Məhkəmə qərarları › İş №1(025)-18/2025

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-18/2025

28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-18/2025 28.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Dövlət ittihamçısı və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1972-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qəbələ rayonu, Zarağan kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxıb Azərbaycan Respublikası CPM-nin 344, 357, 349, 351-351, 383-385-ci maddələrini rəhbər tutaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, satış məqsədi olmadan 2024cü ilin avqust ayında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Bayramkoxa kəndində əkin sahələrinin kənarından yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq, qurudub kustar üsulla hazırladığı narkotik vasitə qurudulmuş marixuananı 476,51 qram olmaqla xeyli miqdarda qanunsuz olaraq əldə edərək yaşadığı Qəbələ rayon Zarağan kəndində yerləşən fərdi yaşayış evinin arxasındakı talvarda gizlədərək saxlamış, bundan sonra əldə etdiyi xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuananın 26,51 qram hissəsini üzərində gəzdirərkən 23 aprel 2025-ci il tarixdə saat 21:48 radələrində bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ rayonu Zarağan kəndinin mərkəzində piyada hərəkətdə olarkən saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 26,51 qram narkotik vasitə-qurudulmuş marixuana aşkarlanaraq götürülmüş, bundan sonra keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı Qəbələ rayon Zarağan kəndində yerləşən fərdi yaşayış evinin arxasındakı talvara əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən videoçəkiliş aparılmaqla həmin tarixdə saat 22:03 radələrindən başlayaraq baxış keçirilən zaman həmin yerdən divarın küncündən üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuana ilə eyni təkibli olan 01 (bir) ədəd sellofan torbanın içərisində 450,0 qram olmaqla xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon Zarağan kəndində yaşayır və anadangəlmə talassimiya xəstəliyindən əziyyət çəkir. Rusiya Federasiyasında yaşayarkən bədənindəki ağrıları azaltmaq məqsədilə həkim məsləhəti ilə narkotik vasitə olan marixuanadan siqret kimi çəkərək istifadə etməyə başlamış və indiyədək çəkməkdə davam etmişdir. Hazırda istifadə etdiyi narkotik vasitə olan marixuananı 2024-cü ilin avqustunda Qəbələ rayon Bayramkoxa kəndi ərazisindəki əkin sahələrinin kənarlarında yabanı halda bitmiş marixuana bitkilərindən yığaraq istifadə etmək üçün qurutmuş və sellofan torbaya yığaraq yaşadığı evin arxasındakı talvarda(quraqlıqda) saxlamışdır. 24 aprel 2024-cü il tarixdə axşam saatlarında həmin marixuanadan çəkmək üçün bir qədər götürüb sellofan bükülüdə şalvarının cibinə qoymuşdur. Həmin gün axşam vaxtı Qəbələ rayonu Zarağan kəndinin mərkəzində olarkən tanımadığı şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakından şübhələndiklərini bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Onlara üzərində qurudulmuş marixuana olduğunu bildirərək əynindəki cins şalvarın cibində saxladığı 01 (bir) ədəd rəngli sellofan bükülüdəki narkotik vasitə olan qurudulmuş marixuana kütləsini polis əməkdaşlarına təqdim etmiş, həmin kütləni Qəbələ rayonu, Bayramkoxa kəndi ərazisindəki əkin sahələrinin kənarlarında yabanı halda bitən çətənə bitkilərindən topladığını və qurudaraq Qəbələ rayonu, Zarağan kəndindəki evinin arxasındakı talvarda gizlətdiyini, üzərindəki narkotik vasitəni də həmin yerdən götürdüyünü bildirmişdir. Bundan sonra polis əməkdaşlarının müşayiəti ilə gedərək yaşadığı evin arxasındakı talvarda gizlətdiyi sellofan torbada olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. İş üzrə Şahid1 fadəsində göstərmişdir ki, o, Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuana qanunsuz olaraq əldə edərək üzərində daşıması, eləcə də saxlaması barədə daxil olmuş məlumat əsasında həmin gün axşam vaxtı Qəbələ RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Qəbələ rayon Zarağan kəndinə getərək mövqe tutub müşahidə aparmış və Təqsirləndirilən şəxs kəndin mərkəzindəki univermağın qarşısında piyada hərəkətdə olarkən saxlanılmışdır. Özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib hüquq və vəzifləri izah edilmiş və ondan üzərində narkotik vasitə, yaxud digər cinayət xarakterli predmet olub-olmadığı şifahi qaydada soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində qurudulmuş marixuana olduğunu bildirmiş və əynindəki cins şalvarın yan cibindən 01 ədəd sellofan bükülü çıxararaq təqdim etmişdir. Bükülü açıldıqda kəskin iyə malik qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu və 2024-cü ilin avqust ayında Qəbələ rayonu Bayramkoxalı kəndi ərazisindəki əkin sahələrinin kənarlarında yabanı halda bitmiş marixuana bitkilərindən toplayaraq qurudub əldə etdiyini, həmin marixuananın qalan hissəsini Qəbələ rayonu Zarağan kəndindəki evinin arxasındakı talvarda gizlətdiyini bildirmişdir. Aşkar edilmiş marixuanaya bənzər kütlə elektron trəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti ilə gedərək Zarağan kəndindəki evinin arxasındakı talvarda gizlətdiyi sellofan torbada olan narkotik vasitəni təqdim etmişdir. Sellofan torba açıldıqda içərisindən kəskin iyə malik qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə aşkarlanmış, Təqsirləndirilən şəxs həmin kütlənin də marixuana olduğunu və Qəbələ rayon Bayramkoxa kəndi ərazisindəki əkin sahələrinin kənarlarında yabanı halda bitmiş marixuana bitkilərindən yığıb qurudaraq əldə etdiyini bildirmişdir. Aşkar edilmiş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və tədbirdə iştirak edənlər tərəfindən imzalamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş predmetlərə Qəbələ rayon polis şöbəsində təhqiqatçı tərəfindən baxış keçirilməsində o, iştirak etmiş və tərtib edilmiş protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən, onun marixuananı gizlədib saxladığı yerə baxış keçirilərkən, o cümlədən aşkar edilmiş predmetlərə təhqiqatçı tərəfindən baxış keçirilərkən əvvəldən sona qədər videoçəkiliş aparılmış, fotoşəkillər çəkilmişdir. İş üzrə Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan 23 aprel 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokola əsasən Qəbələ rayonu, Zarağan kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 23 aprel 2025-ci il tarixdə, saat 21:48 dəqiqədə Qəbələ rayonu Zarağan kəndində piyada hərəkət edərkən saxlanılmış, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Ona paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu bildirilmiş və üstü yoxlanmazdan qabaq paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın yan cibindən 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə olan yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, həmin 1 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisi 6.75 (altı tam yüzdə yetmiş beş) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümdə оlан kütlə kağız zərfə qoyulmaqla qablaşdırılmış, üzəri DİN-in “103” nömrəli möhrü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində аşkar olunmuş 1 (bir) ədəd sellofan bükümdə olan yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni 2024-cü ilin yay aylarında Qəbələ rayonu Bayramkoxa kəndi ərazisindəki əkin sahələrinin kənarlarında yabanı halda bitmiş marixuana kənaf kollarının yarpaqlarından yığaraq özünün istifadəsi üçün qurudub Qəbələ rayonu Zarağan kəndində yerləşən evinin arxa tərəfindəki talvarda gizlətdiyini və həmin qurudulmuş bitki kütləsinin bir qismini üzərində daşıyarkən yaxalandığını bildirmişdir. Baxış keçirmə Qəbələ rayonu Zarağan kəndində yerləşən Univermağın qarşısında keçirilmiş və baxış zamanı «Samsung A 25» markalı mobil telefondan istifadə edilməklə Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X4 tərəfindən fotoşəkillər çəkilmiş, video çəkiliş aparılmışdır. Fotoşəkillərin əksi çıxarılmış, videoçəkiliş 01 (bir) ədəd DVD-yə köçürülərək protokola əlavə edilmişdir. (c.i.səh: 09-10: fotocədvəl. səh: 11-14) İşdə olan 23 aprel 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və mənzilə baxış keçirilməsinə dair” protokola əsasən xx.xx.1972-ci ildə Qəbələ rayonu Zarağan kəndində anadan olmuş, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı o, 23 aprel 2025-ci il tarixdə, saat 21:48 dəqiqədə Qəbələ rayonu Zarağan kəndində piyada hərəkət edərkən saxlanılmış, hüquq və vəzifələri izah olunaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 1 (bir) ədəd ağ rəngli sellofan bükülüdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində аşkar olunmuş 1 (bir) ədəd sellofan bükülüdə olan yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni 2024-cü ilin yay aylarında Qəbələ rayonu Bayramkoxa kəndi ərazisindəki əkin sahələrinin kənarlarında yabanı halda bitmiş marixuana kənaf kollarının yarpaqlarından yığaraq özünün istifadəsi üçün qurudub Qəbələ rayonu rayonu Zarağan kəndindəki evinin arxasındakı talvarda gizlətdiyini gizlətdiyini və həmin qurudulmuş bitki kütləsinin bir qismini üzərində daşıyarkən yaxalandığını bildirmişdir. Təqsirləndirilən şəxs Bayramkoxa kəndi ərazisindəki əkin sahələrinin kənarlarında yabanı halda bitmiş marixuana kollarının yarpaqlarından yığıb toplayaraq qurudub Qəbələ rayonu Zarağan kəndindəki evinin arxa tərəfindəki talvarda gizlətdiyi narkotik vasitəni göstərə biləcəyini bildirmiş, həmin yerdə narkotik vasitənin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə etməklə baxış və götürmə aparmışdır. Baxış və götürülmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs həmin yerdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs Qəbələ rayonu Zarağan kəndindəki evinin arxa tərəfindəki talvarda gizlətdiyi 1 (bir) ədəd şəffaf sellofan torbada olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, həmin kütlə tərəzidə çəkilərək 465,0 qram olduğu müəyyən edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə zamanı «Samsung A 25» markalı mobil telefondan istifadə edilməklə Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X4 tərəfindən fotoşəkillər çəkilmiş, video çəkiliş aparılmışdır. Fotoşəkillərin əksi çıxarılmış, videoçəkiliş 01 (bir) ədəd DVD köçürülərək protokola əlavə edilmişdir. (c.i.səh: 16-17; fotocədvəl. səh: 18-21) İşdə olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyaya baxış keçirilməsi, həmçinin, şəxsi axtarış və götürmə haqqında” protokola əsasən xx.xx.1972-ci ildə Qəbələ rayonu Zarağan kəndində anadan olmuş, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində aşkar edilmiş əşyalara (predmetlərə) videoçəkilişdən istifadə edilərək baxış keçirilərkən təqdim olunan 01 ədəd ağ rəngli zərfdə qablaşdırılmş 1 ədəd ağ rəngli sellafon bükülüdə 6.48 qram çəkidə, 01 ədəd sellovan torbada isə 456,0 qram çəkidə qurudulmuş marixuanaya bənzər yaşıl kütlə aşkar edilmiş və həmin kütlələr 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilmiş, videoçəkiliş aparılmışdır. Fotoşəkillərin əksi çıxarılmış, videoçəkiliş 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. (c.i.səh: 38-39; fotocədvəl. səh: 40-43) İşdə olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması” haqqında protokola əsasən Təqsirləndirilən şəxs Qəbələ rayon Bayramkoxa kəndi ərazisindəki əkin sahələrinin yaxınlığındakı ərazini göstərərək xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən üzərində və onun göstərdiyi talvarda aşkarlanaraq götürülmüş qurudulmuş marixuana kütlələrini 2024-cü ilin avqust ayında həmin yerdə yabanı halda bitmiş marixuana bitkilərindən öz istifadəsi üçün yığdığını və qurutduqdan sonra Qəbələ rayonu Qəbələ rayonu Zarağan kəndindəki evinin arxa tərəfindəki talvarda gizlətdiyi bildirmişdir. (c.i. səh : 132-133; fotocədvəl. səh: 135-136) İşdə olan AR ƏN MEM X11 tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli 17/301 nömrəli məhkəmə bioloji ekspertizasının rəyində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş, üzərində “İştirak etdilər.Şübhəli şəxs: Təqsirləndirilən şəxs., CAB ə/m Şahid2,Tərtib etdi:CAB-n ə/m Şahid1.” yazısı, digər yazılar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 26,51 qram olan bitki kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “İştirakçılar.CAB-nin ə/m Şahid1, CAB-nin NMQ-nun ə/m Şahid2, Şübhəli şəxs:Təqsirləndirilən şəxs, Hüquq müdafiəçisi Firidun Osmanov.” yazısı, digər yazılar və imzalar olan 01(bir) ədəd sellofan torbanın içərisindəki digər 01(bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi - 450,0 qram olan bitki kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. (tədqiqata 0,02 qram sərf edilmiş, qalıq 476,31 qram olmuşdur)( c.i. səh : 57-58) İşdə olan Qəbələ rayon X13 X3 Müdiri, Nütəxəssis-aqronom X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Rəyə əsasən Qəbələ rayon Bayramkoxa kəndindi ərazisindəki əkin sahələrinin kənarlarında yabanı halda narkotik mənşəli çətənə bitkisinin bitməsi üçün münbit şərait vardır. Yabanı halda narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. (c.i. səh : 94) AR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsüf olunmuşdur. Ona görə də o, CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumata əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (c.i. səh: 112-113) İş üzrə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli 892 nömrəli X5 X12 göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (c.i səh: 130) İşdə olan xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə AR CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(c.i. səh: 21) İşdə olan Qəbələ RPŞ-nin xx.xx.2025-ci il tarixli 255 saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. (c.i. səh: 79) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq Təqsirləndirilən şəxs CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, CM 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət cəza müddətinə hesablanmalıdır; İş üzrə maddi sübut olan Qəbələ RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan cəmi 476,31 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli; İş üzrə ekspertiza xərcini təşkil edən 34,55 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasın Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin və o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdə həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Qəbələ rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, Qəbələ RPŞ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş cəmi 476,31 qram (26,41 qram və 449,90 qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 34,55 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar