəbələ rayon Şəfili kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz şəkildə etibardan suiistifadə və aldatma yolu ilə ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs ilə arasında olan qohumluq münasibətinə görə yaranmış etibardan sui-istifadə edib ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində guya vəzifəli tanışının olduğunu bildirib, həmin tanışı vasitəsi ilə sonuncunun xx.xx.2005-ci il təvəllüdlü oğlu X3 həqiqi hərbi xidmətini Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyin etdirəcəyinə köməklik göstərəcəyi barədə yalan vəd verərək bu barədə uydurduğu yalana inandırmaqla məsələnin həlli üçün həmin vəzifəli tanışına vermək adı altında aldadıb 2023-cü ilin iyul ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs onun yaşadığı Qəbələ şəhəri, 28 may küçəsindəki evində 1000 (bir min) manat pul vəsaitini götürüb vədinə əməl etmədən öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da o, Zərərçəkmiş şəxs 1000(bir min) manat pulunu dələduzluq yolu ilə ələ keçirməklə talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Dosamməd oğlu anasının əmisi qızının əridir. Onu qohum kimi uzun müddətdir ki, tanıyır, normal münasibətləri vardır. 2023-cü ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə anasının əmisioğlu Abbasəli Əbdürəhimov onunla əlaqə saxlayaraq bacısının əri X1 Sənan Salman oğlunun həqiqi hərbi xidmətə çağırıldığını, onun hərbi xidməti Bakı şəhərində keçirməsi üçün köməklik lazım olduğunu, buna görə vəzifəli tanış adamının olub-olmadığını soruşmuşdur. Abbasəli Salmanın buna görə pul da vermək istədiyini, demiş, ancaq pulun məbləği barədə aralarında söhbət olmamışdır. Pul lazım olduğu, maddi ehtiyacı olduğuna görə Abbasəliyə yalandan Qəbələ rayon hərbi komissarlığında vəzifəli tanışının olduğunu, onlarla danışıb həll edə biləcəyini demişdir. Məqsədi Salmanın pulunu ələ keçirmək olmuşdur. 2023-cü ilin iyul ayında dəqiq xatırlamadığı günündə Sənanın atası Salmana Qəbələ şəhərində 28 may küçəsində yeni tikilən xəstəxananın yanındakı evlərində bu mövzuda söhbət zamanı Qəbələ hərbi komissarlığında vəzifəli tanışının olduğunu deyərək işin görülməsinə 1000 manat pul lazım olduğunu bildirmişdir. Salman razı olmuş və həmin vaxt 1000 manat pulu nəğd formada sayaraq ona vermişdir. Bu barədə həmin tanışı ilə danışaraq işini həll edəcəyini demiş, amma kimləsə danışmamışdır. Sonradan Salmana yalandan vəzifəli tanışı ilə danışdığını və işinin həll olunacağını demiş, Salman arxayın olmuşdur. xx.xx.2023-cü il tarixdə isə Salman onunla əlaqə saxlayaraq oğlu Sənanın Bakı şəhərinə deyil, Gəncə şəhərinə hərbi xidmətə düşdüyünü demiş, Salmana “Qəbələ hərbi komissaralığının qarşısına gəlin, mən də gəlirəm, içəri girib məsələni aydınlaşdıracağam” deyə cavab vermişdir. Əslində Salmangili bir qədər sakitləşdirmək üçün oraya çağırırmış. Niyyəti içəri girmək və çıxmaq, onlara guya kimləsə görüşdüyünü deməklə vaxt əldə etmək imiş. Sənan, Salman, Salmanın arvadı və Abbasəli Qəbələ hərbi komissarlığının qarşısına gəlmiş, özü də oraya getmişdir. Onlara guya səhvlik olduğunu, içəri girib aydınlaşdıracağını demiş, hərbi komissarlığın içərisinə girmiş, heç kimlə görüşmədən 5 dəqiqəyə geriyə çıxmışdır. Orada Salmangilə “tanışım işdə deyil, gəldikdə görüşəcəyəm” deyə bildirmişdir. Sonra onlara “yaxında çayxanada çay içərək gözləyək” demiş, hamısı yaxınlıqdakı çayxanaya getmişlər. Bir qədər gözləmişlər, yalanının üzərinin açılacağını bildiyi üçün oradan qaçıb getmək qərarına gəlmiş, buna görə də onlara “marketə gedib telefonuma danışıq balansı yükləyib geri qayıdıram” demiş, bu adla onlardan ayrılmış, marketə getməmiş, uzaqlaşıb evə gəlmişdir. Salmanın telefonlarına cavab verməmişdir. Salman həmin vaxtdan pulunu istəmiş, ancaq həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləyib qurtardığına görə və maddi imkanı olmadığı üçün qaytara bilməmiş, sonradan Salmanın ondan polisə şikayət etdiyini bilmişdir. Həmin puldan heç bir vəzifəli və ya vəzifəsi olmayan şəxsə verməmiş, ümumiyyətlə belə bir tanışı olmamışdır. Sənanın Bakı şəhərində hərbi xidmətə düşməsi üçün heç bir hərəkət, dövlət orqanına nə yazılı, nə də şifahi müraciət etməmişdir. Maddi imkanı olmadığından Zərərçəkmiş şəxs aldadıb aldığı həmin pulu qaytara bilməmişdir. Törətdiyi dələduzluq əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurduğu zərəri tam aradan qaldırmışdır və onlar barışmışlar. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödədiyini, onun Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs arvadı Xəyalənin əmisinin nəvəsidir, onunla normal münasibətləri olmuş, aralarında borc və sair heç bir məsələ olmamışdır. Sənan Qalabəyov oğludur. Sənanın 2023-cü ilin sentyabr ayında 18 yaşı tamam olurmuş və həqiqi hərbi xidmətə getməli imiş. 2023-cü ilin iyul ayından çalışırmış ki, Sənanın hərbi xidmətini uzaq sərhəd rayonlarda deyil, Bakı şəhərində keçirilməsini təşkil etsin. Buna görə tanış–biliş maraqlanmış, 2023-cü ilin iyul ayında qaynı Abbasəli ona Şahidin Qəbələ hərbi komissarlığında vəzifəli tanışı olduğunu, Sənanın hərbi xidmətini Bakı şəhərində təşkil edə biləcəyini demişdir. Ancaq Abbasəli vəzifəli şəxsin adını çəkməmiş, vəzifəsini deməmişdir. Qərara almış ki, bu barədə Şahidə bildirsin ki, ona kömək etsin. Elə həmin vaxtlar, yəni 2023-cü ilin iyul ayında dəqiq xatırlamadığı gündə Şahidi Qəbələ şəhərindəki 28 may küçəsindəki nömrəsiz evinə dəvət etmiş, ona məsələni bir daha danışmış, oğlu Sənanın hərbi xidmətinin 2023-cü ilin oktyabr ayında başlayacağını, hərbi xidmətini Bakı şəhərində keçirməsini istədiyini demişdir. Ondan köməklik etməsini xahiş etmişdir. Şahid ona “mənim Qəbələ hərbi komissarlığında vəzifəli tanışım vardır, onun vasitəsi ilə Sənanın hərbi xidmətini Bakı şəhərində təşkil edə bilərəm” deyə cavab vermişdir. Şahid buna görə 1000 manat lazım olduğunu, həmin pulu adını çəkmədiyi hansısa vəzifəli adama verəcəyini deyirmiş. Razılaşmış, həmin vaxt evində Şahidə 1000 manat pul vermişdir. Şahid söz vermiş ki, oğlu Sənanın hərbi xidmətini Bakı şəhərində keçirməsini təşkil edəcəkdir. Bundan sonrakı günlərdə də Şahidi gördükdə “arxayın ol, danışmışam, həll olub” deyirmiş. 26 sentyabr 2023-cü il tarixdə oğlu Sənanın hərbi xidmətini Gəncə şəhərində keçirəcəyi barədə məlumat verilmişdir. Bu barədə Şahidə zəng edərək məlumat verdikdə Şahid “narahat olmayın, nəsə səhvlik olub, gəlin Qəbələ hərbi komissarlığının qarşısına, orada içəridə kimləsə danışıb həll edəcəm” demiş, arvadı Xəyalə, eləcə də Sənan birgə Qəbələ rayon Zarağan kəndinə Qəbələ hərbi komissarlığının qarşısına getmişlər. Şahid, Abbasəli də orada imiş. Şahid “tanışı hazırda işdə yoxdur, işə gələn kimi girib görüşəcəm” demiş, xahiş etmiş ki, oradakı çayxanaya gedərək gözləsinlər, az sonra tanışı gəldikdə içəri keçəcəkdir. Çayxanaya getmişlər, bir qədər gözlədikdən sonra Şahid oradan uzaqlaşaraq getmişdir. Bundan sonra onunla heç birə əlaqə saxlaya bilməmiş, Şahid pulunu qaytarmamışdır. Buna görə bu barədə polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Məlum olmuş ki, Şahid yalan danışıb, pulunu dələduzluq yolu ilə ələ keçirib, oğlunun hərbi xidmətinin Bakı şəhərində keçirməsi üçün heç bir hərəkət etməyib, aldığı pulu heç bir vəzifəli şəxsə verməyib, özünə xərcləyib. Sadəcə olaraq ona inanması üçün tanışı vəzifəli şəxs olduğunu demişdir. Sonradan eşitmiş ki, Şahid onlar gələnə kimi hətta komissarlığın binasına daxil olmuş ki, guya orada kimləsə danışdır. Bu barədə sonradan Abbasəlidən eşitmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bidirmişdir ki, Şahidə 1000 manat pul verən zaman özü, Şahid və Xəyal birgə olmuşlar, baş vermiş dələduzluq nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər ödənilmişdir, onlar barışmışlar, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bacısının əridir, Təqsirləndirilən şəxs isə əmisi qızının oğlu, əmisinəvəsidir. Hər ikisi ilə normal münasibətləri vardır. Salmanın oğlu Sənan 2023-cü ilin payızında hərbi xidmətə getməli imiş. Sənanın atası Salman oğlu Sənanın Bakı şəhərində xidmət keçməsini istəyirmiş. Buna görə yollar axtarırmış. 2023-cü ilin iyul ayında Şahidlə Qəmərvan kəndində bir məclisdə təsadüfən rastlaşan zaman söhbət zamanı Salmanın oğlu Sənanı Bakı şəhərinə hərbi xidmətə saldırmaq istədiyini demişdir. Bu zaman Şahid başqa bir qohumunu Bakı şəhərində hərbi xidmətə saldırdığını, Salmana da bu barədə kömək edə biləcəyini demişdir. Həmin vaxt Salman orada olmamışdır. Şahid hərbi komissarlığın Qəbələ rayon şöbəsində vəzifəli tanışı olduğunu,həmin adamın bunu həll edə biləcəyini bildirmiş, ancaq Şahid həmin vəzifəli adamın adını çəkməmiş, nə vəzifəsində işlədiyini deməmişdir. Salmanla danışaraq Şahidin bu işi bacardığını, Şahidin vəzifəli tanışının olması və onun vasitəsi ilə Sənanın hərbi xidmətini Bakı şəhərinə təşkil edəcə biləcəyini demiş, ancaq Şahidlə aralarında bu işə görə pul söhbəti olmamışdır. Bundan sonra Şahidi görməmiş, sonradan Şahid Salmandan sonuncunun evində oğlunu Bakı şəhərində hərbi xidmətə saldıracağı adı ilə ondan 1000 manat pul aldığını bilmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs oğlu Sənanın Bakı şəhərinə deyil, Gəncə şəhərinə hərbi xidmətə düşməsi məlum olmuşdur. Həmin gün Şahidlə bu barədə əlaqə saxladıqda Şahid ona “Qəbələ hərbi komissarlığnın qarşısına gələk, orada məsələni aydınlaşdıraq” deyə cavab vermişdir. Həmçinin Salmangilin ailəsi Qəbələ hərbi komissarlığının qarşısına gəlmiş, Şahid də orada imiş. Şahid nəsə səhvlik olduğunu deyərək hərbi komissarlığın həyətinə və binanın içərisinə daxil olmuş, 5 dəqiqə sonra bayıra çıxmış və yanına gəlmiş, tanışının işdə olmadığını, işə gəldikdə onunla görüşəcəyini demişdir. Hərbi komissarlığın qarşısında gözləyən zaman Şahid orada yaxında bir çayxanada çay içməyi təklif etmişdir. Salman və Şahid çayxanaya çay içməyə getmişlər. Bacısı Xəyalə və əsgər gedəcək övladı Sənan hərbi komissarlığın qarşısında qalmışlar. Yaxında çayxanada çay içən zaman Şahid mobil telefonunda danışıq balansı olmadığını detərək yaxında mağazadan danışıq balansı yükləyib geri qayıdacağını bildirmiş, bir müddət keçsə də Şahid geri qayıtmamış, mobil telefonuna zəng çatmamışdır. Şahid oraya qayıtmamış, qayıdıb evlərinə gəlmişlər. Həmin vaxt Şahidin onları aldatdığını, Salmanın 1000 manat pulunu ələ keçirdiyini bilmişdir. Həmin vaxtadan etibarən Salman bir neçə dəfə Şahiddən 1000 manat pulunu istəsə də Şahid pulu müxtəlif bəhanələrlə verməmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahidin niyyətini əvvəlcədən bilsəydi Salmanın Şahidə pul verməsinə imkan verməzmiş. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vəd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 04 il, 06 ay müddətə azadlıqdan məhrumetmə, 03 il şərti sınaq müddəti hesablanmaqla cəzaya məhkum edilmiş, xx.xx.2016-cı ildə Bakı Apellyasiya Məhkəməsinin Qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2 maddələri ilə məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə 03 il sınaq müddəti təyin edilməklə 04 il, 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli Qərarına əsasən Füzuli Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarından Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə dair müddəalar xaric edilib, qalan hissədə dəyişdirilmədən saxlanılmış, Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı ilə 05 ay, 01 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021ci il tarixdə sınaq müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tamamilə ödədiyini, Təqsirləndirilən şəxsla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan sənədlərdə görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci və xx.xx.2007-ci il təvəllüdlü uşaqları vardır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 5(025)-4/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar gələcəkdə ola biləcək mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs adına Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə verilmiş 0,59 ha həyətyanı torpaq sahəsinin (JN-048F kod40604058 olan şəhadətnamə) və 3,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN-0048 kod 40604058 olan dövlət aktı) Təqsirləndirilən şəxs payına aid hissədə (1/5) üzərinə 01 (bir) il müddətinə həbs qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı Zərərçəkmiş şəxs tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 5(025)-4/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar gələcəkdə ola biləcək mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs adına Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə verilmiş 0,59 ha həyətyanı torpaq sahəsinin (JN-048F kod40604058 olan şəhadətnamə) və 3,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN-0048 kod 40604058 olan dövlət aktı) Təqsirləndirilən şəxs payına aid hissədə (1/5) üzərinə 01 (bir) il müddətinə həbs qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 254.1-ci maddəsinə əsasən Cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 5(025)- 4/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qərarı ilə Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə verilmiş 0,59 ha həyətyanı torpaq sahəsinin (JN-048F kod40604058 olan şəhadətnamə) və 3,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN-0048 kod 40604058 olan dövlət aktı) Təqsirləndirilən şəxs payına aid hissədə (1/5) üzərinə 01 (bir) il müddətinə həbs qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 254.1, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.1-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qəbələ Rayon Məhkəməsinin 5(025)-4/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qərarı ilə Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə verilmiş 0,59 ha həyətyanı torpaq sahəsinin (JN-048F kod40604058 olan şəhadətnamə) və 3,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN-0048 kod 40604058 olan dövlət aktı) Təqsirləndirilən şəxs payına aid hissədə (1/5) üzərinə 01 (bir) il müddətinə qoyulmuş həbs götürülsün. Qərardan 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-13/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-13/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver