Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-26/2024 11.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxx 2006-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan 25 may 2024-cü il tarixdə təxminən saat 22 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu ərazisindən keçən 55-ci kilometrliyində idarə etdiyi Vaz21074 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı şəhəri istiqamətində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunacağı vəziyyətdə yerinə yetirməli, avtomobili 60 km/saat sürətlə idarə etməli, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin tələblərə riayət etməyib “X10” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili 80 km/saat sürətlə idarə edib hərəkətdə olan zaman yolun döngəli hissəsində avtomobilin idarə etməsini itirməsi nəticəsində avtomobili yolun sağ tərəfində olan torpaq təpəciyə vurmuş, ehtiyatsızlıqdan hadisə nəticəsində avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 sol əlin V barmağın hərəkət məhdudluğu ilə müşayiət olunan orta falanqasının qəlpəli yerdəyişən sınığı və metalostiosintez cərrahi əməliyyatından sonrakı vəziyyət, burun qanaxması kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət, Zərərçəkmiş şəxs1 Rüfət oğluna alt çənənin sol şaxəsinin sınığı, sol budun ön aşağı, sağ baldırın ön orta 1/3-nin və sol içəri topuq nahiyyənin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmanın əlamətlərinə aid xəsarətlər, Zərərçəkmiş şəxs2 çanağın sağ oma qalça birləşməsinin, oma sümüyünün sağ oynaq çıxıntısının və oma sümüyü qanadının qəlpələnmiş yerini dəyişən sınığı, sol qalça sümüyünün, 4-cü bel fəqərə cisminin kompression, 3-cü bel fəqərəsinin sol yan çıxıntısının, 5-ci bel fəqərəsinin sağ yan çıxıntısının yerini dəyişən sınıqları, üzün sağ tərəfinin, üst dodağın, başın sağ təpə nahiyyəsinin, sağ diz oynağının bayır tərəfinin, sağ budun arxa yuxarı 1/3-nin əzilmişcırılmış yaraları kimi ümumi əmək qabiliyyətinin 1/3-dən çox itirilməsinə səbəb olan sağlamlığa Ağır zərərvmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə Bərdə rayonunda yerləşən maşın bazarından özünə “Vaz21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili 5000 manata almışdır. Həmin vaxt sürücülük vəsiqəsi olmadığına görə avtomobilə dair sahibi tərəfindən baş etibarnamə verilmişdir. Lakin avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. 25 may 2024-cü il tarixdə sinif yoldaşları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə Qəbələ rayonu Vəndam qəsəbəsində görüşmüşdür. Həmin vaxt özünə məxsus qeyd etdiyi avtomobil ilə gəlmişdir. Onlar görüşdükdən sonra birlikdə YDM-dən avtomobilimə benzin vurduqdan sonra birlikdə qəsəbə ərazisində olan zaman “just” kafeyə getmişdir. Orada birlikdə çay içməyə başlamışdır. Orada əyləşən zaman hava yağışlı olması səbəbindən kafedən qalxdıq və avtomobilə əyləşib qəsəbənin mərkəzinə qayıtmışdır. Həmin vaxt avtomobili o, idarə etmiş, Rəşad öndə,Sənan və Nihad isə arxa oturacaqda əyləşmişdir. Həmin vaxt avtomobilin ön oturacağın altında olan dəmir hissəsini təmir etməkdən ötrü çıxartdığından Rəşad ayaqları üzərində “çömbəlib” əyləşmişdir. Onlar qəsəbəyə gəlib yenidən YDM-də yanacaq vurmuşdur. Bundan sonra isə hər hansı bir işi olmadığına görə və hava yağışlı olmasına görə elə avtomobildə gəzib söhbətləşmək istəmişlər. Bundan sonra isə YDM-dən çıxıb İsmayıllı rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Avtomobili o, idarə etmiş, Rəşad və digərləri isə qeyd etdiyi kimi əyləşmişdir. Avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etmişdir. Onlar hərəkətdə olan zaman qəsəbə ərazisində olan “Vedrə bazarı” adlanan əraziyə çatmışdır. Həmin əraziyə çatdıqda yol sol tərəfə sərt döngəli olmuşdur. Həmin sərt döngəyə çatdıqda gözünə işığı düşməsi səbəbindən gözü qamaşmış və bu vaxt avtomobilin idarə etməsini itirmişdir. Bundan sonra isə avtomobili fırlanaraq döngədə olan təpəyə dəymişdir. Daha sonra isə ətrafdakı şəxslər kömək etmişlər və onları Qəbələ RMX-na aparmışlar. Hadisədən sonra ən ağır zərər ona dəymişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur. Əməlindən peşman olmasını, yol nəqliyyat hadisəsi törədən zaman yetkinlik yaşına çatmamasını və zərərçəkmiş şəxslərin ondan şikayətçi olmalarını və onlarla barışıq əldə etməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübütlarla öz təsdiqini tapır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Mingəçevir dövlət universitetində 1-ci kurs tələbəsidir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə sinif yoldaşı olmuş və dostlarıdır. 24 may 2024-cü il tarixdə həftə sonu ilə əlaqədar Mingəçevir şəhərindən Qəbələ rayonunda olan evinə gəlmişdir. 25 may 2024-cü il tarixdə axşam radələrində dostları Elşən, Rəşad və Nihad ilə görüşmüşdür. Birlikdə görüşdükdə Elşən atasına məxsus Vaz21074 markalı avtomobil ilə gəlmişdir. Görüşdükdən sonra “just” kafedə əyləşib çay içmişdir. Həmin kafeyə Elşənin idarə etdiyi Vaz-21074 markalı avtomobil ilə getmişdir. Kafedə bir xeyli oturub çay içib söhbət etdikdən sonra yağış yağmağa başlamışdır. Bir qədər orada əyləşdikdən sonra yenidən avtomobilə əyləşmişdir. Elşən sürücü oturacağında, Rəşad ön oturacaqda, Nihad və o isə arxa oturacaqda əyləşmişdir. Ön oturacaq olmadığına görə ayaqları üzərində əyilib əyləşmişdir. Onlar “just” kafedən çıxdıqdan sonra yenidən Vəndam qəsəbəsinə gəlmişdir. Orada “Lukoil” YDM-də avtomobilə yanacaq vurmuşdur. Bundan sonra isə yenidən İsmayıllı rayon istiqamətində hərəkət etməyə başlamışdır. Onlar həmin istiqamətdə hərəkət etməynə səbəb yağışın yağmasına görə hansısa kafedə əyləşmək istəmədiyi olmuşdur. Avtomobili Elşən idarə etmiş, Rəşad ön sağ tərəfdə, o, və Nihad isə arxada əyləşmişdir. Hərəkətdə olan zaman “Vedrə Bazarın” qarşısına çatdıqda yol döngəli olmuşdur. Həmin vaxt Elşən avtomobilin idarə etməsini qəflətən itirmiş və bundan sonra avtomobil qarşıda olan təpəyə dəymişdir. Bundan sonra isə özünə gəldikdə Qəbələ RMX-da olmuşdur. Hadisə xx.xx.2024-ci il tarixdə saat 22 radələrində Qəbələ rayonu, ərazisində baş vermiş, avtomobildə Nihad, Elşən və Rəşad olmuş, Təqsirləndirilən şəxs avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etmiş, hava qaranlıq, yol yaş olmuş, Elşən ayıq olmuşdur. Zərərçəkmiş şəxs3 həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir və təqsirləndirilən şəxslə barışmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyni, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, məhkəmədən şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bakı Neft Energetika Kollecində 2-ci kurs tələbəsidir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə sinif yoldaşı olmuş və dostlarıdır. 24 may 2024-cü il tarixdə həftə sonu ilə əlaqədar Bakı şəhərindən Qəbələ rayonunda olan evinə gəlmişdir. 25 may 2024-cü il tarixdə axşam radələrində dostları Elşən, Rəşad və Sənan ilə görüşmüşdür. Birlikdə görüşdükdə Elşən atasına məxsus Vaz21074 markalı avtomobil ilə gəlmişdir. Onlar görüşdükdən sonra “just” kafedə əyləşib çay içmişdir. Onlar həmin kafeyə Elşənin idarə etdiyi Vaz-21074 markalı avtomobil ilə getmişdir. Kafedə bir xeyli oturub çay içib söhbət etdikdən sonra yağış yağmağa başlamışdır. Onlar bir qədər orada əyləşdikdən sonra yenidən avtomobilə əyləşmişdiir. Elşən sürücü oturacağında, Rəşad ön oturacaqda, Sənan və o isə arxa oturacaqda əyləşmişdir. Ön oturacaq olmadığına görə ayaqları üzərində əyilib əyləşmişdir. Onlar “just” kafedən çıxdıqdan sonra yenidən Vəndam qəsəbəsinə gəlmişdir. Orada “Lukoil” YDM-də avtomobilə yanacaq vurmuşlar. Bundan sonra isə yenidən İsmaıllı rayon istiqamətində hərəkət etməyə başlamışdır. Həmin istiqamətdə hərəkət etməklərinə səbəb yağışın yağmasına görə hansısa kafedə əyləşmək istəmədiyi olmuşdur. Avtomobili Elşən idarə etmiş, Rəşad ön sağ tərəfdə, o və Sənan isə arxada əyləşmişdir. Qəza olması ilə əlaqədar YDM-dən çıxdıqdan sonra baş verənləri xatırlamır. Özünə gəldikdə Qəbələ RMX-da olmuş, o və digərləri xəsarət almışdır. Həmin vaxt xəstəxanada qəza olmasını eşitmişdir. Bundan sonra isə Qəbələ RMX-na yoxlandıqdan sonra evə getmişdir. Hadisə xx.xx.2024-ci il tarixdə saat 22 radələrində Qəbələ rayonu ərazisində baş vermiş, avtomobildə Nihad, Elşən və Rəşad olmuş, Təqsirləndirilən şəxs avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etmiş, hava qaranlıq, yol yaş olmuş, Elşən ayıq olmuşdur. Zərərçəkmiş şəxs1 həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir və təqsirləndirilən şəxslə barışmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyni, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, məhkəmədən şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bakı Dövlət Peşə Təhsil Müəsssində “neft və qaz çıxarma operatoru” ixtisasını bitirmişdir. 25 may 2024-cü il tarixdə axşam radələrində dostları Elşən, Sənan və Nihad ilə görüşmüşdür. Onlar birlikdə görüşdükdə Elşən atasına məxsus Vaz21074 markalı avtomobil ilə gəlmişdir. Onlar görüşdükdən sonra “just” kafedə əyləşib çay içmişdir. Onlar həmin kafeyə Elşənin idarə etdiyi Vaz-21074 markalı avtomobil ilə getmişlər. Kafedə bir xeyli oturub çay içib söhbət etdikdən sonra yağış yağmağa başlamışdır. Onlar bir qədər orada əyləşdikdən sonra yenidən avtomobilə əyləşmişdir. Elşən sürücü oturacağında, o, ön oturacaqda, Nihad və Sənan isə arxa oturacaqda əyləşmişdir. Ön oturacaq olmadığına görə ayaqları üzərində əyilib əyləşmişdir. Onlar “just” kafedən çıxdıqdan sonra yenidən Vəndam qəsəbəsinə gəlmişdir. Orada “Lukoil” YDM-də avtomobilə yanacaq vurmuşdur. Bundan sonra isə yenidən İsmayıllı rayon istiqamətində hərəkət etməyə başlamışdır. Onlar həmin istiqamətdə hərəkət etməyinə səbəb yağışın yağmasına görə hansısa kafedə əyləşmək istəməkləri olmuşdur. Avtomobili Elşən idarə etmiş, o, ön sağ tərəfdə, Sənan və Nihad isə arxada əyləşmişdir. Onlar hərəkətdə olan zaman “Vedrə Bazarın” qarşısına çatdıqda yol döngəli olmuşdur. Həmin vaxt Elşən avtomobilin idarə etməsini qəflətən itirmiş və bundan sonra avtomobil qarşıda olan təpəyə dəymişdir. Bundan sonra isə özünə gəldikdə Qəbələ RMX-da olmuşdur. Hadisə xx.xx.2024-ci il tarixdə saat 22 radələrində Qəbələ rayonu, ərazisində baş vermiş, avtomobildə Nihad, Elşən və Rəşad olmuş, Təqsirləndirilən şəxs avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etmiş, hava qaranlıq, yol yaş olmuş, Elşən ayıq olmuşdur. Zərərçəkmiş şəxs2 həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir və təqsirləndirilən şəxslə barışmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyni, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, məhkəmədən şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “yol-nəqliyyat hadiəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə baş verən ərazi yaşayış məntəqəsi daxilindədir, avtomobil yolunda təmir ilə əlaqədar nişanlanma xətti yoxdur. Baxış Qəbələ rayonundan İsmayıllı rayonu istiqamətində keçirilmişdir. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən 55-ci kilometrliyində, İsmayıllı şəhər istiqamətində baş vermişdir. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, döngəlidir, enişdir, qurudur. Yolun asfalt hissəsinin eni 8 metr. Yolun sağ tərəfində 2 metr enində yolun çiyni vardır. Yolun sol tərəfi təmir ilə əlaqədar qazılmışdır. Yolun sağ tərəfində yolun çiynindən sonra torpaq sahə və “Vedrə bazarı” vardır. Hadisədən əvvəl avtomobil texniki cəhətdən tam saz vəziyyətdə və yüksüz olmuş, avtomobildə 3 nəfər sərnişin olmuşdur. Yolda icazə verilən hərəkət sürəti 60 km/saat sürətdir. Hadisə yerində tormoz və şin izi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/1578 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz21074 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “ X10” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs Vaz21074 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X10” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs Vaz21074 markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “ X10” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1842/K nömrəli məhkəmə kimyəvi ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, etil spirti, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), femotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 271 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər- alt çənənin sol şaxəsinin sınığı, sol budun ön aşağı, sağ baldırın ön orta 1/3-nin və sol içəri topuq nahiyyənin sıyrıqları kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin(əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 25 may 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 288 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 çanağın sağ oma qalça birləşməsinin, oma sümüyünün sağ oynaq çıxıntısının və oma sümüyü qanadının qəlpələnmiş yerini dəyişən sınığı, sol qalça sümüyünün, 4-cü bel fəqərə cisminin kompression, 3-cü bel fəqərəsinin sol yan çıxıntısının, 5-ci bel fəqərəsinin sağ yan çıxıntısının yerini dəyişən sınıqları, üzün sağ tərəfinin, üst dodağın, başın sağ təpə nahiyyəsinin, sağ diz oynağının bayır tərəfinin, sağ budun arxa yuxarı 1/3-nin əzilmiş-cırılmış yaraları kimi kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin(əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 25 may 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox itirilməsinə səbəb olan sağlamlığa Ağır zərərvmaya aid zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 334 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər - sol əlin V barmağın hərəkət məhdudluğu ilə müşayiət olunan orta falanqasının qəlpəli yerdəyişən sınığı və metalostiosintez cərrahi əməliyyatından sonrakı vəziyyət, burun qanaxması küt alətin(əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 25 may 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmanın əlamətlərinə aiddir. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisənin törədildiyi vaxtda, yəni 25 may 2024-cü il tarixdə ayıq olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RMX-dan daxil olmuş məktubdan görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbə sakini Təqsirləndirilən şəxs Qəbələ RMX-nın poliklinika şöbəsinin narkoloji və psixoloji kabinetlərində qeydiyyatda deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş BDYPİ-dən daxil olmuş məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.2006-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib. Cinayət işinin materiallarına əlavə edilmiş 14 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut qismində tanınmış ““VAZ 21074” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X3, anası X1 və qardaşı X4 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, ekspert rəyləri, hadisə yerinə baxış keçirilməsinə dair protokol və digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsinə əsasən Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263-1.2-ci maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X10” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “X10” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən Velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. “X10” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 263- 1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsi 25 may 2024-cü il tarixdə törədilmişdir. Eyni zamanda cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-ci il təvəllüdlüdür. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törədilərkən sonuncu yetkinlik yaşına çatmamışdır. CM-nin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. CM-nin 59.1.2 və 86.2-ci maddələrinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması məsuliyyətini yüngüllüşdirən hal kimi nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur və təqsirləndirilən şəxslərlə barışıq əldə etmişlər. İşdə olan Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-ci il təvəllüdlüdür və CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törədilərkən sonuncu yetkinlik yaşına çatmamışdır. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, onlarla barışıq əldə etməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını təyin edərkən o halı da nəzərə alır ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza növü yoxdur. CM-nin 62-ci maddəsinin Təqsirləndirilən şəxs tətbiq edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki,istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.1 -ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, Yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış “Vaz21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılmasını nəzərə alır. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “VAZ 21074” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X6, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-26/2024
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-26/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver