Məhkəmə qərarları › İş №1(025)-18/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-18/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-18/2021 14.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçilər – Qəbələ rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1987-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə və xx.xx.1988-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Qəbələ şəhəri Almabağı yaşayış massivində Zərərçəkmiş şəxs məxsus çayxanaya müştəri qismində gedib orada xidmətçi işləyən Şahid6 bir bakal pivə sifariş edərkən çayxananın sahibi Zərərçəkmiş şəxs sifarişin Şahid6 tərəfindən icra edilməsinə etiraz edib sifariş edilmiş pivənin çayxanada işləyən digər xidmətçi Şahid1 tərəfindən ona aparılmasına göstəriş verdikdə qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında çayxanada istirahət edən başqa müştərilərin gözü qarşısında Zərərçəkmiş şəxslə heç bir əsaslı səbəb olmadan mübahisə edib, münaqişə yaradaraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarına zidd onun ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs bədənin müxtəlif hissələrinə yumuruq və təpiklə, çayxanada olan və silah qismində istifadə etdiyi əşyalar, yəni, stolu, stulu havaya qaldırıb onu Zərərçəkmiş şəxs başına və bədəninə, həmçinin, silah qismində istifadə etdiyi 2-3 ədəd çay daşlarını ataraq Zərərçəkmiş şəxs bədəninin müxtəlif hissələrinə vurmaqla ona sağ dirsək büküşünün sıyrığı və döş qəfəsinin sol hissəsinin qançırı kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, habelə, özgənin, yəni, Zərərçəkmiş şəxs çayxanada olan əmlakını 01 ədəd 35 manat dəyərində plastik materialdan olan stolu, 01 ədəd 03 manat dəyərində pivə bakalını, 01 ədəd 02 manat dəyərində qəndqabını, 01 ədəd 12 manat dəyərində plastik materialdan olan stulu sındıraraq yararsız vəziyyətə salıb Zərərçəkmiş şəxs ümumilikdə 52 manat maddi ziyan vurmaqla çayxanada istirahət edən kənar şəxslərin, müştərilərin rahatlıqlarının, çayxananın normal iş fəaliyyətinin təxminən 15-20 dəqiqə müddətində pozulmasına səbəb olan, yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq cinayətini bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq olunmaqla silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törətmişdir. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə Qəbələ şəhəri Almabağı yaşayış massivində Zərərçəkmiş şəxs məxsus çayxanaya müştəri qismində olan qardaşı Təqsirləndirilən şəxs2 orada xidmətçi işləyən Şahid6 bir bakal pivə sifariş edərkən çayxananın sahibi Zərərçəkmiş şəxs sifarişin Şahid6 tərəfindən icra edilməsinə etiraz edib sifariş edilmiş pivənin çayxanada işləyən digər xidmətçi Şahid1 tərəfindən ona aparılmasına göstəriş verdikdə qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında çayxanada istirahət edən başqa müştərilərin gözü qarşısında Zərərçəkmiş şəxslə heç bir əsaslı səbəb olmadan mübahisə edib, münaqişə yaradaraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarına zidd onun ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs yaxasından tutub onun sifətinə əli ilə, bədənin müxtəlif hissələrinə yumuruq və təpiklə, çayxanada olan və silah qismində istifadə etdiyi əşyalar, yəni, 2-3 ədəd çay daşlarını ataraq Zərərçəkmiş şəxs bədəninin müxtəlif hissələrinə vurmaqla ona sağ dirsək büküşünün sıyrığı və döş qəfəsinin sol hissəsinin qançırı kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, habelə, özgənin, yəni, Zərərçəkmiş şəxs çayxanada olan əmlakını 01 ədəd 35 manat dəyərində plastik materialdan olan stolu, 01 ədəd 03 manat dəyərində pivə bakalını, 01 ədəd 02 manat dəyərində qəndqabını, 01 ədəd 12 manat dəyərində plastik materialdan olan stulu sındıraraq yararsız vəziyyətə salıb Zərərçəkmiş şəxs ümumilikdə 52 manat maddi ziyan vurmaqla çayxanada istirahət edən kənar şəxslərin, müştərilərin rahatlıqlarının, çayxananın normal iş fəaliyyətinin təxminən 15-20 dəqiqə müddətində pozulmasına səbəb olan, yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq cinayətini bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq olunmaqla silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törətmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saat 13:30 radələrində qardaşı Orxan, sinif yoldaşı Talehlə birgə Qəbələ rayon mərkəzi bazarında birgə oturub yemək sifariş edərək yeyib içmişlər. Həmin vaxt onlarla birgə Talehin yeznəsi Rəvan da olmuş, dörd nəfərə 1 litr araq içmişlər. Bundan sonra saat 15 radələrində birgə Tehranın Almabağı məhləsində işlətdiyi çayxanasına gedərək orada pivə içmək qərarına gəlmişlər. Lakin, Rəvan onlarla getməmiş, Taleh və Orxanla birgə Tehranın işlətdiyi çayxanaya gəlib birgə çayxananın həyətində bir tərəfi binanın divarı olan kənarı qamışla bağlı yerdə həyətdə oturmuşlar. Tehran özü də çayxanada olmuş, yeməxanada bir qız və Məmməd adlı xidmətçi işləyərək yeməkləri paylayırmışlar. Çayxanada üçü birgə oturub pivə sifariş vermişlər, həmin vaxt pivələri qız gətirib qulluq edirmiş, hərəyə 2 bakal pivə içmişlər. Birgə pivə içdikdən sonra hesabı, yəni, 6 manatı ödəmişlər, siqaret alıb çıxıb getmək üçün bayıra çıxmışlar. Bayırda mağazadan siqaret aldıqdan sonra orada Taleh və Orxan mağazanın yanında söhbət edirmişlər. Həmin vaxt əlavə olaraq 1 bakal pivə içmək istədiyi üçün onlara “siz söhbət edənə kimi bir bakal pivə içib gəlirəm” demiş, onlara da pivə içməyi təklif etmişdir. Orxan və Taleh də birazdan gələcəklərini bildirmişlər. Belə olub çayxanaya daxil olub əvvəl oturduğu yerdə oturmuşdur. Xidmətçi qıza yenə də 1 bakal pivə sifariş etmiş, sifarişi gözləyərək oturmuş, bu zaman Orxan və Taleh çayxananın qapısında ucadan deyib gülərək nəsə söhbət edirmişlər və səsləri çayxanadan eşidilirmiş. Tehran ona Orxangili göstərib “o, 2 nəfər səninlədirmi?” deyə soruşmuş, hətta, Tehran həmin şəxslər barəsində söyüşlə onları da götürüb get burdan” demişdir. Bu anda xidmətçi qız əlində pivə bakalı onun stoluna çatmağa 2-3 metr qalmışdır ki, Tehran qıza “dayan” dala qayıt, pivəni yerinə qoy” demiş, sonra Tehran xidmətçi Məmmədə “pivəni sən apar ver” deyə bildirmişdir. Qısa zamanda Məmməd həmin pivə bakalını gətirib onun stoluna qoymuşdur. Bu zaman Tehranla aralarında mübahisə baş vermiş, ayağa qalxıb qarşısında olan masanı, yəni göy rəngli plastik stolu hər iki əli ilə havaya qaldırıb Tehranın başına vurmuş, artıq stolun üzərindəki qablar yerə düşüb sınmışlar. Tehran zərbədən yerə yıxılmışdır. Həmin vaxt həmçinin, əyləşdiyi 1 ədəd plastik stul sınmış, həmin stulun sınmış ayağını götürüb onu sifətinə vurmaq istədikdə qollarını irəli vermiş, qollarına dəymişdir. Bu vaxt Tehran yerdə olan bir taxtanı götürmüş, onu və Orxanı vurmağa cəhd etsə də buna imkan verməmişlər. Artıq həmin vaxt çayxanada olan adamlar onları tutub saxlamaq, aralamaq istəyirmişlər. Onlar isə hələ də ona tərəf təpik atırmışlar. Ancaq atdıqları təpiklər ona zərbə ilə dəyməmiş, həm müdafiə olunmuş, həm də imkan vermirmişlər. Onları çayxanadan bayıra yol yerinə çıxartmışlar. Yol yerindən Tehrana tərəf daş atmağa başlamışlar. Təxminən 4-5 ədəd daş atmışlar, daşlardan hansı Tehrana dəyib dəyməməsini dəqiq xatırlamır. Tehran polisin “102” xidmətinə zəng edərək dava barədə məlumat vermiş, hadisə yerindən qaçmamaq üçün Orxanla birgə çayxanaya qayıdıb polisi gözləmişlər, polislər gəldikdə onlarla polis şöbəsinə getmişlər, sərxoşluqları müayinə edilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxlə barışdığını, ona vurulmuş maddi ziyanı tamamilə ödədiyini, habelə himayəsində azyaşlı uşaqlarının və xəstə anasının olması ilə əlaqədar ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onların özlərinin etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qəbələ şəhər Almabağı deyilən yerdə özünə məxsus olan həyətinə bitişik hissədə çayxana işlədir, orada əvvəllər müştərilərə yemək versə də son zamanlar ancaq çay və pivə verirmiş. Çayxanada Şahid1 və Tünzalə adlı bir qadın xidmətçi işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində çayxanada tanışları Mehdi, İlham, İlqar adlı şəxslərlə birgə oturub çay içmiş, üzbəüz, yəni, həyətdə Nurlan, Orxan və Taleh adlı şəxs oturub pivə içmişlər. Belə ki, onlar çayxanaya ondan əvvəl gəlib oturmuşlar. Bu zaman həmin şəxslər pivələrini bitirəndən sonra hesabı ödəyib çayxanadan çıxıb getmişlər. Aralarında heç bir söz-söhbət olmamışdır. Yola çıxan kimi həmin şəxslərin bir-biri ilə nəsə söyüşlü mübahisə, söhbət etdiklərini eşitmişdir. Belə ki, onlar bir-biri ilə nəsə söyüşlə danışmışlar. 10 dəqiqə söz-söhbətdən sonra Nurlan geri qayıtmış və əvvəl oturduğu yerdə oturmuş, ümumi olaraq “pivə gətirin” deyə sifariş vermişdir. Məmmədə “müştəriyə pivə ver” demiş, Məmməd də Nurlanın stoluna bir bakal pivə aparmış, bu zaman Nurlan onu “dur bura gəl” deyərək yanına çağırmış, Nurlanın yanına çatanda Nurlan ona söyüşlə “otur burda” demişdir. Onun dediyi kimi stolunda üzbəüz oturmuş, Nurlan “sən kimsən ki, burda əmr verirsən ki, pivəni kim aparsın, qadın işçini isə içəri getməsini tələb edirsən”? deyə soruşmuş, Nurlan pivəni ona Tünzalənin deyil, Məmmədin aparmasına görə narazı olduğunu bilmiş, Nurlana “mən buranın sahibiyəm, ixtiyarım var ki, kiməsə içəri keç deyim, yaxud pivə aparmağı kimə tapşırım” deyə cavab vermişdir. Tünzaləyə də ona içəri keçməyi Nurlangilin çox sərxoş olduğundan söz-söhbət olmasından çəkindiyi üçün tapşırmışdır. Nurlan yenə də ardıcıl onunla söyüşlə danışıb təhqir edirmiş və bu söyüşləri kənardan olan müştərilər də eşitmişlər. Nurlana “söyüşlə danışma” demiş, Nurlanın qapının bayırında olan qardaşı Orxan onların yanına gəlmiş və “sən nə demək istəyirsən” deyib əynindəki köynəyinin yaxasından tutub yumuruğunu havaya qaldırıb yumuruq atmış, başını kənara çəkib yumuruq dəyməməsi üçün sağ əlini irəli vermiş, yumuruq ona dəyməmişdir. Bu zaman Nurlan ayağa qalxıb qarşısında olan masanı, yəni göy rəngli plastik stolu hər iki əli ilə havaya qaldırıb onu başına, üzərin çırpıb vurmuş, artıq stolun üzərindəki 1 şüşə pivə bakalı, 1 ədəd qırmızı rəngli plastik qəndqabı yerə düşüb sınmışlar, həmçinin, stol da sınıb yararsız hala düşmüş, zərbədən yerə yıxılmışdır. Həmin vaxt həmçinin, Nurlanın əyləşdiyi 1 ədəd plastik stul sınmış, Nurlan bu zaman həmin stulun sınmış ayağını götürüb onu sifətinə vurmaq istədikdə qollarını irəli vermiş, stulun sınmış ayağı sol qolunun içəri dirsəyinin qatlanan hissəsinə yaxından dəyərək xəsarət yetirmişdir. Bu vaxt yerdə olan bir taxtanı özünü müdafiə etmək, Nurlangili qorxutmaq üçün götürmüş, əlinə aldığı taxta nəm olduğundan ikiyə bölünmüş, həmin taxta ilə özünü müdafiə etmək üçün Nurlan və Orxanı vurmağa cəhd etsə də buna imkan verməmişlər. Artıq həmin vaxt çayxanada olan adamlar Nurlan və Orxanı tutub saxlamaq, aralamaq istəyirmişlər. Onlar isə hələ də ona tərəf təpik atırmışlar. Ancaq atdıqları təpiklər ona zərbə ilə dəyməmiş, həm müdafiə olunmuş, həm də imkan vermirmişlər. Məmməd, Nofəl, İlqar, İlham Nurlan və Orxanı çayxanadan bayıra yol yerinə çıxartmışlar. Nurlan və Orxan həmin vaxt yol yerindən ona tərəf daş atmağa başlamışlar. Təxminən 4-5 ədəd daş atmışlar, daşlardan ikisi sol böyürünə, biri isə kürək nahiyyəsinə dəymiş, onlara polisin “102” xidmətinə zəng edəcəyini bildirmiş, bundan sonra Nurlan və Orxan çıxıb getmək istəmişlər. Polisə zəng edəndən sonra Nurlan və Orxan qayıdıb yenə də çayxanaya gəlmiş, ancaq bu dəfə aralarında heç bir dava–dalaş, söz-söhbət olmamışdır. Qısa zamanda polislər oraya gəlmiş, polis şöbəsinə getmişlər və ərizə ilə müraciət edərək döyülməyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində, eyni zamanda məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etdi ki, təqsirləndirilən şəxslər Nurlan və Təqsirləndirilən şəxs1 qardaşları ilə barışmışdır, həmin şəxslər ona vurulmuş maddi ziyanı tamamilə ödəmişdir və buna görədə onlardan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Qəbələ şəhər Almabağı deyilən yerdə Zərərçəkmiş şəxs məxsus çayxanada xidmətçi kimi işləyir, işi çay-yemək hazırlamaq olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində çayxanaya Nurlan, Orxan və adını sonradan bildiyi Taleh adlı şəxs gələrək pivə sifariş edib pivə içməyə başlamışlar. Pivəni onlara çayxanada xidməçi işləyən Tünzalə adlı qız daşıyırmış. Həmin şəxslər 5-6 bakal pivə içib təxminən saat 17 radələrində hesabı verib çıxıb getmişlər, heç bir dava-dalaş baş verməmişdir. Həmin şəxslər gedən zaman yolda bir-biri ilə nəsə söyüşlü mübahisə, söhbət etdiklərini eşitmiş, onlar bir-biri ilə nəsə söyüşlə danışırmışlar. Təxminən 10 dəqiqə söz-söhbətdən sonra Nurlan geri qayıtmış, Tünzalədən ona pivə gətirməyini istəmişdir. Bunu eşidən Tehran ona Nurlan üçün bir bakal pivə aparmağı tapşırmışdır. Pivə süzüb aparıb onu Nurlanın stolunun üzərinə qoymuş, qayıdıb mətbəxə keçmişdir. Bu zaman Nurlanın Tehranı oturduğu stola çağırmasını eşitmiş, Tehran da onun stoluna tərəf getmiş, üzbəüz oturmuşlar. Mətbəxdə olan zaman həmin yerdə ucadan nalayiq söyüşlər, səs-küy eşitmiş, bayıra çıxanda Nurlanın qarşısındakı masanın çevrilmiş vəziyyətdə, masanın üzərindəki bakal və qəndqabı yerə düşüb sınmasını görmüşdür. Nurlanın qardaşı Orxan da orada olmuş, həmin vaxt Nurlan yerə yıxılmış masanın ayağını havaya qaldırıb onu Tehranın başına vurmaq istəmiş, Tehran qollarını irəli verərək zərbənin başına dəyməsindən yayınmaq istəmiş, bu zaman masanın ayağı Tehranın sağ qoluna dəyərək xəsarət yetirmişdir. Həmin vaxt orada olan müştərilər Mehdi, İlham, Nofəl, İlqar, həmçinin, özü də onlara yaxınlaşıb Nurlan və Orxanı aralamağa, sakitləşdirməyə başlamışlar. Bu zaman Orxan Tehranın sinəsinə təpiklə bir dəfə vurmuş, Tehran bu zaman arxaya gedib səndələyərək yerə yıxılmışdır. Həmin vaxt Nurlan və Orxan təkrar olaraq Tehranı təpiklə vurmaq üçün cəhd etsələr də buna imkan verməmişlər. Bu zaman Tehran çayxananın içərisindən bir dənə taxta parçasını Nurlan və Orxanı vurmaq üçün almış, taxtanı havaya qaldırıb onu Nurlan və Orxana vurmaq istəmiş, ancaq taxta parçası havada ikiyə bölünmüş, vura bilməmişdir. Bundan sonra Nurlan və Orxan küçəyə çıxmış, oradan çayxananın içərisində Tehrana tərəf daş atmağa başlamışlar. Təxminən 5-6 ədəd daş atmışlar və atdıqları daşlardan biri Tehranın sinəsinə, digəri isə kürəyinə dəymişdir. Tehran polisin “102” xidmətinə zəng edərək dava-dalaş barədə məlumat vermiş, buna görə də Nurlan və Orxan çayxanaya daxil olub orada əyləşib gözləməyə başlamışlar. Polislər gəldikdən sonra Nurlan, Orxan və Tehran polis şöbəsinə getmişlər. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində çayxananın həyətində Tehranla oturub birgə nərd oynamışdır. Bu zaman çayxananın digər hissəsindən, onlardan təxminən 7-8 metr sağda yuxarı hissə tərəfindən kimsə Tehranı çağırmış, Tehran da onlardan ayrılıb oraya getmişdir. 5-6 dəqiqə orada Tehran kimləsə söhbət etmiş, bu vaxt bayırdan başqa bir oğlan çayxanaya daxil olub Tehrangilin stoluna yaxınlaşmışdır. Bayırdakı şəxs gələn kimi nəsə səs-küy başlamışdır. Tehranın əvvəl söhbət etdiyi şəxs yəni, sonradan adını bildiyi Nurlan qarşısındakı stolu bir tərəfini qaldırıb onu Tehranın üzərinə aşırmış, masanın üzərindəki əşyalar dağılmışdır. Bundan sonra Nurlan və qardaşı adını sonradan bildiyi Orxan adlı şəxslə Tehran arasında qarşılıqlı olaraq dava başlamış, Orxan və Nurlan Tehranla dalaşanda onlar bir-birilərini qarşılıqlı olaraq yumuruqla, təpiklə bədənlərinin müxtəlif hissələrinə vururmuşlar. Səhhətində problem olduğuna görə yerindən qalxmamış və müdaxilə etməmişdir. Onların davasına çayxanadan adlarını bilmədiyi şəxslər, həmçinin birgə oturduğu şəxslər də durub yaxınlaşmış, müştərilər Tehranı, Orxanı və Nurlanı ayırmağa başlamışlar. Orxanla Nurlan çayxanadan bayıra, yol yerinə çıxmışlar. Sonra bayırdan Orxan və Nurlan çayxanaya tərəf Tehrana doğru bir neçə daş atmağa başlamışlar. Atdıqları daşlar Tehranın bədəninin müxtəlif yerlərinə dəymişdir. Bu anda Tehran onlara polisə şikayət edəcəyini demiş, həmin qardaşlar sakitləşmişlər. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günortadan sonra saat 13:30 radələrində Nurlan və Orxanla Qəbələ rayon mərkəzi bazarında çayxanada birgə oturub yemək yeyib içmişlər. Həmin vaxt onlarla birgə yeznəsi Rəvan da olmuş, dörd nəfərə 1 litr araq içmişlər. Saat 15 radələrində Tehranın Almabağı məhləsində işlətdiyi çayxanasına gedərək orada pivə içmək qərarına gəlmişdir. Lakin, Rəvan onlarla getməmişdir. Orxan və Nurlan birgə Tehranın işlətdiyi çayxanaya gəlib birgə çayxananın həyətində bir tərəfi binanın divarı olan kənarı qamışla bağlı yerdə həyətdə oturmuşlar. Çayxanada üçü birgə oturub pivə sifariş vermişlər, hərəsinə 2 bakal pivə içmişlər. Həmin vaxt pivələri çayxanada işləyən Türkan adlı qız gətirib qulluq etmişdir. Pivə içdikdən sonra Türkana dediyi hesabı ödəmişl, siqaret alıb çıxıb getmək üçün bayıra çıxmışlar. Bayırda çayxananın yanındakı mağazadan siqaret aldıqdan sonra orada Orxanla mağazanın yanında söhbət etmiş, Nurlan isə həmin vaxt əlavə olaraq 1 bakal pivə içmək istədiyi üçün çayxanaya qayıtmışdır. Təxminən 5 dəqiqə sonra çayxanada hündürdən mübahisə nalayiq söyüş səsləri səsi eşitmiş, nə baş verdiyini bilmək üçün çayxanaya tərəf getməyə başlamışlar. Qabaqda Orxan, ardınca da özü bir qədər arxada olmuş, Orxan çayxanaya daxil olduqdan 5-6 dəqiqə sonra onu çayxanada olan adlarını bilmədiyi 3-4 nəfər şəxs bayıra çıxartmışlar. Çayxanadan ucadan səs-küy gəlirmiş. Bu an Nurlan və Tehranı da bayıra çıxartmış, onlardan nə baş verdiyini soruşanda Nurlan və Orxan Tehranla aralarında dava olduğunu bildirmişlər. Tehran isə həmin vaxt Nurlanın onu daşla vurduğunu demiş, həmin vaxt Tehran böyür hissəsini tutmuş, ağradığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində çayxanada zalda oturmuş, həmin vaxt həyətdə başqa xeyli müştərilər oturmuşdur. Zalda olan zaman bayırda söyüş səsləri eşitmiş, çayxanada işləyən Məmməd söyüş söyən şəxslərə “söyüş söyməyin, camahat içidir” demiş, ancaq kimin söyüş söyməsini bilməmişdir. Söyüş söyən şəxslər Məmmədə “oldu ağsaqqal, bağışla” demişlər. Zalda oturub çay içən zaman çayxananın həyətində ağır nalayiq söyüşlər səslənmiş, nə baş verdiyini bilmək üçün bayıra çıxmış, bu zaman Tehran və Nurlanın çayxananın həyətində stol ətrafında oturub aqressiv şəkildə bir-biri ilə danışdıqlarını görmüş, onlar qarşılıqlı olaraq bir-birini təhqir edirək nalayiq söyüşlər işlədirdilər. Dava baş verə biləcəyinə görə onlara yaxınlaşmış, bu zaman Orxan çayxananın bayırından gəlib düz Tehrangilə yaxınlaşmış, ayaqüstə durub Tehrana nalayiq söyüş işlətmiş və “nə olubəəə” demiş, Nurlan da heç nə olmadığını deyəndə Orxan “mənim qardaşıma söz deyəni doğrayaram” deyib söyüşlə təhqir etmişdir. Tehran ayağa qalxmış, qalxan kimi Orxan ona sillə atmış və Tehranın sifətinə dəymiş, Tehran da qarşılıqlı olaraq Orxana sillə ataraq sifətinə vurmuşdur. Bu zaman Nurlan ayağa qalxıb qarşısındakı böyük masanı götürüb onu havaya qaldırıb Tehranın başına qarışıq çırpmış, Tehran çevrilib oturduğu stula əl atmış, dərhal çevrilib Orxanı tutmuş ki, onu bayıra çıxartsın. Bu anda Məmməd, həmçinin, orada olan müştərilər də Tehranı və Nurlanı sakitləşdirməyə, ayırmağa çalışmışlar. Artıq Nurlan və Orxanı bayıra çıxartmışlar, Tehran zalda olmuş, Orxan və Nurlan çayxanaya daş atmışdırlar. Tehran da bayıra çıxmış bu zaman Nurlan və Orxan daş atmağa davam edib Tehrana ovuc dolusu çay daşı ataraq hərəsi bir dənə olmaqla Tehrana dəymişdir. Atdıqları daşlardan biri Tehranın kürəyinə, digəri isə döş hissəsinə dəymiş, bunu görən Tehran çayxananın içinə qaçmışdır. Çayxanada olan şəxslər bayıra çıxıb Nurlan və Orxanı sakitləşdirmişlər. Tehran da polisə məlumat vermiş, az sonra polislər gəlmişlər və onları polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid Ağasıyev İlqar Qurban oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində çayxanada olmuşdur. Çayxananın həyətində qarşı tərəfində Şahid7lə birgə bağlı yerdə oturub çay içmişdirlər. Bu zaman çayxananın digər hissəsində Nurlan, Orxan və Taleh adlı şəxs birgə pivə içmişdirlər. Az sonra həmin şəxslər yola çıxmış, daha sonra Nurlan geri qayıtmışdır. Bu vaxt Tehran Nurlana yaxınlaşmış və onlar arasında mübahisə səsləri eşitmiş, belə ki, Nurlan və Tehran bir-birinə qarşılıqlı nalayiq söyüşlər işlətmişdirlər. Həmin vaxt sillə səsi eşidilmiş, ancaq Nurlanın Tehranı, yaxud Tehranın Nurlanı vurmasını görməmişdir. Səsə bayırdan Orxan və Taleh də gəlmişlər, onları sakitləşdirmək üçün yaxınlaşanda Nurlan qarşısındakı masanı qaldırıb onu Tehranın sifətinə, bədəninə qarışıq vurmuş, stol plastik olduğundan qırılmış, Tehranın sağ qolu cızılmış, Mehdi, Nofəl, Məmməd, İlhamla birgə onları ayırmağa, sakitləşdirməyə çalışmışlar. Davanı ayırandan sonra Nurlan və Orxan bayıra çıxmış, oradan Nurlan və Orxan Tehrana daş atmış, atdığı daşlardan biri Tehranın bədəninə dəyərək yerə düşmüşdir. əkrar olaraq çayxanada olan şəxslər bayıra çıxıb Nurlan və Orxanı sakitləşdirmişlər, Tehran da polisə məlumat vermiş, az sonra polislər gəlmiş, Nurlan, Orxan və Tehran polis şöbəsinə getmişdirlər. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində çayxanada Tehran, Mehdi, İlqar və Nofəllə birgə bir stol ətrafında oturmuşlar. Onlardan 4-5 metr məsafə isə Nurlan, Orxan və Taleh oturub pivə içmişdirlər. İnternetlə məşğul olmaq üçün mobil telefonunu götürüb çayxananın binasına “wifi”-ya qoşulmaq üçün girmiş, internetdə məşğul olan zaman bayırda nəsə mübahisə, dava-dalaş səsi eşitmiş, nə baş verdiyini bilmək üçün bayıra çıxdıqda Nurlanın Orxanala birgə Tehranla mübahisə edərək bir-birilərini vurmağa cəhd etdiklərini, bir-birinin üstünə getdiklərini görmüş, buna görə də onların arasına girib ayırmağa çalışmışlar. Bu zaman Orxan plastik stulu oradan götürüb onu havaya qaldırıb Tehrana vurmaq istəmiş, Tehran qollarını müdafiə olunmaq üçün irəli vermiş, stul Tehranın qoluna dəymiş, həmçinin Nurlan oradakı ətrafında əyləşdikləri masanı çevirmiş, üzərindəki qəndqabı, bakal yerə düşərək sınmışdır. Dava zamanı Tehran əlindəki taxta parçası ilə Nurlan və Orxanı vurmağa cəhd etsə buna imkan verməmişlər, Nurlan və Orxan qardaşlarını bayıra çıxartmışlar. Bayıra çıxandan sonra da qardaşlardan biri çayxananın içərisinə Tehrana tərəf daş atmış, atdığı daş Tehranın böyrünə dəyərək yerə düşmüş, Tehran da çayxanadan polisin “102” xidmətinə zəng edərək baş vermiş dava-dalaş barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid Piriyeva Tünzalə Ədalət qızı ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayının əvvəllərindən Qəbələ şəhər Almabağı deyilən yerdə Zərərçəkmiş şəxs çayxanasında xidmətçi işləyir. xx xxxxxx 2021-ci il tarixdə saat 17 radələrində çayxanda 7-8 nəfər tanımadığı müştərilər var idi. Bu zaman bir oğlan çayxanaya daxil olub stolda oturub ona bir bakal pivə sifariş etmiş, pivə aparmaq üçün çayxananın binasına daxil olan zaman Tehran yaxınlıqdakı stolda oturduğu yerdən “sən get içəri mən özüm aparacağam” demiş, buna görə çayxananın binasına girmiş və bayıra çıxmamışdır. Təxminən 1 saat sonra bayıra çıxdıqda bayırda çayxananın stolu, stulu, bakalı, qəndqabı sınıq olduğunu görmüş, dava-dalaş olduğunu bilmişdir. Az sonra Tehran gəlmiş ona “elə hər şey sənin üstündə oldu, sənə pivə gətir dedilər, mən sənə içəri gir dedim, buna görə də acıqları tutub dava oldu” demişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 xx xxxxxx 2020-ci il tarixli 445 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ dirsək büküşünün sıyrığı döş qəfəsinin sol hissəsinin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə yəni xx xxxxxx 2020-ci ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan Gilan “xxxx” MMC-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 39 nömrəli məktubundan görünür ki, 01 ədəd 80 sm x 1,2 m ölçüdə plastik materialdan olan stolun (masanın) qiyməti 35 manat, 1 ədəd pivə bakalı 3 manat, 1 ədəd plastik materialdan olan qənd qabı 2 manat, 1 ədəd plastik stulun sərbəst bazar qiyməti 12 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin özlərinin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onların ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq cinayətini bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq olunmaqla silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törətməsi tamamilə sübuta yetirildi. Onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməklə əvvəllər məhkum olunmamasını, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı tamamilə ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndinə əsasən, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun ilk dəfə cinayət törətməklə əvvəllər məhkum olunmamasını, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı tamamilə ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və cəzanı yüngülləşdirən bu halların məcmusuna, habelə cəzanı ağırlaşdıran halın olmadığına əsaslanaraq, həm də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzasını çəkməsi ailə vəziyyətini maddi cəhətdən ağırlaşdırılacağını, eyni zamanda cəza çəkmədən islah olunmasını mümkün saydığını nəzərə almaqla hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmə tətbiq olunmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməklə əvvəllər məhkum olunmamasını, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı tamamilə ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməklə əvvəllər məhkum olunmamasını, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı tamamilə ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və cəzanın yüngülləşdirən bu halların məcmusuna, habelə cəzanı ağırlaşdıran halın olmadığına əsaslanaraq, həm də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzasını çəkməsi ailə vəziyyətinin maddi cəhətdən ağırlaşdırılacağını, eyni zamanda cəza çəkmədən islah olunmasını mümkün saydığını nəzərə almaqla hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmə tətbiq olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 119 (bir yüz on doqquz) manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd sınmış stul, bir ədəd zədələnmiş qəndqabı, bir ədəd bakal sınıqları hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, beş ədəd çay daşları isə məhv edilməlidir. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 119 (bir yüz on doqquz) manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd sınmış stul, bir ədəd zədələnmiş qəndqabı, bir ədəd bakal sınıqları hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılsın, beş ədəd çay daşları isə məhv edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar