Məhkəmə qərarları › İş №1(025)-16/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-16/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-16/2021 05.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkum olunmamış, ünvan 1 mənzil 5 ünvanında qeydiyyatda olan və Sabunçu rayonu Sabunçu qəsəbəsi Əfəndiyev küçəsi, ev 34 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs , Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qonaq qismində olduğu xalası oğlu Qəbələ rayonu Yemişənli kəndində Şahid1 məxsus yaşayış evinin yataq otağındakı şkafın çəkməcəsindən Şahid1 arvadı Zərərçəkmiş şəxs1 məxsus 510,0 manat dəyərində 7,07 qram kütləli sırğa cütü-üzük dəstini, 404,0 manat dəyərində olan 5,39 qram kütləli üzüyü gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs1 914 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx.xx.2020-ci il tarixdə saat 14 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə digər xalası oğlu Qəbələ rayonu Uludaş kənd sakini Şahid2 məxsus yaşayış evinə giriş qapısından yataq otağına qanunsuz daxil olaraq şkafın çəkməcəsində olan Şahid2 nişanlı qızı Zərərçəkmiş şəxs2 məxsus 585,0 manat dəyərində olan 7,80 qram kütləli sırğa cütü-üzük dəstini və 703,0 manat dəyərində olan 3,69 qram kütləli üzüyü gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1288 manat maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 mənzil 5 ünvanında qeydiyyatdadır. Lakin o, müvəqqəti olaraq qeyri rəsmi ər-arvad münasibətində yaşadığı arvadı Şahid4 məxsus Sabunçu rayonu Sabunçu qəsəbəsi Əfəndiyev küçəsi ev 34 ünvanında yaşayır. Şahid1 və Şahid2 hər ikisi xalası oğlanlarıdır. Şahid1 və Şahid2 ilə hər hansı bir düşmənçilik və ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə anası Şahid3 ilə birlikdə Bakı şəhərindən Qəbələ rayonu Yemişənli kəndinə xalası oğlu Şahid1gilə qonaq gəlmişdir. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə digər xalası oğlu Bəhruz Mursəliyevgildə anası Şahid3 ilə gündüz vaxtları bir neçə saat qonaq olmuş, Bəhruzgilin evində olarkən Bəhruzun qızı Ləmanın yataq otağındakı güzgünün qarşısında başını darayarkən güzgünün çəkməcəsində qızıllar olduğunu görmüşdür. Mahirgildə, eləcədə Bəhruzgildə qonaq olan zaman onların evində sərbəst hərəkət edərək istədiyi otağa sərbəst olaraq girib-çıxırmış, bu barədə ona ev sahibləri heç bir narazılıq etməmişlər. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Mahirgilin evində olan zaman Mahirin yataq otağına daxil olaraq güzgünün qarşısında saçını darayarkən fikirləşmiş ki, güzgünün altında çəkməçələrin içərsində qızıl olar və həmin qızılları oğurlayıb lombarda qoymaqla pul əldə edər. Bu səbəbdən güzgünün altındakı çəkməcəni çəkən zaman parçadan olan kiçik torba olduğu torbanın ağzını açarkən qabın içərisində bir ədəd enli halqa üzük, bir ədəd yaşıl qaşlı üzük və həmin üzüyə dəsd olan bir cüt yaşıl qaşlı sırğa olduğunu görmüşdür. Qızıllar olan torbanı sonra yerinə qoyub zala çıxaraq divanda oturub televizora baxmış, təxminən 10-15 dəqiqə sonra həmin qızılları oğurlayaraq özü ilə götürüb Bakı şəhərinə gedəcəyini düşünmüşdür. Həmin vaxt evdə heç kim olmamış, anası Asiya, Mahirin arvadı Könül və anası Tamara həyətdə söhbət edirlərmiş, Gülşən isə həyəti süpürürmüş. Mahirin yatdığı otağa təkrar daxil olaraq orada əvvəlcədən gördüyü torbadakı bir ədəd enli halqa üzüyü, bir ədəd yaşıl qaşlı üzüyü və həmin üzüyə dəsd olan bir cüt yaşıl qaşlı sırğa olan qızılları torbadan çıxarıb xəlvəti oğurlamaqla pencəyinin cibinə qoyaraq boş şəkildə olan torbanı çəkməcədə saxlayıb otaqdan çıxmış, sonra anası Şahid3 evdə darıxdığını, digər xalası Qəbələ rayonu Uludaş kəndində yaşayan Yasəməngilə getməyi təklif etmişdir. Piyada yol ilə anası Asiya ilə ikisi birlikdə xalası Yasəməngilə gedərkən yolda xalası oğlu Mahir ilə qarşılaşmış, X12 190 markalı dövlət nömrə nişanı yadında qalmayan taksi ilə evlərinə gedərkən onları görərək hara getdiklərini soruşmuş, Mahirə digər xalası Yasəməngilə getdiklərini demişdir. Mahir yolun uzaq olduğunu deyərək onları həmin taksi ilə aparmağını təklif etmiş, anası Asiya ilə Mahirin getdiyi avtomobilə minərək xalası Yasəməngilə gəlmişlər. Yasəmən xalasıgildə təxminən 15 dəqiqə oturduqdan sonra fikiri Bakı şəhərinə gedərək Mahirin evindən oğurladığı qızılları lombarda qoymaq əvəzində pul götürmək olmuşdur. Buna görə Qəbələ rayonuna Bakı şəhərinə gedən taksilər dayanan yerə getməli imiş, bu səbəbdən xalası oğlu Bəhruza zəng edərək onunla şəxsi işi olduğunu demiş, Bəhruz az keçmiş xalası Yasəməngilə gəlmiş, Bəhruza təcili şəxsi işi ilə əlaqədar Bakı şəhərinə getməli olduğunu, səhər yenidən qayıdacağını və onu Qəbələ rayonuna Bakı şəhərinə gedən taksilərin dayanacağına aparmasını xahiş etmişdir. Bəhruz onu idarə etdiyi Vaz 21011 markalı dövlət nömrə nişanı yadında qalmadığı avtomobili ilə Qəbələ rayonuna gətirərək tanımadığı taksi ilə Bakı şəhərinə yola salmışdır. O, Bakı şəhəri 20 Yanvar deyilən yerə çatanda təxminən saat 15 radələri olarmış, gəldiyi taksidən düşərək qeyri rəsmi, lakin dini nikah ilə yaşadığı Şahid4 Rəfael qızına zəng edərək Sabunçu dəmiryolu vağzalına gəlməsini, oradan Qəbələ rayonuna gedəcəklərini bildirmişdir. Sabunçu dəmiryolu vağzalının yanında Pərvin ilə görüşmüş, Pərvindən şəxsiyyətini təsdiq edən sənədin üzərində olub olmamasını soruşmuş, Pərvinin ondan şəxsiyyətini təsdiq edən sənədin istəməsinin səbəbini soruşarkən Pərvinə lombarda qızıl qoymaqla pul götürəcəyini bildirmişdir. Pərvin ondan qızılları haradan olduğunu soruşduqda Pərvinə yalandan qızılları evlərindən götürdüyünü və anası Asiyaya məxsus olduğunu demişdir. Sabunçu dəmiryolu vağzalının yanında olan lombarda Pərvinin şəxsiyyət vəsiqəsi ilə xalası oğlu Mahirin evindən oğurladığı bir ədəd enli halqa üzüyü, bir ədəd yaşıl qaşlı üzüyü və həmin üzüyə dəsd olan bir cüt yaşıl qaşlı qızıl sırğa dəstini qoyub əvəzində hər ayda 30 manat faiz ödəməklə 440 manat nəğd pul almış, sonra isə Xətai rayonu, ağ şəhər adlanan əraziyə gələrək “Rentecar”dan 130 manat pul ödəməklə 4 günlüyə dövlət nömrə nişanı yadında qalmayan Hyundai Accent markalı avtomobil icarəyə götürmüşdür. Gecə və komendat saatı olduğu üçün Bakı şəhəri Nizami rayonu Dərnəgül qəsəbəsində yerləşən Sabirabad otelə gələrək gecəni orada qalmışlar, xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 07 radələrində Pərvin ilə birlikdə rentacardan götürdüyü avtomobil ilə Qəbələ rayonuna gəlmək üçün Bakı şəhərindən çıxmış, saat təxminən 11 radələrində Qəbələ rayonu Yemişanlı kəndinə Mahirigilin evinə gəlib çatmışdır. Avtomobili yolda saxlayıb Pərvin avtomobildə oturub onu gözləmək şərti ilə Mahirin evinə daxil olub orada paltarını dəyişmiş, onu görən Şahid3 ondan harada olduğunu soruşmuş, anası Şahid3 yalandan Qəbələ rayonu Bum qəsəbəsində tanışları ilə birgə olduğunu bildirmişdir. Sonra anası Asiyaya darıxdığını və Qəbələ rayonuna gedəcəyini deyərək Pərvin ilə birlikdə Qəbələ şəhərinə gəlmiş, Bəhruza zəng edərək ona qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Şahid4 Bakı şəhərindən özü ilə gətirdiyini, onlarda qalmaq istədiklərini deyərək xalası Ədalətin mobil telefon nömrəsini istəmiş, Bəhruzun xalası Ədalətin mobil telefon nömrəsini verdikdən sonra xalası Ədalətə zəng edərək ona Pərvini Bakı şəhərindən gətirdiyini, onlarda qalmaq istədiklərini bildirmişdir. Lakin xalası Ədalət buna razı olmamış, Qəbələ şəhərindən xalası Ədalətgilə gələrək onunla görüşüb Pərvin ilə onlarda qonaq qalmaq istədiklərini desə də, xalası Ədalət razı olmadığı üçün yenidən Qəbələ şəhərinə qayıdaraq gəlmiş, xalası oğlu Bəhruza zəng edərək anası Ədalətin Pərvin ilə onlarda qalmalarına razı olmadığını demişdir. Bəhruz ona hüzür yerində olduğunu, bir neçə saat sonra yaşadığı evə gələrək onunla görüşəcəyini bildirmiş, lakin Bəhruzla görüşməyərək fikri ona məxsus yaşayış evindən əvvəlcədən gördüyü qızı Ləmana məxsus yataq otağındakı qızılları oğurlamaq olduğu üçün saat təxminən 14 radələrində xalası oğlu Şahid2 yaşadığı ünvana gəlmiş, idarə etdiyi avtomobili Bəhruza məxsus həyətin giriş qapısında yol tərəfdə saxlayaraq Pərvinə avtomobildə gözləməsini, Bəhruzun evinə gedərək onları qonaq kimi qəbul etməmələrini aydınlaşdıraraq geri qayıdacağını bildirməklə Bəhruzun həyətinə daxil olmuşdur. Bəhruzun həyətinə daxil olub onları səsləmiş, lakin səsinə cavab verən olmadığını və evdə heç kimin olmadığını ətrafa göz gəzdirərək onu heç kimin görmədiyinə əmin olduqdan sonra Bəhruzun evinə, Bəhruzun qızı Ləmanın yataq otağına daxil olaraq güzgünün altında olan çəkməcədəki qızıl qabındakı bir ədəd ağ qaşlı birliyant üzüyü və eləcədə bir ədəd üzərində ağ qaşları olan üzük sırğa dəstini oğurlayaraq evdən çıxmış, fikri Bakı şəhərinə gedərək oğurladığı pulları lombarda qoyaraq əvəzində pul götürmək olmuşdur. Bəhruzun evindən çıxıb avtomobilə minərkən oğurluq etdiyi üçün həyəcanlı olmuş və arvadı Pərvinin xarici görkəmindən nə baş verdiyini soruşduqda ona heçnə olmadığını bildirmiş, həmin günü Bakı şəhərinə gəlib çataraq Pərvingildə qalmış, ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə özü tək heç kimin xəbəri olmadan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gələrək orada Bəhruzun evindən oğurladığı qızılları əvvəlcədən üzərində olan Pərvinin şəxsiyyət vəsiqəsini təqdim etməklə lombarda verib müqabilində hər ayın sonunda 38 manat faiz ödəməklə 640 manat pul götürmüşdür. Oradan çıxdıqdan sonra evə gələrək söhbət zamanı Şahid4 açıq etiraf edərək xx.xx.2020-ci il tarixdə onun şəxsiyyət vəsiqəsi ilə lombarda qoyaraq əvəzində 440 manat pul aldığı qızılların anası Asiyaya Məmmədyarovaya məxsus olmadığını, həmin qızılları xalası oğlu Qəbələ rayonu Yemişənli kəndində yaşayan Şahid1 yaşadığı evdən oğurladığını, eləcədə xx.xx.2020-ci il tarixdə digər xalası oğlu Şahid2 yaşadığı evdən qızı Zərərçəkmiş şəxs2 məxsus qızıllar oğurlayaraq onları Bakı şəhərində Sabunçu rayonu ərazisində lombarda qoyaraq pul götürdüyünü bildirmişdir. Mahirin və Bəhruzun evindən oğurlayaraq lombarda qoyaraq əvəzində götürdüyü pulları öz sərfiyatına xərcləyərək cəmi 500 manat pul qalmış, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Zabrat qəsəbəsi ərazisində polis əməkdaşları onu saxlayaraq özlərini Qəbələ RPŞ-nin əməkdaşları olduqlarını təqdim edərək oğurluqla bağlı barəsində polis şöbəsinə şikayət olunduğunu bildirərək araşdırma aparılması üçün Qəbələ RPŞ-yə gətirmişlər, Qəbələ RPŞ-də izahatı alınarkən həqiqətən xx.xx.2020-ci il tarixdə Şahid1 və xx.xx.2020-ci il tarixdə isə Şahid2 yaşadığı evdən qızıl oğurladığını etiraf etmişdir. Hər iki oğurluq hadisəsini özü tək etmiş, oğurluqda onunla kimsə iştirak etməmiş, ilk dəfə imiş ki, belə bir oğurluq hadisəsi törətmişdir. Eləcədə Şahid1 və Şahid2 evindən qızılları Mahirin və Bəhruzun, eləcədə onların ailə üzvlərinin xəbəri olmadan oğurlamış, oğurluq yolu ilə əldə etdiyi qızılları lombarda qoyaraq əvəzində pul götürdüyü lombard sahiblərinin qızılların oğurluq olduğunu əvvəlcədən bilməmişdir. Törətdiyi əməldən peşmandır. Himayəsində 2 azyaşlı uşaqı vardır və qardaşı İ Qarabağ müharibəsində gedən döyüşlərdə şəhid olmuşdur. Təqsirləndirilən şəxs həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmadığını, himayəsində 2 azyaşlı uşağının olmasını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qəbələ rayonu Yemişənli kəndində yaşayır, Təqsirləndirilən şəxs əri Şahid1 xalası oğludur. Təqsirləndirilən şəxs Bakı şəhərində yaşayır, onunla heç bir düşmənçilik və ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs və anası Şahid3 birlikdə yaşadıqları Bakı şəhərindən Qəbələ rayonu Yemişənli kəndinə onların evinə qonaq gəlmişlər. Əli və anası Asiya 3 gün, yəni xx.xx.2020-ci il tarixə kimi onların evində qonaq qalmışlar, xx.xx.2020-ci il tarixdə, saat təxminən 11:30 radələrində Əli və anası Asiya onlardan əri Mahirin xalası oğlu qonşu kənd Qəbələ rayonu Uludaş kəndində yaşayan xalası Yasəməngilə qonaq getmişlər. Həmin gün axşam Əlinin anası Asiya Yasəməngildən yenidən onların evinə qonaq gəlmiş, lakin Əli onların evə gəlməmişdir. xx.xx.2020-ci il tarixdə əri Mahirin xalası oğlu Şahid2 ailəvi olaraq onlara qonaq gəlmişlər, həmin vaxtı Əlinin anası Asiya da onlarda olmuş, Bərhuz Mursalıyevgil onlarda ailəvi bir neçə saat qonaq olduqdan sonra saat təxminən 23:30 radələrində evlərinə getmişlər. Bundan sonra xx.xx.2020-ci il tarixdə saat təxminən 00:30 radələrində saçını daramaq üçün yataq otağına daxil olaraq güzgünün qarşısında saçını darayırmış, özünə məxsus 01 ədəd qızıl halqa üzüyü, 01 ədəd yaşıl qaşlı qızıl üzüyü və həmin üzüyə dəst 01 cüt qızıl sırğanı kiçik həcimli parçadan ibarət qırmızı rəngli torbaya qoyub ağzını bağlamaqla həmin güzgünün altındakı çəkməyə əvvəlcə qoyduğu üçün oraya baxmış və görmüş ki, qızılları qoyduğu parçadan ibarət torba çəkməcədədir. Torbanı əlinə alıb içərsinə baxdıqda isə qızıllarının torbanın içərsində olmadığını görüb qızıllarının oğurlandığını başa düşərək evdən çıxaraq digər otağa keçib əri Şahid1 məlumat vermişdir. Qızıllarının oğurlanması barədə əri Mahirə məlumat verən kimi əri Mahir gələrək qızıllarını qoyduğu otağa daxil olub çəkməcəyə baxdıqda həqiqətəndə qızılların oğurlandığını görmüşdür. Qızıllarının Əli tərəfindən oğurlanmasından şübhələnərək əri Mahir bu barədə zəng vuraraq Bəhruza məlumat vermiş, az keçmiş Bəhruz əri Mahirə zəng vuraraq onun evindən, qonaq otağından qızı Ləmana məxsus qızılların olmadığını və onların oğurlanması bildirmişdir. Sonra qəti əmin olmuşlar ki, qızıllarını Əli Məmmədyaron onların evində qonaq qaldığı müddət ərzində xx.xx.2020-ci il tarixdə oğurlamışdır. Əri Şahid1 ona məxsus qızılların oğurlanması barədə xx.xx.2020-ci il tarixdə Qəbələ RPŞ-nə rəsmi müraciət etmiş, Əli tərəfindən ona məxsus qızılların oğurlanmasında onun və ailə üzvlərinin heç birinin əvvəlcədən xəbəri və məlumatı olmamışdır. Hazırda həmin oğurlanmış qızıllar geri qaytarılmışdır. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, oğurlanmış əşyaların ona geri qaytarıldığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi, atası Şahid2 iştirakı ilə vermiş olduğu ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qəbələ rayonu Uludaş kəndində yaşayır, hal-hazırda tam orta məktəbin 11-ci snifində oxuyur. 2018-ci il tarixdə həmkəndlisi X4 ilə nişanlamış, lakin ailə qurmaq üçün qanuni yaş həddinə çatmadığı üçün ailə qurmamışdır. Ramal Zəkəriyəyevə nişanlanarkən onlar tərəfindən ona 1 ədəd qızıl üzük və 01 ədəd qızıl üzük sırğa dəsti verilmişdir ki, həmin qızılları yaşadıqları evdə yatdığı otaqda şkafın çəkməcəsinə qoyurmuş. Təqsirləndirilən şəxs atası Şahid2 xalası oğludur. Təqsirləndirilən şəxs Bakı şəhərində yaşayır, onunla heç bir düşmənçilik və ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs anası Asiya ilə birlikdə xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə onlara qonaq gələrək bir neçə saat qonaq olduqdan sonra onlardan qonşu kənd Qəbələ rayonu Yemişənli kəndində yaşayan atası Şahid2 xalası oğlu Şahid1gilə getmişlər. xx.xx.2020ci il tarixdə axşam saatlarında ailəvi olaraq atası Bəhruzun xalası oğlu Qəbələ rayonu Yemişənli kəndinə Mahirgilə qonaq getmişlər. Mahirgilə gedərkən atası Bəhruzun xalası Asiya Mahirgilin evində olmuş, Əli isə orada olmamışdır. Ailəvi olaraq Şahid1gildə bir neçə saat qonaq olduqdan sonra saat təxminən 23:30 radələrində Qəbələ rayonu Uludaş kəndinə yaşadıqları evə gəlmişlər, evə gəldikdən təxminən bir saat sonra anası Mehriban Mursalıyeva ilə yatdığı otaqda olarkən atası Bəhruzun gələrək xalası oğlu Mahirin ona zəng vurduğunu, arvadı Könülə məxsus qızılların oğurlandığını və bu işdə Əlidən şübhələndiyini bildirmişdir. Məlumat əsasında anası Mehriban ilə qızıllarını qoyduğu yerə baxanda ona məxus 1 ədəd qızıl nişan üzüyünün və bir cüt qızıl üzük sırğa dəstinin yerində olmadığını və onların oğurlandığını görmüşdür. Sonradan ona məxsus qızılları Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə yaşadıqları evdə olmadıqları müddətdə oğurladığı müəyyən olunmuş, buna görə atası Şahid2 ona məxsus qızılların oğurlanması barədə xx.xx.2020-ci il tarixdə Qəbələ RPŞ-nə rəsmi müraciət etmişdir. Əli tərəfindən ona məxsus qızılların oğurlanmasında onun və ailə üzvlərinin heç birinin əvvəlcədən xəbəri və məlumatı olmamışdır. Hazırda oğurlanmış qızıllar ona geri qaytarılmışdır. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs2 və qanuni nümayəndəsi (atası) Şahid2 məhkəməyə ərizə təqdim edərək, oğurlanmış əşyaların geri qaytarıldığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə ünvan 3 mənzil 5 ünvanında yaşayır və daimi orada pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs doğma oğludur, oğlu Təqsirləndirilən şəxs əvvəlki arvadı olmuş Həvayət adlı qadınla ailəli olmaqla sonradan ondan boşanıb ayrılaraq 2019-cu il tarixdə Bakı şəhər sakini Şahid4 ilə ailə qurmaqla molla nikahı ilə onunla qeyri rəsmi ər-arvad münasibətində yaşayır. xx.xx.2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs ilə Qəbələ rayonu Yemişənli kəndində yaşayan bacısı Tamaranın oğlu Mahirin evinə qonaq gəlmişlər. Əli ilə Mahirgildə üç gecə qonaq qalaraq qalmışlar. Gündüzlər isə həmin müddət ərzində oğlu Əli ilə Qəbələ rayonu Uludaş kəndinə digər bacısı Ədalətin oğlu Şahid2 evinə gün ərzində bir neçə dəfə gedib gəlmişlər. Əli ilə Mahirin və Bəhruzun evində qonaq olduqları müddət ərzində onların evində sərbəst hərəkət etmişlər. xx.xx.2020-ci il tarixdə saat təxminən 11 radələrində oğlu Əli ilə birlikdə Mahirgildən Qəbələ rayonu Uludaş kəndində yaşayan digər bacısı Yasəməngilə qonaq gəlmişlər. Orada təxminən 10-15 dəqiqə oturduqdan sonra oğlu Əli ona evdə darıxdığını və Qəbələ rayonu Bum qəsəbəsinə gedəcəyini demişdir. Əlinin Bum qəsəbəsində yaşayan nəvəsi Nəcibənin əri Elçingilə gedəcəyini düşünmüş, belə olub Əli bacısı Yasəməngildən çıxaraq getmiş, özü isə bacısı Yasəməngildə bir neçə saat qonaq olduqdan sonra yenidən Uludaş kəndinə Mahirgilə gəlmişdir. Axşam oğlu Əlinin evə gəlmədiyini görərək ona zəng vurub harada olmasını soruşmuş, Əli ona Qəbələ şəhərində tanışları ilə birlikdə olduğunu və səhər Mahirgilə gələcəyini demişdir. Ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 11 radələrində oğlu Əlinin Mahirgilə gələrək evdə əynininin paltarını dəyişib ona pulunun olmadığını və 20 manat pul alaraq Qəbələ şəhərinə tanışları ilə çay içməyə getdiyini deyərək Mahirgildən çıxıb getmişdir. xx.xx.2020-ci il tarixdə axşam Uludaş kəndində yaşayan bacısı Ədalət və oğlu Bəhruz ailəvi olaraq bacısı Tamaranın oğlu Mahirin evinə qonaq gəlmişlər. Onlar bir neçə saat Mahirgildə qonaq olduqdan sonra saat təxminən 23:30 radələrində çıxıb evlərinə getmişlər, bundan sonra yatmağa hazırlaşarkən Mahirin arvadı Könülün yatdıqları otağa daxil olaraq güzgünün altındakı çəkməcədə ona məxsus qızılların olmadığını Mahirə bildirmiş, müəyyən etmişlər ki, Könülə məxsus qızıllar oğurlanıbdır. Belə olub Mahir bu barədə digər bacısı oğlu Bəhruza zəng vuraraq məlumat vermiş, Bəhruz evlərinə baxdıqda Mahirə zəng vuraraq yaşadıqları evdən qızı Ləmana məxsus nişan üzüyünün və üzük və sırğalarının oğurlandığını demişdir. Müəyyən olunmuş ki, Mahirin və Bəhruzun evindən qızılları oğlu Təqsirləndirilən şəxs oğurlamışdır. Oğlu Əli tərəfindən Mahirin və Bəhruzun yaşadığı evdən qızıl zinət əşyalarını oğurlanmasından heç bir məlumatı və xəbəri olmamış, bu məsələdən sonradan məlumatlı olmuşdur. Oğlu Təqsirləndirilən şəxs daha əvvəllər oğurluq etməmişdir. Həmçinin Cəlal oğlu 1995-ci ildə şəhid olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Rafail qızı ifadəsində bildirdi ki, ünvan 4 ünvanında yaşayır və daimi pasport qeydiyyatındadır. 2019-cu ilin may ayından Bakı şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olub onunla molla kəbini kəsdirməklə birlikdə yuxarıda qeyd edilən ünvada yaşayır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs anası Şahid3 ilə birlikdə Qəbələ rayonunda yaşayan xalası oğlu Şahid1gilə qonaq getmişlər. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq Qəbələ rayonundan Bakı şəhərinə gəldiyini və görüşüb onuda Qəbələ rayonuna aparacağını bildirmişdir. Həmin gün saat təxminən 15 radələrində Bakı şəhəri Sabunçu dəmiryolu vağzalında Əli ilə görüşmüş, Əli ondan şəxsiyyət vəsiqəsini istəyərək anası Asiyaya məxsus qızıllar olduğunu və onları lombarda qoymaqla əvəzində pul götürəcəyini, həmin pula özünə müalicə etdirəcəyini demişdir. Həmin qızıllar bir ədəd sadə halqa şəkilli qızıl üzükdən, 1 ədəd yaşıl qaşlı üzükdən və həmin üzüyə dəst üzərində yaşıl qaşları olan qızıl sırğa dəstindən ibarət olmuşdur. Şəxsiyyət vəsiqəsini Əliyə verərək Əlinin onun şəxsiyyət vəsiqəsini təqdim etməklə qızılları Sabunçu dəmir yolu vağzalının yanında yerləşən lombarda qoyaraq əvəzində hər ayına 30 manat faiz ödəməklə 440 manat nəğd şəkildə pul götürmüş, sonra Əli ilə birlikdə Bakı şəhəri Xətai rayonuna gələrək oradan Əli özü üçün “Rentecar”dan 130 manat pul ödəməklə 4 günlüyə dövlət nömrə nişanı yadında qalmayan Hyundai Accent markalı avtomobil icarəyə götürmüşdür. Gecə və komendat saatı olduğu üçün Bakı şəhəri Nizami rayonu Dərnəgül qəsəbəsində yerləşən Sabirabad adlı otelə gələrək gecəni orada qalmışlar. xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 07 radələrində Əli ilə birlikdə Rentacardan götürdüyü avtomobil ilə Qəbələ rayonuna gəlmək üçün Bakı şəhərindən çıxaraq saat təxminən 11 radələrində Qəbələ rayonu Yemişanlı kəndinə Əlinin xalası oğlu Mahirigilin evinə gəlib çatmışlar. Əli avtomobilini yolda saxlayıb paltarını dəyişmək üçün Mahirin evinə getmiş, o isə Əlini avtomobildə gözləmişdir. Az keçmiş Əli gələrək birlikdə Qəbələ şəhərinə çay içməyə gəlmişlər, Qəbələ şəhərində olarkən Əli Qəbələ rayonu Uludaş kəndində yaşayan Bəhruza zəng edərək Bakı şəhərindən gəldiyini və onlarda qalmaq istədiklərini deyərək anası Ədalətin mobil telefon nömrəsini istəmişdir. Bəhruz anası Ədalətin mobil telefon nömrəsini Əliyə vermiş, Əli xalası Ədalətə zəng vuraraq onlarda qonaq qalmaq istədiklərini bildirmiş, lakin Əlinin xalası Ədalətin onlara gəlməklərinə razı olmadığı üçün Əlinin Bəhruza zəng edərək anası Ədalətin onlara gəlməklərinə razı olmadığını bildirmişdir. Bəhruz Əliyə hüzürdə olduğunu, bir neçə saata kimi evlərinə gələcəyini demiş, bundan sonra Əli ilə birlikdə Qəbələ rayonu Uludaş kəndinə Bəhruzgilə gəlmişlər. Əli idarə etdiyi avtomobili Bəhruzgilin qapısının qarşısında saxlayaraq ona maşında gözləməsini, Behruzgilə gedib onları qonaq kimi qəbul etməmələrinin səbəbini öyrənib geri qayıdacağını deyərək Bəhruzun həyətinə daxil olmuşdur. Təxminən 10 dəqiqə sonra Əli qayıdıb gələrəkən həyacanlı və xarici görkəmindən sifətinin ağarmış vəziyyətdə olduğunu görərək ondan nə baş verdiyini soruşmuş, lakin Əli bu barədə ona heç bir cavab verməmişdir. Həmin günü Bakı şəhərinə gəlib çataraq gecəni onlarda qalmışlar, ertəsi gün xx.xx.2020-ci il tarixdə səhər saatlarda Əli şəxsi işi olduğunu deyərək evdən çıxıb getmiş, təxminən 2-3 saat sonra evə qayıtmış, evdə Əli ilə söhbət zamanı əli ona xx.xx.2020-ci il tarixdə lombarda qoyaraq əvəzində 440 manat pul götürdüyü, qızılların anası Şahid3 məxsus olmadığını, həmin qızılları xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndindən xalası oğlu Şahid1 evindən oğurladığını, eləcədə xx.xx.2020-ci il tarixdə digər xalası oğlu Şahid2 yaşadığı evə qanunsuz daxil olub oradan qızı Zərərçəkmiş şəxs2 məxsus qızıllar oğurlayaraq lombarda qoyub əvəzində pul götürdüyünü bildirmişdir. Əli tərəfindən Mahirin və Bəhruzun yaşadığı evdən qızıl zinət əşyalarını oğurlanmasından əvvəlcədən heç bir məlumatı və xəbəri olmamış, bu məsələlərdən sonradan məlumatlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Təqsirləndirilən şəxs Bakı şəhərində yaşayır, onunla heç bir düşmənçilik və ədavəti yoxdur. Xalası oğlu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə anası Asya Məmmədyarova ilə birlikdə onlara qonaq gəlmiş və xx.xx.2020-ci il tarixə kimi onun evində qonaq qalmışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 11:30 radələrində o, taksi ilə Qəbələ şəhərindən yaşadığı evə gəlirmiş, həmin vaxt yolda Əli və xalası Asiya ilə qarşılaşaraq onların hara getdiklərini soruşmuşdur. Ona qonşu kənd olan Uludaş kəndində yaşayan Yasamən xalagilə getdiklərini bildirmişlər. Yol uzaq olduğu üçün o, gəldiyi taksi ilə Əlini və Asiya xalası Yasəmən xalasıgilə aparıb düşürərək evinə geri qayıtmışdır. Həmin gün axşam saatlarında xalası Asya qayıdıb onlara gəlmiş, lakin Əli qayıtmamışdır. X13 harda olmasını soruşmuşdur. Asiya xalası ona Əlinin tanışı ilə görüşmək üçün Qəbələ şəhərinə getdiyini bildirmişdir. Həmin günü Əli onlara gəlməmişdir. Ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 11 radələrində o, yaşadığı evdə olmadığı vaxtda Əli onlara gələrək əyninin paltarını dəyişib sonra hara getdiyini bilməmişdir. xx.xx.2020-ci il tarixdə axşam Bəhruz və onun ailəsi onlara qonaq gələrək onlarda bir neçə saat qonaq olduqdan sonra saat təxminən 23:30 radələrində evlərinə getmişlər. Bundan yarım saat sonra arvadı Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq evlərində yataq otağındakı güzgünün çəkməcəsində olan 1 ədəd enli halqa üzüyünün, bir ədəd qaşlı qızıl üzüyün və bir ədəd yaşıl qaşlı qızıl sırğaların yerində olmadığını bildirmişlər. O, qızılların oğurlanmasında xalası oğlu Əlidən şübhələnmişdir. Əli onları evdə olduğu vaxtda həmin otağa bir neçə dəfə girib çıxdığını görmüşdür. Dərhal Bəhruza zəng edərək Əlinin yerini ondan soruşmuşdur. Bəhruz ona Əlinin harda olmasını bilməyərək Əlini nə səbəbə axtardığını soruşmuşdur. Bəhruz ona Əlinin harda olmasını bilməyərək Əlini nə səbəbə axtardığını soruşmuşdur. Bəhruza evindən arvadı Könülə məxsus qızılların oğurlandığını və bu işdə Əlidən şübhələndiyini bildirmişdir. Bəhruz ilə danışıb qutardıqdan sonra az keçmiş xalası oğlu Bəhruz ona zəng edərək onların yaşadıqları evdən qızı Zərərçəkmiş şəxs2 məxsus qızılların yerində olmadığını və qızılların oğurlandığını bildirmişdir. xx.xx.2020-ci il tarixdə Şahid2 ilə birlikdə Qəbələ RPŞ-nə gələrək hadisə barəsində şöbəyə rəsmi müraciət etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə keçirilmiş ifadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs tərəfindən törətmiş olduğu oğurluq cinayətini etiraf etməklə Şahid1 məxsus yaşayış evinin yataq otağındakı şkafın çəkməcəsindən Şahid1 arvadı Zərərçəkmiş şəxs1 məxsus sırğa cütüüzük dəstini və 01 ədəd üzüyü, eləcədə Şahid2 məxsus giriş qapısından yaşayış evinin yataq otağına qanunsuz daxil olaraq şkafın çəkməcəsində olan Şahid2 nişanlı qızı Zərərçəkmiş şəxs2 məxsus sırğa cütü-üzük dəstini və 01 ədəd üzüyü oğurladığını hadisə yerində də, əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 6/2445-9/4708 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: Üzərində “Təqsirləndirilən şəxs Şahid2 məxsus yaşadığı evdən oğurladığı qızıllar” yazıları icra edilmiş zərfdə olan 1 dəst sırğa cütü-üzük və 1 ədəd üzük:

1. 7,80 qram kütləli, üzərlərində rəngsiz, şəffaf qaşlar yerləşdirilmiş, hər bir elementinin üzərində “ANBER 585”damğası olan sırğa cütü-üzük dəsti 583/585 əyarlı qızıldan hazırlanmışdır.Qaşları qiymətli qaşlara aid deyildir.

2. 3,69 qram kütləli, üzərində ümumilikdə 50 ədəd rəngsiz, şəffaf qaş olan, halqasının iç tərəfində “BRAVO 750”damğası olan üzük 750 əyarlı qızıldan hazırlanmışdır.Qaşları qiymətli qaşlara aiddir-brilyantdır.Qaşların 4 ədədi hər biri təxminən 0,032 karat, 30 ədədi hər biri təxminən 0,011 karat, 16 ədədi hər biri təxminən 0,003 karat ölçüdə olmaqla ümumilikdə 4/4 kefiyyətlidir. Üzərində “Təqsirləndirilən şəxs Şahid1 yaşadığı evdən oğurladığı qızıllar” yazılar icra edilmiş zərfdə olan 1 dəst sırğa cütü-üzük və 1 ədəd üzük:

3. 7.07 qram kütləli, üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan, bəzi hissələri (üzüyün halqası, sırğa cütünün kilidi və sair) cüzi deformasiyaya uğramış elementlərinin üzərində “583” damğası olan sırğa cütü-üzük dəsti 583/585 əyyarları qızldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir.

4. 5,39 qram kütləli, halqa formalı, iç tərəfində ”7ЛЮ” damğası olan üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Aparılmış fiziki-kimiyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, təqdim edilmiş məmulatların 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. Üzərində “Təqsirləndirilən şəxs Şahid2 məxsus yaşadığı evdən oğurladığı qızıllar” yazıları icra edilmiş zərfdə olan 1 dəst sırğa cütü-üzük və 1 ədəd üzük: 1)7,80 qram kütləli sırğa cütü-üzük dəsti-585,0 manat; 2)3,69 qram kütləli üzük -703,0 manat; Üzərində “Təqsirləndirilən şəxs Şahid1 yaşadığı evdən oğurladığı qızıllar” yazılar icra edilmiş zərfdə olan 1 dəst sırğa cütü-üzük və 1 ədəd üzük: 3)7,07 qram kütləli sırğa cütü-üzük dəsti- 510,0 manat 4) 5,39 qram kütləli üzük - 404,0 manat Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 6/2445-9/4708 nömrəli rəyi cinayət işinin digər materialları ilə uyğunluq təşkil etməklə real gerçəkliyi əks etdirdiyindən iş üzrə sübut növü kimi qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş Qəbələ RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti polis baş leytenantı Bəhruz Həsənovun xx.xx.2020-ci il tarixli raportundan görünür ki, Qəbələ rayonu Uludaş kənd sakini Şahid2 məxsus yaşayış evindən oğurluq hadisəsinin baş verdiyi yerdən götürülmüş əl-barmaq izləri DİN-nin KTİ-in ADİS-in bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edildiyi, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 məxsus yaşayış evindən Zərərçəkmiş şəxs1 məxsus oğurladığı 01 ədəd sadə formalı halqa şəkilli qızıl üzüyü, 01 ədəd üzərində yaşıl rəngli qaşı olan qızıl üzüyü və həmin üzüyə dəst üzərində yaşıl rəngli qaşları olan 01 cüt qızıl sırğa təstini, eləcədə Şahid2 məxsus yaşayış evindən Zərərçəkmiş şəxs2 məxsus oğurladığı 01 ədəd üzərində ağ rəngli qaşları olan nişan üzüyünü və 01 ədəd üzərində ağ rəngli qaşları olan qızıl sırğa üzük dəstini könüllü olaraq təqdim etmiş, video görüntüsü və fotoşəkilləri çəkilərək həmin video görüntü CD diskə köçürülməklə, fotoşəkillərin sürətləri çıxarılmaqla protokola əlavə edilmiş və həmin qızıllar maddi sübut kimi tanınaraq sahiblərinə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 148 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 mənzil 5 ünvanında qeydiyyatda olmaqla ailə tərkibi atası X7, anası Şahid3, uşaqları 2007-ci ildə anadan olmuş X6, 2004-cü ildə anadan olmuş X2 ibarətdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu VVAQ tərəfindən xx xxxx 1995-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 432220 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, təqsirləndirilən şəxsin qardaşı X5 xx.xx.1995-ci il tarixdə Fizuli rayonunda erməni quldurları tərəfindən snayperlə qətlə yetirilmişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla ayrı-ayrı şəxslərin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər sübutlarla tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Bundan başqa, Plenumun həmin Qərarında göstərilir ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakı qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin qərarın 18 və 19-cu bəndlərində göstərilir ki, «şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş ziyanı tamamilə aradan qaldırmasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını və qardaşının İ Qarabağ müharibəsində şəhid olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, qardaşının İ Qarabağ müharibəsində şəhid olmasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhərini ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bakı şəhəri Probasiya idarəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Bakı şəhəri Probasiya idarəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə xx xxxxxxx 2020-ci il saat 14:00-dan hesablanmış, xx xxxxxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlandığı MSY-dən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 90 (doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış qızılların, yəni Zərərçəkmiş şəxs1 məxsus 7,07 qram kütləli sırğa cütü-üzük dəstinin, 5,39 qram kütləli üzüyün, Zərərçəkmiş şəxs2 məxsus 7,80 qram kütləli sırğa cütü-üzük dəstinin, 3,69 qram kütləli üzüyün zərərçəkmiş şəxslərə təhvil verilməsini nəzərə alır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bakı şəhəri Probasiya idarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut qismində tanınmış qızılların, yəni Zərərçəkmiş şəxs1 məxsus 7,07 qram kütləli sırğa cütü-üzük dəstinin, 5,39 qram kütləli üzüyün, Zərərçəkmiş şəxs2 məxsus 7,80 qram kütləli sırğa cütü-üzük dəstinin, 3,69 qram kütləli üzüyün zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir.

Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar