Məhkəmə qərarları › İş №1(025)-24/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-24/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-24/2021 05.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Qəbələ rayonu, Mamaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Mamaylı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs dünyada və ölkə ərazisində geniş yayılmış koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə Qəbələ rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsinə müraciət edərək yaxma üsulu ilə koronavirus testi verməsinə, xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş koronavirus (COVİD-19) infeksiyasının müayinə testinin nəticəsi pozitiv çıxmaqla koronavirus(COVİD19) infeksiyasına yoluxması faktının təsdiq olunması, bununla əlaqədar olaraq onun yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunma bilməsi barədə ona xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı nömrədə işləyən mobil telefonuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən göndərilən mesaj vasitəsi ilə, eləcə də Qəbələ rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin “Ailə Sağlamlıq Mərkəzi”ndən istifadəsində olan mobil telefona həmin mərkəzin həkimi Şəfiyeva Firuzə Saməddin qızının ***-***-**-** saylı mobil telefonla zəng edərək şifahi qaydada xəbərdar etməsinə baxmayaraq, koronavirus(COVİD19) infeksiyasına yoluxmasını bilə-bilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əlehinə olan xüsusi karantin rejimini qəsdən pozaraq xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində qardaşı oğlu Şahid1 idarə etdiyi Vaz 2106 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində Qəbələ şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Sağlam Həyat” özəl tibb klinikasına şəkərli diabet xəstəliyinin müayinəsi üçün gəlmiş, orada olan həkimlərin, həmçinin klinikaya müraciət etmiş şəxslərə koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, klinikadan çıxarkən həmin vaxt Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən (COVİD-19) xəstəliyinin yayılmasının qarşısını almaq istiqamətində həyata keçirilən tədbirlər nəticəsində saxlanılaraq yaşayış yerinə qaytarılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3-4 ildir ki, şəkərli diabet xəstəsi olduğundan Qəbələ rayon xəstəxanasında qeydiyyatdadır. xx xxxxxx 2020ci il tarixdə şəkəri yenidən yüksəldiyini müşahidə etmiş, özündə aparat vasitəsilə bunu yoxladıqda həqiqətən də qanında şəkərinin yüksəldiyini müəyyən etmiş, “Covid19” virusu ilə bağlı bütün dövlət xəstəxanaları bağlı olduğundan həmin gün Qəbələ şəhəri H.Aslanov küçəsində yerləşən “Sağlam Həyat” özəl klinikasına Adil həkimin yanına gəlmiş, Adil həkimə müraciət edəndə Adil həkim şəkərinə görə 2 ədəd sistem yazmış, 2 gün ərzində onları köçürməyi tapşırmış, Adil həkimin şifahi məsləhəti ilə həmin sistem dərmanlarını alıb “covid19” virusu ilə bağlı analiz vermək üçün Qəbələ RMX-nın təcili yardım şöbəsinə getmişdir. Təcili yardım şöbəsində adını bilmədiyi həkim ondan burun nahiyyəsindən yaxma üsulu ilə “covid19” testi üçün nümunə götürmüş, oradan Adil həkim deyən dərmanları alıb evə gəlmiş, 2 gün ərzində Adil həkim yazan sistemi köçürmüş, xx xxxxxx 2020-ci il tarixdə səhər saat 08 radələrində mobil telefonuna mesaj gəlmişdir. Mesajı oxuduqda verdiyi “covid19” testinin nəticəsinin pozitiv çıxması, “covid19” virusuna yoluxmasını bilmiş, buna görə də özünün və ailə üzvlərinin yaşayış yerini tərk etməməyi, karantin rejimini pozduğu halda Azərbaycan Respublikası inzibati və cinayət məcəlləsi ilə məsuliyyət daşımağı barədə xəbərdar edilmiş, həmçinin, ona həmin vaxt ***-***-**-** nömrəsindən zəng edən özünü Qəbələ rayon xəstəxanasından olan həkim kimi təqdim edən adını bilmədiyi bir qadın da ona “covid19” analizinin nəticəsinin pozitiv çıxdığını bildirib özünün və ailə üzvlərinin yaşayış yerini tərk etməməyi, karantin rejimini pozduğu halda məsuliyyətə səbəb olacağını bildirmişdir. Şəkər xəstəsi də olduğunu, həmçinin “covid19” virusuna da yoluxduğunu şəkər xəstəliyi ilə bağlı həmin qadına bildirdikdə həmin qadın ondan şəkər həkiminin kim olduğunu soruşmuş, xəstəliyi ilə bağlı həkiminin “Sağlam Həyat” özəl Klinikasında Adil həkim olduğunu bildirmiş, həmin qadın Adil həkimin müalicəsinə davam etməyi məsləhət görmüşdür. Bundan sonra bu barədə Adil həkimə zəng edərək məlumat vermiş, ona da “covid19” virusuna yoluxduğunu və test nəticəsinin pozitiv çıxdığını demiş, Adil həkim yenidən yoxlanışa gələ biləcəyini bildirmiş, buna görə də xx xxxxxx 2020-ci il tarixdə saat 11-12 radələrində qardaşı oğlu Şahid1 məxsus “Vaz 2106” markalı avtomobillə Qəbələ şəhərinə “Sağlam Həyat” klinikasına gəlmiş, oğlu Şahid2 da onunla sərnişin kimi gəlmiş, avtomobildən yerə düşməmiş, oğlugil növbə götürmüş, növbəsi çatanda avtomobildən düşüb klinikaya getmiş, “Sağlam Həyat” klinikasında Adil həkim onu müayinə edərək yenə də əvvəl yazdığı 3 ədəd sistemdən yenə də yazmışdır. “Sağlam Həyat” klinikasından çıxarkən polis əməkdaşları özlərini təqdim edərək “covid19” virusuna yoluxduğunu bildirib karantin rejimini pozduğunu dediklərini, bu barədə videoçəkiliş apardıqlarını, 14 günün tamamında yenə də təcili tibbi yardıma zəng edərək sağalıb sağalmamağı barədə test vermək istədikdə ona 14 gün karantin müddətinin başa çatdığını, artıq sərbəst hərəkət edə biləcəyini, xx xxxxxx 2020-ci il tarixdə qeyd etdiyi mobil telefon nömrəsinə sağalmağı və sərbəst hərəkət edəcəyi barədə mesaj gəlmiş, lakin, həmin mesajları sonradan lazım olmadığını zənn edərək mobil telefondan sildiyini, istintaq tərəfindən təqdim olunan videoçəkilişə baxdığını, həqiqətən də çəkilişdəki özünün olduğunu, “covid19” virusuna yoluxduqdan sonra Qəbələ RMX-nın təcili yardım şöbəsinə və kəndin sahə həkimi Səmərqə adlı həkimə məlumat verib kömək istəsə də heç birinin gəlmədiyini, Səmərqə həkimin özünün xəstə olduğunu və bayıra çıxmadığını dediyini, “covid19” virusuna yoluxduğununu bildiyi halda “Sağlam Həyat” klinikasına gəldikdə klinikada çox adamların olduğunu, lakin, onları tanımadığını, Adil həkimlə ünsiyyətdə olduğunu, “Sağlam Həyat” klinikasına gedən zaman “covid19” virusuna yoluxduğunu bildiyini bildirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, əmisi Təqsirləndirilən şəxs uzun müddətdir ki, şəkər xəsətəliyindən əziyyət çəkir. Buna görə də mütəmadi olaraq müalicə alırmış. Ədaləti xx xxxxxx 2020-ci il tarixdə avtomobili ilə Qəbələ şəhərinə Həzi Aslanov küçəsində yerləşən “Sağlam həyat” klinikasına Adil həkimin yanına müalicəyə gətirmiş, bundan sonra həkimin məsləhəti ilə Ədalət “Covid19” virusu ilə bağlı Qəbələ rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsində analiz vermiş və xx xxxxxx 2020-ci il tarixdə analizin cavabı olaraq Ədalətin “covid19” virusuna yoluxması məlum olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 11-12 radələrində Ədalət şəkərinin çox qalxdığını, narahat olduğunu deyərək onu Qəbələ şəhərinə “Sağlam həyat” klinikasına aparmağı xahiş etmişdir. Belə olub avtomobili ilə kənddən Ədaləti götürüb onu Qəbələ şəhərinə “Sağlam Həyat” klinikasına aparmış, əmisioğlu İsrayıl da onlarla birgə getmişdir. “Sağlam Həyat” klinikasına daxil olub orada Adil həkimin yanında Ədalət müayinə olunduqdan sonra çıxan zaman Ədaləti polis əməkdaşları saxlamış, onun “covid19” virusuna yoluxmasına görə ev şəraitində müalicə almalı və karantin qaydalarına əməl etməli olduğu halda bayıra çıxdığına görə videoçəkiliş aparmışlar. Bundan sonra geri Mamaylı kəndinə qayıtmışlar. Şahid1 “Sağlam Həyat” klinikasına başqa çoxlu adamların da olduğunu, özünün “covid19” virusuna yoluxmadığını bildirmişdir. Məhkəmə iclasında Şəfiyeva Firuzə Saməddin qızı ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdə “covid19” virusuna yoluxmuş xəstələrin kompüter sistemində qeydiyyatı aparılaraq xəstələr ev müşahidəsinə götürülməklə nəzarətdə saxlanılırmış. Təqsirləndirilən şəxs tanımırmış. Onun xx.xx.2020-ci il tarixdə “covid19” virusuna yoluxması barədə ona məlumat kompüter sistemindən daxil olmuş, digər yoluxmuş şəxslərə olduğu kimi Təqsirləndirilən şəxs da öz istifadəsində olan ***- ***-**-** saylı mobil telefonla zəng edərək onun “covid19” analizinin nəticəsinin pozitiv çıxması bildirmiş, ona kənar şəxsləri də yoluxdurmaması üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək evdə özünü təcrid etməsi barədə xəbərdar edərək səhhətində ağırlaşma olduğu halda dərhal ona məlumat verməsini istəmişdir. Lakin, Təqsirləndirilən şəxs ona səhhətində hər hansı ağırlaşma ilə bağlı məlumat verməmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11- 12 radələrində iş yoldaşı Şahid5la xidməti əraziləri olan Qəbələ şəhərində xidmətdə imiş. Bu zaman Qəbələ rayon Mamaylı kənd sakini Təqsirləndirilən şəxs “covid19” virusuna yoluxduğu halda karantin və özünü təcrid qaydalarını pozaraq Qəbələ şəhərinə “Sağlam Həyat” klinikasına gəlməsi barədə məlumat daxil olmuş, “covid19” virusuna yoluxmuş şəxslərin siyahısına yoxladıqda həmin şəxsin həqiqətən də “covid19” virusuna yoluxmuş şəxslər siyahısında olduğunu görmüş, buna görə Şahid5la dərhal həmin şəxsin şəxsiyyətini təyin etmək üçün portal məlumatlarını və fotoşəkilini götürüb Qəbələ şəhəri Həzi Aslanov küçəsinə “Sağlam Həyat” klinikasının qarışısına getmiş, orada klinikadan çıxan şəxsləri həmin şəkillə müqayisə edəndə Təqsirləndirilən şəxs oxşar şəxsin klinikadan çıxdıqda onunla məsafə saxlayaraq dərhal portal aparatı ilə həmin şəxsi videoçəkiliş etməyə başlayıb ondan Təqsirləndirilən şəxs olub-olmadığını soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və həmin şəxsdən “covid19” virusuna yoluxması barədə şifahi sorğu edildikdə o həqiqətən də “covid19” virusuna yoluxduğunu etiraf etmiş, Təqsirləndirilən şəxs karantin qaydalarına ciddi əməl etməli olduğu və etdiyi əməlin cinayət məsuliyyətinə səbəb olması barədə xəbərdarlıq edilərək evə gedib özünü təcrid etməsi tələb edilmiş, Təqsirləndirilən şəxs orada olan adlarını bilmədiyi 2 nəfər şəxslə birgə idi və Vaz 2106 markalı avtomobilə tərəf getmişdir. Onlardan birinin taksi sürücüsü, digərinin isə oğlu olduğu müəyyən edilmiş, sonra bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, çəkdiyi videogörüntüləri 01 ədəd diskə köçürüb raporta əlavə etmişdir. Sonradan klinikadan maraqlandıqda Təqsirləndirilən şəxs Adil həkimə müraciət etdiyini və onun yanında olduğunu müəyyən etmişdir. Şahid4 həmin vaxt “Sağlam Həyat” klinikasının içərisində və bayırında çoxlu adamlar olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid5 Şahid4 ifadasinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, atası Ədalət uzun müddətdir ki, şəkər xəsətəliyindən əziyyət çəkirmiş. Buna görə də mütəmadi olaraq müalicə alırmış. Əmisioğlu Samir atasını xx xxxxxx 2020-ci il tarixdə avtomobili ilə Qəbələ şəhərinə “Sağlam Həyat” klinikasına öz həkimi olan Adil həkimin yanına malicəyə aparmışdır. Bundan sonra həkimin məsləhəti ilə atası Ədalət “Covid19” virusu ilə bağlı Qəbələ rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsində analiz vermiş, xx xxxxxx 2020-ci il tarixdə analizin cavabı olaraq atasının “covid19” virusuna yoluxması barədə mobil telefonuna mesaj gəlmişdir. Atası buna görə ev şəraitində qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 11-12 radələrində atası şəkərinin çox qalxdığını, narahat olduğunu, şəkərlə bağlı müalicə üçün atasını əmisioğlu Samirin avtomobillə Qəbələ şəhərinə “Sağlam Həyat” klinikasına aparmışlar. “Sağlam Həyat” klinikasına daxil olub orada Adil həkimdə atası müayinə olunduqdan sonra çıxan zaman orada Ədaləti polis əməkdaşları saxlamış, onun “covid19” virusuna yoluxmasına görə ev şəraitində müalicə almalı və karantin qaydalarına əməl etməli olduğu halda bayıra çıxdığına görə videoçəkiliş aparmışlar. Bundan sonra geri Mamaylı kəndinə qayıtmışlar. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, onun şəkər xəstəliyi olduğundan bir neçə dəfə ona müraciət etmişdir. Ədalətə ümumi müalicələr yazmışdır. 2020-ci ilin dekabr ayının təxminən birinci ongünlüyündə dəqiq tarixini xatırlamadığı gündə işdə olan zaman Ədalət ona müraciət edərək öskürdüyünü, həmçinin boğulmasının olduğunu bildirərək ondan tibbi yardım istəmiş, həmçinin şəkərinin də qalxdığını bildirmiş, Ədalətə tibbi yardım üçün olan dərmanları yazmış və məsləhət görmüş ki, xəstəxanaya müraciət edərək “covid19” virusuna yoluxub-yoluxmadığına görə analiz versin. Ədalət də analiz verəcəyini bildirib çıxıb getmişdir. Təxminən 2-3 gün sonra Ədalət onunla telefon əlaqəsi saxlamış və yenidən müalicə üçün gəlmək istədiyini bildirmişdir. Ona şəkər xəstəsi olduğunu və buna görə də Qəbələ rayon mərkəzi xəstəxanasına aidiyyəti həkimə müraciət etməli olduğunu bildirmiş, ancaq Ədalət ona “covid19” virusuna yoluxmasını bildirməmişdir. Həmin gün bir qədər sonra Ədalət iş yerinə yəni, “Sağlam Həyat” klinikasına gəlmiş, əvvəlki kimi səhhətindən eyni şikayətlərini bildirmiş, Ədalətə yenə də əvvəl yazdığı müalicələri yazaraq davam etməsini və yenə də xəstəxanaya müraciət etməsini istəmişdir. Həmin vaxt artıq Ədalət ona “covid19” virusuna görə verdiyi analiz pozitiv çıxmasını bildirmiş, ona evdə özünü təcrid edərək müalicə almasını istəmiş, Ədalət də çıxıb getmiş, yəni, Ədalətin dediyi kimi onun “covid19” virusuna yoluxamasını bilə-bilə onu “Sağlam Həyat” klinikasına çağırmamış, özü gələndən sonra bilmişdir. İşdə olan Qəbələ RMX PHŞ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 3/937 nömrəli məktubdan görünür ki, Qəbələ rayon Mamaylı kənd sakini Təqsirləndirilən şəxs Qəbələ RMX-nın PHŞ-nin “covid19” virusuna yoluxmuş şəxslərin qeydiyyatı jurnalında xx.xx.2020-ci il tarixdə, 933 sıra nömrəsi ilə qeydə alınmışdır. xx.xx.2020-ci ildə vətəndaşdan test nümunəsi götürülmüş, xx.xx.2020-ci il tarixdə götürülən test nəticəsi pozitiv çıxmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar