Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-22/2021 26.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs “FALCON SPORT” modelli, “13-62475” nömrəli, lüləsi 9 mm kalibirli və kustar üsulla yonularaq ilkin təyinatı dəyişdirilmiş, həmin kalibirli travmatik, qaz, o cümlədən səs işarəverici patronlardan istifadə edilməklə atəş açmaq üçün uyğunlaşdırılmış, odlu silah hesab edilən tapançanı, onun komplekt hissəsi olan 01 ədəd sandıqçanı və həmin tapançada atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 03 ədəd patronları Bakı şəhər sakini və xx.xx.2019-cu il tarixdə ölmüş mərhum dostu X1 2019-cu ilin may ayında istintaqa dəqiq məlum olmayan tarixdə Mingəçevir şəhəri ərazisində əvəzsiz olaraq, bir müddət saxladıqdan sonra sonuncuya qaytarıb vermək şərti ilə götürməklə qanunsuz olaraq əldə edib, əvvəlcə Mingəçevir şəhərində kimsənin yaşamadığı boş sahəlikdə torpağın altında sellofan torbanın içərisinə qoymaqla basdıraraq qanunsuz saxlamış, daha sonra həmin odlu silahı, ona aid sandıqçanı və patronları yaşadığı Bakı şəhərinə gətirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə basdırdığı yerdən götürərək, tanışı Şahid4 “HÜSEYN RENTACAR” MMC-dən icarəyə götürüb idarə etmək üçün ona verdiyi Kia Optima markalı **-KK-*** dövlət nömrə nişanlı minik avtomobilinin salonunda şit üzərində yerləşən saxlanc yerinə qoymaqla avtomobili idarə edib Bakı şəhərinə gedərkən, səhvən yolu azıb Qəbələ şəhərinə gəlmiş və xx.xx.2020-ci il tarixdə gecə saat 01:55 radələrində qeyd olunan avtomobili Qəbələ şəhəri Heydər Əliyev prosperkti ilə yolda müəyyən edilmiş maksimum sürət həddini aşmaqla idarə edib hərəkətdə olan zaman ərazidə xidmət aparan Qəbələ rayon polis şöbəsinin X4 Bölməsinin yol-patrul xidməti əməkdaşları tərəfindən ona edilmiş saxla tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirmiş və həmin vaxt idarə etdiyi avtomobilin salonundakı saxlanc yerində qanunsuz olaraq gəzdirməklə daşıdığı oldu silahın yol patrul xidməti əməkdaşları tərəfindən aşkarlanacağından ehtiyyat edib, həmin odlu silah hesab edilən “FALCON SPORT” modelli tapançanı, ona aid komplekt hissə olan sandıqça və döyüş sursatı hesab olunan 3 ədəd patronlarla birlikdə məsuliyyətdən yayınmaq üçün Heydər Əliyev prospektində yerləşən “Təbib” adlanan aptekin qarşısına tullayaraq oradan qaçmış və bu barədə Qəbələ rayon polis şöbəsinin növbətçi hissəsinə Şahid1 tərəfindən verilmiş məlumat əsasında əraziyə rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən sözü gedən odlu silah, ona aid sandıqça və 3 ədəd patronlar Təqsirləndirilən şəxs tulladığı yerdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə tanışı Şahid4 xahiş edərək avtomobil idarə etmək üçün sürücülük vəsiqəni itirdiyini, öz adına onun üçün “Renta Cardan” maşın alaraq verməsini həmin avtomobil ilə Mingəçevir şəhərinə mərhum anası Aygün İsmayılovanının il dönümü olduğundan qəbrini ziyarət etməyə gedəcəyini bildirmişdir. Şahid4 öz adına Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən “X5” şirkətindən 2 günlüyə öz adına Kia Optima markalı ** KK *** dövlət nömrə nişanlı minik avtomobili götürmüş, Mingəçevir şəhərinə gəlmiş, Mingəçevir şəhərində 2 gün qalıb anası Aygünün qəbrini ziyarət etdikdən sonra xx.xx.2020-ci il tarixdə axşam saat 23:30 radələrində yenidən Bakı şəhərinə qayıtmaq qərarına gəlmişdir. 2019-cu ilin may ayında dostu olmuş mərhum X2 ona Mingəçevir şəhəri ərazisində saxlayıb sonradan qaytarıb ona vermək şərti ilə verdiyi Mingəçevir şəhərində hal-hazırda yaşayış yeri olmayan boş sahəlikdə qazıb basdıraraq gizlətdiyi “Falcon sport” markalı tapançanı, onun sandıqcasını və 3 ədəd patronları sellofan torbaya qoyub həyətdən basdırdığı yerdən götürmüş ki, özü ilə Bakı şəhərinə gətirsin və Fərhad Poladovun ailə üzvlərindən kimsə taparaq ona versin. Həmin silahı onun sandıqcasını və üç ədəd patronlarını həyətdən basdırdığı yerdən xəlvəti çıxararaq idarə etdiyi avtomobilin içərsindəki şit üzərində olan saxlanc yerində gizlətmiş, Mingəçevir şəhərindən çıxaraq Qəbələ şəhərindən keçməklə Bakı şəhərinə gedirmiş. Qəbələ rayonu ərazisinə çatarkən xx.xx.2020-ci il saat 01:50 radələri olarmış yolu tanımayaraq Azpetrol yanacaq doldurma məntəqəsinin qarşısındakı dairədən Qaraməryəm-İsmayıllı Şəki magistral yolu ilə getmək əvəzinə yolu səhvən Qəbələ şəhərinin mərkəzinə doğru hərəkət etmiş, Qəbələ şəhərinin mərkəzi ilə üzü kanat İstirahət mərkəzinə doğru hərəkət edib yolu səhv gəldiyini görərək yenidən üzü aşağı istiqamətə Qəbələ şəhərinin mərkəzi ilə Azpetrol yanacaq doldurma məntəqəsinə hərəkət etmiş, həmin vaxtı Qəbələ şəhərinin mərkəzində xidmət aparan YPX-nin əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, elə fikirləşmiş ki, kimsə idarə etdiyi avtomobildə silah olması barədə polisə məlumat verib bu səbəbdən polis əməkdaşlarına tabe olmayıb avtoimobili hərəkət etdirməklə qaçmış, avtomobili üzü Azpetrol yanacaq doldurma məntəqəsi istiqamətinə hərəkət etdirməklə müəyyən məsafə gələrək qorxduğu üçün idarə etdiyi avtomobildə olan Falcon Sport markalı tapancanı onun sandıqcasını və 3 ədəd patronları sellofan torba qarışıq Qəbələ şəhərinin mərkəzində yolun sağ tərəfinə Təbib adlı aptekin qarşısına tullamış, idarə etdiyi avtomobil ilə Zarağan kəndinin mərkəzinə gəlib avtomobili orada qoymaqla tanımadığı taksilərin birinə minməklə yaşadığı Bakı şəhərinə gəlmişdir. Sonradan həmin hadisə ilə bağlı barəsində Qəbələ RPŞ-də araşdırma aparıldığını bilmiş, adı çəkilən silahdan atəşdə istifadə etməmiş, dostu Fərhad Poladov tərəfindən silahı və patronları ona verərkən silahın və patronların təyinatının dəyişdirilməsini əvvəlcədən bilmiş, lakin silahın və ptronların təyinatının dəyişdirilməsini kim tərəfindən edildiyini bilməmiş, özü tərəfindən silahda və patronlarda təyinatı üzrə dəyişiklik göstərməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən Təbib adlı aptekdə və tikinti materiallarının satışı mağazası olan Lider adlı inşaatda təmizləyici kimi işləyir. xx.xx.2020-ci il tarixdə səhər saat 07:30 radələrində iş yerinə gəlib əvvəl Təbib adlı aptekin qarşısını təmizliməyə başlamaq istədikdə yaxınlıqda səkinin üzərində müxtəlif rəngləri olan selofan torba görmüş, həmin sellofan torbanı götürərək yaxınlıqdakı zibil qabına atmaq istəyərkən ağzını açıb içərisinə baxdıqda gümüşü rəngli 1 ədəd tapança olduğunu görmüş, qorxduğuu üçün heç kimə bu barədə məlumat vermədən içərisində tapança olan selofan torbanı aptekin giriş qapısının yaxınlığındakı sağ tərəfdə olan zibil qutusunun içərisinə atmaqla aptekin qarşısını təmizləmiş, tapança olan selofan torbanı zibil qutusuna atdıqdan sonra mütəmadi diqqət edirmiş ki, bəlkə tapançanı oraya tullamış şəxs onu gəlib götürəcək, lakin heç kim oraya yaxınlaşmadığından tapançanı götürərək oradan keçən tanımadığı bir neçə nəfərə göstərib onun silah olub-olmamasını soruşmuşdur. Lakin, həmin şəxslər tapançanın odlu silah olub olmamasını müəyyən edə bilməmişlər. Belə olub Qəbələ rayon polis şöbəsinə zəng vuraraq hadisə barəsində məlumat vermişdir. Polis əməkdaşları oraya gələrək hadisə yerinə baxış keçirərək həmin tapançanı götürmüşlər. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Qəbələ şəhəri Heydər Əliyev prospektində DYPB-nin YPXİ-nin inpektoru Şahid3 ilə birlikdə 2 nömrəli tam orta məktəbin qarşısında yol patrul avtomobili ilə xidmətdə olan zaman “KİA Optima” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün həmin prospekt ilə Qəbələ şəhərinin mərkəzi istiqamətinə doğru sürətli şəkildə hərəkət etdiyi üçün xidməti avtomobili həmin avtomobilin arxasınca sürərək ona saxla əmri versələr də avtomobilin sürücüsünün qanuni tələblərinə tabe olmayaraq Qəbələ şəhərində yerləşən Heydər Əliyev küçəsi ilə 28 may küçəsinin kəsişməsindəki işıqforun qırmızı işığına məhəl qoymayaraq öz hərəkətini Qəbələ şəhərində yerləşən mərkəzi bazar istiqamətində davam etdirmişdir. Nicat Apayev adına dörd nömrəli məktəbin qarşısındakı Heydər Əliyev prospekti ilə Vahid Qəhrəmanov küçəsinin kəsişməsindəki işıqforun da qırmızı işığının tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirməklə müəyyən məsafə gedib avtomobili yolun sağ kənarına sürərək saxlamış, yol patrul avtomobildən düşərək həmin avtomobilə doğru yaxınlaşaraq sürücüyüə özünü təqdim etmiş, lakin həmin vaxtı sürücü avtomobilin içərisində mobil telefonla danışırmış, təxminən 2 dəqiqə müddətində sürücü mobil telefonla danışdıqdan sonra avtomobilin yan qapısının şüşəsini azca aşağı salmış, sürücüdən sənədlərini təqdim etməsini xahiş etdikdə sənədlərini ona təqdim etməyərək avtomobili işə salmaqla mərkəzi bazar istiqamətində hərəkət etdirməyə başlamış, avtomobilin arxasınca Qəbələ şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinədək getsələrdə sürücünün avtomobilin sürətini daha da artıraraq Qəbələ rayonu Zarağan kəndi istiqmətinə doğru hərəkət etdiyindən avtomobili təqib etməkdən imtina edərək Azpetrol yanacaqdoldurma məntəqəsinin qarşısından geri qayıtmışlar. Sonradan onlara sözü gedən “KİA Optima” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğu məlum olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən hərəkətdə olarkən kənara silah tulladığını görməmiş, Elşən həmin vaxtı idarə etdiyi avtomobildə tək olmuşdur. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 3/1169 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd tapança zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibirli, “FALCON SPORT” modelli “13-62475” nömrəli, səs işarəverici tapançadır, atəş açmaq üçün yararlıdır, tapançanın lüləsi kustar usulla yonularaq ilkin təyinatı dəyişdirilmişdir, hal-hazırda eyni kalibirli travmatik, qaz o cümlədən təqdim edilmiş kustar üsul ilə hazırlanmış patronlardan istifadə etməklə atəş açmaq üçün uyğunlaşdırılmışdır. Silahın üzərindəki zavod nişanlarında hər hansı əlavə və dəyişiklik edilməmişdir. Hazır ki vəziyyətdə odlu silah hesab edilir. İşdə olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 20/458R saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 13-62475 nömrəli silah zavod üsulu ilə xarixci dövlətdə istehsal olunmuş 9 mm kalibirli Valter PP konstruksiyalı tapançalara oxşar, FALCON SPORT modelli idman yarışlarında istifadə olunan səssiqnal tapançasıdır, həmin tapançanın lüləsinin daxili hissəsi kustar üsulla yonularaq həmin tapançanın ilkin təyinatı dəyişdirilmişdir. Bu da onu göstərir ki, həmin tapança hal-hazırda həmin kalibirli travmatik, qaz və səs-siqnal patronlarla atəş açmaq üçün uyğunlaşdırılmışdır. Həmin tapança tədqiqata təqdim edilmiş və kustar üsulla ilkin təyinatı dəyişdirilmiş patronlarla atəş zamanı odlu silahın əlamətlərini təsvir edən odlu silahdır, texniki cəhətdən sazdır və ataş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş FALCON SPORT modelli tapançaların komplekt hissəsidir-darağıdır, içərsində 9 mm kalibirli siqnal patronları yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar 9 mm kalibirli olmaqla zavod üsulu ilə istehsal olunmuş, səs-siqnal verməklə həmin kalibirli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlardır, sonradan həmin patronların gilizinin daxilinə kustar üsulla barıt komponenti və uc hissəsinə isə 4,7 mm diametrli kürə formalı qırma yerləşdirilərək ilkin təyinatı dəyişdirilmişdir və halhazırda tədqiqata təqdim edilmiş 9 mm kalibirli 13-62475 nömrəli FALCON SPORT modelli tapançadan atəş zamanı döyüş sursatının əlamətlərini təsvir edir və atəş üçün yararlıdır. Qeyd: Təqdim edilmiş 03 ədəd 9 mm kalibirli patronlardan 01 ədədi eksperemental atəş zamanı, 01 ədədi isə demontaj zamanı istifadə olundu. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddəsinə əsasən 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, bundan başqa, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən və barəsində CM-nin 67 və 68.2-ci maddələri tədbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2880 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 ay 25 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. xx.xx.2014-cü ildə təyin olunmuş cərimə Dövlət Büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib, saxlaması və gəzdirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağın olmasını, məcburi köçkün olduğunu, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək hazırki iş üzrə həbs müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd “FALCON SPORT” medelli tapança, bir ədəd sandıqca, bir ədəd patron və iki ədəd gilizlər hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə verilməlidir, üç ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) gün həbsdə saxlamanın müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd “FALCON SPORT” medelli tapança, bir ədəd sandıqca, bir ədəd patron və iki ədəd gilizlər hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə verilsin, üç ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-22/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-22/2021
26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver