Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-25/2021 03.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2əsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 21 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində qonşusu Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edib onun ünvan 3 ünvanında yerləşən evinin həyətinə dəmir hasarın üzərindən tullanaraq qanunsuz daxil olmaqla sonuncunun saxlanc yeri kimi istifadə etdiyi evinin zirzəmisinin qapısından qanunsuz daxil olub zirzəmidən ona məxsus olan 1 ədəd 120 manat dəyərində 8 litr su tutumlu odun samovarını, 1 ədəd 40 manat dəyərində 50 litr maye tutumlu silindr formalı su qabını, 1 ədəd 50 manat dəyərində motorlu otbiçən cihazı gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 210 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 oktyabr 2020-ci il tarixdə günorta saatlarında təkcə “Qəbələ” adlı restoranda yemək yemiş, təxminən 300 qram spirtli içki olan araq içmiş, həmin gün saat 17 radələrində restorandan çıxıb evə gəlmişdir. Saat 19 radələrində evlərinə gələn internet xətti işləmədiyi üçün həyətə düşmüş və Gülnazın yaşadığı həyətdən evinə gələn internet naqilinə baxmaq üçün dəmir hasarın üzərindən Gülnazın həyətinə daxil olmuş ki, naqilin boşluğunu düzəltsin. Gülnazın həyətinə daxil olduqda Gülnazın yaşadığı evin zirzəmisinin qapısı aralı görmüş, ancaq zirzəminin içərisi tam görünməmişdir. Zirzəmiyə daxil olaraq əlinə nəsə qiymətli bir şey keçərsə onu oğurlayıb özü ilə aparmaq qərarına gəlmişdir. Gülnazgilin evinin işıqlarının da yanmadığını, həyətdə heç kimin olmadığını görmüş, onların tez-tez Bakı şəhərinə getdiklərini bilmiş, zirzəmiyə yaxınlaşıb dəmir qapını açaraq əyilib zirzəmiyə daxil olmuşdur. Zirzəmidə 1 ədəd motorlu otbiçən görmüş, otbiçəni oğurlayıb özü ilə aparmaq qərarına gəlib otbiçəni dartan zaman o nəyəsə ilişmiş, otbiçənin nəyə ilişdiyinə baxanda zirzəmidə 1 ədəd samovar və 1 ədəd su filyağı da görmüş, həmin əşyaların hamısını oğurlamaq qərarına gəlmişdir. İlk olaraq motorlu otbiçəni, samovarı və filyağı zirzəmidən çıxartmış və zirzəminin qapısının qarşısına qoymuşdur. Daha sonra həmin əşyaları həyətinin hasarının yanına gətirmiş, sonra həmin əşyaları qaldırıb öz həyətinə tullamışdır. Bundan sonra yola keçərək öz həyətlərinə gəlmiş, oğurladığı əşyaları həyətindəki yarımtikiliyə qoymuşdur. 23 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində su filyağı və samovarı Qəbələ şəhərində metal qəbul edən Aydın adlı şəxsə satmaq üçün onun S.Vurğun küçəsində yerləşən metal qəbulu məntəqəsinə gəlmiş, orada Aydına həmin əşyaları hər ikisini 35 manata razılaşaraq satmışdır. Bundan sonra əldə etdiyi 35 manatı öz maddi ehtiyacları üçün xərcləmişdir. 24 oktyabr 2020-ci il tarixdə axşamtərəfi isə əvvəllər Qəbələ futbol akademiyasında birgə işlədiyi, köhnə iş yoldaşı Şahid2 zəng edərək ona satlıq motorlu mişar olduğunu demiş, Saleh razı olmuş, qiyməti 60 manata razılaşmışlar. Həmin gün saat 20 radələrində Saleh və başqa iş yoldaşı Şövkətlə Qəbələ futbol akademiyasının yanında görüşmüşlər. Orada Saleh və Şövkət motorlu otbiçəni yoxlamışlar, otbiçən maşın işlək olmuş, Saleh ona 50 manat pul vermiş, 10 manatını isə maaş aldıqda verəcəyini bildirmişdir. Əldə etdiyi 50 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra onu Qəbələ rayon polis şöbəsinin əməkdaşları Qəbələ şəhərində saxlayıb polis şöbəsinə aparmışlar, orada etdiyi oğurluq əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 oktyabr 2020-ci il tarixdə ailə üzvləri hamısı Bakı şəhərinə baldızıgilə qonaq getmiş, həyətdə və evində kimsə olmamış, nəzarətsiz qalmışdır. Qonaq gedən zaman həyət qapısını və evin qapısını açarla bağlamışdır. 27 oktyabr 2020-ci il tarixdə günortadan sonra evə geri qayıtmış, bir qədər həyətdə iş gördükdən sonra təsadüfən zirzəmiyə daxil olduqda zirzəmidə olan 01 ədəd otbiçən maşını aşkar etməmiş, həmçinin, zirzəmini yoxladıqda zirzəmiyə qoyduğu özlərinə məxsus samovarı və su filyağını aşkar etməmişdir. Həyətə çıxdıqda həyətin yerində samovarın dəmkeşini görmüş, həyətə kiminsə daxil olaraq oğurluq etdiyini bilmiş, buna görə də polisin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonradan polis əməkdaşları oğurluq etmiş şəxsi müəyyən etdiklərini, həmin şəxsin qonşusu Təqsirləndirilən şəxs olduğunu və onun 21 oktyabr 2021-ci il tarixdə həyətə daxil olaraq oğurluq etdiyini bilmişdir. Sonda isə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində işdə olarkən Elvin onun mobil telefonuna zəng edərək 80 manata satlıq otbiçən maşın olduğunu demişdir. Bu barədə iş yoldaşı Salehə də məlumat vermiş, Saleh Elvinin ona da zəng etdiyini, otbiçənin qiymətinin 60-70 manat olduğunu, ona həmin qiymətə satmaq istədiyini bildirmiş, təsərrüfatda otbiçən maşın lazım olduğu üçün Salehdən xahiş etmiş ki, Elvindən həmin otbiçəni ucuz qiymətə alaraq ona versin. Saleh də Elvinlə otbiçənin qiymətini 60 manata razılaşmış, 50 manat əvvəl, 10 manat isə maaş gələndə Elvinə verilməli imiş. Az sonra Elvin otbiçən motoru iş yerinin yanına gətirmiş, onunla görüşüb motora baxanda işlək vəziyyətdə olduğunu məüyyən etmişlər. Saleh Elvinə 50 manat pul vermiş, otbiçən motoru almışlar, Elvin də çıxıb getmiş, Saleh otbiçəni ona vermişdir. Bir müddət sonra rayon polis şöbəsindən Salehlə əlaqə saxlanılmış, ona Elvinin satdığı otbiçənin qonşusundan oğurlayıb satdığı bildirilmişdir. Bundan sonra otbiçəni polis şöbəsinin əməkdaşına təqdim etmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadasinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində işdə olan zaman Elvin məntəqəyə 1 ədəd təxminən 40 litrlik aliminium filyaq, 1 ədəd isə təxminən 7 litrlik latun materialdan olan samovarı gətirib onu satmaq istədiyini bildirmişdir. Həmin əşyaları haradan aldığını soruşduqda, Elvin evlərindən gətirdiyini, özünə məxsus olduğunu, maddi imkanı olmadığı üçün satdığını bildirmişdir. Samovar və filyağı Elvindən 35 manata almağa razılaşmış, Elvinə 35 manat pul verərək həmin əşyaları almışdır. Sonradan polis şöbəsindən həmin əşyaları Elvinin qonşusu Gülnaz adlı şəxsin həyətindən oğurlayıb ona satdığını bildirmişlər, həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2021-ci il tarixli, 9/5753 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində ekspertiza tədqiqatına təqdim edilmiş maddi sübutların, 2020-ci ilin oktyabr ayının sonları üçün respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: bir ədəd xarici görünüşünə görə uzun müddət istismar edilmiş gümüşü rəngli, təxminən 8 litr su tutumlu odun samovarı. Samovarın hazırda gövdəsinin səthi üzərində zədələr, cızıqlar, sürtülmə izləri və istismar nəticəsində içərisində qalın ərp qatı örtülməsi müşahidə olundu, samovar öz ilkin əmtəə görünüşünü qismən itirib 120,00 manat; bir ədəd aluminium metalından hazırlanmış, təxminən 50 litr maye tutumlu, xarici görünüşünə görə istismar edilmiş iki qulplu ağzı kilidlənmiş qapaq ilə bağlanan silindr formalı qab 40,00 manat; bir ədəd gövdəsinin üzərində “Torpeda” sözləri yazılmış, gövdəsi metal və plastmasdan hazırlanmış, xarici görünüşünə görə istismar edilmiş kəsici hissəsi ilə birlikdə ot biçən cihaz. Xarici görünüşünə aparatın üzərində ciddi qüsur yoxdur, istismar nəticəsində o öz ilkin əmtəə görünüşünü qismən itirib 50,00 manat. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayətin törədilməsini, əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu, zərərçəkmiş şəxsin dəymiş maddi ziyanı ödəməsini və ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həbsdə olduğu müddət, yəni 02 (iki) gün həbsdə saxlamanın müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdən 04 fevral 2021-ci il tarixədək həbsdə olduğu müddət, yəni 02 (iki) gün həbsdə saxlamanın müddəti ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut olan bir ədəd samovar, bir ədəd su qabı və bir ədəd otbiçən maşın zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sərəncamında saxlanılmış hesab edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd samovar, bir ədəd su qabı və bir ədəd otbiçən maşın zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sərəncamında saxlanılmış hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-25/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-25/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver