Məhkəmə qərarları › İş №1(025)-19/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-19/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-19/2023 31.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1990-cı il tarixdə Qəbələ rayon Nic qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Qəbələ rayon Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan, xx.xx.2023cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə, xx.xx.1997-ci il tarixdə Qəbələ rayon Nic qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Qəbələ rayon Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2022-ci ilin oktyabr ayının 17-də qanunsuz olaraq ağac kəsmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Qəbələ rayon Nic qəsəbəsində yerləşən sonuncunun istifadəsində olan torpaq sahəsinin çəpərinin kənarında meşə fonduna daxil olmayan döngə nöqtələrinin koordinatları 1.X=719891.6940 Y=4533292.4445; 2.X=719888.6318 Y=4533289.6231; 3.X=719885.2475 Y=4533292.1158; 4.X=719875.7830 Y=4533290.2931; 5.X=719872.6253 Y=4533286.1132; 6.X=719867.1921 Y=4533278.5835; 7. X=719867.1341 Y=4533278.3306; olan Qəbələ rayon Nic qəsəbə bələdiyyəsinin mülkiyyətinə aid “kənd təsərrüfatı təyinatlı” kolluq ərazidə yabanı halda bitmiş 16 sm, 18 sm, 22 sm, 26 sm, 30 sm, 40 sm, 44 sm və 48 sm diametrdə olmaqla ümumilikdə 08 ədəd yaş köküstə yalanqoz cinsinə mənsub ağacları Təqsirləndirilən şəxs2 istifadəsində olan torpaq sahəsinin ətrafında yerləşən ağaclar olması ilə əlaqədar həmin ağacların kəsilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 razılıq alınmalı olduğunu öz aralarında əsas gətirib sonuncuya 100 (bir yüz) manat pul vəsaiti vermək müqabilində onunla ağacları qanunsuz olaraq kəsməyə dair razılığa gəldikdən sonra, 17 oktyabr 2022-ci il tarixdə saat 12 radələrindən etibarən gün ərzində həmin 08 ədəd yalanqoz cinsli ağacları qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan özünə məxsus istifadəsində olan motorlu mişarla dib hissəsindən qanunsuz kəsərək, 18 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə budayaraq onları öz istifadəsində olan torpaq sahəsinə daşıyıb aparmış, bununla da o, Təqsirləndirilən şəxs2 ilə birlikdə bələdiyyə mülkiyyətinə aid ərazidən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2880,00 (iki min səkkiz yüz səksən) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağac kəsmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 2022-ci ilin oktyabr ayının 17-də qanunsuz olaraq ağac kəsmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Qəbələ rayon Nic qəsəbəsində yerləşən istifadəsində olan pay torpaq sahəsinin çəpərinin kənarında meşə fonduna daxil olmayan və döngə nöqtələrinin koordinatları 1.X=719891.6940 Y=4533292.4445; 2.X=719888.6318 Y=4533289.6231; 3.X=719885.2475 Y=4533292.1158; 4.X=719875.7830 Y=4533290.2931; 5.X=719872.6253 Y=4533286.1132; 6.X=719867.1921 Y=4533278.5835; 7. X=719867.1341 Y=4533278.3306; olan Qəbələ rayon Nic qəsəbə bələdiyyəsinin mülkiyyətinə aid “kənd təsərrüfatı təyinatlı” kolluq ərazinin bələdiyyə mülkiyyətinə aid olduğunu bilə-bilə həmin ərazidə yabanı halda bitmiş 16 sm, 18 sm, 22 sm, 26 sm, 30 sm, 40 sm, 44 sm və 48 sm diametrdə olmaqla ümumilikdə 08 ədəd yaş köküstə yalanqoz cinsinə mənsub ağacları istifadəsində olan torpaq sahəsinin ətrafında yerləşən ağaclar olması ilə əlaqədar həmin ağacların kəsilməsi ilə bağlı ondan razılıq alınmalı olduğunu Təqsirləndirilən şəxs1la öz arasında əsas gətirib sonuncunun ona 100 (bir yüz) manat pul vəsaiti verməsi müqabilində onunla ağacları qanunsuz olaraq kəsməyə dair razılığa gəldikdən sonra, yuxarıda qeyd olunan 08 (səkkiz) ədəd yalanqoz cinsli ağacları 17 oktyabr 2022-ci il tarixdə saat 12 radələrindən etibarən gün ərzində qanunvericilikə müəyyən edilmiş əsaslar olmadan Təqsirləndirilən şəxs1 özünə məxsus istifadə etdiyi motorlu mişarla dib hissəsindən kəsərək, 18 oktyabr 2022-ci il tarixdə isə qanunsuz kəsilmiş ağacları Təqsirləndirilən şəxs1la birgə budayaraq kəsildiyi yerdən götürüb sonuncunun istifadəsində olan torpaq sahəsinə daşımış, bununla da o, Təqsirləndirilən şəxs1la birlikdə bələdiyyə mülkiyyətinə aid ərazidən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2880,00 (iki min səkkiz yüz səksən) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağac kəsmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 259.3cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X12 həmkəndlisidir, onunla normal münasibətləri vardır. Nic qəsəbəsində Təqsirləndirilən şəxs2 təxminən 1 hektardan artıq pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsi çayın kənarında yerləşir. Özünün də pay torpaq sahəsi vardır ki, həmin torpaq sahəsi də çayın digər kənarında yerləşir. İsanın pay torpağının kənarında, yəni çəpərdən çay tərəfdə yabanı halda bitmiş yaşlarını bilmədiyi gövdələri təxminən 30-40 sm diametr arası 08 ədəd yalanqoz ağacları bitmişdir. Həmin ağacların bələdiyyə, dövlət və ya meşə torpağında bitməsini bilməmiş, ancaq həmin yalanqoz ağaclarının İsanın pay torpağının kənarındakı çəpərdən kənarda, yəni çay tərəfdə bitməsinə görə onun İsanın mülkiyyətində olmadığını bilmişdir. Həyətində tövlə üçün tikməyə ağac material lazım olduğuna görə həmin 08 ədəd yalanqoz ağaclarını kəsib onları emal edərək material üçün istifadə etmək qərarına gəlmişdir. Lakin, yalanqoz ağacları İsanın pay torpağının kənarlarında bitdiyi üçün onları kəsməzdən əvvəl İsadan icazə almaq qərarına gəlmiş, ağacların İsanın olmadığını bilsə də onun pay torpağının kənarında bitməsinə görə ondan icazə alırmış. Təxminən 2022-ci ilin oktyabr ayının ortalarında bu barədə niyyətini İsaya demişdir. İsa etiraz etməmişdir. İsadan ağacları ona satmasını istəmiş, İsa razı olmuş və 100 manat müqabilində həmin ağacları kəsib aparmaq barədə İsa ilə razılığa gəlmişdir. Ancaq İsa ona həmin ağacların öz mülkiyyətində deyil, qəsəbə bələdiyyəsinin mülkiyyətində olduğunu demişdir. Bu işdən polisin məlumatı olduğu halda yoluna qoyacağını demişdir. 17 oktyabr 2022-ci il tarixdə günorta saat təxminən 12 radələrindən etibarən özünə məxsus motorlu mişarla həmin 08 ədəd yalanqoz ağaclarını kəsərək yıxmışdır. Səhəri gün, yəni 18 oktyabr 2022-ci il tarixdə pay torpağında işləyən İsa ilə birgə həmin kəsdiyi ağacları budayaraq onları çaydan öz pay torpağı tərəfə keçirmişdir. İsa ona kəsib yıxdığı ağacları budamaqda və pay torpağına keçirməkdə köməklik etmişdir. Sonradan bu barədə polisə şikayət edildiyini bilmişdir. 08 ədəd yalanqoz ağaclarını tək kəsib yıxmış, ancaq onları budamaqda və çaydan öz pay torpağına keçirməkdə İsa köməklik etmişdir. Ağacları kəsmək üçün heç bir dövlət orqanından icazə almamış, özbaşına kəsmişdir. Ağacların kök hissələri bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində qalmışdır. Ağacları kəsən zaman xəsarət aldığından xeyli vaxt evində xəstə yatmış, sonradan isə həmin əraziyə gedəndə kəsilmiş ağacları görməmişdir. Ağacları kimin aparmasından xəbəri yoxdur. Ağacları kəsən zaman istifadə etdiyi motorlu mişar Şəlalə adlı kəndçisinə məxsus olmuş, həmin motorlu mişarı istifadə etdikdən sonra sahibinə geri qaytarmışdır. Təqsirləndirilən şəxs1 həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, Qəbələ rayonu Nic bələdiyyəsinə dəymiş ziyanın hissə-hissə ödənilməsi ilə bağlı həmin bələdiyyə ilə razılığa gəldiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını, himayəsində 2 azyaşlı uşağının olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 həmkəndlisidir, onunla normal münasibətləri vardır. Nic qəsəbəsində yaşadığı evdən təxminən 200 metr aralıda 1 hektar, 3 sot pay torpaq sahəsi vardır. Atası ilə bir evdə yaşayır, birgə mülkiyyətə sahibdirlər. Pay torpaq sahəsinin kənarları ağacla, çəpərlə bağlıdır. Torpaq sahəsi çay kənarına yaxın ərazidə yerləşir. Pay torpaq sahəsinin kənarında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi vardır. Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yabanı halda bitmiş yaşlarını bilmədiyi gövdələri təxminən 30-40 sm diametr arası yalanqoz ağacları vardır. Torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasını bilməmişdir. Yalanqoz ağacları pay torpağının kənarlarında bitdiyindən kölgəsi pay torpağındakı fındıq ağaclarının üzərinə düşərək onların inkişafına mane olurmuş. Pay torpağının təxminən 5 sot hissəsi kol-kos olduğundan təxminən 2022-ci ilin oktyabr ayının ortalarında orada təmizlik işləri aparan zaman həmkəndlisi Təqsirləndirilən şəxs1 ona tikinti üçün material lazım olduğunu, icazə versə orada bitmiş yaş köküstə yalanqoz ağaclarını kəsərək istifadə etmək istədiyini demişdir. Çingizdən ağacları kəsib aparmasına görə 100 manata razılaşmışdır. Çingiz isə ağacları kəsməyə görə bütün məsuliyyəti öz üzərinə götürmüş və bu məsələni həll edəcəyinə söz vermişdir. 17 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 gün ərzində həmin 8 ədəd yalanqoz ağaclarını kəsərək yıxmışdır. Həmin vaxt orada olmamış, Çingizin ağacları kəsib yıxmasının birbaşa şahidi olmamışdır. Bu barədə özü telefonla məlumat vermişdir. Səhər gün, yəni 18 oktyabr 2022-ci il tarixdə bağ sahəsinə gedəndə Çingizin həqiqətən də həmin 08 ədəd yalanqoz ağaclarını kəsərək yıxmasını görmüşdür. Çingizə həmin yıxılmış ağacların budaqlarının təmizlənməsində köməklik etmiş, sonradan bu barədə polisə şikayət edildiyini bilmişdir. Özü və ya Çingiz ağacların kəsilməsinə görə heç bir dövlət orqanından icazə almamışdır. Çingiz kəsdiyi 8 ədəd yalanqoz ağacının budaqarını, bütün gövdəsini daşıyıb açıq bir əraziyə aparmış, ancaq həmin ağacların kökləri qalmışdır. Daha sonra ağacların kəsilmiş hissələrinin haraya aparılmasından xəbərdar deyildir. Təqsirləndirilən şəxs2 həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, Qəbələ rayonu Nic bələdiyyəsinə dəymiş ziyanın hissə-hissə ödənilməsi ilə bağlı həmin bələdiyyə ilə razılığa gəldiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmişin nümayəndəsi Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, 2014-cü ildən Nic qəsəbə bələdiyyəsinin üzvüdir, aqronom işləyir. Nic qəsəbə sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, onlarla və ailəsi ilə normal münasibətləri vardır, heç bir ədavətləri yoxdur. Həmin şəxslərin Nic qəsəbə bələdiyyəsinə məxsus torpaq sahəsindən 2022-ci ilin oktyabr ayında 08 ədəd yalanqoz ağacını kəsməsini sonradan bilmişdir. Əvvəlcədən bu barədə məlumatı olmamışdır. Çünki, ağacları kəsməzdən əvvəl nə Çingiz, nə İsa və ya qeyri kimsə bələdiyyəyə nə yazılı, nə də şifahi olaraq müraciət etməmişdir. Yəni, həmin şəxslər ağacları özbaşına kəsmişlər. Ağacların kəsildiyi ərazi ilə tanışdır, həmin yer “Tərkəş-Tala” adlı yerdir və Nic qəsəbə bələdiyyəsinin mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 22 fevral 2023-cü il tarixli 9/367 nömrəli “məhkəmə əmtəəşünaslıq” rəyinə 08 ədəd yalanqoz ağaclarının kəsilməsi nəticəsində təbiətə 2880,00 manat ziyan dəyməsi barədə rəylə razıdır. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə Qəbələ rayon Nic bələdiyyəsinin 30 may 2023-cü il tarixdə keçirilmiş iclasın 06 saylı protokolunu və ərizə təqdim edərək, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərərin bir il ərzində hissə-hissə ödənilməsi barədə razılığa gəldiklərini təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Onunla normal münasibətləri vardır. Təqsirləndirilən şəxs2 Qubad oğlu isə qardaşı oğludur. Onunla və ya ailəsi ilə də heç bir ədavəti yoxdur. Təxminən 30 ilə yaxındır ki, Nic qəsəbəsində torpaq sahə vardır ki, həmin torpaq sahəsi istifadəsində olmuşdur. Lakin, 2 ildir ki, həmin torpaq sahəsinin kadastr sənədləri əsasında ona deyil, qardaşı Qubatgilə məxsus olduğunu bildirmişlər, həmin torpaq sahəsini məcbur qalaraq buraxmış, torpaq sahəsi Qubatgilin istifadəsinə keçmişdir. Torpaq sahəsinin kənarlarında, bayırında çay kənarında bələdiyyə mülkiyyətində yabanı halda bitmiş saylarını dəqiq bilmədiyi xeyli yalanqoz ağacları varmış. 17 oktyabr 2022-ci il tarixdə axşam tərəfi həmin torpaq sahəsinin kənarında olan yalanqoz ağaclarının Çingiz və İsa tərəfindən kəsildiyini görmüşdür. Belə ki, ağaclar yıxılı vəziyyətdə imiş, onlar ağacları budayıb işləyirmişlər. Ağacları kəsmələrinə görə onlara irad bildirmiş, lakin, ona cavab verməmişlər. Bundan sonra bu barədə Nic qəsəbə bələdiyyəsinin sədrinə zəng edərək məlumat vermiş, daha sonra ərazinin polis sahə rəisi Şahid1la əlaqə saxlayaraq ona ağacların kəsildiyi yeri izah etmişdir. Daha sonra orada dayanmadan çıxıb getmişdir. Sonradan İsa və Çingizin yalanqoz ağaclarını qanunsuz kəsdikləri üçün barələrində polisdə araşdırma getdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Nic qəsəbə sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllərdən tanıyır, onlarla heç bir ədavəti yoxdur. 17 oktyabr 2022-ci il tarixdə Nic qəsəbə bələdiyyəsi Valeri Dalari onunla telefon əlaqəsi saxlayaraq qəsəbə sakini Şahid2 ona zəng edərək Təqsirləndirilən şəxs1 tərəfindən Nic qəsəbə bələdiyyəsinə aid torpaq sahəsində ağaclar kəsildiyini demişdir. Ağacların harada kəsilməsini bilmək üçün Valeriydən Mehmanın mobil nömrəsini alaraq onunla əlaqə saxlamış, Mehman Nic qəsəbəsində “Tərkəş-Tala” adlı yerdə Çingizin ağacları kəsdiyini və kömür hazırladığını demişdir. Növbəti gün bələdiyyə sədri Valeriylə birgə həmin ağacların kəsildiyi yerə baxmışlar. Həqiqətən də 8 ədəd yalanqoz cinsli ağacların kəsildiyini aşkar etdiyindən bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, Çingiz və İsanın izahatlarını almışdır. Çingiz və ya digər şəxs tərəfindən çəndə və ya digər formada kömür hazırlanmasını aşkar etməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Qəbələ rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X9 ifadəsində bildirdi ki, Qəbələ rayon Polis şöbəsinin sahə rəisi Şahid1 raportla faktla bağlı aidiyyəti üzrə araşdırma aparılması üçün müraciət etmişdir. Hadisədən xeyli keçəndən sonra, dəqiq xatırlamadığı tarixdə hadisə yerinə baxış keçirmiş və bu barədə protokol tərtib edilmişdir. Hadisə yerinə baxış keçirən zaman isə maddi sübutlar olan kəsilmiş ağaclar orda olmamışdır. Təqsirləndirilən şəxslər isə ağacların yandırıldığını bildirmişlər. Eləcə də ağacların kəsilməsində istifadə olunmuş mişarın kimdən alınmasını deməmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Qəbələ rayon Polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X5 ifadəsində bildirdi ki, cinayət işi aidiyyəti üzrə araşdırılma aparılması üçün Qəbələ rayon Polis şöbəsinin təhqiqat bölməsindən istintaq bölməsinə verilmiş və işin araşdırılması ona həvalə edilmişdir. Hadisə yerinə baxış təhqiqatçı tərəfindən həyata keçirilmişdir. O, maddi sübutların harada olmasını müəyyənləşdirmək üçün təqsirləndirilən şəxslərdən soruşmuş, ona ağacların yandırııldığını bildirmişlər. Həmçinin maddi sübutların yerinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı vermiş, lakin nəticəsi olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini hər birinin törətməsi özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 03 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ağacların kəsildiyi yerə onların kök hissələrinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Rasim Rəsulovun iştirakları ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 16 sm, 18 sm, 22 sm, 26 sm, 30 sm, 40 sm, 44 sm və 48 sm diametrdə ümumilikdə 08 ədəd yaş köküstə yalanqoz ağacları kəsilmişdir. Baxış zamanı videoçəkiliş apaılmış, fotoşəkillər çəkilmiş, videoçəkiliş 01 ədəd cd diskə köçürülb, fotoşəkillərin isə əksi çıxarılıb baxış protokoluna əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən kəsilmiş 08 ədəd yalanqoz ağaclarının həqiqətən də Nic qəsəbə bələdiyyəsinin mülkiyyətində yerləşdiyini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində mütəxəssis işləyən X1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş, əksi çıxarılıb baxış protokoluna əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2023-cü il tarixli, 9/367 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 32/144-31703-1222 saylı akata əsasən Qəbələ rayon Nic qəsəbə bələdiyyəsinə məxsus torpaq sahəsindən 16 sm, 18 sm, 22 sm, 26 sm, 30 sm, 40 sm, 44 sm və 48 sm diametrdə ümumilikdə 08 ədəd yaş köküstə yalanqoz ağaclarının kəsilməsi nəticəsində 2022-ci ilin oktyabr ayına təbiətə dəymiş ziyanın ümumi məbləği 2880,00 manat təşkil edir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 05 noyabr 2022-ci il tarixli 45/818 saylı məktuba əlavə edilmiş “yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması” cədvəlindən görünür ki, 16 sm, 18 sm, 22 sm, 26 sm, 30 sm, 40 sm, 44 sm və 48 sm diametrdə ümumilikdə 08 ədəd yaş köküstə yalanqoz ağaclarının kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın miqdarı ümumilikdə 2880 manat təşkil edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 20 dekabr 2022-ci il tarixli **********76 nömrəli məktubdan görünür ki, Qəbələ rayon Nic qəsəbəsində kəsilmiş ağacların yerləşdiyi ərazi Bələdiyyə mülkiyyətinə aid “kənd təsərrüfatı təyinatlı” kolluq ərazidir. Araşdırılması aparılan Qəbələ rayon Nic qəsəbəsi ərazisində kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları 1.X=719891.6940 Y=4533292.4445; 2.X=719888.6318 Y=4533289.6231; 3.X=719885.2475 Y=4533292.1158; 4.X=719875.7830 Y=4533290.2931; 5.X=719872.6253 Y=4533286.1132; 6.X=719867.1921 Y=4533278.5835; 7. X=719867.1341 Y=4533278.3306; kimi təşkil edir. Həmçinin, məktubda qeyd olunur ki, Qəbələ rayon Nic qəsəbəsində kəsilmiş 08 ədəd ağacdan 2 ədədi yanaşı olduğu üçün məlumatda 7 koordinat göstərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X19 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X14 daxil olmuş məktubdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eləcə də zərərçəkmiş Nic qəsəbə bələdiyyəsinin nümayəndəsi qismində tanınmış Zərərçəkmiş şəxs Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda deyildirlər. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-59-14/2-415/20213 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı X13, azyaşlı oğlanları 2015-ci ildə anadan olmuş X16 və 2020-ci ildə anadan olmuş X6 ibarətdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-59-14/2-414/20213 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi atası X17 və anası X4 ibarətdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs qismində meşə fonduna daxil olmayan, bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsindən xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmələri, yəni onların hər birinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özünü təqsirli bilirlər. Törətdikləri əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə hadisə nəticəsində dəymiş maddi ziyanı ödəmək barədə razılığa gəlmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsləri bağışlamış, onlarla barışmış, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslərin şəxsiyyəti (zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, həmin şəxsin şikayətinin, iddiasının və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, yaşayış yerindəm müsbət xarakterizə olunmalarını, əməlindən səmimi peşman olmalarını), cinayət xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla CM-nin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması məqsədə müvafiqdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 əməlində zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 2 azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırki cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır: CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az qərarının 3cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Belə ki, daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 əməlində zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış 08 ədəd ağac köklərinin Qəbələ rayon Nic qəsəbə bələdiyyəsinə məxsus torpaq sahəsində saxlanılmasını nəzərə alır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 60 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X7, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut qismində tanınmış 08 ədəd ağac köklərinin Qəbələ rayon Nic qəsəbə bələdiyyəsinə məxsus torpaq sahəsində saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 60 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar