Məhkəmə qərarları › İş №1(025)-14/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-14/2020

08.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-14/2020 08.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsinin icrası həvalə edilmiş kiçik ədliyyə müşaviri x1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1962-ci il təvəllüdlü, Laçın rayonunda anadan olmuş, AR vətəndaşı, ali təhsilli, ailəli, işsiz, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 8 noyabr 2018-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 06.02.2017-ci il tarixdən 17.08.2017-ci il tarixə qədər həbsdə saxlanıldığı 06 (altı) ay 11 (on bir) gün müddət nəzərə alınmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, qanunla müəyyən olunmuş qadada məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq Xırdalan şəhəri Quşçuluq massivi 115-də yaşayan, 07.12.2018-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ rayonu Mirzəbəyli kənd sakini Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək, onun oğlu Şahid1 Qəbələ rayon Dövlət Yanğından Mühafizə hissəsinə işə düzəldəcəyinə dair yalan vədlər verərək aldadıb, Zərərçəkmiş şəxs hissə-hissə olmaqla, yəni 2015-ci ilin yanvar ayının əvvəlində İsmayıllı rayonunda 5000 (beş min) manat, 2015-ci ilin fevral ayının əvvəlində ünvan 2 ünvanında yerləşən “AFB” bank vasitəsi ilə 300 (üç yüz) manat və 2015-ci ilin fevral ayının sonunda Qəbələ rayonu Mirzəbəyli kəndində 200 (iki yüz) manat olmaqla ümumilikdə 5500 (beş min beş yüz) manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qəbələ rayonu Mirzəbəyli kənd sakini Zərərçəkmiş şəxs onun qardaşı Şahid2 vasitəsi ilə tanımışdır. Belə ki, Şahid2 onun əsgər yoldaşıdır və onunla ailəvi gediş-gəlişi olmuşdur. Səmədi də orada görüb təxminən 2014-cü ildə tanış olmuşdur. Bundan sonra Səmədlə də münasibəti yaranmışdır. O, hər dəfə Şiringilə gedəndə Səməd də bəzi vaxtlarda ora gəlirmiş. Belə olub yaxın münasibətləri yaranmışdır. O, onlarla söhbət zamanı bildirmiş ki, onun bir çox dövlət qurumlarında tanışları var və onların vasitəsi ilə işə adam düzüb-qoşa bilir. Bir dəfə Şiringildə olarkən Səməd bildirmiş ki, oğlu Coşğunu yanğınsöndürmə şöbəsinə işə düzəltmək istəyir və bu işdə ona köməklik edə biləcəyini soruşmuşdur. O da demiş ki, tanışları vasitəsi ilə onun oğlunu yanğınsöndürmə məntəqəsinə işə düzəldə bilər, lakin bunun üçün bəzi sənədlər və 5300 (beş min üç yüz) manat pul lazımdır. Hansı sənədlər lazım olduğunu soruşduqda bildirmiş ki, hərbi bilet və şəxsiyyət vəsiqəsi lazımdır. Onun əvvəlcədən fikri Səmədi aldadaraq pulunu ələ keçirmək imiş, yəni onun oğlunu işə düzəltmək kimi bir niyyəti yox imiş. Bu söhbət Səmədlə onun arasında Şiringilin evində olmuşdur. Həmin tarixi dəqiq xatırlamasa da, təxmini olaraq 2015-ci ilin yanvar ayı imiş. Səmədlə bu barədə söhbət edib gedərkən demiş ki, ona bir xəbər edər. Deyəsən həmin gecə Səməd ona zəng vurub demiş ki, 5000 manat pul tapıb və ona vermək istəyir. O da Səmədə pulu götürüb İsmayıllı rayonuna gəlməsini bildirmişdir. Çünki həmin vaxt o, şəxsi işi ilə əlaqədar İsmayıllı rayonunda imiş. Beləliklə, 2015-ci ilin yanvar ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Səməd axşam saatlarında İsmayıllı rayonunda onunla görüşmüşdür. Səməd onunla görüşməyə öz mersedes markalı maşını ilə tək gəlmişdir. Orada ona məxsus “Doce Drango” markalı avtomobilində 5000 (beş min) manat pulu və oğlu Coşğuna aid şəxsiyyət vəsiqəsini və hərbi bileti vermişdir. O, Səmədə orada yalandan söz vermiş ki, oğlunu işə düzəldəcək, narahat olmasın. Sonra onlar ayrılmış və o Bakıya yollanmışdır. Həmin gün axşam Səmədə zəng vurub yalandan demiş ki, oğlu Coşğunun işini danışıb, narahat olmasın, işə düzələcək. Əslində o bu barədə heç kimə müraciət etməmiş, sadəcə olaraq Səmədin etibarını qazanmaq üçün ona yalan danışmışdır. Səməddən əlavə də pul almaq fikri var imiş. Buna görə də 2015-ci ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə yenidən Səmədə zəng vurub demiş ki, əksik qalan 300 manatı da ona bank vasitəsi ilə göndərsin. Çünki ona əvvəlcədən demiş ki, oğlunu işə düzəltmək üçün ən azı 5300 manat pul lazımdır və həmin pulu ona AFB bank vasitəsi ilə göndərsin. Elə həmin gün Səməd ona inanıb, AFB bank vasitəsi ilə Qəbələdən onun adına həmin bankın Bakı şəhəri Nəsimi rayon filialına 300 manat pul göndərmiş və həmin pulu oradan götürmüşdür. Bundan təxminən bir ay sonra fevral ayında dəqiq xatırlamadığı tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində Şiringildə olarkən o, Şirin və Səməd birlikdə yeyib içmişlər. O, həmin gün Şiringildə Səmədə təklikdə demiş ki, narahat olmasın, oğlu Coşğunun işi alınır, lakin kadrlara vermək üçün əlavə 200 manat pul lazımdır. Niyyəti Səməddən əlavə onun oğlunun işə düzəlməsi adı ilə 200 manat da almaq imiş. Belə olub, Səməd yenə də həmin pulu oğlunun işə düzəlməsi üçün istədiyinə ona inanıb, ona 200 manat verəcəyini bildirmişdir. Ertəsi gün Səməd öz maşını ilə onu Bakıya yola salmaq üçün Şiringilə gəlmişdir. Səməd onu maşını ilə Qəbələ rayonunda Bakı taksiləri dayanan yerə gətirib 200 manatı da ona verib yola salmışdır. O, yenə də Səmədə yalan vədlər verib demiş ki, oğlu Coşğun yaxın vaxtlarda işə düzələcək. Lakin, yuxarıda qeyd etdiyi kimi Səmədi əvvəlcədən aldatdığından, yəni onun oğlunu yanğınsöndürmə məntəqəsinə işə düzəltmək niyyəti olmadığından, bu barədə heç bir dövlət orqanına və ya tanışına müraciət etməmiş, Səməddən aldığı ümumilikdə 5500 (beş min beş yüz) manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Buna görə də Səməd ondan hər dəfə soruşduqda ona yalan vədlər verərək oğlu Coşğunun işinin yaxın müddət ərzində düzələcəyini deymişdir. Həmin ilin may ayının birində işləmək üçün o, əvvəlcə Türkiyə Respublikasına, oradan isə Ukrayna Respublikasına getmişdir. 2017-ci ilin fevral ayının 6-da Ukrayna Respublikasının Xarkov şəhərinin hava limanına gələrkən onu Ukrayna polis orqanlarının əməkdaşları saxalayaraq beynəlxalq axtarışda olduğunu bildirmişlər. Məlum olmuş ki, Quba rayon sakini Fikrətə və Ağcabədi rayon sakini Müzəffərə qarşı dələduzluq etdiyinə görə barəsində Bakı şəhəri Binəqədi rayon polis idarəsində cinayət işi başlanaraq istintaq aparılır və beynəlxalq axtarışa verilmişdir. Çünki o, Səməddən əvvəl Quba rayon sakini Fikrət Ağababayevdən onun oğlunun təqsirləndirilməsinə dair cinayət işində ona köməklik etmək adı ilə 10000 manat pulunu, eləcə də 2015-ci ilin mart ayında Ağcabədi rayon sakini Müzəffər Abbasovun oğlunu işə düzəltmək adı ilə ondan 4000 manat pul almışdır. Onu Ukraynada həbs edərək 4 ay sonra Azərbayacana ekstradisiya etmişlər və yuxarıda qeyd etdiyi faktlarla bağlı Binəqədi rayon polis idarəsinin istintaq şöbəsində olan cinayət işi yekunda Binəqədi rayon məhkəməsinə göndərilmiş və məhkəmədə işinə baxılaraq barəsində 8 noyabr 2018-ci il tarixdə 1 il 11 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Bundan sonra 05 dekabr 2018-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində bir neçə polis əməkdaşı ona yaxınlaşaraq Zərərçəkmiş şəxs qarşı etdiyi dələduzluq əməlinə görə Zərərçəkmiş şəxs ondan şikayət etdiyini və Qəbələ rayon polis şöbəsində barəsində cinayət işinin istintaqı aparıldığını və həmin iş üzrə axtarışda olduğunu demişlər. Beləliklə, polis əməkdaşları onu Bakı şəhərində saxlayaraq Qəbələ rayon polis şöbəsinə gətirmişlər. Barəsində olan cinayət işi ilə tanış olanda həqiqətən ona məlum olmuş ki, Zərərçəkmiş şəxs onun oğlu Coşğunu işə düzəltmək adı ilə ondan 5500 manat pulu ələ keçirməsi barədə ondan şikayət edib və bununla bağlı istintaq aparılır. Zərərçəkmiş şəxs məxsus 5500 manat pulu onun oğlu Coşğunu yanğınsöndürmə məntəqəsinə işə düzəltmək adı ilə aldadaraq ələ keçirmiş, sonradan həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş və maddi imkanı zəif olduğundan Səmədin pulunu geri qaytara bilməmişdir. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışdığı və törətmiş olduğu cinayət əməlindən peşman olduğunu bildirdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25 % miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı Şahid2 vasitəsi ilə tanımış, belə ki, İlhamla Şirin əsgər yoldaşı olmuş və Şirinlə ailəvi gediş-gəlişi, eləcə də dostluq münasibətləri yaranmışdır. Belə olub, o da İlhamla qardaşı Şiringildə tanış olmuşdur. İlham söhbətlər zamanı dəfələrlə bildirirmiş ki, onun əli uzundur, çoxlu tanış, dostları var, qohum-əqrabadan kim varsa onu hara istəslər işə düzəldə bilir. O və ailəsi artıq İlhama tam olaraq inanırlarmış. Buna görə də oğlu x4 rayonunda yanğınsöndürmə məntəqəsinə işə düzəltməkdə köməklik etmək üçün İlhama müraciət etmək qərarına gəlmişlər. 2015-ci ilin yanvar ayının lap əvvəllərində dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs qardaşıgilə gəlmiş, o da Şiringilə getmiş ki, İlhama müraciət etsin. O, təklikdə İlhama sözü olduğunu bildirib onunla ikilikdə otaqda qalmış və İlhama sözünü demişdir. İlham demiş ki, “əsas boyu, əsgərlik sənədi düz olsun, boyu da 1.75 metr olsun”. Bundan sonra İlham ona həm də 6-7 min manat pul lazım olduğunu bildirmişdir. O İlhama o qədər pul tapa bilməyəcəyini, lakin axtarıb gecə ona bir söz deyəcəyini bildirmişdir. Bu söhbətdən sonra İlham çıxıb getmiş, o da gecə İlhama zəng vurub 5000 manat tapa bildiyini deyəndə İlham ona demiş ki, “ən azı 5300 manat olsun, çünki oradan mənə bir şey qalmır, tez çatdır ki, pulu mən götürüm, çünki həmin yanğınsöndürmə məntəqəsində birinci rüb üçün nəzərdə tutulan boş yerlər dolmasın”. İlham həm də səhər tezdən ismayıllı rayonunda olduğunu, Coşğunun sənədlərini və pulu İsmayıllı rayonuna gətirməsini istəmişdir. O da gecəliyi ilə 5000 manat tapıb özünə məxsus mersedes markalı avtomobillə pulu və sənədləri İlhama çatdırmaq üçün İsmayıllı rayonuna yollanmışdır. O, İsmayıllıya çatıb “Kəpənək” adlanan dairənin yaxınlığında İlhamla görüşüb sonuncunun ağ rəngli markasını və nömrəsini bilmədiyi xarici markalı avtomobilinin içərisində İlhama 5000 manatı və oğlu Coşğunun şəxsiyyət vəsiqəsi, eləcə də hərbi biletini vermişdir. İlham da pulu və sənədləri ondan götürüb cibinə qoyaraq “arxayın ol düzələcək” demişdir. Bundan sonra İlhamdan ayrılıb öz evinə gəlmişdir. Həmin axşam İlham ona zəng vurub demiş ki, “işlərini danışdım, hər şey qaydasındadır, hətta deyib ki, Coşğunun boyu 1 sm aşağıdır, lakin düzələr”. Bir müddət keçmiş, 2015-ci ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə İlham ona demiş ki, qalan 300 manatı da bank vasitəsi ilə ona yollasın. O da 300 manatı Qəbələ şəhərindən AFB bank vasitəsi ilə həmin bankın Nəsimi filialına Təqsirləndirilən şəxs adına göndərmişdir. Elə həmin gün İlham ona zəng vurub 300 manatı bank vasitəsi ilə götürdüyünü demişdir. 2015-ci ilin fevral ayınını sonunda İlham ona zəng vurub demiş ki, Qəbələyə maşınsız gəldiyini, onu qarşılamasını demişdir. O da İlhamı Qəbələ şəhərində götürüb qardaşı Şiringilə aparmışdır. Orada onlar bir yerdə yeyib içmişdirlər. İlham Şiringildə gecəni qalmış, gecə o evlərinə gedəndə İlham yenə də təklikdə işin düzəldiyini və kadra vermək üçün 200 manat lazım olduğunu demişdir. O, İlhama 200 manatın söhbətdə olmadığını bildirmiş, İlham isə mütləq lazım olduğunu demişdir. O da bununla razılaşıb evinə getmişdir. Səhər tezdən o, 200 manat pul tapıb Şiringilə gəlib İlhamı oradan götürüb, 200 manatı verərək onu öz maşını ilə Bakı taksiləri dayanan yola düşürüb getmişdir. Bir müddət keçdikdən sonra 2015-ci ilin “Novruz” bayramında İlham ona zəng edib ailəlikcə bayramlarını təbrik etmiş və Coşğunun işi barədə narahat olmamasını istəmişdir. 2015-ci ilin aprelində İlham ona zəng etmiş və demiş ki, “işi düzəldəcək ağsaqqal məzuniyyətdədir, gəlsin düzələcək”. Bir ay da belə keçmişdir. 2015-ci ilin mayın əvvəllərində o, İlhama zəng etmiş, bu zaman İlhamın nömrəsində qəflətən onu başqa bir kişi söyüb təhqir etmiş və bildirmiş ki, “bir də bu nömrəyə zəng edib məni incitmə, mən İlham zad tanımıram”. Bundan sonra dəfələrlə İlhamın həmin nömrəsinə zəng etmiş, lakin başqa adam götürərək İlhamı tanımadığını, hətta bir də onu narahat edəcəyi halda ondan şikayət edəcəyini bildirmişdir. O, qardaşı Şirinə İlhamın onu aldatdığını, heç olmasa oğlunun sənədlərini, hərbi biletini və şəxsiyyət vəsiqəsini qaytarmasını demişdir. Bu zaman Şirin zəng edib İlhamın dostu Zakir adlı şəxsə deyəcəyini bildirmişdir. Şirin zakirə zəng etmiş və Zakir də sənədləri götürüb qaytaracağına söz vermişdir. Ertəsi gün Zakir sənədləri Bakıdan çıxan Oğuz sakini Elşən adlı taksi sürücüsünə vermiş, Elşən də sənədləri gecə ikən ona çatdırmışdı. O, Zakirdən İlhamı soruşduqda Zakir İlhamın xaricdə, lakin hansı ölkədə olduğunu bilmədiyini demiş, hətta bir dəfə də bildirmiş ki, “özünün yorma”. Bundan sonra Zakir və ya İlhama zəng etməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, Təqsirləndirilən şəxs isə əsgərlik yoldaşıdır. x2 vasitəsi ilə tanış olmuşdur. Belə ki, İlhamın onlarla ailəvi gediş-gəlişi olmuşdur, qardaşı Səmədlə də onlarda tanış olmuş və bundan sonra onunla münasibəti yaranmışdır. O, bilirmiş ki, İlham əvvəllər hansısa vəzifədə işləmiş və onun müxtəlif vəzifəli şəxslərlə tanışlığı olmuşdur. İlham özü də hər dəfə söhbət düşəndə onun yuxarı vəzifədə işləyən çoxlu tanışları olduğunu və həmin şəxslər vasitəsi ilə nə iş olsa düzüb-qoşa bildiyini qeyd edirmiş. Sonuncu dəfə İlham onlara 2015-ci ilin yanvar və fevral aylarında gəlib getmişdir və həmin vaxtlarda da o, qardaşı Səmədlə tez-tez görüşürmüş. Səmədlə İlham arasında olan söhbətlər həm onun yanında, həm də ikilikdə öz aralarında olmuşdur. Onların ikilikdə öz aralarında olan söhbətlər barəsində əvvəllər heç nə bilmirmiş, bununla maraqlanmamışdır. İlham 2015-ci ilin yanvar, yaxud fevral ayında, yəni sonuncu dəfə onlara gəlib getdikdən bir neçə ay keçdikdən sonra Səməd ona bildirmiş ki, İlham onun oğlu Coşqunu yanğın söndürmə məntəqəsinə işə düzəldəcəyinə dair ona vəd verib bu məqsədlə müxtəlif vəzifəli şəxslərə, kadr şöbəsinə vermək adı ilə ondan hissə-hissə 5.500 manat pul alıb, hətta kadr şöbəsinə təqdim etmək adı ilə oğlu Coşğunun hərbi biletini və şəxsiyyət vəsiqəsini götürmüş, lakin sonradan vədinə əməl etməyərək Coşqunu işə düzəltməmiş, ya da Səməddən aldığı pulu geri qaytarmamışdır. Beləliklə məlum olmuş ki, İlham qardaşı Səmədi aldadaraq onun oğlunu işə düzəldəcəyinə dair yalan vəd verib ona məxsus 5.500 manat pulu dələduzluqla ələ keçirmiş və sonradan yoxa çıxmışdır. Hətta Səməd ona bildirmiş ki, İlham onun oğlunun şəxsiyyət vəsiqəsini və hərbi biletini də geri qaytarmamışdır. Səmədin ona deməsindən sonra məlum olmuş ki, İlham Coşğunu işə düzəldəcəyinə dair yalan vəd verib, əvvəlcə Səməddən 5000 manat pulu İsmayıllıda alıb, sonra 300 manatı bank vasitəsi ilə Səməd ona göndərib, sonuncu dəfə isə 200 manatı Qəbələdə almışdır. Onlar maraqlanan da məlum olmuş ki, İlham hansısa xarici ölkəyə qaçıb gedib, hətta o, Səməddən başqa bir neçə nəfəri də bu yolla aldadaraq dələduzluqla pullarını ələ keçirmişdir. Həmin vaxt Səməd ondan xahiş etmiş ki, heç olmasa İlhamdan oğlu Coşqunun şəxsiyyət vəsiqəsini və hərbi biletini geri almaqda köməklik etsin. İlhamla həmin vaxt əlaqə saxlaya bilmədiklərindən, yəni İlhama zəng çatmadığından və onun harada olduğu məlum olmadığından İlhamın tanışı, onun da əvvəllər tanıdığı Bakı şəhər sakini Paşayev Zakirə zəng vurub ondan xahiş etmiş ki, qardaşı oğlu Coşğunun sənədlərini qaytarmaqda köməklik etsin. Zakir həmin vaxt bildirmiş ki, İlham hansısa xarici ölkəyə gedib, lakin hansı ölkədə olduğunu bilmir. Onu da bildirmiş ki, “özünüzü yormayın, İlhamdan çətinki pulu geri ala biləsiniz”. Zakir Coşğunun sənədlərinin qaytarılmasında köməklik edəcəyini bildirmişdir. Elə bundan bir gün sonra Zakir Oğuz rayonundan olan Elşən adlı taksi sürücüsü ilə Coşğunun İlham tərəfindən götürülmüş sənədlərini, yəni şəxsiyyət vəsiqəsini və hərbi biletini Səmədə yollamışdır. Lakin, İlham Coşğunu işə düzəltmək adı ilə Səməddən aldığı 5500 manat pulu geri qaytarmamış, ümumiyyətlə telefonuna zəng çatmamış və qardaşı Səmədlə görüşməmişdir. Bundan sonra Səməd İlhamdan polisə şikayət etmiş və məlum olmuş ki, İlham Səməddən əlavə də bir neçə nəfərin də pulunu dələduzluqla ələ keçirib xaricə qaçmışdır. İlham tutularaq xaricdən gətirilikdən sonra Səmədə və ona söz vermiş ki, yaxın vaxtlarda Səməddən aldığı 5500 manat pulu qaytaracaq. Lakin hazırkı dövrədək İlham Səmədin pulunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində göstərdi ki, Şahid2 onun doğma əmisidir, Zərərçəkmiş şəxs isə atasıdır. Təxminən 3-4 il əvvəl əmisi Şirin Təqsirləndirilən şəxs adlı şəxsi taparaq onun əsgər yoldaşı olduğunu bildirmişdir. İlham da tez-tez mütəmadi olaraq Şiringilin ailəsigilə gəlmişdir. O da atası ilə Təqsirləndirilən şəxs gələndə əmisigilə getmişlər. Təqsirləndirilən şəxs hər dəfə əmisi ilə, atası ilə söhbət zamanı yaxşı vəzifəli tanışları olduğunu, nə işləri olsa demələrini bildirmişdir. Onun işində əməkhaqqı az olduğu üçün atası qərara gəlmiş ki, İlhama desin ki, onu yanğınsöndürmə xidmətinə işə düzəltsin. 2015-ci ilin yanvar ayında atası bu barədə İlhama demiş və İlham razı olmuşdur. Atası İlhamla görüşərək İsmayıllı rayonunda 5000 manat vermiş, sonradan İlham atasından bank vasitəsilə daha 300 manat almışdır. Ən sonda isə Qəbələ rayon Mirzəbəyli kəndində kadr aparatına vermək üçün 200 manat pul vermişdir. Sonuncu dəfə 2015-ci ilin may ayında İlhamla əlaqə saxlamış, lakin İlham yox başqa adam nömrəyə cavab verərək İlhamı tanımadığını və onu narahat etməməyi xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli 1(001)-260/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 06.02.2017-ci il tarixdən 17.08.2017-ci il tarixə qədər həbsdə saxlandığı 06 (altı) ay 11 (on bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 (bir) il 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Səməd Səmdovun məhkəmə təqdim etdiyi 20.05.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tamamilə ödədiyini, Təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt şəhər probasiya şöbəsinin Qəbələ Rayon Məhkəməsinə təqdim etdiyi 08.07.2020-ci il tarixli, 36 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli 1(001)-260/2018 nömrəli hökmü ilə AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, 22.04.2019-cu il tarixdən cəzasını çəkməyə başlamış, cəzanın çəkilməmiş hissəsi 08 (səkkiz) ay 22 (iyirmi iki) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 01.05.2020-ci il tarixli qanunla 01.06.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı Zərərçəkmiş şəxs tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25 %-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar