Məhkəmə qərarları › İş №1(025)-21/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-21/2022

18.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-21/2022 18.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri X3, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi (atası) Şahid2, müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2008-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayon Vəndam qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və yetkinlik yaşına çatmayan barəsində “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə saat 05 radələrində Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində Əmirvan kəndi istiqamətinə doğru gedən yerli əhəmiyyətli yolun sağ kənarında yerləşən həmin qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus “Ramiz market” adlı ərzaq mağazasının giriş qapısını əvvəlcədən özü ilə gətirdiyi dəmir ling ilə sındırıb açmaqla oradan qanunsuz içəriyə daxil olaraq mağazanın içərsindəki kassadan qəpiklərdən ibarət 250 (iki yüz əlli) AZN məbləğində pul, eləcə də kassadan 40 ədəd 1 manatlıq, 20 ədəd 2 manatlıq, 25 ədəd 3 manatlıq Azərcell və Bakcell MMC-yə məxsus kontur danışıq kartaları, bundan başqa vitrinin üzərindən 1 qutusunun qiyməti 2,90 AZN olmaqla 52,20 manat dəyərində 18 qutuda LD nazik markalı, 1 qutusunun qiyməti 3,50 AZN olmaqla 52.50 manat dəyərində 15 qutuda Viniston nazik markalı, 1 qutusunun qiyməti 3,50 AZN olmaqla 42 manat dəyərində 12 qutuda Viniston kompakt markalı, 1 qutusunun qiyməti 4 AZN olmaqla 44 manat dəyərində 11 qutuda Sobranie kompakt markalı, 1 qutusunun qiyməti 4 AZN olmaqla 56 manat dəyərində 14 qutuda Sobranie qalın markalı, 1 qutusunun qiyməti 4 AZN olmaqla 52 manat dəyərində 13 qutuda Sobranie nazik ağ markalı, 1 qutusunun qiyməti 4 AZN olmaqla 32 manat dəyərində 8 qutuda Sobranie nazik göy markalı, 1 qutusunun qiyməti 3,70 AZN olmaqla 55.50 manat dəyərində 15 qutuda Kent-4 nazik markalı və 1 qutusunun qiyməti 2,60 AZN olmaqla 44.20 manat dəyyərində 17 qutuda Rotmans markalı siqaretləri oğurlamaqla Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 835,40 (səkkiz yüz otuz beş manat qırx qəpik) AZN dəyərində əmlakı gizli yolla talamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə saat 01 radələrində Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində “Lukoil” yanacaqdoldurma məntəqəsi ilə üzbə-üz yerləşən həmin qəsəbə sakini Zərərçəkmiş şəxs1 məxsus “Ucuz market” adlanan ərzaq mağazasının giriş qapısının şüşəsini daş ilə sındırıb həmin yerdən qanunsuz içəriyə daxil olaraq oradan 1 qutusunun qiyməti 4 AZN olmaqla 440 manat dəyərində 110 qutuda Sobranie qalın və nazik markalı siqaretləri və kağız əskinazlardan və qəpiklərdən ibarət 600 AZN nəğd pulu oğurlamaqla Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 1040 (min qırx ) AZN dəyərində əmlakı gizli yolla talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi (atası) Şahid2 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır və orada daimi pasport qeydiyyatındadır. Hal-hazırda tam orta məktəbin 8-ci sinfini bitirmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər ikisi həmkəndliləridir. Həmin şəxslərlə heç bir düşmənçilik və ədavəti yoxdur. Zərərçəkmiş şəxs2 məxus Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində “Ramiz Market” adlı ərzaq məhsullarının satışı mağazası var. 2 ildir ki, siqaret istifadəçisidir. Siqaret almağa pulu olmadığı üçün belə qərara gəlmiş ki, qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurluq etsin. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat təxminən 05 radələrində atası Şahid2 əmisi Novruz rəhmətə getdiyi üçün ora getdiyindən evdə olmamış, anası Gülbahar isə yuxlu olduğu üçün xəlvəti evdən çıxıb heç kimin xəbəri olmadan evdən mismar çıxaran dəmir lingi özü ilə götürərək mağazanın giriş qpısını həmin dəmirlə sındırıb içəri daxil olmaq üçün mağazanın qarşısına gəlmişdir. Ətrafa nəzər salıb göz gəzdirərək ətrafda heç kimin olmadığını və onu kimsənin görmədiyindən əmin olduqdan sonra gətirdiyi dəmir lingi mağazanın plastik materialdan hazırlanmış giriş qapısının arasına salıb güc tətbiq etməklə qapını sındırıb açmaqla oradan mağazanın içərsinə daxil olmuşdur. Mağazanın içərsinə daxil olaraq giriş qapısından sol tərəfdə yerləşən kassaya yaxınlaşaraq kasssanı açıb içərsindən təxinən 250 manata yaxın dəmir qəpik pullar, 150 ədədə yaxın 1, 2 və 3 manatlıq qarışıq formada Azercel və Bakcel MMC-yə aid kontur danışıq kartları, eləcə də vitrindən təxminən 100 qutudan artıq müxtəlif sayda LD, Viniston, Kent və Rotmons markalı siqaretlər oğurlamaqla özü ilə götürüb sellofan torbaya yığaraq mağazadan çıxıb oğurladığı əşyaları apararaq oxuduğu Qəbələ rayon Vəndam qəsəbəsi 1 saylı orta məktəbin ayaq yolusunda gizlətmişdir. Ertəsi gün xx.xx.2022-ci il tarixdə oğurladığı əşyaları özü ilə götürüb atası Şahid2 əmisi nəvəsi Şahid1 ilə görüşərək oğurluq hadisəsi törətməyi barədə məlumat verərək Dəryaya oğurladığı siqaretlərdən təxminən 5-6 qutu, mobil telefonu olmadığı üçün konturların hamısını ona vermiş, oğurladığı pulları isə Qəbələ şəhərində birlikdə xərcləmişlər. Bundan bir neçə gün keçdikdən sonra pula və çəkmək üçün siqaretə ehtiyacı olduğu üçün təkrar oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə Şahid1 həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində yerləşən mağazadan oğurluq edəcəyini, oğurluq etdikdən sonra, səhər saatlarında Vəndam qəsəbəsinin mərkəzində görüşməklərini bildirmişdir. Şahid1 ona oğurluq etməməsini, onun tutulacağını desə də, fikrindən daşınmamışdır. Həmin gün axşam saat 24 radələrində oğurluq etmək üçün Vəndam qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Ucuz” market adlı mağazanın qarşısına gəlmişdir. Ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra mağazanın plastik giriş qapısının üzərindəki aynasını daşla vurub sındırdıqdan sonra içəriyə daxil olub giriş qapısından sağ tərəfə yaxınlaşaraq oradan vitirinin üzərindən 100 qutudan artıq “Sobranie” markalı siqaretlər, eləcədə qəpik və kağız pullardan ibarət olmaqla 600 manata yaxın pulları oğurlayıb özü ilə götürüb Vəndam qəsəbəsinin mərkəzinə gəlmişdir. Orada bir neçə saat vaxt keçirdikdən sonra həmin gün saat təxminən 11 radələrində Vəndam qəsəbəsinin mərkəzində Şahid1 ilə görüşüb onunla birlikdə çay içərkən Dəryaya Vasifə məxsus mağazadan oğurluq etməyi barədə bildirmişdir. Dərya ona cavab olaraq yaxşı eləmisən oradan oğurluq etmisən sözlərini demişdir. Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurladığı siqaretlərdən 16 qutusunu Dəryaya vermiş, oğurladığı pulları isə birlikdə xərcləmişlər. Zərərçəkmiş şəxs2 məxsus mağazadan ancaq pul, siqaret, kontur, Zərərçəkmiş şəxs1 məxsus mağazadan isə ancaq siqaret və pul oğurlamış, başqa heçnə oğurlamamışdır. Həmçinində qeyd olunan şəxslərə məxsus mağazalardan oğurluğu özü tək etmiş oğurluqda onunla kimsə iştirak etməmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı valideyninin ödədiyini, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərdi ki, Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır və orada pasport qeydiyyatındadır. 2015-ci il tarixdən işlətdiyi Qəbələ rayon Vəndam qəsəbəsində “Duyma” istirahət mərkəzi istiqamətinə gedən yolun sol tərəfində “Lukoul” yanacaqdoldurma məntəqəsi ilə üzbə-üz yerləşən kçik həcimli “Ucuz market” adlı ərzaq mağazası var. Həmin mağazanı tək işlədir. Mağazanı hər gün səhərlər saat 08 radələrində açıb gün ərzində fəaliyyət göstərməklə axşam saat 21 radələrində bağlayır. Eyni qaydada o, xx.xx.2022-ci il tarixdə mağazanı açıb gün ərzində orada satıcılıq fəaliyyəti ilə məşğul olmaqla axşam saat 21 radələrində mağazanı bağlayıb yaşadığı evə gəlmişdir. Ertəsi gün saat 08 radələrində mağazanı açmaq üçün yaşadığı evdən mağazaya gəlmiş, mağazanı açmaq üçün giriş qapısına yaxınlaşdıqda görmüş ki, plastik materialdan olan qapının üzərində olan şüşəsi yarı sınmış vəziyyətdədir. Düşünmüş ki, kənardan hərəkət edən avtomobilin təkərinin altından daş çıxaraq təsadüfən aynaya dəyərək sındırmış olsun. Bundan sonra qapını açarla açıb mağazanın içərsinə daxil olmuşdur. İçəriyə daxil olarkən görmüş ki, giriş qapısından sağ tərəfdə siqaretlərin yığıldığı piştaxtanın üzəri dağınıq formadadır. Buna görə başa düşmüş ki, kim və ya kimlərsə qanunsuz mağazaya daxil olaraq oradan oğurluq edibdir. Buna görə həmin gün xx.xx.2022-ci il tarixdə ona məxsus mağazadan 1 qutusunun qiyməti 4 manat olan 10 qutu Sobranie markalı siqaretlər, eləcə də 50 manat pulun oğurlanması barədə Qəbələ RPŞ-yə müraciət etmişdir. Bu məsələdən bir neçə gün keçdikdən sonra mağazanın hesabını apararkən müəyyən etmiş ki, ona məxsus mağazadan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə naməlum şəxs və ya şəxslərin 90 manatdan artıq, yəni ümumilikdə qalın və nazik olmaqla 110 qutu Sobranie markalı siqaretlər və bundan başqa 130 manat dəmir qəpik pullar 430 manat isə kağız pullar oğurlanmış və oğurluq nəticəsində ona ümumilikdə 1090 manat maddi ziyan dəydiyini müəyyən edərək bu barədə Qəbələ rayon polis şöbəsinə təkrar müraciət etmişdir. Müraciəti əsasında rayon polis şöbəsində araşdırma aparılarkən məlum olmuş ki, qeyd edilən tarixdə ona məxsus mağazaya həmkəndlisi azyaşlı Təqsirləndirilən şəxs qapının şüşəsini sındırmaqla qanunsuz içəriyə daxil olub mağazadan oğurluq hadisəsini o törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus mağazadan ancaq, pul və siqaret oğurlanmış, başqa heçnə oğurlanmamışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərdi ki, Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır və daimi pasport qeydiyyatındadır. Qəbələ rayon Vəndam qəsəbəsində “Ramiz Market” adlı ərzaq mağazası var ki, həmin mağazanı 4 ildən artıq müddətdir ki, işlətməklə məşğul olur. Mağazanı daimi olaraq özü işlədir, bəzən şəxsi işi ilə əlaqədar aram-aram anası Şahid3 onu əvəz edib mağazada satıcı işləməklə ona köməklik göstərir. Mağazanı hər gün səhərlər saat 08 radələrində açıb gün ərzində fəaliyyət göstərməklə axşam saat 22 radələrində bağlayır. Hər axşam evə gedən zaman gün ərzində satıcılıq fəaliyyəti ilə məşğul olub əldə etdiyi kağız pulları özü ilə götürür, lakin qəpik dəmir pulları mağazda kassada saxlayır. Eyni qaydada o, xx.xx.2022-ci il tarixdə mağazanı açıb gün ərzində orada satıcılıq fəaliyyəti ilə məşğul olmaqla axşam saat 23 radələrində mağazanı bağlayıb yaşadığı evə gəlmişdir. Ertəsi gün xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində mağazanı açmaq üçün oraya gələrkən giriş qapısına tərəf yaxınlaşanda görmüş ki, mağazanın plastik materialdan olan giriş qapısı qismən açıq haldadır, qapının üzərində olan qıfılı isə sındırılmış vəziyyətdə, içərisi isə dağınıq formadadır. Başa düşmüş ki, mağazaya naməlum şəxs və ya şəxslər daxil olaraq oradan oğurluq edibdir. İçəri nəzər saldıqda müəyyən etmiş ki, ona məxsus mağazadan təxminən 18 qutu LD nazik markalı, 15 qutu Viniston nazik markalı, 12 qutu Viniston kompakt markalı, 11 qutu Sobranie kompakt markalı, 14 qutu Sobranie qalın markalı, 13 qutu Sobranie nazik ağ markalı, 8 qutu Sobranie nazik göy markalı, 15 qutu Kent-4 nazik markalı və 17 qutu Rotmans markalı siqaretlər, 40 ədəd 1 manatlıq, 20 ədəd 2 manatlıq, 25 ədəd 3 manatlıq Azərcell və Bakcel MMC-yə aid kontur danışıq kartaları və kassada olan 250 manat dəmir qəpik pulların oğurlnadığını aşkar edərək bu barədə Qəbələ rayon polis şöbəsinə müraciət etmişdir. Rayon polis şöbəsində araşdırma zamanı məlum olmuş ki, ona məxsus mağazadan oğurluq hadisəsini həmkəndlisi azyaşlı Təqsirləndirilən şəxs Rufət oğlu törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus mağazadan ancaq, pul, siqaret və kontur oğurlanmış, başqa heçnə oğurlanmamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır və orada pasport qeydiyyatındadır. Hal-hazırda tam orta məktəbi bitirmişdir. Ailə üzvləri atası Anar Mustafayev, anası Nazlı Mustafayeva, bacıları Röya Mustafayeva və Aysel Mustafayevadan ibarətdir. Təqsirləndirilən şəxs Rufat oğlu atası Anar Mustafayevin əmsi nəvəsi olmaqla eyni zamanda onunla həmkəndlidir. xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində yerləşən çay evlərinin birində Təqsirləndirilən şəxs ilə qarşılaşaraq birlikdə çay içərkən həmin vaxt Təqsirləndirilən şəxs özü üçün çəkməyə siqaret istəmişdir. Fuad cibindən 3 qutu Viniston markalı siqaret çıxarıb ona verərək ona həmin siqaretləri Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurladığını bildirmişdir. Bundan başqa oradan kontur və pul oğurlamasını ona demişdir. Təqsirləndirilən şəxs oğurladığı konturlardan istəyərkən Fuad ona çantasından çıxararaq 4 ədəd 3 manatlıq, 3 ədəd isə 2 manatlıq kontur kartı vermişdir. Eləcə də Təqsirləndirilən şəxs Niyaməddinə məxsus mağazadan etdiyi oğurluq nəticəsində əldə etdiyi pulları ikisi birlikdə xərcləmişlər. Təqsirləndirilən şəxsyev ona verdiyi kontur, siqaret və xərclədikləri pulların qarşılığında ondan heçnə almamışdır. Bu məsələdən bir neçə gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 09 radələrində oxuduğu Vəndam qəsəbə 1 saylı tam orta məktəbə gedən zaman Vəndam qəsəbəsinin mərkəzində Təqsirləndirilən şəxs ilə qarşılaşmış, Təqsirləndirilən şəxs ona Vəndam qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazadan siqaret və pul oğurladığını deyərək oğurladığı Sobranie markalı siqaretlərdən 7 qutusunu ona vermiş, oğurladığı pulları isə birlikdə xərcləmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus mağazalardan oğurluq yolu ilə əldə edərək ona verdiyi siqaretlərin və konturların, həmçinində birlikdə xərclədikləri pulların oğurluq olduğunu əvvəlcədən bilmiş və bundan məlumatı olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 21 aprel 2022-ci il tarixli protokoldan görünür ki, ifadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs tərəfindən törətmiş olduğu oğurluq cinayətini etiraf etməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasına qanunsuz daxil olaraq oradan pul, siqaret və kontur, eləcə də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasına qanunsuz daxil olaraq oradan nəğd şəkildə pul və siqaret oğurladığını hadisə yerində də, əyani şəkildə göstərmişdir. İstintaq hərəkəti zamanı istintaqın gedişatı ilə bağlı fotoşəkillər çəkilərək əksi çıxarılıb, protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AR DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 011-3111-1222 nömrəli məktubundan görünür ki, Qəbələ rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurluq hadisəsinin baş verdiyi yerdən götürülmüş əl-barmaq izlərindən 01 ədədi Təqsirləndirilən şəxs sol əlinin ovucunun əksi ilə eynilik təşkil etdiyi bildirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AR DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 011-3374-1222 nömrəli məktubundan görünür ki, Qəbələ rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurluq hadisəsinin baş verdiyi yerdən götürülmüş əl-barmaq izlərindən 06 ədədi Təqsirləndirilən şəxs sol əlinin böyük, şəhadət, orta, adsız barmaqlarının, sağ və sol əllərinin ovuclarının əksləri ilə eynilik təşkil etdiyi bildirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmə Əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/2315 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən siqaretlərin 2022-ci ilin fevral-mart ayları üçün 1 qutu “LD nazik” mraklı siqaret 2.90 manat, 1 qutu “Viniston nazik” mrakalı siqaret 3,50 manat, 1 qutu Viniston kompakt” markalı siqaret 3,50 manat, 1 qutu “Sobranie kompakt” markalı siqaret 4,0 manat, 1 qutu Sobranie qalın markalı siqaret 4,0 manat, 1 qutu “Sobranie nazik ağ” markalı siqaret 4,0 manat, 1 qutu “Sobranie nazik göy” mrakalı siqaret 4,0 manat, 1 qutu “Kent-4 nazik” markalı siqaret 3,70 manat və 1 qutu “Rotmans” markalı siqaretin qiymətinin 2,60 manat manat olduğu göstərilmişdir. İş materiallarında olan “Əşyaların maddi sübut kimi tanınması və saxlanılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və Şahid1 tərəfindən təqdim edilmiş 2 ədəd 3 manatlıq Azercellə məxsus danışıq kontur kartları və 1 qutu “Sobranie” markalı siqaret iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Qəbələ RPŞ-nin saxlancına verilmişdir. İş materiallarında olan Qəbələ RMX PHŞ-nin xx.xx.2022-ci il tarixli 604 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “narkoloji və ruhi əsəb” kabinetində qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan E.Mehdiyev adına Vəndam qəsəbə 1 saylı tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məktəb üzrə mənfi xarakterizə edilir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyətinin Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, 561 nömrəli arayışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi atası Şahid2, anası X1 və qardaşı X6 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub, gizli yolla özgə əmlakını talayaraq təkrar oğurluq cinayətlərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, habelə digər sübutlarla tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. Bundan başqa, Plenumun həmin Qərarında göstərilir ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakı qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və dəymiş ziyanı tamamilə aradan qaldırmasını, cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 15-ci bəndinə əsasən yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-nin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş və Həmin Məcəllənin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 15 mart 2022-ci il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 15 mart 2022-ci il saat 15:45-dən hesablanmış, 15 mart 2022-ci il tarixdə barəsində ““yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmuş, tutmanın əvvəli isə 13 iyun 2022-ci il saat 10:00-dan hesablanmış, 13 iyun 2022-ci il tarixdə saat 12:30-da barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Ona görə də onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut qismində tanınmış və Qəbələ RPŞ-də saxlanılan 01 (bir) qutu “Sobranie” maraklı siqaretin və 02 (iki) ədəd “Azercell” mobil operatoruna məxsus 3 manatlıq kontur kartları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 təhvil verilməlidir. İş üzrə ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun 15 mart 2022-ci il tarixdə və 13 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və Qəbələ RPŞ-də saxlanılan 01 (bir) qutu “Sobranie” maraklı siqaretin və 02 (iki) ədəd “Azercell” mobil operatoruna məxsus 3 manatlıq kontur kartları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 təhvil verilsin. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar