Məhkəmə qərarları › İş №1(025)-2/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-2/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-2/2023 16.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi – Nümayəndə, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin yaz aylarında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayon Bum qəsəbəsində yerləşən, döngə nöqtələrinin koordinatları X=732495,6546,Y=4541754,1003; X=732487,2775, Y=4541689,4748; X=732443,5973, Y=4541714,1176; X=732441,3402, Y=4541711,8509; X=732413,8566, Y=4541723,9427; X=732399,9376,Y=4541723,4689; X=732382,7332, Y=4541717,5920; X=732375,9763, Y=4541703,2885;X=732359,9436, Y=4541694,3196; X=732353,5098, Y=4541713,0495; X=732353,3977,Y=4541773,1624;X=732362,4648,Y=4541772,3782;X=732416,7207,Y=4541758, 2208; X=732465,5190, Y=4541752,6250; olmaqla Bum qəsəbə bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş sahəsi olan 0,697 ha torpaq sahəsinin ətrafına qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan ağac dirəklər basdırıb həmin dirəklərin üzərinə təqribən 1,5 metr - 1,80 metr hündürlükdə tikanlı məftillər çəkərək özbaşına hasara alıb tutmaqla orada meyvə ağacları əkib becərmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 bibisi oğludur, onunla uzun müddətdir ki, münasibəti yoxdur. Nümayəndə həmkəndlisi, həm qəsəbənin bələdiyyə sədridir. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Yaşadığı qəsəbədə “Bum” çayının Duruca çayı adlı hissəsində 67 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsi yaşadığı evdən təxminən 1 km məsafədə yerləşir. Torpaq sahəsi kənd camahatı və bələdiyyə tərəfindən heç bir məqsədlə istifadə edilmir, boş qalmışdır. Maddi imkanları aşağı olduğundan 2019-cu ilin mart ayında həmin torpaq sahəsindən istifadə etmək qərarına gəlmiş və bu məqsədlə özü qeyd olunan torpaq sahəsinin 2 tərəf kənarını 9 cərgə, ümumilikdə 180 sm hündürlükdə tikanlı setka ilə bağlamışdır. Torpaq sahəsinin digər iki tərəfi, yəni, şimal və cənub tərəfləri yaşayış olduğundan əvvəldən bağlı olmuşdur. Şimaldan Şahid11 bağ sahəsi ilə, cənubdan isə Şahid7 bağ və yaşayış yerinin kənarları ilə sərhəddir. Torpaq sahəsinin kənarlarını özü təkcə ağac basdırmalar bərkidib tikanlı məftillə bağlamışdır. Torpaq sahəsində özü təxminən 50-60 ədəd meyvə ağacı əkmişdir. Bundan təxminən 1 il sonra Nümayəndə həmin torpaq sahəsinin rəsmi icarəyə götürmək üçün yazılı müraciət etmişdir. Belə ki bu barədə müraciət etməyi ona Əddin özü demişdir. Yazılı müraciət edəndə şifahi olaraq Əddin ona “biraz gözləyin yerin təyinatını öyrənim, məlumat verəcəyəm” demişdir. Həmin vaxtdan bir müddət sonra Əddin yenə şifahi olaraq ona qeyd olunan torpaq sahəsinin meşə zolağına aid olduğunu bildirmişdir. Buna uyğun olaraq müraciət edəcəyini demiş, daha sonra Əddin Qubadla əlbir olaraq ondan polisə şikayət etmişlər. Bu barədə təhqiqatda ilkin izahatlarını vermiş, reyestr idarəsindən əməkdaşlar gəlib kənarlarını bağladığı torpaq sahəsinə baxış keçirib ölçmə işi aparıb içəridəki meyvə ağaclarını saymışlar. Baxış keçirilən zaman həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğunu qeyd etmişlər.Torpaq sahəsini icarəyə götürmək üçün müraciət etdiyini reyestr işçilərinə demişdir. Əddin isə müraciət etdiyini etiraf etmişdir. Müraciətlə bağlı sənədləri hazırda cinayət işinə əlavə etmişdir. Baxışa gələn əməkdaşlarla Qubadın Bum qəsəbəsində qanunsuz zəbt etdiyi 5-6 ədəd bağ sahəsinə baxış keçirilmiş, hətta qəsəbədə “Köbüd” adlanan mal örüşü sahəsində dövlətin balansında olan həmin torpaq sahəsində tikdiyi iki evi də təqdim etmişdir. Həmin torpaq sahəsinin təyinatını dəyişdirmək üçün Nümayəndə qapısını döymədiyi idarə və təşkilat qalmamışdır. Dəfələrlə Nümayəndə bələdiyyə iclaslarında onun da iştirakını təmin edərək dəvət etməyini xahiş etsə də Əddin heç bir zaman onu dəvət etməmişdir. Nümayəndə 8 nəfərdən ibarət ərizə ilə müraciət etmiş, müraciətində göstərmiş ki, Şahid1 Bum qəsəbəsində “Köbüd” adalanan yerdə qanunsuz evlər tikmişdir. 04 avqust 2021-ci il tarixdə, Qubad onun 31 sot torpaq sahəsini qanunsuz zəbt etməsi, həmin tarixdə həmin yolun kənarında böyük bir çinar ağacını qanunsuz olaraq kəsməsi barədə ayrı-ayrılıqda polisin “102” xidmətinə müraciət etmiş, bu barədə polis şöbəsində araşdırma aparılmış, lakin Qubad barədə tədbir görülməmişdir. Torpaq sahəsinin yaxınları, həmçinin, xüsusi mülkiyyətə aid torpaq sahəsi olmadığını bilirmişdir. Kənarlarını bağladığı torpaq sahəsinin hansı mülkiyyətə aid olmasını dəqiq bilməmiş, sadəcə kəndin torpaq sahəsi olduğunu bilmişdir. Torpaq sahəsinin kənarlarını 2019-cu ilin mart ayında bağlamağa başlamış, torpaq sahəsinin kənarlarını bağlamazdan əvvəl bu barədə bələdiyyə və digər orqanlara müraciət etməmişdir.Torpaq sahəsində heç bir tikinti işi aparmamış, torpaq sahəsinin kənarlarını tək bağlamış, heç kim ona fiziki və sair köməklik etməmişdir. Torpaq sahəsinin kənarını bağlayandan sonra oraya keçid üçün setka qapı da qoymuşdur. Kənarlarını bağladığı torpaq sahəsinə görə mülkiyyət, istifadə və ya icarə hüququ yoxdur. Təqsirləndirilən şəxs əlavə etmişdir ki, onun tərəfindən zəbt edilmiş bələdiyyə mülkiyyətinə məxsus 0,697 ha torpaq sahəsinin kənarlarını açaraq ümumi istifadəyə qaytarmışdır, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etmişdir. Qeyd etdiyi halların yekun qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 27 yanvar 2015-ci il tarixdən etibarən Bum qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləyir. Sonuncu dəfə 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində yenidən Bum qəsəbə bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Hazırda Bum qəsəbə bələdiyyəsinin mülkiyyətində Bum qəsəbəsi üzrə 529 hektar torpaq sahəsi vardır. Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla normal münasibətləri vardır. Bum qəsəbə bələdiyyəsinin mülkiyyətində olan və qəsəbənin aşağı hissəsində günbatan istiqamətdə, yəni Xırxatala kəndi istiqamətdə “Bum çayının” yatağından təxminən 400 metr məsafədə təqribən 70 sot kənd təsərrüfat təyinatlı örüş sahəsi vardır ki, həmin torpaq sahəsi 2021-ci ilin yaz aylarında Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuşdur. Belə ki, Etibar həmin torpaq sahəsinin kənarlarına ağac dirəklər basdırmış, həmçinin həmin dirəkləri təqribən 1,5 metr hündürlükdə dəmir tikanlı məftillə hasarlayıb tam olaraq torpaq sahəsini bağlamış, qapı qoymuşdur. Qanunsuz tutduğu torpaq sahəsinin şimal və cənub tərəfləri yaşayış olduğundan əvvəldən bağlı olmuşdur.Torpaq sahəsi şimaldan Şahid11 bağ sahəsi ilə, cənubdan isə Şahid5 Sərkər oğlunun bağ və yaşayış yerinin kənarları ilə sərhəddir. Şimal və cənub tərəf Etibar tərəfindən deyil, adlarını qeyd etdiyi şəxslər tərəfindən bağlanmışdır. Etibar isə arada qalmış sahənin iki yan tərəflərini qanunsuz olaraq bağlamışdır. Torpaq sahəsində hər hansı bir təsərrüfat, tikinti işləri görməmişdir. Qanunsuz tutulmuş torpaq sahəsi kəndin örüş sahəsidir, həmçinin, torpaq sahəsindən kənd camahatı mal-qara yolu, həmçinin, kəndin ara yolu kimi istifadə etmişdir. Belə ki, torpaq qəsəbənin “Kəndayağı” adlandırdığı hissəsindədir və “Bum” çayının axını istiqamətdə sağ sahilində yerləşir. Çay sahili Etibar tərəfindən qanunsuz tutulduğu üçün mal-qara həmin çaya keçə bilmir, kənd sakinləri mal-qaraya su verə bilmir, otlaq sahəsi bağlanmışdır. Malqara və kənd camahatı çaya düşmək üçün yoldan istifadə edə bilmir, bunun üçün həmin torpaq sahəsindən fırlanıb digər uzaq yollardan istifadə etməli olurlar. Etibara dəfələrlə həmin torpaq sahəsini boşaltmasını, kənarlarını açmasını xəbərdarlıq etmiş, ancaq Etibar bunlara məhəl qoymamışdır. Hətta Etibarın bu hərəkətlərindən qəsəbə sakinləri də ona dəfələrlə şifahi şikayətlər etmişlər. Bu şikayətləri Etibara çatdırmış, ancaq bir faydası olmamışdır. Bu günə kimi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin kənarlarını açmamışdır. Nümayəndə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2020-ci tarixdə həmin torpaq sahəsinin icarə, hərrac və ya müsabiqə yolu ilə onlara verilməsi barədə müraciət etmiş, lakin kollu örüş sahələrinin icarəyə verilməsi, satılması, hərrac və ya digər yollarla şəxsi mülkiyyətə sənədləşdirilməsinə icazə verilmədiyini Etibara məlumat vermişdir. Etibarın həmin torpaq sahəsinin kənarlarını bağlamasının şahidi olmamışdır, bu halı vətəndaşların şikayətindən sonra müşahidə etmişdir. Ölçmə işləri aparmadığı üçün Etibarən qanunsuz tutduğu torpaq sahəsinin təxminən 87 sot olduğunu qeyd etmişdir. Reyestr xidməti tərəfindən ölçmə işləri aparılandan sonra qanunsuz tutulmuş torpaq sahəsinin 87 sot deyil, 0,697 sot olduğu müəyyən edilmişdir. Etibar həmin torpaq sahəsini 2021-ci ildə qanunsuz olaraq tutmuş, onun 2019-cu ildə tutması barədə bildirdikləri yalandır. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq özbaşına tutulmuş torpaq sahəsinə reyestr çıxarışı yoxdur. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq özbaşına tutulmuş torpaq sahəsinə reyestr çıxarışı yoxdur.Bələdiyyə büdcəsinə heç bir ödəniş etməmişdir. Torpaq sahəsini boşaltması üçün Təqsirləndirilən şəxs dəfələrlə şifahi qaydada xbərdarlıqlar etmiş, lakin sonuncu həmin xəbərdarlıqlara məhəl qoymamışdır. Hazırda Təqsirləndirilən şəxs həmin torpaq sahəsini boşaltmış, çəpərləri sökmüş və əvvəlki vəziyyətinə gətirmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma dayısı oğludur. Onunla uzun müddətdir ki, normal münasibəti yoxdur. Belə ki, Etibar kənddə, həmçinin qohumluqda yaxşı xarakterizə olunmadığı üçün onunla nə özünün, nə də ailəsinin münasibəti yoxdur. Yaşadığı Bum qəsəbə bələdiyyəsinin mülkiyyətinə məxsus yaşadığı evdən təqribən 500 metr məsafədə təxminən 70 sot torpaq sahəsi vardır ki, həmin torpaq sahəsi 2021-ci ilin yaz aylarında Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuşdur. Belə ki, Etibar həmin torpaq sahəsinin kənarlarına ağac dirəklər basdırmış, həmçinin həmin dirəkləri təqribən 1,5 metr hündürlükdə dəmir tikanlı məftillə hasarlayaraq tam bağlamış, qapı qoymuşdur. Qanunsuz tutduğu torpaq sahəsinin şimal və cənub tərəfləri yaşayış olduğundan əvvəldən bağlı olmuşdur. Şimaldan Şahid11 bağ sahəsi ilə qonşudur, cənubdan isə Şahid5 Sərkər oğlunun bağ və yaşayış yerinin kənarları ilə sərhəddir. Şimal və cənub tərəf Etibar tərəfindən deyil, adlarını qeyd etdiyi şəxslər tərəfindən bağlanmışdır. Etibar isə arada qalmış sahənin iki yan tərəflərini qanunsuz olaraq bağlamışdır. Torpaq sahəsində hər hansı bir təsərrüfat, tikinti işləri görməmişdir. Həmin torpaq sahəsi kəndin örüş sahəsidir, həmçinin, torpaq sahəsindən kənd camahatı mal-qara yolu, həmçinin, kəndin ara yolu kimi istifadə edirmişlər. Belə ki, torpaq kəndin “Kəndayağı” adlandırdığı hissəsində olmaqla “Bum” çayının axını istiqamətdə sağ sahilində yerləşir. Çay sahili Etibar tərəfindən qanunsuz tutulduğu üçün mal-qara həmin çaya keçə bilmir, otlaq sahəsi də bağlanmışdır. Mal-qara və kənd camahatı çaya düşmək üçün yoldan istifadə edə bilmir. Dəfələrlə qəsəbə sakinləri Etibarın qanunsuz hərəkətləri barədə kənd bələdiyyəsinə şifahi müraciətlər etmiş, ancaq Etibar bələdiyyənin ona etdiyi xəbərdarlıqlara məhəl qoymamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Nümayəndə isə Bum qəsəbə bələdiyyə sədridir, həmkəndlisdir, onlarla normal münasibətləri vardır, heç biri ilə ədavət və düşmənçiliyi yoxdur. 2021-ci ilin sentyabr ayında həmkəndlisi Şahid1 qəsəbədə həyət qapılarına gələrək ona bir vərəqə təqdim edib “Bum çayına keçmək üçün yol alırıq, açırıq, sən də qol çək” demişdir. Ancaq həmin vərəqədə nə yazıldığını oxumamışdır. Belə ki, yaşadığı evdən təxminən 600 metr məsafədə olan təxminən 70 sot torpaq sahəsi Etibar tərəfindən kənarları bağlanmış və buna görə də Bum çayına sərbəst gediş gəliş bağlanmışdır. Etibar həmin torpaq sahəsinin kənarlarına ağac dirəklər basdırmış, həmçinin, həmin dirəklərə təqribən 1,5 metr hündürlükdə dəmir tikanlı məftillərlə hasarlayaraq tam olaraq torpaq sahəsini bağlamış, qapı qoymuşdur.Həmin torpaq sahəsinin şimal və cənub tərəfləri yaşayış olduğundan əvvəldən bağlı olmuşdur. Şimaldan Şahid11 bağ sahəsi ilə, cənubdan isə Şahid7 bağ və yaşayış yerinin kənarları ilə sərhəddir. Şimal və cənub tərəf qeyd etdiyi kimi Etibar tərəfindən deyil, adlarını qeyd etdiyi şəxslər tərəfindən bağlanmışdır. Etibar isə arada qalmış sahənin iki yan tərəflərini bağlamışdır. Torpaq sahəsində tikinti işləri görməmişdir. Belə ki, torpaq kəndin “Kəndayağı” adlandırdıqları hissəsindədir və “Bum” çayının axını istiqamətdə sağ sahilində yerləşir. Həmin torpaq sahəsinin kənarlarını Etibar bağlayanda görsə də onun torpaq sahəsinin qanunsuz olaraq kənarlarını bağlamasını bilməmiş, bu barədə ondan heç nə soruşmamışdır. Şahid1 ona həmin yerdən yol açılması üçün bu barədə qəsəbə bələdiyyəsinə müraciət edildiyini bildirmişdir. Həmin vərəqədə başqa xatırlamadığı qəsəbə sakinlərinin də imzası vardır. Buna görə həmin vərəqəyə imza etmiş, təxminən 1-2 ay sonra Etibar onu qəsəbədə gördükdə “sən nə üçün məndən şikayət etmisən?” deyə soruşmuşdur. Etibara “mal qara çayda qalmış, onları canavar yeyə bilər, mal qaranın gediş gəlişi bağlanmışdır” demiş, Etibar “özümüz həll edərdik” deyə cavab vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Nümayəndə həmkəndliləridir. Nümayəndə Bum qəsəbə bələdiyyə sədridir, onlarla normal münasibətləri vardır, heç biri ilə ədavət və düşmənçiliyi yoxdur. Yaşadığı Bum qəsəbəsində istifadəsində təqribən 40 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsi uzun müddətdir ki, atasının, hazırda isə özünü istifadəsindədir.Torpaq sahəsinin çay kənarına doğru olan cənub hissəsində təxminən 70 sot açıq bir sahə vardır. Təxminən 2 il əvvəl yaz aylarında Etibar həmin torpaq sahəsinin iki tərəf kənarlarını bağlayaraq orada ağaclar əkmiş, ancaq Etibarın orada işləməsini birbaşa görməmişdir. Çünki evi həmin yerdə yerləşmir. Sonradan həmin torpaq sahəsinin Etibar tərəfindən kənarlarının bağlandığını eşitmişdir.Belə ki, Etibar torpaq sahəsinin kənarlarına ağac dirəklər basdırmış, həmçinin dirəkləri təqribən 1,5 metr hündürlükdə dəmir tikanlı məftillərlə hasarlayaraq tam olaraq torpaq sahəsini bağlamış, qapı qoymuşdur. Torpaq sahəsinin şimal və cənub tərəfləri yaşayış olduğundan əvvəldən bağlı olmuşdur. Şimaldan Şahid11 bağ sahəsi ilə, cənubdan isə qardaşı Qəzənfərin və onun bağ yerinin kənarları ilə sərhəddir. Yəni, Etibar 2 tərəf hissəni bağlamışdır. Bağladığı torpaq sahəsi qəsəbədə “Kəndayağı” adlandırdıqları hissəsindədir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Nümayəndə həmkəndliləridir, sonuncu Bum qəsəbə bələdiyyə sədridir, onlarla normal münasibətləri vardır, heç biri ilə ədavət və düşmənçiliyi yoxdur. 23 sentyabr 2021-ci il tarixdə qəsəbədə çayxanada əyləşmişdir. Bu zaman çayxanada masanın üzərində bir vərəqə görmüş, qəsəbə sakini Şahid3 ona “gəl yol açırıq, qol çək” demişdir. Həmin masaya yaxınlaşmış, xatırlamadığı digər qəsəbə sakinləri də orada olmuşdur. Onlardan nə məsələ olduğunu soruşduqda onlar “Bum çayı tərəfə yol açılır, bir neçə nəfərin qəsəbə bələdiyyəsinə imzası lazımdır” demişlər. Belə ki, “Bum” çayı tərəfə əvvəllər yol olsada həmin yollar zaman-zaman qəsəbə sakinləri tərəfindən bağlanmışdır. Yolun açılmasını istədiyi üçün təqdim olunan vərəqənin aşağı hissəsindən adının qarşısından imza etmişdir. Ancaq vərəqədə nə yazıldığını oxumamış, sadəcə olaraq şifahi formada məlumat verilmişdir. Bundan bir neçə gün sonra Nümayəndə onu qəsəbə bələdiyyəsinə çağırmış, oraya gedəndə Nümayəndə “sən də Etibardan şikayət ərizəsinə qol çəkmisən” demişdir. Etibar özü də orada olmuşdur. Nə şikayət olduğunu soruşmuş, Nümayəndə ona imza etdiyi vərəqəni oxumuş, orada Etibardan şikayət edildiyi yazılmışdır. Etibarın adının olmasını görmədiyini, şikayət ərizəsini oxumadan imza etdiyini demişdir. Orada məlumat almışdır ki, sən demə Etibar “Bum” çayının kənarında bələdiyyə torpağının kənarlarını bağladığı üçün çaya gediş-gəliş bağlanmışdır. Buna görə də qəsəbə sakinlərinin əli ilə həmin yolu açmaq istəyirlər. Həmin vaxta qədər Etibarın torpaq sahəsinin kənarlarını bağlamasını bilməmişdir. Həmin yer çay kənarı olduğundan və evindən təxminən 1 km aralı olduğundan bələdiyyəyə məxsus torpaq sahəsinin kim tərəfindən qanunsuz tutulmasını görməmişdir. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Ədin Həsənov həmkəndlisidir, onarla normal münasibətləri vardır. Nümayəndə isə Bum qəsəbə bələdiyyə sədridir. Yaşadığı Bum qəsəbəsində mülkiyyətində 40 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsi uzun müddətdir ki, mülkiyyətindədir. Torpaq sahəsinin çay kənarına doğru olan cənub hissəsində təxminən 70 sot açıq bir sahə vardır. 2021-ci ilin yaz aylarında, təxminən aprelmay aylarında Etibarın həmin torpaq sahəsinin iki tərəf kənarlarını bağlayaraq orada ağaclar əkdiyinin şahidi olmuşdur. Etibar torpaq sahəsinin kənarlarını həm bağlayan, həm də orada işləyən zaman görmüşdür. Belə ki, Etibar həmin torpaq sahəsinin kənarlarına ağac dirəklər basdırmış, həmin dirəkləri 1,5 metr hündürlükdə dəmir tikanlı məftillərlə hasarlayaraq tam olaraq torpaq sahəsini bağlamış və qapı qoymuşdur. Torpaq sahəsinin şimal və cənub tərəfləri yaşayış olduğundan əvvəldən bağlı olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğunu bilmişdir. Ancaq Etibar həmin torpaq sahəsinin kənarlarını bağladıqdan sonra Etibarın bu barədə bələdiyyə ilə hər hansı bir formada sənədləşmə işləri apardığını düşünmüş, buna görə də Etibardan heç nə soruşmamışdır. Etibar həmin torpaq sahəsinin kənarlarını 2021-ci ilin yaz aylarında, yəni təxminən aprel-may aylarında bağlamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Nümayəndə həmkəndliləridir. Onlarla normal münasibətləri vardır, heç biri ilə ədavət və düşmənçiliyi yoxdur. Yaşadığı Bum qəsəbə bələdiyyəsinin mülkiyyətində olan yaşadığı evdən təxminən 1,5 km məsafədə təxminən 70 sot torpaq sahəsi vardır ki, həmin torpaq sahəsinin 2021-ci ilin təxminən yaz aylarında Təqsirləndirilən şəxs kənarlarını bağlayaraq qanunsuz olaraq tutmuşdur. Etibar həmin torpaq sahəsini qanunsuz tutan zaman ona özü və digər qəsəbə sakinləri dəfələrlə xəbərdar etmiş, lakin sonuncu buna məhəl qoymamışdır. Hətta bu barədə qəsəbə bələdiyyəsinə bir çox kənd sakinləri yazılı və şifahi qaydada müraciətlər etmiş, ancaq bir nəticə olmamışdır. Etibar qanunsuz tutduğu torpaq sahəsinin kənarlarına ağac dirəklər basdırmış, həmçinin, həmin dirəkləri 1,5 metr hündürlükdə dəmir tikanlı məftillərlə hasarlayaraq tam olaraq torpaq sahəsini bağlamış və qapı qoymuşdur. Həmin torpaq sahəsinin şimal və cənub tərəfləri yaşayış olduğundan əvvəldən bağlı olmuşdur. Torpaq sahəsi şimaldan Şahid11 bağ sahəsi ilə, cənubdan isə Şahid7 bağ və yaşayış yerinin kənarları ilə sərhəddir. Etibar isə arada qalmış sahənin iki yan tərəflərini bağlamışdır. Torpaq sahəsində hansısa bir tikinti işləri görməmişdir. Şahid3 əlavə etmişdir ki, Etibarın həmin torpaq sahəsinin kənarlarını bağladığını görmüş, başqa şəxsin orada iştirak etməsinin şahidi olmamışdır. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Nümayəndə həmkəndliləridir, onlarla normal münasibətləri vardır. Təxminən 2021-ci ilin sentyabr ayında qəsəbədə olan zaman Şahid3 ona bir vərəqə təqdim edərək “yol açırıq, qol çək” demişdir. Şahid Etibarın qəsəbədə yol yerini bağladığını, həmin bağladığı yeri açmaq və oradan yol almaq istədiklərini, qəsəbə sakinlərin də qol çəkdiyini bildirmişdir. O, razılaşıb Şahidin təqdim etdiyi vərəqəyə oxumadan imza etmişdir. Şahid9 əlavə etmişdir ki, Etibarın özbaşına kənarlarını bağladığı yer onun yaşadığı evdən uzaqda olduğu üçün həmin yoldan istifadə etmir, ancaq yolun açılması üçün imza etmişdir. Etibarin qanunsuz tutduğu yeri görməmiş, həmin yerə getməmişdir, onun torpaq sahəsinin kənarlarını nə zaman bağladığını bilmir. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Nümayəndə həmkəndliləridir, sonuncu Bum qəsəbə bələdiyyə sədridir, onlarla normal münasibətləri vardır. Yaşadığı evdən təxminən 200 metr məsafədə Bum qəsəbə bələdiyyəsinə məxsus təxminən 70 sot torpaq sahəsinin kənarlarını Təqsirləndirilən şəxs təxminən 2 ildən bir qədər artıqdır bağlamışdır və buna görə də Bum çayına sərbəst gediş-gəliş mümkün deyildir. Etibar həmin torpaq sahəsinin kənarlarına ağac dirəklər basdırmış, həmçinin, həmin dirəkləri təqribən 1,5 metr hündürlükdə dəmir tikanlı məftillərlə hasarlayaraq torpaq sahəsini tam bağlamış və qapı qoymuşdur. Həmin torpaq sahəsinin şimal və cənub tərəfləri yaşayış olduğundan əvvəldən bağlı olmuşdur. Torpaq sahəsi şimaldan Şahid11 bağ sahəsi ilə, cənubdan isə Şahid7 və Şahid4 bağ yerinin kənarları ilə sərhəddir. Etibar isə arada qalmış sahənin iki yan tərəflərini bağlamışdır. Təqsirləndirilən şəxs torpaq sahəsində hər hansı bir tikinti işləri aparmamışdır. Torpaq sahəsinin kənarlarının Etibar tərəfindən bağlanmasını birbaşa görməmiş, bu barədə ondan heç nə soruşmamışdır. Qəsəbədə torpaq sahəsinin Etibar tərəfindən qanunsuz olaraq tutulduğunu eşitmiş, qəsəbə bələdiyyəsinə sakinlər tərəfindən yazılmış kollektiv ərizəni imzalamışdır. Etibar tərəfindən həmin torpaq sahəsinin kənarlarının təxminən 2 ildən bir qədər artıq müddətdə bağlanmasını xatırlayır. İş materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı Cavidan Əhmədli tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli videoçəkilişdən istifadə olunmaqla baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 və iş üzrə təyin edilmiş mütəxəssis X2, Qəbələ rayon Bum qəsəbə bələdiyyəsinin sədri Nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncu tərəfindən qanunsuz olaraq kənarları bağlanmış torpaq sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən özbaşına qanunsuz tutulmuş torpaq sahəsi Şahid1 tərəfindən təqdim edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş torpaq sahəsi ilə bağlı heç bir etiraz daxil olmamış, qanunsuz tutduğu torpaq sahəsinin təqdim olunan yer olduğunu təsdiq etmişdir. Baxış zamanı mütəxəssis tərəfindən GPS cihazı vasitəsi ilə ərazinin sərhədləri ölçülmüş, torpaq sahəsinin hansı növ mülkiyyətə aid olmasını müəyyən etmək məqsədi ilə kordinatları götürülmüşdür. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin şərq və qərb tərəfləri tikanlı məftillə hasarlanmışdır. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə bir sıra meyvə ağacları əkdiyini bildirib həmin ağacları göstərmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ifadələrin yerində yoxlanılması protokolundan görünür ki, iş üzrə ifadəsi yerində yoxlanılan Ebişov X5 rayon Bum qəsəbə bələdiyyəsinə məxsus, kənarlarını dəmir tikanlı məftillərlə bağlayaraq qanunsuz olaraq tutduğu ümumilikdə 0,697 ha təşkil edən torpaq sahəsini təqdim etmişdir. Müyyən edilmişdir ki, torpaq sahəsinin şərq və qərb tərəfləri Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tikanlı məftillərlə hasarlanmışdır. Torpaq sahəsinin şimal və cənub tərəfləri isə əvvəllər bağlı olmuş, kolluq çəpərlərdən ibarətdir, qəsəbə sakinlərinin bağları və həyətyanı sahələri ilə əhatələnmişdir. İstintaq hərəkəti zamanı ölçmə işləri aparıldıqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq torpaq sahəsinin şərq hissəsində 64 metr uzunluqda, qərb hissəsində isə 73 metr uzunluqda tikanlı məftillərlə hasarlama işləri aparılmışdır. Tikanlı məftillər torpağa basdırılmış ağaclara bərkidilmişr, tikanlı məftillərin uzunluğu 1,50-1,80 metr hündürlükdədir. Qanunsuz olaraq tutulmuş torpaq sahəsinin qərb hissəsi çaylaq hissənin kənarında yerləşir. Torpaq sahəsində bəzi meyvə ağacları əkilmişdir. Təqsirləndirilən şəxs həmin ağacların onun tərəfindən əkildiyini qeyd etmişdir. İstintaq hərəkəti zamanı torpaq sahəsində hər hansı tikinti və ya quraşdırma işlərinin aparılmasına rast gəlinməmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən torpağa basdırılmış dirəkləri və onlara bərkidilmiş tikanlı məftilləri sındırmadan, dağıtmadan, güclü fiziki (mexaniki və s) təsir etmədən onu aşmaq və hasarı keçmədən torpaq sahəsinə daxil olmaq mümkünsüzdür. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Bum qəsəbə sakinləri Şahid10, Şahid3, Şahid2, Şahid6 və Şahid9 tərəfindən Qəbələ rayon Bum qəsəbə bələdiyyəsinə ünvanlanmış 23 sentyabr 2021-ci il tarixli kollektiv ərizədən görünür ki, həmin şəxslər Bum qəsəbə bələdiyyəsinə məxsus torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulması nəticəsində mal-qaralarını çaya apardıqları yolun bağlanmasından şikayətçi olmuşlar və həmin torpaq sahəsinin boşaldılması üçün bələdiyyədən köməklik edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Bum qəsəbə bələdiyyəsi Nümayəndə tərəfindən tərtib edilmiş və Bum qəsəbə sakinlərinə ünvanlanmış 10 noyabr 2021-ci il tarixli, 78 nömrəli məktubdan görünür ki, qəsəbə sakinlərinin Təqsirləndirilən şəxs tərəfindən bələdiyyə mülkiyyətinə məxsus toraq sahəsini qanunsuz tutması ilə bağlı müraciətə baxılmaqla sonuncuya həmin torpaq sahəsini boşaltması ilə bağlı təkrar xəbərdarlıq ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 29 aprel 2022-ci il tarixli, **********88 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qəbələ rayon Bum qəsəbəsində zəbt etdiyi 0,697 ha torpaq sahəsinin mülkiyyət növü bələdiyyə, kateqoriyası “kənd təsərrüfatı təyinatlı, uqodiyası” örüş sahəsidir. Həmin məktuba edilmiş əlavədə Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının X=732495,6546, Y=4541754,10003; X=732487,2775, Y=4541689,4748; X=732443,5973, Y=4541714,1176; X=732441,3402, Y=4541711,8509; X=732413,8566, Y=4541723,9427; X=732399,9376, Y=4541723,4689; X=732382,7332, Y=4541717,5920; X=732375,9763, Y=4541703,2885; X=732359,9436, Y=4541694,3196; X=732353,5098, Y=4541713,0495;32353,3977, Y=4541773,1624; X=732362,4648, Y=4541772,3782; X=**********, Y=4541758,2208; X=732465,5190, Y=4541752,6250; kimi olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X8 daxil olmuş məktubdan görünür ki, Ebişov X5 RMX PHŞ-in poliklinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda deyildir. Qəbələ rayon Bum qəsəbə bələdiyyəsinin sədri zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə 26 dekabr 2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş bələdiyyə mülkiyyətinə məxsus 0,697 ha torpaq sahəsinin kənarları Təqsirləndirilən şəxs tərəfindən açıldığı və ümumi istifadəyə qaytarıldığı üçün həmin şəxsdən şıkayət və tələbinin olmadığını bildirmiş, onun cinayət məsuliyyətindən azad olunmasını və bağışlanmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti başçısının Qəbələ rayon Bum qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 30 avqust 2022-ci il tarixli, 339 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, 1972-ci il təvəllüdlü Ebişov X5 rayon Bum qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Ailə üzvləri 4 nəfərdən, yəni arvadı 1975-ci il təvəllüdlü X4, qızı 1998-ci il təvəllüdlü X6 və oğlu 2006-cı il təvəllüdlü X3 ibarətdir. Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində öz həmyaşıdları arasında nümunəvi tərbiyəsi ilə seçilməsi, qəsəbə ağsaqqallarının dərin hörmətini qazanması, qəsəbənin ictimai işlərində yaxından iştirak etməsi, nümayəndəlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirməsi, yaxşı təşkilatçılıq qabiliyyətinə malik olması, hərbi vətənpərvərlik ruhunda tərbiyə alması kimi müsbət səciyyələndirən hallar qeyd olunmuşdur. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Şahid1 tərəfindən Bum qəsəbəsində bələdiyyə və dövlət mülkiyyətinə aid torpaq sahələrinin özbaşına tutulması, həmçinin Şahid1 digər qanunsuz hərəkətləri ilə bağlı cinayət işindən material ayrılmış, bundan başqa Şahid1 tərəfindən Bum qəsəbə ərazisində bir ədəd çinar ağacının qanunsuz kəsilməsi faktı ilə bağlı Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı Tural Mehdizadə tərəfindən araşdırma aparılaraq 25 avqust 2021-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqına qərarın qəbul edilməsi nəzərə alınmışdır. Bundan başqa həmin qərarla Şahid11, Şahid5 və Şahid7 əməllərində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə etməsini, ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tutulub saxlandığı 01 (bir) gün müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 noyabr 2022ci il tarixdə saat 11:40-dan həmin gün saat 13:25-dək tutulub saxlandığı 01 (bir) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1– ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia tələbi və məhkəmə məsrəfləri yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar