Məhkəmə qərarları › İş №1(025)-16/2025

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-16/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-16/2025 18.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Dövlət ittihamçısı və Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Qəbələ şəhəri, M.F.Axundov küçəsi ev 18-də yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, satış məqsədi ilə 2024-cü ilin sentyabr-oktyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Qəbələ rayon Bayramkoxalı kəndi ərazisində yerləşən əkin sahələrinin kənarlarından yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisinin yarpaqlarını yığaraq, qurudub qanunsuz olaraq kustar üsulla hazırlayıb əldə etdiyi 6,27 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı kibrit qutularında və bir ədəd sellofan bükümdə üzərində saxlamış, həmin narkotik vasitə qurudulmuş marixuananın 01 (bir) ədəd kibrit qutusunun içərisində 0,67 qram olan hissəsini xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Qəbələ şəhəri 28 May küçəsində yerləşən köhnə uşaq xəstəxanasının yaxınlığında tanışı Şahid1 160 (bir yüz altmış) manat pul vəsaiti müqabilində pulu öz adına rəsmiləşdirilmiş Azərbaycan Beynəlxalq Bank ASCyə məxsus olan 5522-0993-6342-7741 saylı kart hesabına köçürtməklə satmış, 01 ədəd kibrit qutusunda 5,21 qram və 01 ədəd sellofan bükümdə 0,39 qram olmaqla, ümumilikdə təmiz çəkisi 5,60 qram olan hissəsini isə satış məqsədi ilə üzərində saxlamış, bundan sonra xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə o, Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən “Emil” marketin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman yuxarıda qeyd edilən mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək Şahid1 satdığı hissədən sonra üzərində gəzdirdiyi ümumi təmiz çəkisi 5,60 qram narkotik vasitə-qurudulmuş marixuananın 01(bir) ədəd kibrit qutusunun içərisində 5,21 qram hissəsi əynində olan qara rəngli cins şalvarın sol yan cibindən və 01 ədəd sellofan bükümdə 0,39 qram hissəsi isə həmin şalvarın sağ yan cibindən aşkarlanaraq götürülmüş, bununla yanaşı əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Şahid1 оğlu ətrafında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 09:23 radələrində Qəbələ şəhəri ərazisində yerləşən “Zərifə Əliyeva” adına olan parkda piyada hərəkətdə olarkən saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən Təqsirləndirilən şəxs aldığı 01(bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 0,67 qram çəkidə və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuanalar ilə tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə-qurudulmuş marixuana aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ şəhəri, M.F.Axundov küçəsi ev 18-də yaşayır və üç ildir ki, arabir narkotik vasitə olan marixuanadan istifadə edir. 2024-cü ilin sentyabr-oktyabr aylarında Qəbələ rayon Bayramkoxalı kəndi ərazisindəki əkin sahələri və su kanalının kənarında yabani halda bitmiş çətənə kollarının yarpaqlarını yığaraq Qəbələ şəhəri ərazisindəki “Rus meşəsi” adlanan meşədə qurutmuş və sellofan torbaya yığıb meşədə gizlədərək hər dəfə üzərindən götürərək istifadə etmişdir. Qəbələ rayon Hacıalılı kənd sakini Şahid1 təxminən bir ildir ki, tanıyır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Səxavət ona zəng edib Bakı şəhərindən gəlmiş qonağı olduğunu bildirərək onda iki kibrit qutusu miqdarında narkotik vasitə olub-olmadığını soruşmuş, ona dəqiq bilmədiyini və səhəri gün bildirəcəyini demişdir. xx.xx.2025-ci il tarixdə, səhər saat 10-00 radələrində Səxavət ona zəng edib narkotik vasitəni gətirə bilib-bilməcəyini soruşmuş, ona bir yarım kibrit qutusu miqdarda marixuananı 160 manata satdığını, pulu kartına atandan sonra, narkotiki Qəbələ şəhərinin mərkəzinə gətirəcəyini demişdir. Səxavət ondan kart nömrəmi istəmiş, o da özünə məxsus Beynəlxalq Bank ASC-yə aid 5522-0993-6342-7741 saylı kart hesab nömrəsini WhatApp ani mesajlaşma proqramı vasitəsilə Səxavətə göndərmişdir. Təxminən yarım saatdan sonra telefonuna kart hesabına 160 manat mədaxil olduğuna dair mesaj gəlmiş və Səxavət zəng edərək pulu yüklədiyini demişdir. Bundan sonra o, meşəyə getmiş, narkotik vasitəni gizlətdiyi yerdən götürüb 3 ədəd kibrit qutularına yığaraq şalvarının sol cibinə qoymuş, həmin kibrit qutularından birinin üzərindən bir qədər götürərək siqaret qutusunun üzərindəki sellofana yığmış və orada siqaret kötüyünə doldurub istifadə edərək Qəbələ şəhərinin mərkəzinə gəlib Səxavətə zəng edərək yanına çağırmışdır. Bir qədər keçəndən sonra Səxavətlə görüşüb bir ədəd yarımçıq və bir ədəd dolu kibrit qutusu miqdarında marixuananı köhnə uşaq xəstəxanasının yaxınlığında ona vermiş, bir qutu və sellofan bükümdə olan bir qədər narkotik vasitə isə üzərində qalmışdır. Təxminən 15 dəqiqə sonra ona polis əməkdaşları yaxınlaşmış, üzərində olan narkotik vasitəni aşkar edərək götürmüş və onu rayon polis şöbəsinə gətirmişlər. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Çarxana kəndində yaşayır. "xxxx" MMC-də gözətçi vəzifəsində işləyir və eyni zamanda kafelərə pivə paylamaqla məşğul olur. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır və onun narkotik vasitələrdən istifadə etdiyini bilir. Qəbələ şəhərində baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı barəsində cinayət işi açıldığı üçün son vaxtlarda vəziyyəti gərgin olmuş və halının yaxşılaşması üçün bir neçə dəfə marixuanadan istifadə etmişdir. xx.xx.2025-cü il tarixdə Təqsirləndirilən şəxs zəng edərək narkotik vasitə istəmiş, o da səhəri gün əlaqə saxlamağını demişdir. xx.xx.2025-ci il tarixdə, saat 10-a işləmiş Məhəmmədə zəng etdib narkotik vasitəni gətirib-gətirməyəcəyini soruşmuş, o da bir kibrit qutusu və kibrit qutusunun yarısı miqdarında narkotiki olduğunu, 160 manata satdığını, pulu karta yükləyəndən sonra marixuananı Qəbələ şəhərinin mərkəzinə gətirəcəyini demişdir. Məhəmməddən kart nömrəsi istəmiş votsap vasitəsilə **********427741 saylı kart nömrəsini alaraq Qəbələ şəhər Heydər Əliyev prospektində yerləşən Kamaloğlu marketdəki ödəmə terminalından həmin hesaba 160 manat yükləmiş və ona zəng edərək pulu yüklədiyini demişdir. Bir müddət keçəndən sonra Məhəmməd ona zəng edib Qəbələ şəhərinin mərkəzindəki köhnə uşaq xəstəxanasının yanına çağırmış, o, da həmin yerə getmiş və Məhəmməddən bir ədəd yarımçıq və bir ədəd dolu kibrit qutusunda olan marixuana almışdır. Narkotiki alandan sonra Qəbələ şəhərindəki kafelərə pivə paylamış, saat 16 radələrində Hacıalılı kəndinə və oradan da taksi ilə işə getmişdir. İşdə olduğu zaman həmin kibrit qutusundakı narkotik vasitələrdən bir qədər siqaretə dolduraraq istifadə etmiş, qalanı isə bir kibrit qutusunda qalmışdır. Səhəri gün saat 08:30 radələrində işdən çıxdıqdan sonra yenə də Qəbələ şəhərinə gəlib kafelərə pivə paylamağa başlamış və Zərifə parkındakı kafeyə pivə verməyə gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq üzərində narkotik vasitə olub olmadığı soruşulmuşdur. Onlara üzərində narkotik vasitə gəzdirdiyini bildirmiş və əynindəki şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə olan kibrit qutusunu təqdim etmişdir. Həmin narkotik vasitələri polis əməkdaşları elektron tərəzidə çəkmişlər, çəkisi kibrit qutusu ilə birlikdə 3.62 qram olmuş, daha sonra qablaşdıraraq götürmüşlər. Sonra üzərinə baxış keçirmişlər, hər hansı narkotik vasitə aşkar edilməmişdir. İş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, o, Qəbələ RPŞ CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbulunda və narkotik vasitəni satış məqsədi ilə üzərində daşımasında şübhəli olması barədə məlumat əldə etmiş və saat 13:00 radələrində əməliyyat müvəkkili Cavid Cabbarlı, Babək Mustafazadə və PPXB-nün polis nəfəri Rəhim Məmmədcanovla birlikdə rayonun Heydər Əliyev prospektinə gedib “Emil” marketin yaxınlığında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs saxlamışlar. Ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Həmin yerdə insanlar sıx şəkildə toplaşdığı üçün ərazidən bir qədər kənara çıxaraq Təqsirləndirilən şəxs üstünün yoxlanılmasından qabaq üzərində olması ehtimal edilən narkotik vasitələri verməsi təklif edilmiş, o, əvvəlcə əynində olan qara rəngli cins şalvarın sol yan cibində olan 1 ədəd kibrit qutusunun içərisindəki yaşıl rəngli kəskin spesifik iyə malik narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütləni və ardınca əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd sellofan bükülü içərisindəki yaşıl rəngli kəskin spesifik iyə malik narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlələri haradan əldə etdiyi soruşulduqda o, həmin narkotikləri Qəbələ rayonun Bayramkoxalı kəndi ərazisində yabanı halda bitmiş çətənə bitkilərini yığıb qurutmaqla əldə etdiyini və xx.xx.2025-ci il tarixdə həmin narkotik vasitədən iki kibrit qutusu miqdarında tanışı Şahid1 satdığını bildirmişdir. Təqsirləndirilən şəxsla edilən bütün hərəkətlər mobil telefonla video və foto çəkiliş aparılmaqla qeydə alınmış, sonra Təqsirləndirilən şəxs Qəbələ RPŞ-nə gətirilib təhqiqatçıya təhvil verilmiş və təhqiqatçı tərəfindən həmin bükümlərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Əməliyyat tədbirinin davamı olaraq xx.xx.2025-ci il tarixdə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayon Çarxana kənd sakini Şahid1 Qəbələ şəhərindəki Z.Əliyeva adına olan parkda olması barədə məlumat əldə etmiş və saat 09:23 radələrində əməliyyat müvəkkili Cavid Cabbarlı, Babək Mustafazadə və PPXB-nün polis nəfəri Rəhim Məmmədcanovla birlikdə həmin yerə gedərək Şahid1 saxlamışlar. Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanmışdır. Baxış keçirilməzdən qabaq ona üzərində olması ehtimal edilən narkotik vasitələri verməsi təklif edilmiş və o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd kibrit qutusunda yaşıl rəngli narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Baxış zamanı həmin kibrit qutusunun içərisində olan kütlənin kəskin spesifik iyə malik olduğu müəyyən edilmiş və elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Sonra Şahid1 əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan bir ədəd üzərində MA*** QA**** SA**** OG** sözləri yazılmış şəxsə 160 manat ödənilməsi barədə qəbzi təqdim edərək üzərində aşkar edilmiş narkotik vasitəni xx.xx.2025-ci il tarixdə istifadə etmək məqsədi ilə Təqsirləndirilən şəxs 160 manat pul vəsaiti müqabilində aldığını və pulu Məhəmmədin kart hesabına köçürtdüyünü, həmin narkotikdən bir qədər istifadə etdiyini, qalan hissə isə üzərində aşkar edilib götürüldüyünü bildirmişdir. Qeyd edilən bütün hərəkətlər mobil telefonla video və foto çəkiliş aparılmaqla qeydə alınmış, sonra Şahid1 Qəbələ RPŞ-nə gətirilib təhqiqatçıya təhvil verilmiş verilmiş və təhqiqatçı tərəfindən həmin həmin yaşıl kütləyə Şahid1 iştirakı ilə baxış keçirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması, daşıması və eyni zamanda satması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə, saat 13:00 dəqiqədə Qəbələ şəhəri ərazisində yerləşən Heydər Əliyev prospektində saxlanılmışlar. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerə yoxlamaq mümkün olmadığı üçün təxminən bir qədər aralıda yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda yaşıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlələri və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən isə bir ədəd sellofan bükümdə yaşıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Daha sonra bir ədəd kibrit qutusunda və bir ədəd sellofan bükümdə yaşıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin kibrit qutusunun 8.28 qram, sellofan bükümün isə 0,56 qram, cəmi 8,84 qram olduğu müəyyən edilmişdir. Sonra qeyd edilən kütlələr kağız zərfə qoyulmaqla qablaşdırılmış, üzəri DİN-in 103 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, zərflərin üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş kütlələrin narkotik vasitə-qurudulmuş marixuana olduğunu, həmin narkotikləri Qəbələ rayon Bayramkoxalı kəndi ərazisində yabanı halda bitmiş çətənə bitkilərindən yığaraq 3 kibrit qutusunda saxladığını, xx.xx.2025-ci il tarixdə günorta saatlarında Səxavət adlı şəxs onun kartına 170 manat pul köçürtdükdən sonra Qəbələ şəhəri ərazisində yerləşən köhnə uşaq xəstəxanasının yaxınlığında həmin 3 kibrit qutusundan bir kibrit qutusu dolu, digəri yarımçıq vəziyyətdə olmaqla Səxavətə kartına köçürülən 170 manat qarşılığında verdiyini, bir hissəsini özünün istifadə etdiyini, digər bir ədəd kibrit qutusunda və bir ədəd sellofan bükümdə cibinə qoyduğunu, xx.xx.2025-ci il tarixdə Heydər Əliyev prospektində piyada hərəkət edərkən yaxalandığını, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa narkotik vasitə olmadığını bildirmişdir. Baxış zamanı Qəbələ RPŞ-nin PPXB-nün polis nəfəri polis baş serjantı Rəhim Məmmədcanov tərəfindən “Samsung A24” markalı mobil telefonla video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Qəbələ RPŞ-nin İnzibati Binasında tərtib edilmiş və tədbirdə iştirak edənlər tərəfindən imzalanmışdır. Protokola əməliyyataxtarış tədbirinin keçirilməsi zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk əlavə edilmişdir. (c.i 01-cild, səh: 12-19) İşdə olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi barədə” protokola əsasən AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs iştirakı ilə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara (predmetlərə) baxış keçirilmişdir. Aşkar edilmiş predmetlər 01 ədəd zərfdə qablaşdırılmış formada təqdim edilmiş, həmin predmetlərə a və Təqsirləndirilən şəxs üzərinə onun könüllü razılığı əsasında ardıcıllıqla baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd zərfin içərisində 01 ədəd kibrit qutusuna yığılmış və 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, həmin bitki kütlələrinin çəkisi elektron tərəzidə çəkilmiş, kibrit qutusunun çəkisinin 8,27 qram, sellofan bükümün isə 0,58 qram olduğu müəyyən edilmişdir. Həmin maddi sübutlar yenidən 01 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun üzərində cinayət xarakterli hər hansı əşya aşkar edilməmişdir. Baxış və götürmə zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. (c.i 01-cild, səh: 31-41) İşdə olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlamılması” barədə protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ-nə Şahid1 qanunsuz olaraq narkotik vasitəni satış məqsədi olmadan əldə edərək üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid1 12 mart 2025-ci il tarixdə, saat 09:23 dəqiqədə Qəbələ şəhərindəki Zərifə Əliyeva adına olan parkda saxlanılmışdır. Şahid1 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş və axlanıldığı yerdən bir qədər aralıda üstü yoxlanılmağa başlanılmışdır. Baxış keçirilməzdən qabaq Şahid1n paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş və o, u əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd kibrit qutusunda yaşıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra Şahid1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzərində MA*** QA**** SA**** OG** adlı şəxsə 160 AZN ödənilməsi barədə ödəmə çekini təqdim etmişdir. Onun üzərində aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusunda yaşıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisinin 3,62 qram olduğu müəyyən edilmiş, kağız zərfə qoyulmaqla qablaşdırılmış, üzəri DİN-in 103 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şahid1 verilən suallara cavab olaraq, xx.xx.2025-ci il tarixdə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs sonuncudan narkotik vasitə olan marixuana əldə etmək məqsədilə 160 manat MilliÖn ödəmə terminalı vasitəsilə pul göndərdiyini, həmin tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs onunla Qəbələ şəhərində yerləşən köhnə uşaq xəstəxanasının yaxınlığında görüşərək bir dolu kibrit qutusu və bir yarım kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana verdiyini, Təqsirləndirilən şəxs əldə etdiyi həmin kibrit qutularında olan narkotikdən bir kibrit qutusunu özünün istifadə etdiyini, yarım kibrit qutusunda olan narkotik vasitəni özünün istifadəsi üçün cibində gəzdirərkən xx.xx.2025-ci il tarixdə Qəbələ şəhəri Z.Əliyeva adına olan parkda gəzərkən yaxalandığını, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa narkotiki olmadığını bildirmişdir. Baxış zamanı Qəbələ RPŞ-nin PPXB-nün polis nəfəri polis baş serjantı Rəhim Məmmədcanov tərəfindən “Samsung A24” markalı mobil telefonla video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Qəbələ RPŞ-nin İnzibati Binasında tərtib edilmiş və tədbirdə iştirak edənlər tərəfindən imzalanmışdır. Protokola əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk əlavə edilmişdir. (c.i 01-cild, səh: 61-69) İşdə olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi barədə” protokola əsasən AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Şahid1 iştirakı ilə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara (predmetlərə) baxış keçirilmişdir. 01 ədəd zərfdə təqdim edilmiş həmin predmetlərə və Şahid1 üzərinə onun könüllü razılığı əsasında ardıcıllıqla baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd zərfin içərisində 01 ədəd kibrit qutusuna yığılmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, həmin bitki kütləsinin çəkisi elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisinin 3,62 qram olduğu müəyyən edilmişdir. Həmin maddi sübut yenidən qablaşdırılaraq götürülmüşdür. Şahid1 üzərinə şəxsi axtarış zamanı sonuncunun üzərində cinayət xarakterli hər hansı əşya aşkar edilməmişdir. Baxış və götürmə zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. (c.i 01-cild, səh: 84-91) İşdə olan xx.xx.2025-ci il tarixli “şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokola əsasən həmin tarixdə saat 10:00 radələrindən başlayaraq ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs məhkəmə istintaqında qeyd etdikləri ilə eyniu şəkildə bəhs etmişdir. (c.i 01-cild, səh: 216-222) İşdə olan X4 İnkişaf Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Rəydə göstərilmişdir ki, Qəbələ rayon Bayramkoxalı kəndi ərazisindəki sahəlik ərazilərin, su kanalının üzərində yabanı halda narkotik tərkibli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsi olub-olmaması təftiş edilərkən məlum olmuşdur ki, həmin ərazidə arxların kənarında boş sahələrdə narkotik mənşəli çətənə bitkisi bitə bilər. Yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. (c.i .01-cild, səh: 229) İşdə olan xx.xx.2025-ci il “baxış keçirilməsi haqqında” protokola əsasən "xxxx" MMC tərəfindən verilmiş 1 (bir) ədəd CD formatlı diskə yerləşdirilmiş məlumatlara baxış keçirilərkən ***-***-**-** saylı mobil nömrənin abunəçisi və istifadəçisi Təqsirləndirilən şəxs yaxın mobil əlaqələrinin, yəni onun istifadəsində olan nömrə ilə mütəmadi olaraq əlaqə saxlayan şəxslərin Şahid4 məxsus ***-***-**-** saylı, X1 məxsus ***-***-**-** saylı və Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrələrin istifadəçiləri olduğu müəyyən edilmişdir. (c.i. 01-cild, səh: 200) İşdə olan cinayət işinin materiallarına əlavə edilmiş 28 aprel 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokola əsasən xx.xx.2025-ci il tarixdə Şahid1 üstünün yoxlanılması zamanı aşkar edilərək götürülmüş bir ədəd **********3 saylı əməliyyat nömrəsi olan qəbzə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, 160(bir yüz altmış) manat pul vəsaiti Azərbaycan Beynəlxalq Bank ASC-yə məxsus MA*** QA**** SA**** OG** adına olan bank kartına xx.xx.2025-ci il tarixdə saat 09:30:52-də Qəbələ şəhəri H.Əliyev prospektində yerləşən “Kamaloğlu” adlı marketin içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə köçürülmüşdür. Təqsirləndirilən şəxs bildirdi ki, həmin 160(bir yüz altmış) manat pul vəsaiti Şahid1 tərəfindən ona aid olan Azərbaycan Beynəlxalq Bank ASC-yə məxsus 5522-0993-6342- 7741 saylı kart hesabına narkotik vasitə-qurudulmuş marixuananın satılması üçün köçürülmüş və həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək xərcləmişdir. (c.i. 01cild, səh: 70) İşdə olan AR ƏN MEM X3 tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli, 17/223 saylı ekspert rəyində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs 1./imza/ Təqsirləndirilən şəxs Müdafiəçi 1./imza/ Müdafiəçi. İştirakçılar 1/imza/ Şahid3 2/imza/ Babək Mustafayev..” sözləri, adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd zərfin içərisində olan 01 ədəd kibrit qutusunda və 01 ədəd sellofan bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 5,21 qram və 0,39 qram, ümumi təmiz çəkisi – 5,60 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 01(bir) ədəd kibrit qutusunda və 01(bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər;Tədqiqata sərf edildikdən sonra müvafiq olaraq 5,19 və 0,37 qram çəkidə qalmışdır. (c.i. 1-ci cild, səh: 101-102) İşdə olan AR ƏN MEM X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 17/224 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs: Şahid1, Müdafiəçi S.Süleymanov. İştirakçılar B.Mustafazadə, Şahid3, C.Cabbarlı, Tərtib etdi: C.Əhmədli.” yazısı və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 01 ədəd kibrit qutusunda, təmiz çəkisi – 0,67 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: Şahid1, Müdafiəçi S.Süleymanov. İştirakçılar B.Mustafazadə, Şahid3, C.Cabbarlı, Tərtib etdi: C.Əhmədli.” yazısı və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 01 ədəd kibrit qutusundakı qurudulmuş marixuana ilə üzərində “01(bir) ədəd kibrit qutusunda və 01(bir) ədəd sellofan bükümdə qurudulmuş marixuanalar Təqsirləndirilən şəxs oğ.”yazısı və digər yazılar olan 01 ədəd MEM-ə məxsus kağız paketin içərisindəki 01 ədəd kibrit qutusunda və 01 ədəd sellofan bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata sərf edildikdən sonra müvafiq olaraq 0,65, 5,17 və 0,35 qram çəkidə qalmışdır. ( c.i. 1-ci cild, səh: 106-107) İşdə olan AR SN MPEM PHŞ tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli 266 nömrəli Rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər şəxsiyyətin isterik tip pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda da şəxsiyyətin isterik tip pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu əməl barədə anlaqlı hesab edilir. Onun hərəkətləri AR CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs barəsində olan komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 aprel 2025-ci il tarixli 266 nömrəli nömrəli rəyi sübut növü kimi qəbul edilmişdir. (c.i. 01-cild, səh: 235-237) İşdə olan AR SN Gəncə şəhəri ND tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 737 №li rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (c.i. 01-ci cild, səh: 238) AR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsüf olunmuşdur. Ona görə də o, CM-nın 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumata əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (c.i .01-cild, səh: 132-233) İş üzrə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İşdə olan Qəbələ RİHB-nin Qəbələ şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-59-12/2-433/2025 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i.01-ci cild, səh: 190) İşdə olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə AR CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i. 01-ci cild, səh: 20) İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(025)06/2025 saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (c.i.1-ci cild, səh: 151-153) Məhkəmə hesab edir ki, törətdiyi cinayətin xarakteri nəzərə alınaraq Təqsirləndirilən şəxs CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli və cəzanın həddi müəyyən edilərkən şəxsiyyəti nəzərə alınmalıdır. AR CM 69.3-cü maddəsinə əsasən onun 11 mart 2025-ci il tarixdən həbsdə saxlanıldığı müddət cəza müddətinəhesablanmalı və CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir; Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır; İş üzrə maddi sübut, Qəbələ RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş ümumilikdə 6,17 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli və iş üzrə ekspertiza xərcini təşkil edən 70,52 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasın Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Cəza çəkməsinin əvəli 11 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, Qəbələ RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş ümumilikdə 6,17 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 70,52 manat Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə kçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar