Məhkəmə qərarları › İş №1(025)-19/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-19/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-19/2021 05.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Ayşən Əfqan qızının katibliyi, xüsusi ittihamçı – X8, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – X3 iştirakları ilə, 02.02.1964-cü ildə Kəlbəcər rayonu, Çıraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbdə müəllim vəzifəsində işləyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu, İstisu qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan - X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında şikayəti üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına kimi “Facebook” sosial şəbəkəsinin müxtəlif platformalarında yazdığı çoxsaylı şərhlərdə X8 haqqında yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları, həmçinin onun rüşvətxorluq, özbaşınalıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi, təsnifatına görə az ağır və ağır cinayətlərə aid cinayətlərin Namiq Rəcəbov tərəfindən törədildiyini məlumatları kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında yayaraq ona böhtan atmışdır. Bundan başqa, X5 2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına kimi “Facebook” sosial şəbəkəsinin müxtəlif platformalarında yazdığı çoxsaylı şərhlərdə X8 şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla istifadəsində olan «Kamil İsmayilov» profilindən internet informasiya ehtiyatında yerləşdirdiyi «ixtisasca inşaatçı”, “kanalizasiya işçisi”, “santexnik” və “iki eşşəyin arpasını bölə bilməyən direktor” ifadələri ilə Namiq Rəcəbovu dəfələrlə təhqir etmişdir. Beləliklə də, X1 Namiq İsmayıl oğlunun barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli yalan məlumatları yayıb kütləvi nümayiş etdirməklə barəsində cəmiyyət arasında mənfi ictimai rəyi yaratmış, nüfuzdan salan hərəkətlərə yol vermiş, şərəf və ləyaqətini, nüfuzunu ləkələmiş, onu az ağır və ağır cinayətlərin törətməkdə ittiham etməklə ona böhtan atmış və kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Bununla da, xüsusi ittihamçı X8 irəli sürdüyü xüsusi ittiham qaydasında şikayətə görə X5 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 xüsusi ittiham qaydasında şikayəti 25 fevral 2021-ci il tarixli qərarı ilə məhkəmənin icraatına qəbul edilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xüsusi ittiham qaydasında olan şikayətin əsassız olduğunu hesab edərək, aşağıda qeyd olunmuş məlumatları məhkəmənin nəzərinə çatdırmaq istəyir. Cinayət məcəlləsinin 147.1-ci maddəsində qeyd olunur ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Bu maddə üzrə, cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Brinci hal üzrə yəni, məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salınması dedikdə, ilk öncə anlaşılmalıdır ki, o, burada qeyd olunan şəxsin, şərəf və ləyaqətini alçatmadan, heç bir formada onun şərəf və ləyaqətinə zərər yetirmədən müraciətlər etmiş və bu müraciətləri, dövlət orqanlarına şəxsi formada bildirdikdən sonra, rəy formasında qeyd edərək onun şərəf və ləyaqətinə zərər yetirməmiş və nüfuzunu alçatmadan sadəcə olaraq müvafiq orqanlara məlumat verməyi özünə vəzifə kimi bilmişdir. Lakin, bundan istifadə edərək məktəb direktoru onu xüsusi ittiham qayıdasında məhkəməyə şikayət etmişdir. Dövlət orqanlarına bu şəxsin öz vəzifə səlahiyyətlərindən stifadə edərək həyat yoldaşı olan X6 qəsdən və bilərəkdən işdən çıxarılmasını şikayət və rəy formasında müvafiq sosial şəbəkələrdə bildirməklə həqiqəti üzə çıxarmağa çalışmışdır. Lakin, məktəb direktoru olan X10 rəy formasında olan bir məlumatın ona böhtan atmaq məqsədi ilə qeyd edilməsi və bunun dəfələrlə məhkəmənin nəzərə çatdırılması ortaya belə bir sual doğurur. Bu şəxsin onunla bilərəkdən və qəsdən qəsdi-qərəzçiliyin olması nədəndər? İkinci hal olaraq qeyd etmək istəyir ki, bu maddədə göstərilən məlumatların doğru olmaması dedikdə onun tərəfindən həmin şəxsə qarşı birbaşa olaraq məlumatların yalandan qeyd edilməsi, özü əslində həmin şəxs tərəfindən birbaşa olaraq öz yalanlarının ortaya çıxmaması üçün ortaya atılan bir yığın boş sözdən ibarətdir. Məlumatların doğru olub-olmamasının yoxlanılması üçün qanunvericilə müəyyən olunmuş qaydada həmin məlumatların doğruluğunun yoxlanması üçün Ali Məhkəmənin Plenum qərarına əsasən məlumatların yoxlanması üçün xüsusi mütəxəssislərin cəlb edilməsi və yoxlanılmasından sonra həmin məlumatların doğru olub-olmaması, mütəxəssislər tərəfindən təsdiq edilməli və yaxud da bu məlumatların böhtan deyil də doğru məlumatların olması mütəxəssislər tərəfindən və qanunla müəyyən edilmiş qaydada təsdiqini tapmalıdır. Bu qayıdada göstərilənlərə nəzərən mütəxəssislər tərəfindən araşdırılan məlumatların böhtan olaraq öz əksini tapmadıqları və eləcədə böhtanın əlamətlərini özünda ehtiva etmədiklərini qeyd edilə bilər. Üçüncü olaraq belə məlumatların ləkələyici ifadə olması həqiqəti əks etdirmir çünki, bu məlumatlar həqiqi məlumatdırsa və həqiqəti sübut etdiyi təqdirdə cinayət məsuliyyəti yaratmır. Bu məlumatların həqiqiliyinin yoxlanılması üçün yuxarıdada qeyd etdiyi kimi mütəxəssislərin cəlb olunması və məhkəmə tərəfindən müvafiq yoxlamaların həyata keçirilməsi və həmin şəxs barədə məlumatların alınması, birbaşa olaraq sübut etmə və həqiqətin ortaya çıxmasında rola malikdir. Məktəb direktoru olan Namiq Rəcəbov tərəfindən ona qarşı qaldırılmış xüsusi ittiham qaydasında şikayətdə göstərilmiş maddələrdə və eləcədə onların şərhindən birbaşa olaraq ona qarşı hər hansı bir böhtan və təhqiredici ifadədən istifadə etməmişdir. Sonda isə, məhkəmədən Ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək, şikayətə uyğun ifadə verdi və bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi X5 2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına kimi “Facebook” sosial şəbəkəsinin müxtəlif platformalarında barəsində yazdığı çoxsaylı şərhlərdə onun guya rüşvətxorluq, özbaşınalıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək kimi müxtəlif cinayət əməllərini törətdiyini iddia edərək onun şərəf və ləyaqətini alçaltmaqla böhtan atıb və eləcə də ona qarşı təhqiramiz ifadələr işlətmişdir. Onun bu əməlləri törətməsi təsdiqləyən hər hansı sübutlar mövcud deyil və K.İsmayılov heç bir halda bunları təsdiqləyən sübutlar təqdim etməmişdir. Bununla da, X5 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə nəzərdə tutulan böhtan atma cinayətini törətmişdir. K.İsmayılovun bəzi böhtanları ağır cinayət törətməkdə ittiham etməklə bağlıdır, o zaman onun əməlində CM-nin həm 147.1, həm də 147.2-ci maddəsinin tərkibi vardır. Belə ki, K.İsmayılov iki və daha çox adamın qavraya biləcəyi sosial şəbəkələrdə yazdığı şərhlərində yalan olduğunu bilə-bilə, xüsusi ittihamçıları cinayət törətməkdə, o cümlədən ağır cinayət törətməkdə ittiham etmiş, onların əxlaqi və mənəvi keyfiyyətlərinə görə cəmiyyətin onlara verdiyi qiyməti (şərəflərini) və onların özlərinə, öz davranışlarına, mənəvi və əxlaqi dünyagörüşlərinə, cəmiyyətdə tutduqları mövqeyə verdikləri qiyməti (ləyaqətlərini) ləkələmişdir. Hesab edir ki, K.İsmayılov onun barəsində qəsdən cəmiyyət arasında cinayətkar obrazı kimi mənfi rəy yaratmaq məqsədi daşımışdır. Bundan əlavə, həmin şərhlərin məzmunundan göründüyü kimi K.İsmayılov ona qarşı təhqiramiz ifadələr də işlədib. Bununla da onun əməlində CM-nin 148-ci maddəsində göstərilən təhqir cinayətinin tərkibi vardır. K.İsmayılov Qəbələ rayonu ərazisində yaşayır və o, yalan məlumatları və təhqiramiz ifadələri bu ərazidə istifadə etdiyi kompüter və digər texniki vasitələrlə yayır. Bununla da həmin məlumatlar Qəbələ rayonu ərazisində yayılmış hesab edilir. Bu halda isə fakt Qəbələ rayonu ərazisində baş verdiyindən şikayətə aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunan əməllərin X5 tərəfindən törədilməsinin sübutu olaraq onun Facebook sosial şəbəkəsindəki profilindən (hesabından) yazdığı şərhlərin skrinşotlarını (avtomatik üsulla götürülmüş fotolarım) göstərir və sübut kimi həmin şərhlərin skrinşotlarını təqdim etmişdir. Bu səbəbdən də X3 qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək onun məhkum edilməsini xahiş edir. İş materiallarında olan: • 11 sentyabr 2020 20:57: “Kəlbəcər rayon ümumtəhsil məktəblərində evdətəhsilə cəlb olunan şagirdlərin “rastamoşka” pulu hər tədris ilinin əvvəlindən 300 manatdan başlayır...” • 19 oktyabr 2020 23:25: “Məqsəd saxtakar direktorun dərsini vermək. Yəqin sizə keçiyə baxansız...Sizə səhv məlumatlar verilib, vəzifəyə ehtiyacım yoxdur, düzdür Kəlbəcər uğrunda igidlərimiz həlak olur, arxa cəbhədə bəzi direktorlar da saxtakarlıq əsasında pul yığırlar” • 26 noyabr 2020 02:46: “30 illik münaqişə 44 günə həll oldu 31 saylı məktəbin problemin Kəlbəcər rayon təhsil şöbəsi və 8 saylı ƏMHM-nin Fərahid Qəhrəmanov 4 ay ərzində həll etməyiblər...Məktəbin direktoru Namiq Rəcəbov 300 manata diplom alıb, məktəbdə özünü başbilən kimi aparır, dərsləri kəsir, ştatlar bağlayır ona görə də belə işlər baş verir” • dekabr 2020 23:05: “Cənab nazir, Kəlbəcər rayon 31-saylı tam orta məktəbin direktoru Namiq Rəcəbov dərs saatlarım və sinif rəhbərliyini hərraca çıxarıb... Cənab nazir Kəlbəcər rayon 31-saylı tam orta məktəbin direktoru Namiq Rəcəbov saxta arayış əsasında ixtisasdəyişmə kursundan keçmişdir.” • 5. dekabr 2020 09:41: “Cənab nazir, Kəlbəcər rayon 31-saylı tam orta məktəbin direktoru Namiq Rəcəbov dərs saatlarını və sinif rəhbərliyini hərraca çıxarıb... Cənab nazir Kəlbəcər rayon 31-saylı tam orta məktəbin direktoru Namiq Rəcəbov saxta arayış əsasında ixtisasdəyişmə kursundan keçmişdir.” • 7 dekabr 2020 01:39: “Cənab nazir Kəlbəcər rayon 31-saylı tam orta məktəbin ixtisasca inşaatçı, santexink, pedoqoq direktoru Namiq Rəcəbov dərs saatlarını və sinif rəhbərliyini hərraca çıxarıb” • dekabr 2020 01:43: “Kəlbəcər rayon 31-saylı tam orta məktəbin direktotu Namiq Rəcəbovun üsulu ilə, hərrac vasitəsilə həyata keçirilir. Kim çox verirsə sinif rəhbərliyidə olur, dərsi də lazımi qədər” • dekabr 2020 01:46: Kəlbəcər rayon 31-saylı tam orta məktəbin direktoru Namiq Rəcəbov saxta arayış əsasında ixtisasdəyişmə kursundan keçmişdir...Kəlbəcər rayon 31-saylı tam orta məktəbin ixtisasca inşaatçı olan direktoru Namiq Rəcəbov saxtakarlıq, korrupsiya, rüşvətxorluq, mənimsəmə və s. əməlləri ilə məşğuldur...Kəlbəcər rayon 31saylı tam orta məktəbin direktoru Namiq Rəcəbov dərs saatlarını və sinif rəhbərliyini hərraca çıxarıb.” • dekabr 2020 10:16: “Cənab Baş Prokuror Kəlbəcər rayon prokuroru X12 rayon 31-saylı tam orta məktəbində saxta əməllərə bilərəkdən göz yumur...Cənab Baş Prokuror Kəlbəcər rayon prokuroru Vüqar Əhmədli “gənc kadr” təyin olunan gündən “kiminsə göstərişlə” saxtakar əməlləri arxivə atmaqla məşğuldur” • 10 dekabr 2020 20:49: “Hörmətli Məhəbbət xanım Kəlbəcər rayon 31-saylı tam orta məktəbin ixtisasca inşaatçı, santexink, pedoqoq direktoru Namiq Rəcəbov saxta arayış əsasında ixtisasdəyişmə kursundan keçmişdir...Hörmətli Məhəbbət xanım Kəlbəcər rayon 31-saylı tam orta məktəbin ixtisasca santexink, pedoqoq direktoru Namiq Rəcəbov dərs saatlarını və sinif rəhbərliyini hərraca çıxarıb.” • 10 dekabr 2020 20:49: “Cənab nazir Kəlbəcər rayon 31-saylı tam orta məktəbin ixtisasca santexnik, pedoqoq olan direktoru Namiq Rəcəbovun qanunsuz əməllərinə Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Fazir Zeynalov və 8-saylı ƏMHM-nin rəisi Fərahid Qəhərmanov bilərəkdən göz yumurlar, çünki keçməyən dərnəklər və əlavə məşğələlər, evdətəhsil və s..., pulları hər ay onlara çatır...Cənab nazir Kəlbəcər rayon 31-saylı tam orta məktəbin ixtisasca santexnik direktoru Namiq Rəcəbov dərs saatlarını və sinif rəhbərliyini hərraca çıxarıb.” • 10 dekabr 2020 20:50: “Cənab nazir xahiş edirəm mənə bir saxta diplom təşkil edəsiniz, bəlkə Kəlbəcər rayon 31-saylı tam orta məktəbindən özümə lazımi qədər dərs ala bilim” • 10 dekabr 2020 20:50: “Hörmətli Məhəbbət xanım bir il əvvəl direktorların müsahibəsi zamanı, Məşədi İbad demişkən bilmədiniz ki, Kəlbəcər rayon 31-saylı tam orta məktəbin direktoru Namiq Rəcəbov ixtisasca santexnikdir yoxsa pedoqoq” • 15 dekabr 2020 14:50: “Kəlbəcər rayon 31-saylı tam orta məktəbin direktoru Namiq Rəcəbov nitq qüsurlu, danışıq qabiliyyətinə malik olmayan uşağı evdətəhsilə cəlb etmişdir...Kəlbəcər rayon 31-saylı tam orta məktəbin ixtisasca inşaatçı olan direktoru Namiq Rəcəbov saxta arayış əsasında ixtisasdəyişmə kursundan keçmişdir...Kəlbəcər rayon 31-saylı tam orta məktəbin ixtisasca inşaatçı olan direktoru Namiq Rəcəbov dərs saatlarını və sinif rəhbərliyini hərraca çıxarıb.” • 13 yanvar 2021 15:40: “Direktor kim olur olsun, qohumluğun yaxın-uzaqlığına baxmayaraq məktəbdə olan son 4-5 il ərzində mövcud olan bütün növ saxtakarlıq, korrupsiya, özbaşınalıqlara, qohumbazlıqlar və s əməllərə dözmək mümkün deyil. Direktorların dəyişməsinə gəldikdə biri 65 tamamında getdi, 7 ay birin təyin etdilər məktəbə təyin olunmuş, əmri yazılmış müəllimi işdən qovub yerinə pensiyaya çıxmış müəllimi gətirdi (pul alıb), buna görə onu uzaqlaşdırıb, başqasını göndərdilər. O da 2 il işləyib təhsil şöbəsinə məsləhətçi getdi, sonra birin təyin etdilər o da 6 ay işlədi, yerinə imtahan verib gəldilər. Bu direktorda inşaatçıdır, saxta arayış əsasında guya ixtisasdəyişmə edib, gələn gündən pedoqoji sahədən xəbəri olmadığı üçün saxtakarlıqlara yol verdi. Onu da qeyd edim ki, onlar mən barədə yalnış məlumatlar verirlər...Müəllim mən ona tələbə vaxtında başlayaraq əlimdən gələn köməklikləri etmişəm, onun müəllim işləməyin, hətta direktor olmağına belə bacardığım köməkliklər etmişəm, ancaq o heç nədən mənə qarşı çıxdı, mən ona heç” • 13 yanvar 2020 15:42: “Kəlbəcər rayon 31 -saylı tam orta məktəbin ixtisasca inşaatçı olan direktoru Namiq Rəcəbov saxta arayış əsasında ixtisasdəyişmə kursundan keçmişdir...Kəlbəcər rayon 31-saylı tam orta məktəbin ixtisasca inşaatçı olan direktoru Namiq Rəcəbov dərs saatlarını və sinif rəhbərliyini hərraca çıxarıb” • 13 yanvar 2020 15:46: Kəlbəcər rayon 31-saylı tam orta məktəbin direktoru Namiq Rəcəbov saxta arayış əsasında ixtisasdəyişmə kursundan keçmişdir...Kəlbəcər rayon 31-saylı tam orta məktəbin ixtisasca inşaatçı olan direktoru Namiq Rəcəbov saxtakarlıq, korrupsiya, rüşvətxorluq, mənimsəmə və s. əməlləri ilə məşğuldur...Kəlbəcər rayon 31saylı tam orta məktəbin direktoru Namiq Rəcəbov dərs saatlarını və sinif rəhbərliyini hərraca çıxarıb”. Məhkəmənin 04.03.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs X5 barəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2021-ci il tarixli, 4/347 saylı rəyinə əsasən X5 tərəfindən “Facebook” sosial şəbəkəsində xüsusi ittihamçı barəsində işlətdiyi “ixtisasca inşaatçı”, “kanalizasiya işçisi”, “santexnik” sözləri leksik mənalarına görə peşəsənət, şəxsin ixtisas və çalışdığı fəaliyyət sahəsini bildirir, “İki eşşəyin arpasını bölə bilməyən direktor” cümləsi isə frazeoloji vahid olub, çox savadsız, səriştəsiz, heç bir bilik və bacarağı olmayan şəxs (materialda direktor) məzmunu ifadə edir. Qeyd olunmuş ifadələr nalayiq məzmun əks etdirmir. Lakin sözlər aid edildiyi şəxsin fəaliyyət istiqamətini düzgün əks etdirmədiyi, heç bir əsası olmadan peşə sahəsini yalan olaraq göstərdiyi və bir kontekst daxilində işlənildiyi halda şəxsin şərəf və ləyaqətini alçaldan ifadələr hesab oluna bilər. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.03.2021-ci il tarixli 012-4892-1221 saylı məlumatından görünür ki, X3 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yayma deməkdir. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkəsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmadır. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nəlayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nəlayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərər çəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan Qərarda həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan, o cümlədən təqdim olunan yazıların ümumi məzmunundan doğan fikirlərdən aydın olur ki, X5 birmənalı şəkildə xüsusi ittihamçı X8 yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymaq, habelə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmaq məqsədi güdmüşdür. Diffamasiya kimi qəbul edilən bu ifadələrin məhkəmə istintaqı zamanı hər hansı mötəbər dəlillərlə sübut olunmaması xüsusi ittihamçıya qarşı təhqir və böhtan cinayətlərinin törədildiyini təsdiq etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Bundan başqa, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Beləliklə, X5 CM-nın 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsi və bu əməli törətməməsi barədə verdiyi ifadələr işin halları və tədqiq olunan sübutlarla tamamilə təkzib olunur. Məhkəmə onun ifadəsini özünümüdafiə xarakter daşıdığını və məsuliyyətdən boyun qaçırmaq üçün verildiyini hesab edir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X3 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Onun həmin cinayətləri törətməsi özü tərəfindən məhkəmə istintaqında inkar olunsa da, məhkəmədə tədqiq olunmuş və məntiqi baxımından biri-birini tamamlayan digər mötəbər sübutlarla bu əməllərin onun tərəfindən törədilməsi öz təsdiqini tapır. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, X3 əməlində CM-nın 147.2-maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri iş materiallarında olan sübutlarla təsdiq edilmədiyi üçün, ona həmin maddə ilə ittiham irəli sürülə bilməzdi və ona həmin maddə ilə bəraət verilməlidir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, xüsusi ittihamçını heç bir ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin dispozisiyasının mənasına görə həmin maddə ilə nəzərdə tutulmuş cinayət birbaşa qəsdlə törədilə bilər və həmin maddə ilə şəxs, o vaxt cinayət məsuliyyətinə cəlb edilə bilər ki, o, zərərçəkmiş şəxsi yalnız ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmış olsun. Məhkəmə qeyd edir ki, maddənin dispozisiyasından göründüyü kimi, bu cinayət əməlinin törədilməsi zamanı təqsirkar şəxsin qəsdi zərərçəkmiş şəxsin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmasına yönəlməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X5 yalan olduğunu bilə-bilə X8 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları “Facebook” sosial şəbəkəsinin müxtəlif platformalarında yaymışdır. Lakin xüsusi ittihamçı təqsirləndirilən şəxs Kamil İsmayılovun onun konkret olaraq hansl ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmasını sübut edə bilməmişdir. Əksinə toplanmış və tədqiq edilmiş sübutlarla Kamil İsmayılovun belə bir böhtan atmasının olmadığı təsdiq olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Kamil İsmayılovun xüsusi ittihamçı Namiq Rəcəbovu hər hansl bir ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması sübuta yetirilmədiyindən X4 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. X3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun cəzasının ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X4 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, X4 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. X5 ona təyin edilmiş cəzanı iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat X2 tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş K.İsmayılov tərəfindən sosial şəbəkədə yayılmış şərhlərin məzmunu və tarixini əks etdirən skrinşotlar (ekran fotoları) iş üzrə maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin X5 barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır və halhazırda da onun barəsində hər hansı bir qətimkan tədbirinin seçilməsi üçün əsas görmür. İş üzrə mülki iddia olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə, Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq X4 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. X5 cəzasını iş yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası X3 yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat X2 tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş K.İsmayılov tərəfindən sosial şəbəkədə yayılmış şərhlərin məzmunu və tarixini əks etdirən skrinşotlar (ekran fotoları) iş üzrə maddi sübut kimi tanınsın və cinayət işi materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar