Məhkəmə qərarları › İş №1(025)-23/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-23/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-23/2021 05.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonu, Böyük Əmili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Böyük Əmili kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ölkə ərazisində geniş yayılmış koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə Qəbələ rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım xidmətinə müraciət edərək, yaxma üsulu ilə koronavirus testi verməsinə və test nəticəsi pozitiv çıxmaqla koronavirus (COVİD-19) infeksiyasına yoluxması faktının təsdiq olunması, bununla əlaqədar onun yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilməsi barədə ona xx.xx.2020-ci il tarixdə 050 614 55 05 saylı nömrədə işləyən mobil telefonuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən göndərilən mesaj vasitəsi ilə, eləcə də tibb müəssisəsindən zəng edilərək şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, koronavirus (COVİD-19) infeksiyasına yoluxmasını bilə-bilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əleyhinə olan xüsusi karantin rejimini qəsdən pozaraq, xx.xx.2020-ci il tarixdə səhər saatlarında ünvan 2 ünvanında yerləşən müvəqqəti kirayədə yaşadığı evi tərk edərək, idarə etdiyi özünə məxsus Renault Megan minik markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərmək məqsədi ilə Bakı şəhərinə getmiş, orada insanların çoxluq təşkil etdiyi “Şamaxinka” deyilən taksi dayanacağında bir müddət olduqdan sonra həmin yerdə taksi gözləyən Qəbələ rayonu Mirzəbəyli kənd sakinləri Şahid1 və Şahid2 sərnişin qismində avtomobilinə mindirib daşıyaraq Qəbələ rayonuna gətirmiş, bununla da koronavirus(COVİD-19) xəstəliyinin avtomobilində sərnişin qismində daşıdığı şəxslərə, eləcə də digər şəxslərə yayılmasına real təhlükə yaratmış və həmin tarixdə saat 22 radələrində Qəbələ şəhəri Zərifə Əliyeva küçəsində yuxarıda adları çəkilən şəxsləri idarə etdiyi avtomobilində sərnişin qismində daşıyaraq hərəkətdə olarkən, Qəbələ rayon polis şöbəsi əməkdaşları tərəfindən COVİD- 19 xəstəliyinin yayılmasının qarşısını almaq istiqamətində həyata keçirilən tədbirlər nəticəsində saxlanılaraq yaşayış yerinə qaytarılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus olan Renault Megan markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Qəbələ- Bakı arası sərnişin daşıyaraq taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2020-ci ildə axşam saatlarında müştəri daşıyıb Bakı şəhərindən evə qayıtdıqdan sonra gözləri qızararaq başı ağrımağa başlamışdır. Buna görə 103 xidmətinə zəng vurub ünvan 3 ünvanında yerləşən kirayə qaldığı evə təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardımdan gələn həkimlər onun burnundan pambıq yaxma vasitəsi ilə koronavirus (covid-19) xəstəliyi ilə bağlı test götürərək bildirmişlər ki, analizin cavabı mesaj şəklində telefonuna gələcək, buna görə də ondan mobil telefon nömrəsini götürmüşlər. İstifadəsində olan özünə məxsus 050 614 55 05 saylı mobil telefon nömrəsini həkimlərə təqdim etmişdir. Bundan 3 gün sonra üzərində 050 614 55 05 saylı nömrə olan Redmi Not-8 markalı mobil telefonuna İTS.GOV.AZ saytından 1542 saylı nömrədən gələn mesajda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə covid-19-la bağlı vermiş olduğu testin nəticəsi pozitiv çıxıb, bununla bağlı özünün və ailə üzvülərinin yaşayış yerlərini tərk etməmələri xahiş olunmuş, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilər. Bundan əlavə gündəlik kütləvi informasiya vasitələrində və ya sosial şəbəkələrdə aparılan təbliğat işlərindən də ona məlum imiş ki, karonavirus xəstəliyinə tutulmuş şəxsin yaşayış yerini tərk etməsi cinayət məsuliyyətinə səbəb ola bilər. Bundan sonra o və ailə üzvüləri yaşayış yerini tərk etməmişlər. Həmin mesajdan sonra Qəbələ epideomologiya mərkəzindən hansısa adını bilmədiyi həkim və sahə həkimi tez-tez onunla telefon əlaqəsi saxlayaraq səhhəti ilə maraqlanırmışlar və hər dəfə də evi tərk etməməyini tövsiyə edirmişlər. Bildirirmişlər ki, ona evdə özünü təcrid müddətinin bitməsi barədə mesaj gələnə kimi evi tərk etməməlidir. Onda koronavirus xəstəliyinin aşkar edilməsinə baxmayaraq, test verdiyi gündən 1 gün sonra halı yaxşılaşmış, özün də heç bir narahatçılıq hiss etmirmiş, sadəcə olaraq Covid-19-a yoluxmağı barədə ona mesaj gəldiyinə görə evdən çölə çıxmırmış. Lakin, maddi vəziyyəti yaxşı olmadığından və kənardan gəlir yeri olmadığına görə, həm də özündə hər hansı bir xəstəliyin əlamətlərini hiss etmədiyinə görə qərara gəlmiş ki, evdən çıxıb taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırsın. Buna görə də evdən çıxmağına icazə verilməsi barədə ona mesaj gəlmədən, xx.xx.2020-ci il tarixdə səhər saatlarında evdən çıxıb özünə məxsus Renault Megane markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək Qəbələ şəhərindən müştəri götürmədən Bakı şəhərinə getmişdir ki, orada həm maşınını ustaya göstərsin və qayıdan da müştəri gətirsin. Həmin gün saat 18-19 radələrində Bakı şəhərində “Şamaxinka” adlanan ərazidən iki nəfər müştəri mindirib Qəbələyə yollanmışdır. Həmin müştərilər Qəbələ rayonu Mirzəbəyli kənd sakinləri Mətin və Gəncim adlı oğlanlar imiş. Saat 21-22 radələri olarmış ki, Qəbələ şəhərinin girişindəki “Ana abidəsi” deyilən yerə çatanda polis əməkdaşları onu yol patrul xidməti avtomobili vasitəsi ilə saxlamışlar. Ondan koronavirus xəstəsi olduğu halda hansı səbəbdən yaşayış yerini tərk etməsi soruşulmuş və bunun cinayət məsuliyyətinə səbəb olduğu bildirilmişdir. O da bildirmiş ki, bunun cinayət məsuliyyəti olduğunu bilir, sadəcə olaraq maddi vəziyyəti ağır olduğu üçün məcbur olub xəstə olduğu halda evdən çıxıb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Polis əməkdaşları onu küçədə aşkar etmələri barədə video çəkiliş aparıb oradan uzaqlaşaraq ondan yaşayış yerinə qayıtmasını tələb etmişlər. Dərhal yaşayış yerinə qayıtmış və ona ikinci mesaj gəlməmiş yaşayış yerini tərk etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə onun 050 614 55 05 nömrəli mobil telefonuna gələn mesajda bildirilmiş ki, onun və onunla eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, koronovirus infeksiyası ilə əlaqədar tətbiq olunmuş karantin dövründə xx xxxxxx 2020-ci il tarixdə axşam üstü o və qardaşı Şahid2 ilə birlikdə Bakı şəhərində “Şamaxinka” deyilən əraziyə gəlib, orada sərnişin aparmaq üçün gözləyən taksi sürücülərinə yaxınlaşmışlar. Sonradan adını bildiyi Yasin adlı taksi sürücüsü bildirmiş ki, gözləmədən tez çıxır, əgər Qəbələyə gedirlərsə onların ikisini aparıb gedə bilər. Belə olub o və qardaşı Gəncim Yasinə məxsus Megan markalı avtomobilə sərnişin qismində əyləşib yaşadıqları Qəbələ rayonuna yollanmışlar. Avtomobili Yasin özü idarə edirmiş, o, arxa oturacaqda, qardaşı Gəncim isə qabaq sağ sərnişin oturacağında əyləşmişdir. İkisindən başqa avtomobildə əlavə sərnişin yox imiş. Yasin onları yaşadıqları Qəbələ rayonu Mirzəbəyli kəndinə kimi aparıb düşürməli, əvəzində onlardan 24 manat yol pulu almalı imiş. Yolboyu Yasin onlara koronovirus xəstəliyinə yoluxması barədə hər hansı bir söz deməmiş, bu haqda heç bir məlumatları yox imiş. Axşam saat 21 və ya 22 radələri olarmış ki, Qəbələ şəhərinin girişində “Ana abidəsi” adlanan yerdən 200-300 metr aşağıda yol patrul xidməti avtomobili ilə polis əməkdaşları Yasinin avtomobilini işarə verib saxlatmışlar. Sonra bir neçə yol patrul xidməti əməkdaşları, eləcə də mülki geyimdə olan polis işçiləri onlara bildirmişlər ki, maşından yerə düşüb Yasindən aralı dayansınlar. Orada mülki geyimdə olan Elçin adlı polis əməkdaşı mobil telefonla video çəkiliş apararaq Yasinə özünü təqdim edib, onun koronavirus xəstəsi olduğu halda buna məhəl qoymayaraq taksi fəaliyyəti ilə məşğul olduğunu və xəstəliyin yayılması üçün təhlükə yaratdığını demiş və buna görə irad bildirmişdir. Yasin də koronavirus xəstəliyinə yoluxduğunu bilə-bilə taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edərək, bunu maddi vəziyyətinin aşağı olmasına görə etdiyini bildirmişdir. Polis əməkdaşları Yasinə xəbərdarlıq etmişlər ki, koronavirus xəstəsi ola-ola yaşayış yerini tərk etməsi onun cinayət məsuliyyətinə səbəb ola bilər. Sonra dərhal yaşayış yerinə qayıdıb sağalana kimi evi tərk etməməyi tövsiyə edib buraxmışlar. Onu və qardaşını isə polis şöbəsinə dəvət edib bildirmişlər ki, onların iştirakı ilə koronavirus xəstəliyinə yoluxmuş Yasinin yaşayış yerini tərk etməsi halının aşkar edilməsi barədə protokol tərtib ediləcək. O və qardaşı etiraz etmədən Qəbələ rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Elçin adlı polis əməkdaşı tərəfindən onun, qardaşı Gəncimin və Yasin saxlanılarkən orada olan polis əməkdaşlarının iştirakı ilə protokol tərtib edilmiş, protokol ucadan onlara oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadasinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 Fikrət oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə cinayət axtarış bölməsinə məlumat daxil olmuş ki, COVİD 19 xəstəliyinə yoluxmuş Qəbələ rayonu Böyük Əmili kənd sakini Təqsirləndirilən şəxs xəstə olduğu halda yaşayış yerini tərk edərək özünə məxsus Megan markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Qəbələyə sərnişin daşımaqla məşğul olur və bununla da karantin rejim qaydalarını kobud surətdə pozur, bu isə xəstəliyin digər şəxslərə yayılmasına real təhlükə yaradır. Buna görə də alınmış məlumat barəsində şöbə rəhbərliyinə məruzə olunduqdan sonra o, Qəbələ rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Elçin İsmayılov, şöbənin dövlət yol polisi bölməsinin rəisi Aydın Heydərov, həmin bölmənin inspektorları Şahid4 və Şahid5 birlikdə yol-patrul xidmətinə aid avtomobillə saat 20 radələrində Qəbələ şəhəri Z.Əliyeva küçəsində “Ana abidəsi” deyilən yerin yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi Megan markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətindən gələrək Qəbələ şəhəri Azpetrol yanacaq doldurma məntəqəsi istiqamətində hərəkətdə olarkən saxlanılmış və məlum olmuş ki, o, koronavirus xəstəliyinə yoluxduğu halda buna məhəl qoymayaraq taksi fəaliyyəti ilə məşğul olur və Bakı şəhərindən Qəbələ rayonu Mirzəbəyli kənd sakinləri Şahid1 və Şahid2 sərnişin qismində avtomobilinə mindirib yaşadıqları kəndə aparır. Təqsirləndirilən şəxs koronavirus xəstəsi olduğu halda hansı səbəbdən məhdudiyyətə məhəl qoymayaraq taksi fəaliyyəti ilə məşğul olduğu soruşulduqda, həmçinin xəstəliyin digər şəxslərə yayılmasına təhlükə yaratdığı, buna görə cinayət məsuliyyətinin nəzərdə tutulduğu izah olunduqda o, koronavirus xəstəsi olduğunu bildiyini, lakin maddi imkanının zəif olmasını əsas gətirib, buna görə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmiş, bir daha belə bir hala yol verməyəcəyinə söz vermişdir. Həmin vaxt Elçin İsmayılov tərəfindən mobil telefon vasitəsi ilə video çəkiliş də aparılırmış. Bundan sonra Təqsirləndirilən şəxs koronovirus xəstəliyindən sağalmadan yaşayış yerini tərk etməməsi barədə izahat işləri aparılaraq yaşayış yerinə getməsi tövsiyyə olunmuşdur. Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olduğu halda yaşayış yerini tərk edib taksi fəaliyyəti ilə məşğul olması faktının aşkar edilməsi barədə sonda protokol tərtib edilməsi üçün o, DYPB-nin rəisi Aydın Heydərov, həmin bölmənin inspektorları Şahid4, Şahid5 və Təqsirləndirilən şəxs sərnişin qismində daşıdığı Şahid1 və Şahid2 Qəbələ rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, Elçin İsmayılov tərəfindən həmin şəxslərin iştirakı ilə protokol tərtib edilmiş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid5 Şahid3 Fikrət oğlunun ifadasinə uyğun eyni məzmunlu ifadə vermişdirlər. İşdə olan xx xxxxxx 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 050 614 55 05 saylı mobil nömrədə işləyən Təqsirləndirilən şəxs məxsus Redmi Not-8 markalı mobil telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin mobil telefona İcbari Tibbi Sığortaya aid İTS.GOV.AZ saytından x xxxxxx 2020-ci il tarixdə saat 09:54 dəqiqədə “Hörmetli YASİN MEHERREMOV.Sizin xx.xx.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin neticesi POZİTİVDİR.Xahish olunur, siz və aile üzvüleriniz yashayish yerinizi terk etmeyesiniz.Karantin rejimini pozdugunuz teqdirde, Azerbaycan Respublikasının İnzibati Xetalar ve Cinayet mecellelerinde nezerde tutulmuş qaydada mesuliyyete celb oluna bilersiniz.tel:1542” məzmunlu və xx.xx.2020-ci il tarixdə saat 17:11 dəqiqədə isə “Hörmetli YASİN MEHERREMOV.Siz ve sizinle eyni evdə yashayan shexslerin COVİD-19 ilə bağlı evde ozunutecrid muddeti bitmishdir.Saglamliginizi qoruyun.” məzmunlu mesajlar daxil olmuşdur. İşdə olan Qəbələ rayon X2 Hüquqi Şəxsdən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 3/933 saylı məktubdan görünür ki, Qəbələ rayon Böyük Əmili kənd sakini Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-in yoluxmuş şəxslər jurnalında xx.xx.2020-ci il tarixində 842 sıra nömrəsində qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə vətəndaşdan test nümunəsi götürülmüş, xx.xx.2020-ci ildə isə götürülən test nəticəsi pozitiv çıxmışdır. İşdə olan Qəbələ RMX PHŞ-dən təqdim edilmiş Təqsirləndirilən şəxs adına açılmış ambulator tibbi kitabçanın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə xəstənin COVİD-19 testi pozitiv olduğu üçün ev müşahidəsinə götürülmüş, həmin gün şikayətləri olmamış, xx.xx.2020-ci il və xx.xx.2020-ci ildə halsızlıqdan şikayətləri olmuş, bundan sonra gündəlik olaraq xx.xx.2020-ci il tarixədək müşahidə altında olarkən şikayətləri olmamış, xx.xx.2020-ci il tarixdə isə müşahidə bitmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağın olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar