Məhkəmə qərarları › İş №1(025)-27/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-27/2020

16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-27/2020 16.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxsiştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Loğman Abdulxalıqov tərəfındən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 2020-ci il tarixdə ittiham aktı tərtib edilərək Qəbələ rayon prokurorluğuna təqdim edilmiş, ittiham aktı Qəbələ rayon prokuroru Nazim Babayev tərəfindən xx xxxxxx 2020-ci il tarixdə təsdiq edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs onunla təqsirləndirilir ki, sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, belə zorun tətbiq edilməsi hədəsi, habelə, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 20:00 radələrində Qəbələ rayonu Hacıalılı kəndində yerləşən “Gilavar-999” adlı yeməkxanada Oğuz rayonu, Xaçmazqışlaq kəndində apardığı tikintidə işə cəlb etdiyi Hacıalılı kənd sakini Zərərçəkmiş şəxs1 ondan zəhmət haqqı borclarını verməyi xahiş edərkən sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ləyaqətini alçaldan nalayiq söyüşlər söyüb təhqir edərək, qəsdən yumruqla onun sifətinə, alnına və təpiklə sol böyürünə, habelə bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurub döyməyə başlamış, yeməkxananın girişinin qarşısında bufetçi X3 dava-dalaş və söyüş səslərinə yeməkxananın zalına qaçaraq orada olan yemək paylayan Zərərçəkmiş şəxs2 ilə birlikdə onların arasına keçib,Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs zərbələrindən qorumaq üçün tutub yeməkxananın girişinə çıxarsalar da, qanunsuz hərəkətlərinin davam etdirən Təqsirləndirilən şəxs arxadan yenidən hücum edib, araya girmiş şəxslərin başlarının üstündən qolunu uzadıb Zərərçəkmiş şəxs1 baş nahiyyəsinə bir neçə zərbəvə pilləkənin üstündən isə sinəsindən təpiklə vuraraq, sonuncunun bədəni üzərində alının sol yuxarı, döş qəfəsinin ön orta yuxarı və sol bel nahiyyəsinin qançırı, üzün sağ tərəfində ağız boşluğunun içəri selikli qişasına qansızma kimi, sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, hətta o, təkrar nalayiq söyüşlərini davam etdirməklə, yenidən Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə hədələyərək vurmaq istədikdə, bu zaman onun qanunsuz həkətlərinin qarşısınıalan və ona mane olan digər şəxs Zərərçəkmiş şəxs2 əlinin arxası ilə vurub kənara itələyərək müqavimət göstərməklə fiziki ağrı yetirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və zor tətbiq edilməsi hədəsi ilə, habelə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə,eləcə də dava və söyüş səslərinə yeməkxananın qarşısındakı Ağdaş-Qəbələ magistral mərkəzi şosse yolundan keçən və hadisə yerinə toplaşmış vətəndaşların narahatçılığına səbəb olan, 15-20 dəqiqə ərzində yeməkxananın fəaliyyətinin və yeməkxanada yemək yeyən kənar şəxslərin istirahətlərinin pozulması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 vəkili Müdafiəçi2 məhkəməyə vəsatət təqdim edərək, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair Qəbələ Rayon Məhkəməsində icraatda olan cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, o cümlədən ittiham aktının təsdiqi və tərtibinə dair tələblərlə bağlı AR CPM-nin 303.6-cı və həmin Məcəllənin 290.2.3, 290.2.6, 290.10, 290.12-ci və digər maddələrinin tələbləri üzrə kobud pozuntularına yol verildiyindən, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş Qəbələ rayon prokurorunun xx.xx.2020-ci il və polis müstəntiqi L.Abdulxalıqovun xx.xx.2020-ci il tarixli qanunsuz və əsassız qərarlarınin ləğv edilməklə bu pozuntulara son qoyulması, cinayət təqibi ilə bağlı bütün halların hüquqi prosedur daxilində hərtəfli, tam və obyektiv araşdırılması, zərəçəkmiş şəxs qismində pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpası üçün zəruri tədbilər görülməsi, bir şəxsin bir neçə cinatəti (biri digəri şərtləndirən davamı, həm də bağlı olan) törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirildiyindən, ittihamın məzmununa Təqsirləndirilən şəxs tərəfindən törədilmiş bütün əlaqəli cinayətlərin daxil edilməsi, əməllərinin cinayətlərin məcmusu qaydasında AR CM-nin 125, 162-1 və 221.2.2 madddələri ilə düzgün tövsif edilməsi, ittihama əlavələr edilməklə daha ağır ittiham elan edilməsi üçün, məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işinin əlavə ibtidai istintaq aparılması üçün, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qəbələ rayon prokuroruna qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin hazırkı məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs məhkəməyə vəsatət təqdim edərək, bildirdi ki, əsassız olaraq Qəbələ RPŞ-nin istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Müstəntiq tərəfindən barəsində ittiham aktı tərtib olunmuşdur və cinayət işi ittiham aktı ilə birlikdə xx xxxxxx 2020-ci il tarixdə Qəbələ rayon Məhkəməsinə göndərilmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 20:00 radələrində Qəbələ rayonun Hacıalılı kəndində yerləşən «Gilavar 999» adlanan yeməkxanada tanışları ilə şam yeməyi yeyən zaman həmin yerə əvvəl rəhbərlik etdiyi tikintidə işləyən Zərərçəkmiş şəxs1 gəlmiş və ondan ehtimal etdiyi borclu olduğu pulu istəmişdir. Aralarında söz münaqişəsi baş vermişdir. Həmin münaqişə qısa müddətli olmuş və davasız keçmişdir. Bundan sonra, Anar ondan pul almaq üçün və şərləmək məqsədi ilə tərəfindən döylməsi ilə bağlı xx.xx.2019-cu il tarixli şikayət ərizəsi ilə Qəbələ RPŞ-nə müraciət etmişdir. xx xxxx 2019-cu il tarixdə toplanmış material üzrə Qəbələ RPŞ-nin TQ-nun təhqiqatçısı Emil Niyazov tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. 2019-cu ildə Qəbələ rayonun ərazisində müxtəlif kəndlərində 4 ədəd modul tipli məktəblərin prorab (icraçı) kimi tikintisndə iştrak etmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında Qəbələ rayon prokuroru Məqsəd Orucov onu Qəbələ rayon prokurorluğuna xidməti otağına çağırmışdır. Orada M.Orucov ona Bakı şəhərində yerləşən obyektində təmir işlərinin aparılmasını xahiş etmişdir. Onunla razılaşaraq Bakı şəhəri Binəqədi rayonunda Maqsud Davudov 42 saylı ünvanında yerləşən prokurorun oğlu X2 adına rəsmiləşdlirilmiş qiyməti milyonlarla ölçülən 3 mərtəbəli və mansardalı obyektə gəlmişdir. Həmin obyektdə işləmək üçün 12 nəfər fəhlələr və ustalardan ibarət briqada yığmışdır. Briqadada işləyən usta və fəhlələr barədə əlavə məlumat verməyə hazırdır. Bu usta və fəhlələrlə birlikdə həmin obyektin 2-ci və 3-cü mərtəbələrində usta pulları və materialları ilə birlikdə 1 m2 250 manat dəyər qiymətində olmaqla cəmi 248 m2 sahəsində ümumi 62 000 manat dəyərində isti pol və sair təmir işləri və 84 pillədən ibarət pilləkən qəfəsi quraşdırmaqla 8 400 manat dəyərində ümumi 70 400 manat dəyərində işlər görmüşlər. Materialları özü tanıdıqları və əvvəllər külli miqdarda nisyəyə alver etdiyi yerlərdən: Dərnəgül tikinti bazasından, “Evro Home” və sair tanış tikinti mağazalardan nisyəyə almışdır. Gördüyü işlər müqabilində Məqsəd Orucov ona müxtəlif vaxtlarda cəmi 10 500 manat pul ödəmişdir və 59.900 manat borclu qalmışdır. Həmçinin 2019-cu ilin dekabr ayında Məqsəd Orucovun sifarişi ilə onun Xırdalan şəhərində Bakı - Sumqayıt yolunun kənarında yerləşən, bacısının yaşadığı iki mərtəbəli evdə öz hesabına plastik pəncərələri düzəltmişdir. Orada da ona M.Orucov 1600 manat pul borclu qalaraq verməmişdir. Həmin ünvanda Məqsəd Orucova məxsus 2 ədəd 2 mərtəbəli evlər, bir avtoyuyucu, bir tədris mərkəzi və sair çoxsaylı obyektlər vardır. Həmin milyonlarla ölçülən tikililərin yanında M.Orucova məxsus 0,25 ha sahəsində 500 000 manat dəyərində torpaq sahəsi vardır. 2019-cu ilin dekabr ayının axırlarında Məqsəd Orucovdan borclu olduğu 61 500 manat pulu istədikdə, bildirmişdir ki, Qəbələ rayonunda 4 ədəd modul tipli məktəb tikmisən və bu tikintidən güya 200 000 manat pul mənimsəyərək qazanmısam. Məqsəd Orucov bildirdi ki, onun ehtimalı ilə həmin qazandığı puldan onun obyektinin tikintisində işlətdiyi usta və fəhlələrin pullarını, həmçinin nisyəyə aldığı tikinti materialların pullarını ödəyim. Tikintilərdə maaşa işləyən bir mütəxəssis kimi işlədiyi yerdə heç vaxt heçnə mənimsəməmiş və bu barədə Məqsəd Orucova bildirmişdir. M.Orucov isə ona “Sənə olan borcu vermək fikirm yoxdur və rayon prokuroru kimi sənin barəndə cinayət işi başlayaraq həbs edəcəyini” bildirmişdir. Bundan sonra, ustaların pullarını ödəmək üçün «Klassik» mağazadan 3500 manata aldığı kombinini və radiatorları sataraq və başqa obyektlərdə işləyib maaş alaraq bunu etmişdir. Bundan sonra, Məqsəd Orucov həqiqətən də, barəsinndə cinayət işi başlamışdır. Belə ki, xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında olan qərar qəbul olunandan - 11 ay sonra xx.xx.2020-ci il tarixdə Məqsəd Orucov tərəfindən ləğv edilmişdir. Prokuror ona qarşı qərəzçilik edərək təkrar olaraq Zərərçəkmiş şəxs1 şikayət ərizəsini yazdırmış, rədd materialda göstərilən şəxsləri prokurorluğa gətizdirərək izahatlarını şəxsən özü almış və qərəzli olaraq cinayət işi başlamışdır. Bundan sonra, Məqsəd Orucov barəsində axtarış elan etdirmiş, onu əli qandallı Qəbələ rayon polis şöbəsinə gətirmişlər. Həbslə hədələyərək həmin vaxt yol tikintidə işlədiyi obyektin sahibindən 3000 manat pulu alaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 1500 manat ödətdirmişdir. Lakin hazırda, məlum olur ki, Anar ismaılova ödədiyi puldan cəmi 1500 manat çatmışdır. Həmçinin hazırda məlum olmuşdur ki, Məqsəd Orucov ondan əl çəkməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vasitəsi ilə əlavə olaraq Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə əsassız ittiham elan etdirmək istəyir. Odur ki, hesab edir ki, ibtidai istintaq zamanı cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi və həmin vaxt prokuror olan Məqsəd Orucovun həmin cinayət işi üzrə şahid qismində dindirilə bilməsini, həmçinin prokuror Məqsəd Orucovun cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduğunu nəzərə alaraq cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması haqqında məhkəmənin əsaslandırılmış qərarı qəbul edilməlidir. Əlavə olaraq Təqsirləndirilən şəxs bildirdi ki, ibtidai istintaq dövründə onun müdafiə hüquqları pozulmuş, onun bəzi dindirilmələrində, müəyyən istintaq hərəkətlərində və zərərçəkmiş şəxslərlə üzləşdirmələrdə vəkilin iştirakı təmin olunmamışdır. Qeyd etdiyi istintaq hərəkətlərində yalnız müstəntiqin söylədiklərinə inanaraq sənədlərə imza atmışdır. Lakin buna baxmayaraq məhkəmədə ona məlum olmuşdur ki, onun müdafiəçisinin cinayət işinin materiallarında müxtəlif yerlərdə imzaları var. İbtidai istintaq dövründə onun müdafiə hüququ pozulmuşdur. Ümumiyyətlə özünü təqsirli bilmədiyi halda, müstəntiq onun ifadəsini özünü tam təqsirli bildiyi kimi göstərmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı cinayət işinin icraatına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılması haqqında Zərərçəkmiş şəxs1 vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs vəsatətlərinə etiraz edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işini məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs1 vəkili Müdafiəçi2 vəsatətini müdafiə edərək, məhkəmədən vəsatətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ibtidai istintaq dövründə onun və təqsirləndirilən şəxslə üzləşdirmələrdə təqsirləndirilən Təqsirləndirilən şəxs vəkilinin iştirakı təmin olunmamış, həmin istintaq hərəkətlərində yalnız o, müstəntiq və təqsirləndirilən şəxs iştirak etmişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs2 ilkin dinlənilərkən məhkəməyə öz fikrini çatdıra bilməmiş, ümumiyyətlə məhkəmə iclasında hansı səbəbə görə iştirak etdiyi barədə anlayışın olmadığını bildirmış, yaddaşın tez-tez itirilməsini göstərmiş, öz hərəkətlərini dərk etməmiş və idarə edə bilməmişdir. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs vəsatətini müdafiə edərək, məhkəmədən vəsatətin təmin edilməsini xahiş etdi. Həmçinin, Zərərçəkmiş şəxs1 vəkili Müdafiəçi2 vəsatətinə etiraz edərək, bildirdi ki, Təqsirləndirilən şəxs barəsində daha ağır ittihamın irəli sürülməsi üçün heç bir əsas yoxdur. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən kobud qanun pozuntularına yol verildiyindən və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ilkin dinlənilərkən, ibtidai istintaq dövründə onun müdafiə hüquqlarının pozulduğunu, onun müəyyən istintaq hərəkətlərində və zərərçəkmiş şəxslərlə üzləşdirmələrdə vəkilin iştirakı təmin olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin vəkilinin üzləşdirilmələrdə iştirakın olmadığını Zərərçəkmiş şəxs1da təsdiq etmişdir. Belə olan halda da məhkəmə hesab edir ki, cinayət işində olan müfaviq qərarlarının təqsirləndirilən şəxsə elan edilməsi, ekspert rəylərini təqsirləndirilən şəxsə elan edilməsi, hadisə yerinə baxış və digər (dindirmə, üzləşdirmə və s.) istintaq hərəkətlərinin keçirilməsi, ibtidai istintaqın təqsirləndirilən şəxsə elan olunması, istintaq materialları ilə təqsirləndirilən şəxsi tanış etmək haqqında protokollarda təqsirləndirilən şəxsin imzası ilə yanaşı müdafiəçinin imzasının olmasına baxmayaraq, sonuncunun bu protokollarda göstərilən vaxtda və tarixdə həmin hərəkətlərdə iştirak etməsi şübhə doğurur, belə imzaların olmasını isə prosessual formallıq, daha çox həmin hərəkətlərin rəsmiləşdirilməsi, vəkilin isə faktiki olaraq öz vəzifəsini yerinə yetirməməsi kimi qiymətləndirilir. Eyni zamanda iş materiallarında müdafiəçinin bu sənədlərlə təqsirləndirilən şəxsdən ayrılıqda tanış olması barədə sübut da mövcud deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Həmin Məcəllənin 286.2-ci maddəsinə müvafiq olaraq cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ pozularaq onun keyfiyyətli hüquqi yardım almaq hüququ, o cümlədən onunla birgə keçirilən istintaq hərəkətlərində vəkilin real iştirakı təmin edilməmiş, müdafiə və keyfiyyətli hüquqi yardım almaq hüququndan məhrum olmuşdur. Yuxarıda qeyd olunan nöqsanlarla əlaqədar məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası və digər beynəlxalq sənədlərlə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsinin ən mühüm prosessual təminatlarından biridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq və hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 3-cü bəndinin “b” və “c” yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Qeyd olunan Məcəllənin 19.4-cü maddəsinə müvafiq olaraq cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq hüquqlarını təmin etməlidir. “Artiko İtaliyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Hüquqi yardım səmərəli olmalıdır, çünki Konvensiya nəzəri və ya xəyali deyil, praktiki və səmərəli hüquqları təmin etmək məqsədi daşıyır. Müdafiəçini sadəcə təyin etməklə səmərəli yardım təmin edilmiş olmur, belə ki, hüquqi yardım məqsədilə təyin edilmiş vəkil vəzifələrinin icrasından yayına [...] bilər. Bu cür vəziyyət barədə hakimiyyət orqanlarına məlumat verildikdə, onlar ya müdafiəçini başqası ilə əvəz etməlidirlər, ya da onu öhdəliklərinin icrasına məcbur etməlidirlər”. Həmin Məhkəmə digər qərarında vurğulamışdır ki, “Dövlət orqanları təqsirləndirilən şəxsin səmərəli müdafiədən yararlanmasını təmin etmək üçün “müsbət addımlar” atmalıdırlar və bu cür müdafiə üçün müvafiq vaxt və şəraiti təmin etməlidirlər. 6-cı maddənin 3-cü bəndinin “c” yarımbəndinə əsasən, müvafiq yerli orqanlar yalnız o zaman müdaxilə etməlidirlər ki, müdafiəçinin təqsirləndirilən şəxsi səmərəli təmsil edə bilməməsi açıq-aydın nəzərə çarpsın və ya hər hansı başqa yolla onların nəzərinə lazımınca çatdırılmış olsun” (“Kamasinski Avstriyaya qarşı iş”). Bundan əlavə Avropa Məhkəməsi göstərmişdir ki, “Təqsirləndirilən şəxsə dövlət tərəfindən təyin olunan müdafiəçinin xidmətlərinin formal deyil, səmərəli olmağının təmin edilməsi Dövlətin öhdəliyidir” (“Krosant Almaniyaya qarşı” iş). Sadalanan normaları nəzərə alaraq məhkəmə vurğulayır ki, hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsiplərindən olmaqla şəxsin ona qarşı irəli sürülmüş ittihamdan qanunauyğun şəkildə bütün vasitələrdən istifadə etməklə müdafiə olunmasına, eləcə də dövlət hakimiyyət orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Bu hüquq şübhəli və təqsirləndirilən şəxslərin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsinin maraqlarının təminatıdır. Dolayısı ilə, müdafiə hüququ ictimai maraqları özündə əks etdirməklə dövlətin bu sahədə üzərinə düşən vəzifələri qüsursuz yerinə yetirməsini zəruri edir. Ona görə də, məhkəmə dövlətin adından ədalət mühakiməsini həyata keçirən orqan kimi bu məsələyə xüsusi həssaslıqla yanaşmaq vəzifəsini daşıyır. Bu vəzifə birbaşa Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ və 71-ci maddəsinin İ hissəsindən irəli gəlir. Həmin maddələrə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, habelə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nəzərə alınmalıdır ki, hüquqi yardım almaq və müdafiə hüququ cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin sadəcə müdafiəçi ilə təmin edilməsindən ibarət deyil. Bu hüquq şəxsin ona elan edilmiş ittihamdan özünü müdafiə edə bilməsi üçün tutulduğu, şübhəli şəxs qismində dindirildiyi, ona ittiham elan edildiyi və ya həbsə alındığı andan müdafiəçiyə malik olmaqla onun yardımından istifadə etmək, müdafiə hüquqları barədə qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlarna dair məlumatlanmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq, əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidləri çağırmaq və dindirməyə nail olmaq, eləcə də öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq kimi geniş prosessual imkanları əhatə edir. Göstərilən prosessual təminatlar bir-biri ilə əlaqəli şəkildə hüquqi yardım almaq və müdafiə hüququnu əmələ gətirirlər və onlardan hər hansı birinin pozulması nəticə etibarilə müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı olan bütün imkanları real olaraq təmin etməli, buna formal yanaşmamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. Cinayət-Prosessual Məcəlləsi bu prosedurları müəyyən edərək, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. Bundan başqa, işdə olan “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli 3/355 saylı məktubundan görünür ki, Qəbələ rayon, Hacallı kənd sakini Zərərçəkmiş şəxs2 Qəbələ RMX PHŞ-ın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatdadır. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs2 öz fikrini çatdırmaq, iradə ifadəsini söyləmək iqtidarında olmadığı müəyyən edilmişdir. Bir sözlə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik olan şəxs olmasına şübhə altına alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 100.7-ci maddəsinə əsasən cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısı bu Məcəlləyə uyğun olaraq öz hüquqlarını müstəqil həyata keçirə bilməz. Həmin hüquqları bu Məcəllədə nəzərdə tutulmuş qaydada onun qanuni nümayəndəsi həyata keçirir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. Beləliklə, cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 psixiatrik kabinetində qeydiyyatda olmasına, fikir çatdırmaq və iradə ifadəsini söyləmək bilməməsinə baxmayaraq, ibtidai istintaq zamanı müstəntiq tərəfindən Zərərçəkmiş şəxs2 fəaliyyət qabiliyyətli olubolmaması istiqamətində hər hansı bir aydınlıq gətirilməmiş, fəaliyyət qabiliyyəti olmayan şəxs müəyyən olunduğu təqdirdə ona qanuni nümayəndə təyin edilməmişdir. Bundan başqa, işdə olan 01.08.20-ci il tarixli 24/144-19925-1220 saylı istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Əsaslı Tikinti və Təchizat İdarəsinə ünvanlanmış məktubundan görünür ki, Qəbələ, Ağdaş və Oğuz rayonlarında modul tipli məktəblərin tikintisi üçün ayrılan büdcə vəsaitinin mənimsənilməsi barədə vətəndaş Zərərçəkmiş şəxs1 ərizəsi Qəbələ Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə daxil olmuş, həmin ərizə audit qaydasında yoxlanılaraq mənimsənilmə faktı aşkar edildiyi halda bu barədə müvafiq hüquq mühafizə orqanlarına müraciət edilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Əsaslı Tikinti və Təchizat İdarəsindən xahiş olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlamaq, cinayət işinin başlanmasını rədd etmək, məlumatı istintaq aidiyyəti üzrə göndərmək, xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək haqqında qərarlardan birini qəbul etməlidir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaqı aparan müstəntiq yuxarıda qeyd edilən cinayət-prosessual qanunvericiliyinin normasının tələblərinə əməl etməmiş, cinayət işinin istintaqı zamanı Qəbələ, Ağdaş və Oğuz rayonlarında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən inşa edilən modul tipli məktəblərin tikintisinə ayrılmış pul vəsaitlərinin tikinti aparan Təqsirləndirilən şəxs və bir qrup şəxslər tərəfindən mənimsənilməsi barədə Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli ərizələri həmin rayonlarda modul tipli məktəblərin tikintisi üçün ayrılan büdcə vəsaitinin mənimsənilməsi audit qaydasında yoxlanılaraq mənimsənilmə faktı aşkar edildiyi halda bu barədə müvafiq hüquq mühafizə orqanlarına müraciət edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Əsaslı Tikinti və Təchizat İdarəsinə göndərilməsi nəzərə alınması ilə kifayətlənmişdir. (Qəbələ Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Loğman Abdulxalıqovun xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərarının 12-ci bəndi). Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilir. İttiham aktında qeyd edilən Təqsirləndirilən şəxs ifadəsində Anarla aralarında mübahisə zamanı Anarın ancaq sinəsindənitələdiyini, onu yumuruq və təpiklə vurmadığını, Anarın aldığı xəsarətləri necə aldığını bilmədiyini, Anarla aralarında baş verən mübahisənin, qarşılıqlı söyüşlərin, təhqirlərin təxminən 7-8 dəqiqə davam etdiyini, Anarla dava zamanı onu sakitləşdirmək istəyən heç kimə fiziki zor tətbiq etmədiyini, dava-dalaş zamanı yeməkxanada heç bir əşya sınmadığını, zədələnmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin məzmunundan məlum olur ki, törətdiyi əməldə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək öz müdafiəsi üçün dəlillər gətirmiş, lakin müstəntiq ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutları göstərməmiş, ittiham aktında təqsirləndirilən şəxsinona Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bildiyini göstərməklə həmin məlumatlar təqsirləndirilən şəxsin öz iradəsini əks etdirməmişdir. Göründüyü kimi, qeyd olunanlar təqsirləndirilən şəxsin müdafiə hüquqları, ittiham aktının tərtibi, sübutların yoxlanılması və qiymətləndirilməsinə dair CPM-nin tələblərinin kobud pozuntuları ilə bağlı olduğundan CPM-nin 303.1-ci maddəsinin ifadə etdiyi mənada “məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur” və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması cinayət prosessual qanunvericiliyin kobud pozuntusu hesab edilir. Bu pozuntulara yol verildikdə məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilir və o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılır. Beləliklə məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən kobud qanun pozuntularına yol verildiyindən və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5. 300.4 və 303.3.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar