Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-26/2021 28.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Oğuz rayonu, Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonunun 2 saylı MKİS-in ərazisində yerləşən Kislorod küçəsi 18/25 nömrəli evdə yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci ildə saat 15 radələrində Qaraməryam-İsmayıllı- Şəki yolunun Qəbələ rayonu Mirzəbəyli kəndi ərazisindən keçən 75,5-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsi daxilində Mersedes Benz 260 markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobili 60-70 km/saat sürətlə idarə edib Şəki istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsada bunu etməyib, qarşısına inək çıxdığını görüb həmin heyvanı vurmamaq üçün avtomobili sağa, sonra sola istiqatələndirmiş, idarəetməni itirdiyindən avtomobil yoldan çıxaraq sol kənardakı ağaca çırpılmış, nəticədə ehtiyatsızlıqdan Mersedes Benz 260 markalı avtomobilin sərnişini X1 travmatik şok İV dərəcə, çanaq sümüklərinin, sağ bud sümüyünün orta və sol said sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən qəlpəli sınığı, sağ böyrək ətrafı toxumaya qansızma, başın yumşaq toxumasına qansızma, alının, sağ mil-bilək oynağının arxa səthinin, sağ əlin üst səthinin, sol əlin ovuc səthinin, sol baldırın içəri yuxarı, ön orta, aşağı içəri 1/3-nin, sağ budun içəri aşağı 1/3-nin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölməsinə, habelə Mersedes Benz 260 markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 6000 (altı min) manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 08 radələrində yaşadığı Bakı şəhəri Zığ şossesi ünvanından çıxıb işlədiyi 8-ci kilometrdə yerləşən maşın bazarına getmişdir. Etibarnamə ilə idarə etdiyi Mercedes Benz 260 markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu Mıxlıqovaq kəndinə getmək qərarına gəlmişdir. Belə ki, həmin kənddə arvadı Aytac və oğlu İbrahim yaşayır. Həmin günü saat 12 radələrində Bakı şəhərindən çıxıb Qəbələ rayonuna yola düşmüşdür. Qabaq sağ oturacaqda dostu Ceyhun Mehrəliyev oturmuşdur. Avtomobildə yük yox imiş. Saat 15-16 radələrində Qəbələ rayonu Mirzəbəyli kəndi ərazisində avtomobili 60-70 km/saat sürətlə idarə edərkən hərəkət hissəsinə qarşısına inək çıxmışdır. O, həmin heyvanı vurmamaq üçün avtomobili əvvəlcə sağa, sonra sola istiqamətləndirmiş ki, qəzadan yayınsın. Lakin idarəetməni itirdiyindən avtomobil yolun sol kənarına çıxaraq ağaca çırpılmışdır. Bundan sonra o, heç nə xatırlamır. Hadisə zamanı avtomobil inəyə dəyməmiş, bu səbəbdən avtomobili sağa-sola istiqamətləndirdiyindən idarəetməni itirmiş və avtomobil yolun soluna çıxaraq ağaca dəymişdir. Hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyətdə olmuş, səhhəti də normal olmuşdur. Hadisədən sonra X1 dəfn xərclərini qarşılamış və hadisədən sonra onun ailə üzvlərinə maddi və mənəvi dəstək olmuşdur. Hazırda zərərçəkmişin hüquqi varisi ilə barışmışdır. Zərərçəkmiş şəxs2 isə dəymiş ziyanı ödəmişdir və ona qarşı zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, özünün də baş vermiş yolo nəqliyyat hadisəsi nəticəsində agır xəsarət almışdır və əməlindən peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarında iştirak etməmiş və məhkəməyə göndərdiyi teleqramda, həmçinin ibtidai istintaq zamanı verdiyi notarial qaydada təsdiqlənmiş ərizədə bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Mercedes Benz 260 markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında ona məxsusdur. Həmin avtomobili etibarnamə əsasında sürmək üçün tanışı Təqsirləndirilən şəxs sürmək üçün vermişdir. Sonradan ona məlum olmuşdur ki, xx xxxxxxx 2020-ci ildə Qaraməryəm-İsmayıllı- Şəki yolunun Qəbələ rayonu Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində Təqsirləndirilən şəxs idarə etdiyi ona məxsus Mercedes Benz 260 markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında olan ağaca dəymiş, nəticədə Mercedes Benz 260 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və bir nəfər sərnişin xəsarət almış, sonradan sərnişin aldığı xəsarətlərdən ölmüşdür. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs xx.xx.1992-ci il təvəllüdlü olmaqla onunla bir ünvanda yaşayır, evlidir və bir uşaq atasıdır. Oğlu Nurlan dostuna məxsus Mercedes Benz 260 markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Nurlanın arvadı psixoloji xəstəlikdən əziyyət çəkdiyi üçün uzun müddət imiş ki, nəvəsi ilə birgə Qəbələ rayonuna anasının yaşadığı ünvana getmişdir, yəni anasının yanında qalır. xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında oğlu Nurlan evdən çıxmış və bildirmişdir ki, ailəsinə baş çəkmək üçün Qəbələ rayonuna gedir. Bundan sonra oğlu Nurlan evdən çıxıb getmişdir. Həmin günü saat 16 radələrində evində olarkən Oğuz rayonunun Xaçmaz kəndində yaşayan oğlu İlkin telefon vasitəsilə ona zəng vuraraq bildirmişdir ki, oğlu Nurlan idarə etdiyi Mercedes Benz 260 markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonuna gedərkən Qəbələ rayonu ərazisində yol qəzası törətmiş, hazırda Qəbələ rayon xəstəxanasındadır, ora getməyə hazırlaşır. xx xxxxxxx 2020-ci il tarixdə Nurlanın vəziyyəti ağır olduğu üçün onu X24 maşını ilə Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya gətirmişlər. Sonradan eşitmişdir ki, Nurlan idarə etdiyi Mercedes Benz 260 markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı X5 ilə birgə Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən yolda qarşısına inək çıxmış, həmin inəyi vurmamaq üçün avtomobili qaçırtmış və avtomobil sürüşərək yoldan çıxıb ağaca çırpılmışdır. Hadisədən sonra oğlu uzun müddət komada qalmışdır. Hal-hazırda da səhhətində bəzi problemlər qalmaqdadır. Belə ki, əmək qabiliyyətini tədricən itirmişdir və əvvəlki işi ilə məşğul ola bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Fövqəladə Hallar Nazirliyi X6 xilasedici vəzifəsində işləyir. xx xxxxxxx 2020-ci il tarixdə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayon Zarağan kəndindən keçən hissəsində yolnəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Məlumata əsasən Mərkəzin XXH-nin növbədə olan şəxsi heyəti qəza-xilasetmə avtomobili ilə dərhal hadisə yerinə çıxmışdır. Hadisə yerinə çatarkən **-CX-*** dövlət nömrə nişanlı Mercedes 190 markalı avtomobilin yol kənarına aşmasını görmüşlər. Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Onlar müxtəlif alət və avadanlıqlardan istifadə edərək deformasiyaya uğramış avtomobildən sərnişin Gəncə şəhər sakini X2 çıxararaq aidiyyatı üzrə təhvil verilmişlər. Sürücüdə nəfəs darlığı olmuş, ağzından köpük gəlirmiş. Həmin vaxt sərnişin isə özündə olmuş və yaşayırmış. Sərnişinin sağ ayağı sıxılı vəziyyətdə qalmışdır. X24 maşını gəlmiş, ilk öncə sərnişinə iynə vurulmuş və sonra sərnişin təxliyyə edilmişdir. Sonra sürücü və sərnişini tibb işçilərinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, hadisə günü sahədə işləyirmiş. Ona kənd sovetliyindən zəng gəlmiş və qardaşının avtomobil ilə qəza etdiyini, xəstəxanaya getməsini bildirmişlər. O, Qəbələ rayonunda xəstəxanaya gedənə qədər dayısı xəstəxanaya getmişdir. O isə bibisinin yoldaşı ilə getmişdir. Xəstəxanaya çatdıqdan sonra Təqsirləndirilən şəxs qardaşı olduğunu bildirmiş, lakin qardaşının vəziyyəti pis olduğu üçün onu yanına buraxmamışlar. Sonra avtomobildə sərnişin olan Ceyhun Mehrəliyevin yanına girmişdir. Həmin vaxtı ona sarğı edib, gips qoyurmuşlar. Ceyhundan qəzanın necə olduğunu soruşmuş, o isə qarşılarına uşaqla inək çıxdığını, maşını qaçırtmaq istəyəndə qəza baş verdiyini bildirmişdir. Həkim isə Ceyhunda heç bir problem olmadığını, qardaşını isə təcili Bakı şəhərində yerləşən xəstəxanalara çatdırmalarını bildirmişdir. Həmin vaxt müharibə olduğundan təcili yardım maşını tapmaqda çətinlik çəkmişlər. Çətinliklə Oğuz rayonundan təcili yardım taparaq qardaşını Bakıya aparmışlar. Qardaşı Bakı şəhərində 1 aya yaxın müddət komada olandan sonra ayılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021ci il tarixli, 8/2396 saylı ekspert rəyindən görünür ki, «Mercedes Benz 260» markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etməsi şəraitində, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsinin 18 saylı meyitin ekspertizası rəyində göstərilmişdir ki, X1 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər travmatik şok İV dərəcə, çanaq sümüklərinin, sağ bud sümüyünün orta və sol said sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən qəlpəli sınığı, sağ böyrək ətrafı toxumaya qansızma, başın yumşaq toxumasına qansızma, alının, sağ mil-bilək oynağının arxa səthinin, sağ əlin üst səthinin, sol əlin ovuc səthinin, sol baldırın içəri yuxarı, ön orta, aşağı içəri 1/3-nin, sağ budun içəri aşağı 1/3-nin sıyrıqları küt alətin (əşyaların) təsirindən xx xxxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər. Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağız zərər vurmanın əlamətləri kimi qiymətləndirilir. Ölümünə səbəb çanaq sümüklərinin, sağ bud sümüyünün və sol said sümüklərinin qapalı yerdəyişən qəlpəli sınığı ilə müşayiət olunan İV dərəcəli travmatik şok olmuşdur. X1 meyitindən götürülmüş qanda və sidikdə aparılmış məhkəmə kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsiredici maddələr aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X21 xx.xx.2020-ci il tarixli, 274/MEŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qapalı kəllə beyin travması ilə əlaqədar baş beynin sağ tərəfli minimal dislokasiyası ilə müşayiət olunan beynin ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızması, sol yarımkürə üzərində subdural hematoması; sol ağciyərin kontuziyası, ikitərəfli minimal hemotoraks, soldan 1-ci qabırğanın sınığı ilə müşayiət olunan döş qəfəsinin küt travması xəsarətləri aşker edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində sürücüsü olduğu avtomaşının salonunda yarana bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3000/k nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, kamil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionpid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 253 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçilik, adaptivlik, emosional sabitlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Digər fərdi-psixi xüsusiyyətlərində (yaddaş, diqqət, qavrama, dərk etmə və s.) hər hansı dəyişiklik müəyyən edilmədiyindən, onun fərdi-psixi xüsusiyyətlərinin yolnəqliyyat hadisəsini törətməsinə səbəb olmadığı qənaətinə gəlinir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman psixi-emosional durumu adekvat olmuş, fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 016-114506-1220 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan Şöbəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan) AE seriyalı 822965 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. İş materiallarına əlavə edilmiş AC seriyalı 190976 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 260” minik markalı, **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X8 “Mercedes Benz 260” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixə kimi idarə etməyi Zərərçəkmiş şəxs2 etibar etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X8 “Mercedes Benz 260” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixə kimi idarə etməyi Təqsirləndirilən şəxs etibar etmişdir. İş materiallarına əlavə edilmiş AE seriyalı 822965 nömrəli xx.xx.2019-cu il tarixdə verilmiş və xx.xx.2029-cu il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs «BC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcuddur. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-dən alınmış ziyan aktından məlum olur ki, 1985-ci il buraxılışlı Mercedes Benz 260 mink markalı avtomobilin hazırki bazar qiyməti 6000 manatdır. Mercedes Benz 260 mink markalı ** CX *** dövlət qeydiyyat nişanlı 1985-ci il buraxılışlı avtomobil qəza nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli, 103 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonunun 2 saylı MKİS-in ərazisində yerləşən Kislorod küçəsində 18\25 nömrəli evdə yaşayır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 tərərfindən istintaq zamanı verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxx 2021ci il tarixli, 27 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Oğuz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 278 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz RİHB-nın Xaçmaz İƏD üzrə nümayəndəliyində daimi qeydiyyatda olmaqla Bakı şəhəri yaşayır və ailə tərkibi arvadı 1997-ci il təvəllüdlü X19, uşaqları 2013-cü il təvəllüdlü X9 ibarətdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışıq əldə edilməsini, dəymiş ziyanın aradan qaldırılmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 60.1. maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1.-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış “Mercedes Benz 260” markalı **-CX- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibnə qaytarılmasını nəzərə alır. İş üzrə ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “Mercedes Benz 260” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X10, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-26/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-26/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver