Məhkəmə qərarları › İş №1(025)-2/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-2/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-2/2021 03.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokorluğunun Dövlət X4 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1959-cu il tarixdə Şəki rayonu Aşağı Şabalıd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkum olunmamış, orta təhsilli, “xxxx” QSC-də mexanizator-buldozer sürücüsü vəzifəsində işləyən, Şəki rayonu Aşağı Layısqı kəndində faktiki yaşayan və Şəki rayonu Aşağı Şabalıd kəndində qeydiyyatda olan, xx.xx.2020-ci il tarixdə barəsində başqa yerə getməmək növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 08:45 radələrində Qəbələ rayonu ərazisində Beynəlxalq hava limanının yaxınlığında Ləki-Qəbələ dəmir yolu xəttinin üzərində yeni inşa edilən dəmir yol vağzalının ərazisində platforma tikintisinin aparılması zamanı «xxxx» QSC-nə məxsus, buldozerçi-maşinist kimi idarə etdiyi 10-R-519 markalı buldozerlə platforma tikilisinin içərisinə bərkitmə aparılması üçün tökülmüş torpağı yayarkən, iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma keçməsinə baxmayaraq, onunla “xxxx” QSC-də bağlanılmış «Əmək müqaviləsi»nin 4.13 bəndinə əsasən özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borclu olmasına, «Buldozerçinin vəzifə təlimatı»nın 1.3, 1.5, 2.2, 2.3 bəndlərinə əsasən öz işində şirkətin normativ sənədlərini, vəzifə təlimatını, habelə avtonəqliyyatın istismarını tənzimləyən normativ materialları rəhbər tutmağa, buldozerçi kimi iş prosesində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməyə borclu olmasına, torpağın hamarlanması zamanı buldozerçi-maşinist kimi irəli itələnərkən aparılan torpaq qatını buldozerin bıçağı ilə hərəkət etdirilən torpaq kütləsini sonadək, yəni hansısa tikiliyə, bəndədək dirəməməli, həmin tikilidən ən azı 0,5 metr qalmış buldozeri saxlamalı olduğuna, buldozerçi-maşinist kimi torpağın hamarlanması zamanı onun hərəkətini nizamlayan siqnalçının siqnalına, yəni verdiyi göstərişlərə diqqətli olmalı və bunu daim nəzarətdə saxlamalı olduğuna, «Tikintidə əməyin mühafizəsinə nümunəvi təlimatlar toplusu»nda olan, «Buldozer maşinisti üçün əməyin mühafizəsinə dair 2 N-li Təlimat»ın 32-ci bəndinə əsasən kimliyindən asılı olmayaraq “Dayan” komandası verildikdə buldozeri dərhal saxlamalı olduğuna baxmayaraq həmin tələbləri pozaraq, idarə etdiyi buldozer vasitəsilə torpağı yaymaq üçün qarşıya itələyərkən, platformanın qurtaracağında mişar daşından hörülmüş istinad divarına dirəməmli və həmin divara ən azi 0,5 metr məsafə qalmış buldozeri saxlamalı olduğu halda, 0,5 metrlik təhlükəsizlik məsafəsinə riayət etməyərək, eyni zamanda həmin vaxt «Siqnalçı» vəzifəsini icra etmiş “xxxx” QSC-də fəhlə işləyən Şahid1 ona verdiyi «Dayan» komandası əsasında buldozeri dərhal saxlamalı olduğu halda saxlamayaraq, torpaq kütləsini mişar daşından hörülmüş platforma tikilisi özülünün istinad divarına dirəmiş, bunun nəticəsində yaranmış təzyiqə davam gətirməyən istinad divarının baş hissəsi uçaraq divarının çöl tərəfində, sifarişçi «xxxx» QSC və icraçı fiziki şəxs Şahid6 arasında bağlanmış xx xxxx 2020-ci il tarixli müqavilə əsasında suvaq vuran, Qəbələ rayonu, Kiçik Əmili kənd sakini, xx.xx.1970-ci il təvəllüdlü X8 üzərinə aşmış və baş vermiş hadisə nəticəsində Təqsirləndirilən şəxs qeyd edilən təhlükəsizlik qaydalarını pozması ehtiyatsızlıqdan istinad divarının mişar daşları və torpaq kütləsinin altında qalan X8 daxili qanaxma, kompression (sıxılma) asfiksiya, ağ ciyərlərin cırılması, qabırğaların çoxsaylı sınıqları, bağırsaqların müsariqəsinə qansızma, başın sol gicgah nahiyəsində yumuşaq toxumaya qansızma, burunun sol tərəfinin, sol gicgah və sol kürək nahiyəsinin sıyrıqları kimi xəsarətlər almasına və həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilən ağ ciyərlərin cırılması ilə müşayət olunan kəskin daxili qanaxma nəticəsində ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2008-ci ildən etibarən Bakı şəhəri Dərnəgül qəsəbəsində yerləşən «xxxx» QSC-də traktorçu işləyir. 1976-1977-ci illərdə Şəki rayonunda 134 nömrəli texniki-peşə məktəbini traktorçu ixtisası üzrə bitirmişdir. Təkərli və sepli traktorları idarə etmək üçün xüsusi ixtisası vardır. Məktəbi bitirib ixtisas üzrə imtahan verdikdən sonra həmin illərdə ona məktəb tərəfindən traktor texnikasını idarə etməyə hüquq verən xüsusi vəsiqə verilmişdir. 1980-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif təşkilatlarda traktorçu işləmişdir. Əvvəllər onun işi ilə bağlı heç bir bədbəxt hadisə baş verməmişdir. 2018-ci ilin mart ayından «xxxx» QSC-nin traktorçusu kimi Ləki-Qəbələ dəmir yol xəttinin çəkilməsi işinə cəlb edilmiş və bu günə kimi verilən tapşırıqlar əsasında idarə etdiyi buldozer və ya təkərli traktor vasitəsi ilə həmin dəmir yol xətti istiqamətində yerləşən qurğu və stansiya binalarının tikintisi, dəmir yolu xəttinin keçdiyi ərazinin trambovkası üzrə torpaq və sair müvafiq işləri yerinə yetirmişdir. Dəmir yol xəttinin çəkilişi ilə əlaqədar tikinti briqadaları son vaxtlara kimi Ağdaş rayonu ərazisində yerləşmiş, təxminən 2020-ci ilin iyul ayının əvvələrində Qəbələ beynəlxalq hava limanının yaxınlığında yerləşən Qəbələ dəmir yol stansiyasının ərazisinə gəlmiş və o, burada görülən tikinti işlərinə cəlb edilmişdir. Sahə rəisi Musa adlı şəxs olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 08-də həmişə kimi işə başlamışdır. Sahə rəisi Musa ona Qəbələ dəmir yol stansiyası binasının qarşı tərəfində dəmir yolu platforması ərazisində buldozer ilə torpağı yaymağı tapşırmışdır. Belə ki, şirkətə məxsus özü boşaldan yük maşınları platforma ərazisinə torpağı gətirib boşaldır, o isə idarə etdiyi SD-32 markalı buldozer tipli traktor ilə torpağı yaymışdır. İşlədiyi ərazinin arxa istiqaməti dəmir yol stansiyası binasına doğru, qabaq istiqaməti isə hava limanına doğru olmuşdur. Həmin istiqamətdə torpaq yaydığı platformanın yan tərəfləri təxminən 2 metr dərinlikdə xəndəklə əhatə olunmuşdur. Xəndəyin qarşısında isə perronun torpağın altında qalacaq yan alt divarları mişar daşı ilə hörülmüş vəziyyətdə olmuşdur. Saat 08:45 radələrində Qəbələ dəmir yol stansiyası binasının qarşısından üzü Qəbələ hava limanına doğru istiqamətdə SD-32 (Liugong CLG B-230) markalı buldozerin qabaq hissəsi ilə torpağı irəliyə doğu yaydığı zaman qarşı tərəfdə platformanın baş hissəsində mişar daşından tikilmiş divarın onun hərəkəti istiqaməti üzrə irəliyə doğru aşdığını görmüş, buldozeri saxlayıb söndürmədən aşağı enib divarın aşmasının səbələrini müəyyənləşdirmək istəmişdir. Çünki, buldozerin qabaq hissəsi divara toxunmamış və yalnız divara doğru torpağı buldozer vasitəsi ilə itələmişdir. Divarın təzyiqdən aşdığını düşünmüşdür. Bu vaxt orada dayanmış adlarını bilmədiyi fəhlələr ona qışqıraraq, divarın qarşısında fəhlə işlədiyini demişlər. Sonradan öyrənmişdir ki, həmin fəhlə Qəbələ rayon sakini Maarif Balıyev olmuşdur. O isə M.Balıyevi görməmiş, ona xəbər verilməməsi barədə onlara irad bildirmişdir. Divarın daşlarının həmin tanımadığı fəhlənin üzərinə tökülüb və onun daşların altında qaldığı məlum olmuşdur. Orada olan fəhələlər cəld şəkildə uçan divarın qarşısında olan xəndəkdən daşları kənara atıb divarın altında qalan fəhlənin meyitini çıxarmışlar. Daha sonra təcili tibbi yardım çağırılmış hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlib meyiti müayinə üçün morqa aparmışlar. Hadisənin baş verməsinə səbəb torpağı yaydığı zaman divarın fəhlənin üstünə aşması, divarın əks tərəfindəki xəndəkdə fəhlənin işləməsini görməməsi olmuşdur. Divara doğru torpağı yayarkən buldozerin qabaq tərəfinin divara toxunmamış, torpağı yayarkən torpaq kütləsinin divara təzyiqi nəticəsində divarın aşmış və həmin fəhlənin üzərinə düşmüşdür. İş prosesində təhlükəsizlik tədbirlərinin görülməsi ilə Çingiz adlı işçi məşğul olmuşdur. Hər gün və ya bir neçə gündən bir ona təhlükəsizlik kitabına imza etdirib iş prosesində ehtiyatlı olmağı tapşırmışdır. Torpağı yaydığı zaman divarın Maarif Balıyevin üstünə aşması səbəbindən onun ölməsində özünü günahkar hesab edir. Zərərçəkmiş şəxsin hüquqi varisinə maddi yardım edilmiş və onun heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa, aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 izahatında göstərdi ki, əri mərhum Maarif Balıyev 15 ildir Qəbələ rayonu ərazisində müxtəlif yerlərdə suvaq ustası kimi işləmiş, təxminən 2 ay olar ki, o bacanağı Füzuli ilə birlikdə yeni işə girmiş, işləri Qəbələ rayonu Kürd kəndindəki Dəmiryol stansiyasında hörgü hörüb suvaq vurmaq olmuş, onun rəhbərinin kim olduğunu isə bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 06:30 radələrində əri yuxudan qalxıb səhər yeməyi yedikdən sonra bacısı Baharın əri Füzuli Şeydayevin şəxsi “VAZ 2106” markalı avtomobili ilə ustalar Qabil və Elmanla birlikdə işləməyə getmiş, bir neçə saat sonra isə xəbər gəlmişdir ki, işdə qəza olmuş, buldozer torpağı yayanda divarı uçurmuş, Maarif də, divarın üstünə uçması nəticəsində ölmüşdür. Həmin gün saat 12 radələrində onun meyitini evə gətirmişlər və meyiti yuyub dəfn etmişlər. Maarifin tikintidə baş vermiş hadisə nəticəsində ölməsi ilə əlaqədar heç kimdən hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərlə barışmışlar. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, mərhum Maarif Balıyevlə bacanaq olmuşdur. Hər ikisi eyni sahədə fəaliyyət göstərmişlər. 2020-ci ilin avqust ayının əvvəllərində 10 il əvvəldən tanıdıqları Elçin adlı tanışlarının dəvəti ilə Kürd kəndi ərazisində yerləşən dəmiryolu vağzalı tikintisində suvaq işləri görmək üçün getmişlər. Əvvəllər də Elçinlə dəfələrlə birlikdə işlər görmüşlər. İlkin olaraq onlar stansiyanın platforması üçün istinad divarı tikmiş, onunla bərabər Elman, mərhum Maarif və Qalib dayı adlı şəxslər işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər işə getmişlər. Həmin gün işləri istinad divarının baş tərəfinin 7 metrdən ibarət hissəsinə suvaq vurmaqdan ibarət olmuşdur. İşə başladıqdan sonra Maarif divarın dib hissəsinə düşmüş, o isə ona palçıq verməyə başlamışdır. Saat 08:45 radələrində qəfildən divarın içərisində torpaq işi görən buldozer torpağı onlar suvaq işi apardıqları divara doğru yayarkən divar altda işləyən Maarifin üstünə aşmış və Maarif daşların və torpağın altında qalmışdır. O tez hərkəsə səs salmış, onlar təxminən 20 dəqiqəyə əlləri ilə onu qazıb çıxartmışlar. Çıxartdıqdan sonra Maarifin öldüyü məlum olmuşdur. Ona süni nəfəs versələr də bir xeyri olmamışdır. Biraz sonra isə hadisə yerinə ambulansla təcili tibbi yardım briqadası gəlmiş və gələn həkimlər Maarifi müayinə edib onlara onun artıq öldüyünü demişlər. Sonra isə hadisə yerinə polis və prokuroluq işçiləri gəlib meyiti Qəbələ MDM-ə aparmışlar. Özü də onlarla gedib meyitin müayinəsində iştirak etmişdir. Hadisənin baş verməsinə səbəb isə Təqsirləndirilən şəxs idarə etdiyi 10-R-519 nömrə nişanlı buldozer platforma tikilisinin içərisində torpağı yayarkən, buldozerin hərəkət istiqamətində platforma tikilisinin özəyinin aşağı hissəsində istinad divarının çöl tərəfində suvaq işləri aparan Maarifin suvaq vurduğu divarın onun üzərinə aşması olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 və Şahid8 şahid X12 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020ci ilin yanvar ayının 8-dən “xxxx” QSC-də fəhlə işləmiş, maaşını da bank kartı vasitəsi ilə almış və rəsmi əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, həmişə olduğu kimi saat 07 radələrində işə getmiş, sahə rəisi Musanın göstərişi ilə buldozerə istiqamət verməyə başlamışdır. Buldozerin sürcüsü Tanrıverdi Murutzəliyev də platformanın içərisində olan torpağı sağdan sola hərəkət istiqaməti üzrə yaymağa başlamışdır. O platformanın yanındakı dəmir yol relsi üzərində döşənməsi üçün nəzərdə tutulmuş betonun üzərinə çıxıb Tanrıverdiyə göstəriş, yəni işarə verməyə başlamışdır. İşə başladıqda divarın digər tərəfdən görünməyən hissəsində işlər getdiyini görmüşdür. İş prosesində saat 08:45 radələrində sürücü Tanrıverdi torpağı buldozerlə qabağa doğru yayarkən platformanın divarlarından başda olan divar aşmış, o divar aşmazdan öncə sürücüyə bir neçə dəfə “dayan” deyib əlləri ilə işarə etsə də dayanmamışdır. Sürücü divar aşdıqdan sonra buldozeri geriyə çəkmiş, onlar dərhal aşan divara tərəf gəlmişlər. Orada işləyən Füzuli qışqıraraq Maarifin divarın altında qaldığını demiş, tez bir zamanda hərkəs daşları və torpağı qazıb Maarifi oradan çıxartmışlar. Çıxardıqdan sonra ona süni nəfəs vermək istəsələrdə heç bir reaksiya olmamış, sonra isə hadisə yerinə “Ambulansla” təcili tibbi yardım həkimləri gəlib onlara Maarifin öldüyünü demişlər. Hər gün işə başladıqda təhlükəsizlik qaydaları barədə Şahid3 tərəfindən ona və digər işçilərə təlimatlar və tapşırıqlar verilmiş, təhlükəsizlik qaydaları ilə təlimatlandırılmaya dair kitabda imza etmiş, həmçinin, onlara texniki təhlükəsizlik vasitələri (dəbilqə, xüsusi geyim və s.) verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, fərdi olaraq tikinti işləri fəaliyyəti ilə məşğul olur, həmçinin müəyyən firmalardan müqavilə ilə rəsmi iş götürüb müəyyən özü tanıdığı şəxslərlə briqada yaradıb icra edir. Özünə məxsus VÖEN əsasında fəaliyyət göstərməklə hazırda “xxxx” QSC ilə arasında olan xx xxxx 2020-ci il tarixli müqaviləyə əsasən, suvaq və müəyyən tikinti işləri aparmışdır. Belə ki, Ağdaş-Qəbələ avtomagistral yolunun Kürd kəndi ərazisindən keçən hissəsində tikilməkdə olan dəmir yolu stansiyasının suvaq və tikinti işləri müqavilə ilə o və işçiləri tərəfindən həyata keçirmiş, bu işlə bağlı 21 iyulda müqavilə bağlayıb işə başlamışlar. İlkin olaraq müqaviləyə əsasən stansiyanın platforması üçün istinad divarı tikmişlər. İşçiləri Füzuli, Elman, mərhum Marif və Qalib dayı olmuşdur. Füzuli və Maarif bacanaq olmuşlar. Həmin şəxsləri də 10 ildən uzun müddətdir ki, tanıyır. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 08:45 radələrində həmin istinad divarının suvaq işləri görülərkən topoqraf ilə birlikdə digər platformanın bünövrəsini yoxlayan zaman Füzuli qışqıraraq “divar aşdı, Maarif altında qaldı” demişdir. O da qaçıb dərhal hadisə yerinə gəlib Maarifin suvaq vurarkən üzərinə aşan divarın altında qaldığını görmüşdür. Dərhal əlləri ilə torpağı və daşları qazıb kənara atib Maarifi oradan çıxarmışlar. Maarifi çıxardıqda üzərində hər hansı xəsarət izi olmamışdır. Uşaqlardan biri “deyəsən nəbzi vurur” dedikdən sonra Maarifə süni nəfəs versələrdə onu xilas edə bilməmişlər. Biraz sonra isə hadisə yerinə “Ambulansla” təcili tibbi yardım briqadası gəlib Maarifi müayinə edib onlara onun öldüyünü demişlər. Sonra isə hadisə yerinə polis və prokurorluq işçiləri gəlmiş meyidi Qəbələ MDM-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020ci ilin fevral ayının 12-dən “xxxx” QSC-də texnik vəzifəsində, həmin işdən əvvəl isə 11 saylı X1 texnik işləmişdir. 2018-ci ildə işlədiyi müəsisə Ləki-Qəbələ birxətli dəmir yolu layihəsinin tikintisinə başlamışdır. Onun işi əsasən işçilərin texniki təhlükəsizliyini təmin etməkdən ibarət olmuşdur. O, işçiləri təlimatlandırıb müvafiq texniki təhlükəsizlik vasitələri dəbilqə, müvafiq ayaqqabı, jilet, əlcək və s. vermişdir. Təxminən 2020-ci ilin iyul ayında işin gedişi ilə bağlı Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən Dəmir yolu stansiyasının tikintisinə cəlb olunmuşdur. Həmin tikintidə də o təhlükəsizlik üzrə texnik vəzifəsində işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, həmişə olduğu kimi saat 07 radələrində işə getmiş, işə gəldikdən sonra işçiləri təlimatlandırıb işə başlamalarını təmin etmişdir. Saat 08:45 radələrində o, qışqırtı səsi eşitmiş, dərhal çölə çıxıb hadisə yerinə getmişdir. Hadisə yeri platformanın tikilməkdə olan istinad divarının yanı olmuş, maraqlanıb platformanın divarının uçub işçilərdən Maarif adlı şəxsin üzərinə düşdüyünü öyrənmişdir. Onlar dərhal torpağı və daşı qazıb onu oradan çıxarmışlar. Çıxardıqdan sonra isə artıq gec olduğunu görmüşlər. Daha sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəlmiş, onlar müayinə edib Marifin öldüyünü deyib meyiti Qəbələ MDM-nə aparmışlar. Hadisənin baş verməsinə səbəb platformanın istinad divarının tikintisi işləri aparılarkən şirkətlərinin əməkdaşı Tanrıverdinin idarə etdiyi buldozerlə platforma tikilisinin içərisində torpağı yayarkən, buldozerin hərəkət istiqamətində platforma tikilisinin özəyinin aşağı hissəsində istinad divarının çöl tərəfində suvaq işləri aparan Maarifin suvaq vurduğu divarın onun üzərinə aşmasının olmuşdur. Hadisə baş verən yerdə platforma üçün istinad divarı tikilmiş, həmin tikinti Şahid6 adlı briqadir tərəfindən həyata keçirilmiş, onunla “xxxx” QSC arasında müqavilə olmuş, həmin şəxs müqavilə əsasında həmin işləri öz briqadası ilə birgə fərdi sahibkar formasında həyata keçirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis texniki ekspertizalar şöbəsinin böyük eksperti Bəyəliyev Azər Bəyəli oğlu istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ********* nomrəli cinayət işi üzrə təyin edilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizası üzrə onun tərəfindən 10/2376 nömrəli xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyi verilmişdir. Göstərilən rəy ekspertizanın təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərilmiş eləcə də cinayət işi materialında olan məlumatlara əsasən verilmişdir. Göstərilən tədqiqat obyektlərinin öyrənilməsi zamanı bir sıra faktiki hallar müəyyən edilmiş və qüvvədə olan normativ aktların tələblərini nəzərə alaraq iş üzrə müəyyən edilmişdir ki, həmin rəydə göstərilmiş normativ aktların müddəaları təmin edilməmişdirlər. Belə ki, hadisə zamanı Təqsirləndirilən şəxs, idarə etdiyi buldozer vasitəsilə torpağı yayaraq qarşıya itələdikdə, onu (yəni torpaq kütləsini) mişardaşından hörülmüş istinad divarına dirəmiş, bunun da nəticəsində, yaranmış təzyiqə davam gətirməyən divarın bir hissəsi uçulmuşdur. Bununla bərabər, hadisə zamanı «Siqnalçı» vəzifəsini icra etmiş «xxxx»-L QSC-də fəhlə işləyən Şahid1 verdiyi «Dayan» komandasına baxmayaraq, Təqsirləndirilən şəxs buldozeri dərhal saxlamamış və nəticədə buldozerlə hərəkət etdirilən torpaqla istinad divarı arasında təlimatla müəyyən edilmiş təhlükəsizlik (yəni 0,5 metr) məsafəsin ə riayət etməmişdir. Göstərilənlərə əsaslanaraq tədqiqatın nəticəsinə gəlinmişdir ki: “baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs ilə «xxxx»-L QSC-də bağlanılmış «Əmək müqaviləsi»nin 4.13 bəndinin, cinayət işində olan «Buldozerçinin vəzifə təlimatı»nın 1.3, 1.5, 2.2, 2.3 bəndlərinin və «Tikintidə əməyin mühafizəsinə dair nümunəvi təlimatlar toplusu»nda olan, «Buldozer maşinisti üçün əməyin mühafizəsinə dair 2 №-liTəlimat»ın 32 bəndinin tələbləri pozulmuşdur. Göstərilən tələblərin pozulması hadisənin səbəbləri olmuşdur. Beləki, hadisə zamanı, Təqsirləndirilən şəxs, idarə etdiyi buldozer vasitəsilə torpağı yayaraq qarşıya itələdikdə, onu (yəni torpaq kütləsini) mişardaşından hörülmüş istinad divarına dirəmiş, bununda nəticəsində, yaranmış təzyiqə davam gətirməyən divarın bir hissəsi uçulmuşdur. Bununla bərabər, hadisə zamanı «Siqnalçı» vəzifəsini icra etmiş «xxxx»-L QSC-də fəhlə işləyən Şahid1 verdiyi «Dayan» komandasına baxmayaraq, Təqsirləndirilən şəxs buldozeri dərhal saxlamamış və nəticədə buldozerlə hərəkət etdirilən torpaqla istinad divarı arasında təlimatla müəyyən edilmiş təhlükəsizlik (yəni 0,5 metr) məsafəsinə riayət etməmişdir. Təqsirləndirilən şəxs ilə «xxxx»-L QSC-də bağlanılmış «Əmək müqaviləsi»nin 4.13 bəndinin, cinayət işində olan «Buldozerçinin vəzifə təlimatı»nın 1.3, 1.5, 2.2, 2.3 bəndlərinin və «Tikintidə əməyin mühafizəsinə dair nümunəvi təlimatlar toplusu»nda olan, «Buldozer maşinisti üçün əməyin mühafizəsinə dair 2 №-liTəlimat»ın 32 bəndinin tələbləri, iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma keçmiş – «xxxx»-L QSC-də mexanizator-buldozer sürücüsü vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Bəyəliyev Azər Bəyəli oğlu həmçinin ifadəsində göstərmişdir ki, baş vermiş hadisə ilə əlaqədar, rəydə göstərilmiş normativ aktların tələbləri həmin istehsalat prosesi zamanı texniki peşə məktəbini traktorçu ixtisası üzrə bitirmiş, təkərli və sepli traktorları idarə etmək üçün xüsusi ixtisası olan və ixtisası üzrə imtahan verdikdən sonra traktor texnikasını idarə etməyə hüquq verən xüsusi vəsiqəsi olmuş Təqsirləndirilən şəxs tərəfindən pozulmuş və sonuncu iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına təlimatlandırma keçmiş və bununla da həmin traktorun idarə edilməsinə müstəqil işə buraxılaraq - «xxxx»-L QSC-də bağlanılmış «Əmək müqaviləsi»nin 4.13 bəndinin, cinayət işində olan «Buldozerçinin vəzifə təlimatı»nın 1.3, 1.5, 2.2, 2.3 bəndlərinin və «Tikintidə əməyin mühafizəsinə dair nümunəvi təlimatlar toplusu»nda olan, «Buldozer maşinisti üçün əməyin mühafizəsinə dair 2 №-liTəlimat»ın 32-ci bəndinin tələblərini dönməz yerinə yetirməməsi olmuşdur. Göstərilən tələblərin yerinə yetirilməsi təmin edildiyi halda hadisənin baş verməsinin qarşısı alınardı. Ekspertiza zamanı digər subyektlər tərəfindən hər hansı normativ aktların tələblərinin hadisəyə səbəb ola biləcək pozulması müəyyən edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Qəbələ rayon Şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli, 06 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, mərhum X11 meyitində daxili qanxma, kompression (sıxılma) asfiksiya əlamətləri, ağ ciyərlərin cırılması, qabırğaların çoxsaylı sınıqları, bağırsaqların müsariqəsinə qansızma, başın sol gicgah nahiyyəsində yumuşaq toxumaya qansızma, burunun sol tərəfinin, sol gicgah və sol kürək nahiyyəsinin sıyrıqları kimi xəsarətləri vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci ildə törənə bilər və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. X11 ölümünə səbəb ağ ciyərlərin cırılması ilə müşayət olunan kəskin daxili qanaxma olmuşdur. Onun ölümü inkişaf etmiş ilkin meyit əlamətlərinin inkişaf səvyyəsinə görə meyitin müayinə olunan vaxtdan, yəni xx xxxxxx 2020-ci il saat 11:10-dan 1,5-2,5 saat əvvəl baş verməsinə uyğun gəlir. X11 meyiti üzərində olan xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci ildə görülən tikinti işləri zamanın ağır çəkidə daş və torpaq kütləsinin altında qalması nəticəsində törənə bilər. X11 ölümünə səbəb xx xxxxxx 2020-ci ildə görülən tikinti işləri zamanın ağır çəkidə daş və torpaq kütləsinin altında qalması nəticəsində onun ölümünə səbəb ağ ciyərlərin cırılması nəticəsində baş verən daxili qanaxma olmaqla yanaşı meyitin müayinəsi zamanı onda qarın və döş qəfəsinin sıxılması nəticəsində baş verən kompression (sıxılma) asfiksiyanın əlamətləri aşkar edilmişdir. X11 meyitində aşkar edilən xəsarətlər və əlamətlərə görə onun hadisə vaxtı ayaq üstə, sonradan ağır kütləni saxlaya bilməyərək üzü yuxarı və üzü aşağı vəziyyətlərində olması güman edilir. X11 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə tibbi kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əmək Təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ilə «xxxx QSC-də bağlanılmış «Əmək müqaviləsi»nin 4.13 bəndinin; cinayət işində olan «Buldozer vəzifə təlimatı»nın 1.3, 1.5, 2.2, 2.3 bəndlərinin və «Tikintidə əməyin mühafizəsinə nümunəvi təlimatlar toplusu»nda olan, «Buldozer maşinisti üçün əməyin mühafizəsinə dair 2 N-li Təlimat»ın 32 bəndinin tələbləri pozulmuşdur. Həmin tələblərin pozulması hadisənin səbəbləri olmuşdur. Belə ki, hadisə zamanı Təqsirləndirilən şəxs, idarə etdiyi buldozer vasitəsilə torpağı yayaraq qarşıya itələdikdə, onu (yəni torpaq kütləsini) mişar daşından hörülmüş istinad divarına dirəmiş bunun da nəticəsində, yaranmış təzyiqə davam gətirməyən divarın bir hissəsi uçulmuşdur. Bununla bərabər, hadisə zamanı «Siqnalçı» vəzifəsini icra etmiş «xxxx»-L QSC-də fəhlə işləyən Şahid1 verdiyi «Dayan» komandasına baxmayaraq, Təqsirləndirilən şəxs buldozeri dərhal saxlamamış və nəticədə buldozerlə hərəkət etdirilən torpaqla istintad divarı arasında təlimatla müəyyən edilmiş təhlükəsizlik (yəni 0,5 metr) məsafəsinə riayət etməmişdir. Təqsirləndirilən şəxs ilə «xxxx»-L QSC-də bağlanılmış «Əmək müqaviləsi»nin 4.13 bəndinin; cinayət işində olan «Buldozerçinin vəzifə təlimatı»nın 1.3, 1.5, 2.2, 2.3 bəndlərinin və «Tikintidə əməyin mühafizəsinə dair nümunəvi təlimatlar toplusu»nda olan, «Buldozer maşinisti üçün əməyin mühafizəsinə dair 2 №-li Təlimat» ın 32 bəndinin tələbləri, iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma keçmiş - «xxxx»-L QSC-də traktorçu vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx xxxx 2020-ci il tarixli 01/2020 nömrəli icarə müqaviləsindən görünür ki, Rəmzi MMC-yə məxsus “LİUGONG” markalı 10-R-519 qeydiyyat nişanlı buldozer müqavilə əsasında aylıq icarə haqqı 5000 (beş min) manat olmaqla 1 il müddətində “xxxx” QSC-nin istifadəsinə verilmişdir. 007787 nömrəli Yük Avtonəqliyyatı üçün yol vərəqəsindən isə görünür ki, “LİUGONG” markalı 10-R-519 qeydiyyat nişanlı buldozer idarə etmək üçün 01-xx xxxxxx 2020-ci il tarixlərdə sürücü X2 etibar edilmişdir. İşdə olan “xxxx” QSC-nin direktoru Şahid5 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 124 nömrəli Əmrin surətindən görünür ki, X3 əmək müqaviləsinə əsasən 6-cı dərəcəli mexanizator-buldozer sürücüsü peşəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixdə işəgötürən “xxxx” QSC-nin direktoru Şahid5 ilə X3 arasında bağlanmış müddətli əmək müqaviləsinin surətindən görünür ki, sonuncu həmin QSC-də mexanizator-buldozer sürücüsü işinə qəbul olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2020-ci il taixli P/F-21/7/20-1 saylı tikinti işlərinin görülməsinə dair müqavilədən göründüyü kimi, sifarişi “xxxx” QSC-nin ilə İcraçı fiziki şəxs X13 arasında Ləki-Qəbələ birxətli dəmir yolu xəttinin 41+700 kilometrliyində hörgü və suvaq işlərininin görülməsi ilə əlaqədar iki tərəfli müqavilə bağlanmışdır. İşdə olan Qəbələ RPŞ-dən daxil olmuş DİN-nin “Vahid məlumat axtarış sistemindən” götürülmüş məhkumluq barədə ilkin əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edililr. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Qəbələ RPŞ-dən daxil olmuş DİN-nin “Vahid məlumat axtarış sistemindən” götürülmüş məhkumluq barədə ilkin əməliyyat məlumatdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Şəki şəhər İHB-nın Aşağı Göynük kənd X14 üzrə nümayəndəliyindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs Şəki şəhəri, Aşağı Sayısqı kəndində yaşayır və yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.11.-59.1.13-cü maddələrinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar hesab edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən,hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs “mexanizatorbuldozer sürücüsü” vəzifəsindən müəyyən müddətə məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, “mexanizator-buldozer sürücüsü” vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon prokurorluğunda saxlanılan mərhum M.Ə.Balıyevə məxsus bir ədəd şalvar və bir ədəd köynək və alt paltarı, şərti olaraq 1 nömrə ilə işarələnmiş sement kisəsindən, 2 nömrə ilə işarələnmiş torpaq yığınından, 3 nömrə ilə işarələnmiş palçıqdan, 4 nömrə ilə işarələnmiş xırda daşlardan, 5 nömrə ilə işarələnmiş uçan divarın üzərindəki betondan, 6 nömrə ilə işarələnmiş uçan divarın mişar daşından götürülmüş nümunələr hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 150 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə “mexanizator-buldozer sürücüsü” vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon prokurorluğunda saxlanılan mərhum M.Ə.Balıyevə məxsus bir ədəd şalvar və bir ədəd köynək və alt paltarı, şərti olaraq 1 nömrə ilə işarələnmiş sement kisəsindən, 2 nömrə ilə işarələnmiş torpaq yığınından, 3 nömrə ilə işarələnmiş palçıqdan, 4 nömrə ilə işarələnmiş xırda daşlardan, 5 nömrə ilə işarələnmiş uçan divarın üzərindəki betondan, 6 nömrə ilə işarələnmiş uçan divarın mişar daşından götürülmüş nümunələr hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar