Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-14/2024 24.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs3 Rafayıl oğlunun və Zərərçəkmiş şəxs4 Səfa oğlunun, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi vardır. İş üzrə məhkəmə hazırlıq iclası tərəflərin iştirakı ilə keçirilmiş və məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə baxış iclasının əvvəlində Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixində həmin cinayət işi üzrə hazırlıq iclası saat təqribən 12:30 radələrində başa çatdıqdan sonra cinayət işi üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs4 Səfa oğlu məhkəmənin dəhlizində Təqsirləndirilən şəxs1 oğlu, xx.xx.2023-cü il hadisəsində polis zorağılığına məruz qalmış Dəniz Ağayevə əminliklə bildirib ki, “atası 5 il iş alıb türməyə gedəcək, inşAllah. Ağlınız başınıza gələr”. Hələ cinayət işi üzrə yalnız hazırlıq iclası baş tutsa da, Qəbələ RPŞ-də hətta serjant səviyyəsində məhkəmənin yekun aktının, yəni hökmünün hansı cəza növündən ibarət olması və müddəti haqqında məlumat vardır. Belə olduğu təqdirdə həmin cinayət işi üzrə təhqiqatın Qəbələ Rayon Məhkəməsində aparılması qanunsuzdur və məhkəmənin yekun qərarı qabaqcadan məlumdur. Digər tərəfdən məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixində Qəbələ Rayon Məhkəməsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə dəyişdirilməsinə dair verdiyi vəsatəti əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla təqsirləndirilən şəxsə CM-nin 221.3 və 315-ci maddələri ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərar ilə isə ona qarşı 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə yeni ittiham irəli sürülmüşdür. Dəyişiklik göz qabağındadır. Dövlət ittihamçısı da “həbs” qətimkan tədbirinin saxlanılmasını bildirsə də, heç bir əsaslandırma verməmişdir. Məhkəmə də bunu prokurordan tələb etməmişdir. Beləliklə, vəsatət əsaslandırılmadan təmin edilməmişdir. Halbuki, qanunverciliyin tələbinə əsasən məhkəmə digər qətimkan tədbirlərini niyə qüvvədə saxlamadığını əsaslandırmalıdır. Əsaslandırılmış geniş həcmli vəsatətə əsaslandırılmamış qərar qəbul edilmişdir. Bu mövqe və yuxarıda qeyd edilən qanun pozuntusu Qəbələ Rayon Məhkəməsində işin ədalətli, hərtərəfli, tam və obyektiv aparılmayacağının göstəricisidir. Beləliklə, etiraz təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı bildirdi ki, etiraz əsassızdır, qeyd olunanlar etirazın təmini üçün əsas hesab edilə bilməz. Ona görə də etirazın baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Rafayıl oğlu və Zərərçəkmiş şəxs4 Səfa oğlu etirazın baxılmamış saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirazın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 etirazın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə etiraza dair proses iştirakçılarının fikirlərini dinləyib, etirazda göstərilənləri iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, etirazda qeyd olunanlar təqsirləndirilən şəxsin mülahizələridir, göstərilən dəlillər əsassızdır, lakin hazırki vəziyyətdə həmin işə Qəbələ Rayon Məhkəməsinin hakimi (Abbas Əliyev) tərəfindən mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi tərəflər arasında həmin qərarın obyektivliyinə şübhə doğura bilər. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə gələcəkdə qəbul ediləcək qərarın şübhə altına alınmaması üçün Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 etiraz ərizəsi qəbul edilməli və həmin etiraz cinayət işi ilə birlikdə müzakirə edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.1.8-ci maddəsinə əsasən hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqdahakim özü-özünə etiraz etməlidir. Həmin Məcəllənin 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi etiraz məsələsini həll edir. Həmin Məcəllənin 109.4-cü maddəsinə əsasən Bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda özü-özünə etiraza və ya edilmiş etiraza baxılaraq, cinayət prosesi iştirakçılarının və etiraz edilmiş hakimin fikri öyrənilir və müvafiq qərar çıxarılır. Bu qərardan şikayət verilə bilməz. Hakimlər kollegiyasında etirazın lehinə və ya əleyhinə verilmiş səslərin sayı bərabər olduqda hakim cinayət prosesindən kənarlaşdırılır. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən Birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir. Məhkəmə hesab edir ki, gələcəkdə qəbul ediləcək qərarın qanuniliyinə və ədalətliliyinə yarana biləcək hər hansı şübhə etimalının aradan qaldırılması məqsədi ilə hazırkı iş Qəbələ Rayon Məhkəməsinin icraatında olan 1(025)-14/2024 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 mənə- hakim Abbas Əliyevə etdiyi etiraz qəbul edilməli və iş baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Etirazın qəbul edilməsi “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının tələbləri baxımından da məqsədəuyğundur. Belə ki, həmin Konvensiyanın 6cı maddəsinin birinci hissəsində göstərilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, Konvensiyada “qərəzsiz” məhkəmə baxışının keçirilməsi ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi, təməl prinsipi kimi nəzərdə tutulur. Konvensiyanın bu prinsipinin təcrübədə tətbiqi ilə bağlı Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün qərəzsizliyin mövcudluğu subyektiv test əsasında, yəni konkret hakimin təqdim etdiyi təminatların onun qərəzsizliyi ilə bağlı hər hansı haqlı şübhələri istisna edib-etmədiyini müəyyənləşdirmək əsasında müəyyən edilməlidir. Subyektiv testə əsasən, bunun əksi sübut olunmayınca ehtimal edilməlidir ki, hakimin şəxsi qərəzliliyi yoxdur. Həmçinin Avropa Məhkəməsi Konvensiyasının bu normasının şərhi ilə bağlı qərarlarında göstərmişdir ki, məhkəmənin müstəqilliyi həm də zahiri əlamətlərə malik olmalıdır. Yəni qərəzliliyin müəyyən olunması üçün ikinci yoxlama üsulu obyektiv testdir. Bu testə əsasən, hakimin şəxsi davranışından savayı, onun qərəzsizliyinə qarşı şübhələr yarada bilən inandırıcı faktların olub-olmadığı müəyyən edilməldir. Bu baxımdan hətta zahiri əlamətlər də müəyyən əhəmiyyət kəsb edə bilər. Burada söhbət demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə və ilk növbədə işinə baxılan şəxsdə doğurduğu inamdan gedr. Bu o deməkdir ki, konkret halda konkret hakimin qərəzsiz olmadığından ehtiyatlanmaq üçün haqlı səbəbin mövcüd olubolmadığı barədə qərar çıxararkən şəxsin mövqeyi önəmlidir, amma həlledici deyil. Həlledici olan məsələ bu ehtiyatlanmanın obyektiv əsasa söykənib-söykənmədiyinin müəyyən edilməsidir. Avropa Məhkəməsi “Belilos İsveçreyə qarşı” 29 aprel 1988-ci il tarixli qərarının 66-67-ci bəndlərində göstərmişdir ki, hüquq pozuntularının araşdırılması ilə məşğul olan yerli komissiyaya yeganə üzvdən-işlərə şəxsən baxan polis əməkdaşlarından ibarət idi. Baxmayarq ki, o hər hansı göstərişlərə tabe deyildi, vəzifəsinin icrasına başlayarkən and işmişdi və vəzifəsindən azad edilə bilməzdi. O, bu vəzifəsindən əlavə polis departamentinə qayıdaraq oradakı vəzifələrini icra etməli idi. Onu öz rəhbərliyinə tabe olan və öz həmkarlarına rəğbət bəsləyən polis əməkdaşı hesab etmək olardı, bu isə məhkəmə orqanına qarşı inam hissinə xələl gətirə bilərdi. Beləliklə, komissiyanın təşkilati qərəzsizliyi barədə əsaslı şübhələr vardı və o 6-cı maddənin 1-ci bəndinin tələblərinə cavab vermirdi. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd olunur ki, hakimə (məhkəmə tərkibinə) etiraz Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində müəyyən olunmuş şəxslər tərəfindən və həmin Məcəllələrdə göstərilən əsaslara və qaydalara uyğun edilə bilər. Hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad (qərar) qəbul etməklə baxılmamış saxlanılır. Hakimə (məhkəmə tərkibinə) etiraz mülki məhkəmə icraatında işə mahiyyəti üzrə baxılmağa başlanana kimi (sədrlik edən iş üzrə məruzəyə başlayana kimi), cinayət məhkəmə icraatında isə məhkəmə istintaqı başlanana kimi edilə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Qəbələ Rayon Məhkəməsinin hakiminə (tək hakimli məhkəmədə) etirazı qəbul edilməli və həmin etiraz cinayət işi ilə birlikdə müzakirə edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109-cu və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Qəbələ Rayon Məhkəməsinin hakiminə etirazı qəbul edilsin və həmin etiraz cinayət işi birlikdə müzakirə edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-14/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-14/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver